Müəllif: Nurlanə QULİYEVA Bakı
Son bir neçə ildə dövlət səviyyəsində Azərbaycanda sığorta bazarının canlanmasına dair görülən tədbirlər artımın real göstəricilərində təzahür etməkdədir. Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkil etdiyi V Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF) da nümayiş etdirdi. Maliyyə naziri Samir Şərifovun məlumat verdiyi kimi, son 8 ildə bazar 6 dəfə - 543 mln. dollara qədər artıb. O, hesab edir ki, "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında qoyulmuş qeyri-neft sektorunun inkişafı üzrə hədəflərin əldə edilməsində əsas rolu məhz sığorta oynamaq qabiliyyətinə malikdir.
Qeyd etmək lazımdır ki, sığorta şirkətləri göstəricilərinin artımına təkan verən böyük sayda tədbirlərlə yanaşı, onlar da kommersiya bankları kimi fəaliyyətlərini tənzimləyən tələblər və normativlərin sərtləşdirilməsi ilə üzləşiblər. Və nazir S. Şərifovun fikrincə, bu, zəruri və düzgün addımdır. "Tələblərin sərtləşdirilməsi bazarda şirkətlərin sayının azalmasına gətirib çıxarır ki, bu da bazarı sağlamlaşdırır və daha səmərəli edir", - deyə o, fikrini əsaslandırır.
Bununla belə, bazar iştirakçılarının böyük əksəriyyəti yeni tələblərin öhdəsindən gəlirlər. Sığorta şirkətlərinin cəm kapitalının 2004-2013-cü illərdə 8,9 dəfə artması (52 mln. dollardan 463 mln. dollara çatıb) da bundan xəbər verir. Sektorun xalis mənfəəti eyni müddətdə 9 dəfə artaraq 84 mln. dollar olub, əhalinin adambaşına düşən orta sığorta mükafatları 29 dollardan 58 dollara qalxıb.
Bu nailiyyətlər, maliyyə qurumu rəhbərinin fikrincə, düşünməyə əsas verir ki, Azərbaycan sığorta şirkətləri daxili bazarda xarici şirkətlərlə rəqabətə hazırdırlar.
Qeyd edək ki, Maliyyə Nazirliyi ölkədə fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddinin yüksəlmə qrafikini artıq təsdiq edib. Qərarda xarici kapital payının son həddi 2015-ci il 1 yanvar tarixinədək 50 % (hazırda Azərbaycan sığorta bazarında xarici kapitalın payı 10%-i ötmür, xarici kapitalın sığortaçıların nizamnamə kapitallarının ümumi həcmində iştirak limiti 30% təşkil edir) göstərilib.
Bundan başqa, növbəti illərdə bu göstəricinin 2017-ci ildən 100%-ə qədər tədricən artırılması nəzərdə tutulub. "Bizim bazar açıqdır. Bizim sığorta şirkətlərimiz artıq istənilən təcrübə toplayıblar, kifayət qədər onların peşəkar kadrları var", - deyə nazir qeyd edib. O, əlavə edib ki, bu gün Azərbaycanda 28 sığorta şirkətindən ancaq 5-də xarici kapital var.
Bununla yanaşı, maliyyə qurumunun rəhbəri etiraf edib ki, sığortanın daxili bazarında təqdim edilən xidmətlərin keyfiyyətinin artırılması bugünkü gündə hələ də ən aktual məsələlərdən biridir: "Sığortaçıların müştərilərinə təqdim etdikləri xidmətlərin keyfiyyətinin artırılması üzərində işləmək vacibdir. Şirkətlər topladıqları mükafatları doğrultmalıdırlar".
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, sığorta sektoru Azərbaycan iqtisadiyyatının çox vacib seqmentidir. "Milli iqtisadiyyatın neft sektorundan asılılığının azalması, sığorta bazarının inkişafı üçün əlverişli şərtlər yaradır", - deyən komitə sədri əlavə edib ki, tibbi və kənd təsərrüfatı sığortasının inkişafı indi mühüm vəzifədir.
Sonuncuya gəldikdə isə nazir S. Şərifov bu yaxınlarda xatırladıb ki, Maliyyə Nazirliyi kənd təsərrüfatında sığorta mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflər işləyib hazırlayıb. Qurum həmin təklifləri İqtisadiyyat, Sənaye və Kənd Təsərrüfatı nazirliklərinə baxılmaq üçün təqdim edib. "İndiyə kimi bu seqmentdə müəyyən problemlər var və biz ümid edirik, yeni mexanizmlər onları aradan qaldıra biləcək", - deyə o, bildirib. Nazir qeyd edib ki, ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətlərinin kənd təsərrüfatına çıxışının olması yenilik olacaq. "İndiyə kimi bununla ancaq "Azərsığorta" dövlət sığorta şirkəti məşğul olurdu. Biz prosesə bütün şirkətləri cəlb etməyi təklif edirik. Kənd təsərrüfatı sığortası üçün nəzərdə tutulan vəsaitlərin toplanmasından ötrü "hovuz" yaradılacaq. Bununla da, iştirak edən bütün şirkətlər sövdələşmə və ya sığorta halının uydurma olmasında maraqlı olmayacaqlar", - deyə S. Şərifov bildirib.
Əsas problem, onun sözlərinə görə, zəruri məlumat bazasının yaradılmasıdır. "Kənd təsərrüfatı sığortası - bu təkcə məhsul və ya əkinin deyil, həm də mal-qaranın sığortası deməkdir. Bu o deməkdir ki, müvafiq reyestrlər, məlumat bazası yaradılmalı, mal-qara və kənd təsərrüfatı sahələri siyahıya alınmalıdır. Bütün bunlara vaxt lazımdır. Təxminən, bu cür xərclər nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının (NVSMMİS) tətbiqi zamanı edilib", - deyə S. Şərifov xatırladıb.
Demək lazımdır ki, hazırda Azərbaycanda sığortanın təkcə bu növünün populyarlaşması ilə problemlər yaşanmır. Belə ki, Azərbaycan qanunvericiliyi daşınmaz əmlakın icbari sığorta olunmasını nəzərdə tutur. Lakin o, bu vaxta qədər potensial müştərilərdən lazımi qiyməti ala bilməyib. Bununla əlaqədar daha səmərəli mexanizmlərin tətbiqi labüddür. Məsələn, daşınmaz əmlakın icbari sığortasında sığorta haqlarının hissə-hissə ödənilməsi mümkün ola bilər. "Qanunda illik minimum hədd qoyulub. Hesab edirəm, bunu aylara da bölmək olar", - deyə S. Şərifov bildirib.
Xatırladaq ki, Bakıda daşınmaz əmlakın sığorta məbləğinin maksimal həcmi 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manat, digər yaşayış məntəqələrində isə 15 min manat təşkil edir. Sığortanın bu növü üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində, daha doğrusu, ən çox 50 manat müəyyən edilib.
Həmçinin Azərbaycan əhalisinin maliyyə imkanları nəzərə alınmaqla, təbii fəlakətlərdən sığorta olunma modeli hazırlanır, ölkədə icbari tibbi sığortanın (İTS) və digər sığorta xidmətlərinin tətbiqi aktuallaşır. Yeri gəlmişkən, mütəxəssislərin və şirkət nümayəndələrinin fikrincə, Azərbaycanın iqtisadi inkişafını nəzərə almaqla və bu prosesin ən azı başlanğıcının aça biləcəyi bəlli çətinliklərə baxmayaraq, İTS artıq tətbiq etmək olar. "Bu həm tibbi sahənin maliyyələşdirilməsi ilə bağlı çətinliklərdir, həm də akkreditasiya, tibbi protokolların hazırlanması və başqa aspektlərlə bağlıdır", - deyə şirkətlərdən birinin nümayəndəsi Rəna Mahmudova bildirib. O, əlavə edib ki, hətta bu nəzərə alınmaqla belə, bazar sığortanın bu növünü tətbiq etməyə hazırdır.
Çox güman ki, bütün bu yeniliklər və tamamlanmalar da 2020-ci ilə qədər Azərbaycanda sığortanın inkişaf strategiyasının əsasını təşkil edəcək. Bu sənəd Maliyyə Nazirliyi və ASA ilə birgə hazırlanacaq. Sənəddə Azərbaycanda sığortanın inkişafı üçün qəbul edilməsi mühüm olan tədbirlər kompleski əksini tapacaq.
Deputat Z. Səmədzadənin fikrincə, görülən tədbirlərin əsas məqsədi sığorta şirkətlərinin mükafatlarının ümumi həcminin ölkə ÜDM-nin 1%-ə çatdırılmasıdır. Hazırda sığorta yığımlarının ölkə ÜDM-də payı 0,8%-dır. Bu ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin mükafatlarının ümumi həcmi 186,9 mln. manat təşkil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 10,8% yüksək göstəricidir. Bu dövrdə ödəmələrin həcmi isə 55,2 mln. manata (artım 13% təşkil edib) bərabər olub.
"Ümid edirəm ki, ölkənin sığorta bazarı gələcəkdə 1 mlrd. dollara çatacaq", - deyə Z. Səmədzadə bildirib. Yeni icbari sığorta növlərinin tətbiqi və artıq mövcud olanların tanıdılması, eləcə də bazarın öz potensialının gücləndirilməsi ilə bu göstəriciyə nail olmaq tamamilə mümkündür. Axı çox şey ölkənin ümumi iqtisadi vəziyyətindən də asılıdır. O isə bu sektorda da ümidlərin sürətli inkişafının həyata keçməsinə şərait yaradır.
MƏSLƏHƏT GÖR: