24 Noyabr 2024

Bazar, 23:38

TƏLƏSƏN TƏNDİRƏ DÜŞƏR

Azərbaycan ÜTT-ə daxil olmaq üzrə danışıqlarda maraqlarını qorumaqda davam edəcək

Müəllif:

24.06.2014

Beynəlxalq diplomatiyanın mərkəzi olan  İsveçrənin Cenevrə şəhərində Azərbaycan hökuməti iyun ayının sonunda Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq üzrə ikitərəfli danışıqların növbəti mərhələsinə başlayır. Aydındır ki, ÜTT-yə daxil olmaqla, ölkə yeni bazarlara sadələşdirilmiş giriş əldə edəcək. Eyni zamanda, bu bazarlara təklif edilən məhsullar müəyyən tələblərə cavab verməsə, onlar sadəcə həmin bazarlara buraxılmayacaq. Azərbaycan mallarına ayrı-seçkilik qoyulacağı halda isə onların aradan qaldırılması üçün ÜTT-in xüsusi mexanizmlərindən istifadə etmək olar. Bir həftə ərzində Azərbaycan nümayəndə heyəti danışıqlar prosesində yerli istehsalçıların marağını qorumaq məqsədilə Azərbaycanın mövqelərini inkişaf etməkdə olan ölkə qismində müdafiə edəcək.

 

Özününkünü müdafiə etmək 

Lakin  kənd təsərrüfatı məhsullarının ixracatçıları təkcə Avropa bazarları deyil, həm də yeni istiqamətlər, məsələn, ərəb bazarları haqqında da düşünməlidirlər. Azərbaycanın ÜTT-yə daxil olmasına dair danışıqlar aparan qrupun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev belə hesab edir. 

Bu ölkələr aqrar sahədə əməkdaşlığın inkişaf etməsində olduqca maraqlıdırlar, çünki onların, demək olar ki, yararlı torpaqları yoxdur:  ərəb ölkələrində istehlak edilən kənd təsərrüfatı məshullarının 90-95%-i idxal edilir. Nazir müavini ehtimal edir ki, Avropada vəziyyət tam başqadır.  Azərbaycan istehsalçısına Avropa bazarında öz yerini tutması daha çətin olacaq.

ÜTT-in digər ölkələrin bazarlarına sadələşdirilmiş girişdən istifadə edilməsinə imkan verməsinə baxmayaraq, həmçinin eyni zamanda əcnəbi istehsalçılara da öz bazarlarının açılmasına şərait yaradır. Bu isə iqtisadiyyatın şaxələndirilməsinə təsir edə bilər. Daxilolma prosesində başqa problemlər də var. Məsələn, kənd təsərrüfatı sahəsində, xüsusilə də subsidiyalar və kənd təsərrüfatı məhsullarınını bəzi növlərinin idxalına dair ikitərəfli danışıqlarla bağlı problemlər mövcuddur. "Biz yerli istehsalçıları qorumaq istəyirik. Bizim tərəfdaşlarımız isə bu məhsul növlərinə olan mövcud gömrük tariflərinin azaldımasına təkid edirlər", - deyə M. Məmmədquliyev bildirib. 

Prezident İlham Əliyev bu ilin əvvəlində Azərbaycanın ÜTT-yə üzv olmağa tələsməməsinin əsas səbəbləri sırasında yerli istehsalçının və  Azərbaycan bazarının qorunmasını səbəb gətirib. "Biz ilk növbədə öz fermerlərimiz, şirkətlərimizə şərait yaratmalıyıq. Biz öz bazarımızı açsaq və buraya keyfiyyətsiz, ucuz xarici məhsullar buraxılsa, o zaman yerli istehsal öləcək, fermer əziyyət çəkəcək. Ona görə də buna getmirik. Bu gün də demək istəyirəm ki, Ümumdünya Ticarət Təşkilatına üzv olacağıq. O vaxt ki Azərbaycanda həm kənd təsərrüfatında, həm sənaye sahəsində ixracyönümlü məhsullar üstünülük təşkil  edəcək. Amma  həmin müddətdə baxarıq, bizi belə təkidlə oraya dəvət edəcəklər, yoxsa yox", - deyə dövlət başçısı Azərbaycanın zəngin ölkəyə çevrildiyini qeyd edərək bildirib. Bu öz təsdiqini Azərbaycanla danışıqlar aparmaqda olan ÜTT-yə üzv ölkələrin genişlənmiş siyahısında da tapır. 

 

Siyahı  böyüyür

Azərbaycanla danışıqlar aparmaq istəyini bildirən ölkələr arasında indi Malayziya, Dominikan Respublikası, Honduras var. Cəmisi həftə ərzində ən azı yeddi-səkkiz, o cümlədən ABŞ, Çin, Braziliya, Kanada ilə də ikitərəfli danışıqlar gözlənilir.

Azərbaycan danışıqlara 2004-cü ildə başlayıb. Yuxarıda sadalanan ölkələrlə yanaşı, bugünkü gündə Azərbaycan ÜTT-yə daxil olmaq üçün Yaponiya, Ekvador, Şri-Lanka, Avropa İttifaqı, Norveç, Hindistan, Cənubi Koreya, Çinin Tayvan əyaləti və İsveçrə ilə ikitərəfli danışıqlar prosesindədir. 

Danışıqlar artıq yekunlaşıb və Türkiyə, Oman, BƏƏ, Gürcüstan və Qırğızıstanla protokollar imzalanıb. Ölkə Çin və Moldova ilə protokolların imzalanma mərhələsindədir. İşi aparan tərəflərlə bu dəfə mallar və xidmətlərə dair müzakirələr aparılacaq. Və Azərbaycan Gömrük Komitəsi ölkənin ÜTT-yə daxil olacağı təqdirdə də müxtəlif malların idxalında yüksək tariflərin qalmasını yenidən qorumaq niyyətindədir. Əsasən, Dövlət Gömrük Komitəsi "bound tariff"ləri ölkə üçün sərfəli səviyyədə - idxal olunan məhsulun növündən asılı olaraq 20-25% ətrafında saxlamağı təklif edir. Bound tariff - idxal edilən ölkə tərəfindən birtərəfli qaydada dəyişdirilə bilməyən və ÜTT çərçivəsində ölkənin öhdəliklərində qeyd edilmiş müəyyən malların idxalına qoyulan maksimal gömrük rüsumu dərəcəsidir.  Lakin Dövlət Gömrük Komitəsinin (DGK) maliyyə-tarif və valyuta tənzimlənməsi Baş İdarəsinin rəisi Mirqasım Vahabovun qeyd etidiyi kimi, tarif tənzimlənməsinə həssas olan sahələrdən biri də kənd təsərüfatıdır.

Bir sıra mallar üzrə aqrar-sənaye kompleksinin istehsal həcmləri artıq idxal həcmləri ilə bərabərdir. Ona görə də yerli istehsalçıların müdafiəsi üçün tarifləri maksimal mümkün səviyyədə saxlamaq vacidir. M.  Vahabov hesab edir ki, kənd təsərrüfatı məhsullarının həcmi artdıqca idxal da  tədricən  azalacaq. Danışıqlar prosesində müxtəlif ölkələr onları maraqlandıran məhsul növləri üzrə maksimal qiymət həddi təklif edirlər. Sözsüz ki, əcnəbi tərəfdaşların hər biri öz istehsalçılarına yeni bazarlara girişi təmin etməkdə maraqlıdır. Həm də bu təkcə kənd təsərrüfatı məhsullarına deyil, eyni zamanda sənaye malları, o cümlədən xidmət sahəsinə də aiddir.   

Yerli bazarın inkişafı və qorunmasında hər bir ölkə danışıqların gedişi zamanı güzəştlər məsələsinə ehtiyatla yanaşmalıdır. Bəzi ölkələr (Özbəkistan, Gürcüstan) yerinə yetirə bilmədikləri öhdəliklər götürmüşdülər. Ona görə də öz iqtisadiyyatımızı nəticədə zərbə altında qoyacaq öhdəliklər götürmək lazım deyil.  

 

Dəyişikliklər cədvəli 

Həmçinin Azərbaycan hökuməti ölkənin son üç ildə (2011-13-cü illər) aqrar-sənaye kompleksi üzrə qanunvericilikdə, dövlət idarəetməsində, subsidiyaların tətbiqində və s. dəyişikliklər daxil edilmiş yeni cədvəlini hazırlayıb. M. Məmmədquliyevin qeyd etdiyi kimi, hazırda bu təkliflərin tamamlanması gedir və Cenevrədə mütəxəssislərlə məsləhətləşmələrdən sonra, ölkə onları ÜTT-in katibliyinə göndərəcək. 

Təşkilat Azərbaycanın kənd təsərrüfatı istehsalçıları üçün vergi güzəştlərinin ləvğ edilməsinə təkid edir.  Qurum hesab edir ki, bu, qiymətə təsir edir və bazarda rəqabəti pozur. Azərbaycan hökuməti isə 2019-cu ilə qədər kənd təsərrüfatı istehsalçılarını torpaq vergisi istisna olmaqla, vergi ödənişlərindən azad edib. Bu vergi "tətilləri" olmadan kənd təsərrüfatı məhsullarının qiymətləri qalxardı ki, bu da inflyasiyanın artmasına gətirib çıxara bilərdi. Bu mənada həmin kömək gələcəkdə də davam etdirilməlidir. 

Aqrar  sektorun ÜDM-də xüsusi çəkisi 2013-cü ilin nəticələrinə görə, cəmi 5,3% təşkil etdiyi hazırkı şərtlərdə, sonrakı inkişaf üçün bu sahənin maksimal dərəcədə dəstəklənməsi zəruridir.  Vergi tətillərinin tətbiqindən savayı, hökumət 2007-ci ildən fermerlərə əldə etdikləri yanacağın və mineral gübrələrin dəyərinin 50% həcmində subsidiya təqdim edir. Ona görə də ölkənin kənd təsərrüfatının böyük dəstəyə ehtiyacı olduğunu nəzərə alaraq, Azərbaycan ÜTT-yə inkişaf etmiş ölkə statusunda daxil olmaqdan imtina edir. Bu statusu isə əsasən ABŞ tələb edir ki, bu da kənd təsərrüfatı məshulları həcminin 5% həddində subsidiya əldə etməsinə məhdudiyyət qoyur. İnkişaf etməkdə olan ölkə statusunda isə subsidiyalaşma və dövlət dəstəyini 10% həddində göstərmək olacaq. 

Nazir müavininin sözlərinə görə, Azərbaycan üçün əsas məsələ ÜTT-yə üzv ölkələrin suallarına cavab hazırlanmasıdır. Çünki bu olmadan işçi qrupu ilə görüş keçirilə bilməz. Bu proses isə çox güman ki, sentyabrın əvvəlində yekunlaşacaq, müvafiq olaraq ÜTT işçi qrupu ilə görüş də, kənd təsərrüfatının dəstəklənməsinə dair çoxtərəfli danışıqları da oktyabrın sonu - noyabrın əvvəlində aparmaq olacaq. 



MƏSLƏHƏT GÖR:

505