
ƏN PİS SSENARİ
"İraqda bütün regionu bürüyəcək açıq dini münaqişə riski var"
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
-"İraq və Şam islam Dövləti" ekstremist qruplaşması cəmi bir neçə gündə İraq ərazisinin, az qala, üçdəbirini ələ keçirə bilib. Naynava və Sala-əd-Din əyalətlərində 200 minlik İraq ordusunu qaçmağa məcbur edən bu İŞİD nə təşkilatdır belə?
- Dünyada heç bir terrorçu qrup dövlət səviyyəsində yardım almadan bir ölkənin dərinliyinə bu cür yeriyə bilməz. Şübhəsiz, İŞİD-ə ciddi xarici dəstək var. Digər tərəfdən, bu, yeni təşkilat deyil. O, 2003-cü ildən mövcuddur və müəyyən döyüş təcrübəsinə malikdir. Amma İŞİD-in son uğurlarının əsas səbəbi İraqda dövlət təhlükəsizlik xidmətinin, demək olar ki, olmamasıdır. 2012-ci ildən sonra sünnilərin yaşadığı yerlərdə - Mosulda, Anbarda, Salahaddində hökumət əleyhinə etirazlar baş qaldırıb. Hökumət bu etirazları yatıra bilmədi və həmin bölgələrdə etirazlar get-gedə dərinləşdi. Sonda o, silahlı qiyama çevrildi. Düşünürəm ki, Nuri əl-Malikinin rəhbərlik etdiyi hökumət İŞİD-in qiyamını yatırmaq üçün bütün qüvvələri səfərbər etməyə çalışacaq. Amma İraqın mərkəzi hökuməti ekstremistlər tərəfindən ələ keçirilmiş əyalətlərə nəzarəti bərpa etsə belə, İŞİD və digər terror təşkilatları öz fəaliyyətlərini davam etdirəcəklər.
- Sələfilər İraqın şiələr üçün müqəddəs sayılan məkanlarına hücum edərlərsə, dini zəmində genişmiqyaslı müharibə başlaya bilərmi? Bu halda münaqişəyə bir tərəfdən İran, digər yandan sünni ərəb dövlətləri müdaxilə edə bilərlər...
- Belə təhlükə var. İran artıq bəyan edib ki, İŞİD şiələr üçün müqəddəs olan şəhərlərə hücum edəcəyi təqdirdə o, iraqdaxili münaqişəyə müdaxilə etmək məcburiyyətində qalacaq. Bu halda ən pis ssenari gerçəkləşə bilər - İraqda bütün regionu bürüyəcək açıq dini münaqişə başlayacaq. Münaqişəyə yalnız İran, İraq və Suriya deyil, Livan, İordaniya, Türkiyə və Yaxın Şərqin digər dövlətləri də cəlb olunacaq.
- İQİL yaraqlıları Suriyada da vuruşublar. Suriya ssenarisi İraqda təkrarlana bilərmi? Söhbət vətəndaş müharibəsinin qızışmasından gedir...
- Proseslər ona doğru gedir. Tədricən digər silahlı qruplaşmalardan da hökumətin və İŞİD-in tərəfinə keçənlər var. İstər sünnilər olsun, istər şiələr. Bu mənzərə Suriya münaqişəsinin ilkin mərhələsini xatırladır.
- Bəs Türkiyənin mövqeyi nədən ibarətdir? Türkiyənin Suriyada İŞİD-in də daxil olduğu müxalifətə simpatiya bəslədiyi bəlli idi. Sosial şəbəkələrdə İŞİD yaraqlılarının Türkiyə Ordusunun formasında çəkdirdikləri fotolar da yayılıb...
- İraqda müharibə Türkiyənin maraqlarına tamamilə ziddir. İŞİD-in bəzi yaraqlılarının Türkiyə Ordusunun formasını geyinməsi mümkündür. Məsələ ondadır ki, Türkiyədən kənarda da türk ordusunun və ya digər ölkə ordularının formalarını almaq mümkündür. Bu, qətiyyən Türkiyənin İŞİD-də hər hansı formada dəstək verdiyini göstərmir. Ankara İQİL-i birmənalı olaraq, terror təşkilatı sayır və onu özünün terrorçu təşkilatlar siyahısına daxil edib. Türkiyə heç zaman terrorçulara dəstək verməyib. İŞİD Türkiyənin özü üçün də təhlükədir. Mosuldakı Türkiyə konsulluğunda çalışanların bu qruplaşmanın yaraqlıları tərəfindən girov götürülmələrini xatırlayın.
İŞİD-in sponsorları arasında tez-tez Səudiyyə Ərəbistanı və Qətərin adları çəkilir. Amma bu günədək adı çəkilən dövlətlərin onları maliyyələşdirdiyinə, silahlandırdığına və istiqamətləndirdiyinə dair bir dənə də tutarlı sübut yoxdur.
- Bütün bunların fonunda İraq azərbaycanlılarının - türkmənlərin taleyi necə olacaq?
- Ən ağır durumda olanlar İraq türkmənləridir. İraq hökuməti onların təhlükəsizliyini təmin etmir, onların silahları da yoxdur. Üstəlik, döyüşlər məhz türkmənlərin yaşadıqları ərazilərdə gedir. Artıq 200 min türkmən evlərini-eşiklərini ataraq, doğma yerləri tərk etməli olublar. Gözlərimizin qarşısında türkmənlər kütləvi şəkildə məhv edilir. Beynəlxalq təşkilatlar onların müdafiəsi üçün heç bir addım atmır. Türkiyə birtərəfli qaydada türkmənlərə humanitar yardım göndərib. Amma yalnız Türkiyənin yardımı çox azdır. Hazırda türkmənlər soyqırımı təhlükəsi ilə üz-üzədirlər.
- Türkiyə hansı halda İraq türkmənlərinin müdafiəsini öz üzərinə götürə bilər?
- Hələlik, Türkiyənin türkmənlərin müdafiəsi istiqamətindəki addımları humanitar yardımların göstərilməsi ilə məhdudlaşacaq. Amma 1991-ci ildə olduğu kimi, 10 minlərlə qaçqın Türkiyə ərazisinə axışarsa, İraq faktiki olaraq bir-birinə qarşı vuruşan bölgələrə parçalanarsa, türkmənlərin təhlükəsizliyinin təmini məqsədilə Türkiyənin məsələyə hərbi müdaxiləsi tamamilə mümkündür.
- Bir çox Qərb siyasətçisi İraqın faktiki olaraq 3 müstəqil əraziyə parçalandığını bildirir: şiələr, sünnilər və kürdlər...
- Hər şey Maliki hökumətinin bacarığından, onun ölkəyə nəzarəti nə qədər tez bərpa edəcəyindən, ordunun döyüş qabiliyyətinin təminindən asılıdır. Yaxın zamanlarda hökumət bu işlərin öhdəsindən gəlməsə, İraq 3 müstəqil etno-dini əraziyə parçalanacaq.
Malikinin başqa yolu yoxdur. ABŞ ordusunu İraqa qaytarmayacaq.
MƏSLƏHƏT GÖR: