15 Mart 2025

Şənbə, 07:24

ƏRKÖYÜN VASSAL

Ermənistanda istənilən əməkdaşlığın ikiistiqamətli yol olduğunu anlamırlar

Müəllif:

24.06.2014

Tarixçilərin iddiasına görə, "Vəhşi Qərb"in fəthi, uzağı, 50 il çəkib. Amma bu dövr indinin özündə də istər kinematoqrafiyanın, istər macəra ədəbiyyatının, istərsə də geyim dizaynının "özəyi"  olaraq qalır. Çoxlarının yadında olan "ağır doxsanıncı illər" daha az davam etdi. Tünd-qırmızı rəngli pencəklər dəbdən düşdü, "yeni-rus qardaşlar" yalnız lətifələrdə qaldı. Amma o illərdə yaşananlar bir çox kitab, film və serialın əsasını təşkil edir. Onların arasında Roman Kanuşkinin "Stiletin gecəsi" kitabı da var. Sonradan bu əsərin əsasında çəkilmiş populyar serialda personajlardan biri əsas qəhrəmana deyir: "Mənim damarlarımda ispan qanı axır. Doğrudur, mən sizin ölkənizdə doğulmuş, böyümüş, uzun müddət yaşamış və vaxtilə oranı öz vətənim saymışam. İspaniyada düşmənin verdiyi söz bəzən dost sözündən daha dəyərli hesab olunur. Və mən sizə söz verirəm".

Kriminal serialda ispanların "vicdan kodeksi"nin nə qədər dəqiq ifadə olunduğunu mütəxəssislər qiymətləndirə bilər. Amma bir şeyə şübhə yoxdur: "vicdan kodeksi"ni boş söz hesab etməyən insan istər dostuna, istərsə də düşməninə verdiyi sözə sadiq qalacaq. Amma kimdəsə hər zaman özünə hörmətə əsaslanan "daxili vicdan kodeksi" yoxdursa, belə insanlarla heç nədə razılığa gəlmək mümkün deyil. Daha doğrusu, bu razılığın sadəcə, mənası yoxdur.

Təcrübə göstərir ki, belə razılaşmalar yalnız ayrı-ayrı personalara aid deyil. O, bütünlükdə bir ölkənin siyasi elitasına da aid ola bilər. Ermənistan bu mənada kifayət qədər nümunəvi misaldır.

Bu  ölkədəki siyasi mədəniyyətin səviyyəsi haqqında düşünmək üçün Ermənistanın NATO Parlament Assambleyasının Bakıda keçirilən "Rose-Roth" seminarındakı iştirakına nəzər salmaq kifayətdir. Ermənistanı tədbirdə ölkənin NATO PA-dakı nümayəndə heyətinin başçısı Koryun Naqapetyan, Ermənistanın müxalifətçi "İrs" partiyasının parlament fraksiyasının katibi Tevan Poqosyan və Regional Raşadrımalar Mərkəzinin direktoru, analitik Riçard Kirakosyan təmsil edirdilər. Həm Azərbaycan, həm də Ermənistan KİV-in məlumatına görə, ilkin mərhələdə erməni nümayəndələr ardarda təxribatçı, qalmaqallı bəyanatlar səsləndirməklə, diskussiyaların gedişini pozmağa çalışıblar. Amma onların bu addımları, əlbəttə ki, istər Azərbaycan təmsilçiləri, istərsə də tədbirə qatılmış NATO üzvü olan Avropa dövlətlərinin nümayəndələri tərəfindən sərt şəkildə cavabını alıb.

Apofeoz isə seminarın son günündə yaşanıb. Ermənistan KİV-də Riçard Kirakosyanın bir tvitinə gen-bol yer verilib: guya erməni nümayəndələr Bakıda, Azərbaycan parlamentində keçirilən rəsmi naharda "müstəqil Qarabağın şərəfinə tost  deyiblər".

Amma Milli Məclisin deputatı Zahid Oruc ermənilərin yalanının üstünü açıb. Onun sözlərinə görə, həmin an erməni deputatların 3-ü də "Four Seasons" otelində NATO  PA-nın sessiyasında idi, nahar isə Milli Məclisin binasında deyil, oteldə olub.

Bundan başqa, Z. Oruc nahar zamanı süfrəyə spirtli içkilərin qoyulmadığını da söyləyib.

"Bütün deyilənlər növbəti erməni uydurmasıdır. Kirakosyan bir neçə dəqiqə əvvəl tualetə gedib. Görünür o, orada "Twitter"ə çirkin iftiralarını yazmaqla məşğul olub", - deyə Z.Oruc qeyd edib.

Əlbəttə ki, fikir verməmək də olardı: söhbət, sadəcə, hansısa personanın o qədər də ağıllı olmayan ədəbsizliyindən gedir - bu persona Ermənistanda kifayət qədər nüfuzlu mövqedə olsa da belə. Amma bütün problem ondadır ki, İrəvan siyasi mədəniyyətin bu cür "orijinal" səviyyəsini rəsmi diplomatiyada da nümayiş etdirir. Üstəlik o, bunu Rusiya ilə münasibətlər kimi vacib məsələdə edir.

Bir çox əlamətlər göstərir ki, bu gün onların münasibətləri ciddi sınaq qarşısındadır. Hər şey erməni jurnalistlərin Rusiyanın İrəvandakı səfiri İvan Volıkini Naxçıvan istiqamətində Azərbaycanın Ermənistana hücum edəcəyi təqdirdə Moskvanın öz müttəfiqini müdafiə edib-etməyəcəyinə dair sual atəşinə tutması ilə başlayıb. Rusiyalı diplomat bu suallara cavabında "məsələdən xəbərdar olmadığını və bu üzdən sualı cavablandıra bilməyəcəyini" söyləyib. Bu yerdə xatırladaq ki, Ermənistan KTMT-yə üzvlüyünü, Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına qoşulmasını nə az, nə çox - Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə cəlbi ilə "konversiya etməyə" çalışır. Bu variantın, ilk növbədə, Rusiyanı qane etmədiyi aydındır: bu ölkənin xarici işlər naziri Sergey Lavrovun Bakıya son səfəri, Qəbələdə keçirilən humanitar forum və s. Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın nə qədər dinamik inkişaf etdiyini göstərib. Rusiya, əlbəttə ki, bu münasibətləri riskə atmaq istəmir. Üstəlik, bu münasibətlər Ermənistanın maraqlarına görə riskə atılırsa, bu, Moskvaya, çətin ki, lazım olsun.

Ermənistanın qərbpərəst müxalifəti "Ermənistanın müdafiəsindən imtina və Rusiyanın Ermənistanın maraqlarına qarşı satqınlığı" kimi qiymətləndirir. Yəni, faktiki olaraq söhbət Ermənistanın müstəqil şəkildə özünü qorumağa qadir olmamasından, "süzerenin himayəsinə" ehtiyac duymasından gedir.

Amma bu halda digər bir məqam da kifayət qədər maraqlı görünür. Rusiyanın "Rusiya bu gün" informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov İrəvanda erməni deputatlar, KİV nümayəndələri və ictimai təşkilat təmsilçilərinin suallarını cavablandırarkən Ermənistanın siyasi elitasını əməlli-başlı məyus edib. O, Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazırlaşmadığını bildirib. "İrəvan Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsində tələsməməlidir. Çünki bu, avtomatik olaraq müharibəyə səbəb olacaq. İki nəfərin öldürülməsi xoşunuza gəlməyib. Müharibə olarsa, iki deyil, yüzlərlə insan həlak olacaq və üstəlik, bu, hər gün baş verəcək. Odur ki, hazırda Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması haqqında danışmaq aktual deyil", - deyə Kisilyov qeyd edib.

Kisilyov diskussiyanın "Dağlıq Qarabağadək məhdudlaşdırılmasının anormal olduğunu" da bildirib: "Bizim burda Qarabağ haqda danışdığımız müddətdə dünyada elə proseslər yaşana bilər ki, artıq Dağlıq Qarabağ heç kimin vecinə olmaz. Ermənistana təhlükə yaradan məqamlar yalnız Dağlıq Qarabağla bağlı deyil".

Daha maraqlısı isə sonra baş verib. Kisilyov bildirib ki, erməni dövlətçiliyinə "yalnız dünyanın bir dövləti zamin ola bilər - Rusiya. O, KTMT çərçivəsində öz üzərinə öhdəlik götürüb - Ermənistanın təhlükəsizliyinə zəmanət verilib. Amma biz onu da görürük ki, İrəvanda nə rus məktəbləri, nə rus dili qalıb. Bu, o deməkdir ki, Ermənistanda rus mədəniyyəti, Rusiya ilə əlaqələr də itir... Bu, son dərəcə təhlükəli tendensiyadır". Kisilyovun fikrincə, "mədəniyyət sahəsində bir istiqamətdə inteqrasiya edib, təhlükəsizliyi digər istiqamətdə axtarmaq olmaz". "Təəssüf ki, bunlar bir-birinə bağlı məsələlərdir", - rusiyalı jurnalist İrəvanda taksi sürücüsünün, hətta rus dilində üzündən oxuya bilməməsindən əməlli-başlı sarsılıb.

Erməni ictimaiyyətinin məsələyə reaksiyası kifayət qədər kəskin olub. Bəziləri Ermənistanda rus dilinin vəziyyətinin əla olduğunu sübut etməyə çalışıblar. Digərləri Kiselyovu tənqid atəşinə tutublar: bir taksi sürücüsü ilə söhbətləşməklə, nəticə çıxarmaq doğru deyil və s. Amma məsələyə daha sərt reaksiya verənlər də olub.

"Bu günlərdə Ermənistan parlamentində yolverilməz hadisə yaşanıb: rusiyalı jurnalist Dmitri Kisilyov Ermənistan-Rusiya klubunun iclasında Ermənistan Respublikasının, erməni dilinin, erməni xalqının və onun hədəflərinin ünvanına aşağılayıcı tonda fikirlər səsləndirib", - deyə erməni milli konqresi fraksiyasından olan deputat Nikol Paşinyan bildirib: "Hesab edirəm ki, Xarici İşlər Nazirliyi Kisilyovun Ermənistan ərazisində "arzuolunmaz şəxs" elan edilməsi haqqında məsələni müzakirəyə çıxarmalıdır", - deyə o, qeyd edib.

Doğrudur, Paşinyan müxalifətçidir. Amma hakim Respublika Partiyası sədrinin müavini, təhsil və elm naziri Armen Aşotyan da Kisilyovun sözlərinə münasibət bildirərəkən deyib: özünü qab-qacaq satılan mağazaya girmiş fil kimi aparmaq lazım deyil. Aşotyan bildirib ki, erməni ictimaiyyəti ilə aydın, onun qəbul edəcəyi dildə danışmaq lazımdır: "Dildən danışarkən lüğəti və qrammatikanı nəzərdə tutmuram. Söhbət ifadələrin məzmunundan və formasından gedir".

Bütün bunlarla yanaşı, bir məqam da qeyd olunmalıdır: Ermənistanda rus dilinin tətbiqi həqiqətən də, planlı şəkildə məhdudlaşdırılır. Ölkədə rus məktəbləri hələ Robert Koçaryanın prezidentliyi dövründə yoxa çıxıb. İndi onlara yalnız Rusiyaya məxsus hərbi şəhərciklərin ərazilərində rast gəlinir. Ölkədə rus məktəblərinin artırılması təklifi səsləndirildikdə isə, ictimaiyyət arasında əməlli-başlı fırtına qopmuşdu.

Demək, Ermənistan Rusiya ilə ittifaqdan bütün ağla gələn və gəlməyən dividendləri qazanmaq niyyətindədir. O, Rusiya hərbçilərinin ermənilərin maraqları uğrunda vuruşmasının da əleyhinə deyil. Amma onlar istənilən əməkdaşlığın "ikiistiqamətli yol" olduğunu nəzərə almağı düşünmürlər. 

Başa düşmək olmur: Ermənistan bir tərəfdən, Rusiyanı onu "lazımi səviyyədə müdafiə etməməkdə" günahlandırır (Rusiyanın onu niyə və necə qorumalı olduğu da anlaşılan deyil), digər yandan, Rusiya ictimaiyyətinin nümayəndələri Ermənistanda rus mədəni irsinin məhv edildiyini, rus dilinə qarşı elementar ayrı-seçkiliyin olduğunu söylədikdə, hiddətlənir, bunu milli maraqlara qəsd kimi qiymətləndirirlər. Məntiq haradadır? Məntiq İrəvanın "vicdan kodeksi"nin özünəməxsusluğundadır. Bu baxımdan düşünmək olar ki, bu, Ermənistanın Aİİ-dəki müttəfiqlərinə son "sürpriz"i deyil.



MƏSLƏHƏT GÖR:

646