
PRİNSİPLƏRƏ ZİYAN VURMAYAN MARAQLAR
Rusiya ilə Azərbaycan arasındakı intensiv əlaqələr Bakının xarici siyasi kursundakı sabitliyi təsdiqləyir
Müəllif: Fuad HÜSEYNZADƏ Bakı
Azərbaycan-Rusiya əlaqələrində son aylardakı xüsusi intensivlik ötən həftə də davam etdirildi. Əvvəlcə Bakıya Rusiyanın xarici işlər naziri Sergey Lavrov, daha sonra baş nazirin müavini Dmitri Roqozin gəldi. Bu iki səfərdən dərhal sonra isə Qəbələdə genişmiqyaslı tədbir keçirildi - V Azərbaycan-Rusiya Regionlararası Forumu. Forumda iştirak edən 400-dən artıq şəxs arasında hər iki ölkənin hakimiyyət orqanlarını və biznes dairələrini təmsil edən insanlar, regionların qubernatorları və icra hakimiyyətinin başçıları var idi.
Əksər ekspertlərin fikrincə, iki ölkə arasında müxtəlif səviyyələrdə əlaqələrin fəallaşması, S.Lavrovun və D.Roqozinin Azərbaycana səfərləri Moskvanın regiona dair strateji planlarında Azərbaycanın vacib rol oynadığını bir daha göstərmək cəhdidir. Bununla yanaşı, Rusiyanın Azərbaycana marağını artıran səbəblər sırasında Aİ-nin postsovet, o cümlədən Cənubi Qafqazda öz təsir imkanlarını artırmağa yönələn siyasəti də heç də axırıncı yeri tutmur. Söhbət Rusiyanın ənənəvi maraq dairəsi olan postsovet məkanından, o cümlədən Cənubi Qafqazdan gedir, odur ki, tarixən Rusiyanın maraqları baxımından həyati əhəmiyyət daşımış bu regiona Moskva böyük diqqət göstərir. Bu məsələdə regionun müstəqil xarici siyasət yürüdən ən güclü dövləti olan Azərbaycana daha böyük önəm verilir. Rusiya üçün həm də İrana və Yaxın Şərqə çıxış baxımından strateji əhəmiyyət daşıyan bu ölkədə mövqelərin avropalılara uduzulması ciddi itki sayıla bilər. Bu mənada, Rusiya XİN başçısı və baş nazir müavininin Azərbaycana səfərlərinin Avropa İttifaqının əsas simalarından biri, Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Bakıya səfərindən dərhal sonra gerçəkləşməsi heç də təsadüf deyil. Rusiya isteblişmenti üçün Bakının dünyadakı inteqrasiya prosesləri ilə bağlı mövqeyini bilmək, onun dünyanın müxtəlif qütbləri ilə münasibətlər haqda nə düşündüyünü öyrənmək vacibdir.
Böyük ehtimalla, Rusiyanın yüksək rütbəli məmurları Bakıda keçirdikləri görüşdə Azərbaycanın Aİ-nin assosiativ üzvünə çevrilmək niyyətində olmadığını bir daha eşidiblər. Yeri gəlmişkən, xatırladaq ki, Joze Manuel Barrozu Bakıya son səfəri zamanı assosiativ üzvlüklə bağlı dəvətin qüvvədə qaldığını bildirib. S.Lavrov və D.Roqozinin Bakıdakı görüşlərdə Azərbaycanı Avrasiya İqtisadi İttifaqında (Aİİ) görmək arzularını dilə gətirdikləri də istisna deyil.
İstənilən halda, Rusiya Azərbaycanla bütün istiqamətlərdə münasibətlərin intensivləşdirilməsində qərarlıdır. Bu, həm də hərbi-sənaye kompleksi kimi strateji əhəmiyyətli sahəyə aiddir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Baş nazirinin müavini Dmitri Roqozinlə görüşü zamanı verdiyi bəyanat da bunun təsdiqidir: "Biz dinamik və effektiv şəkildə inkişaf edən, əməkdaşlığın, demək olar ki, bütün sahələrini əhatə edən münasibətlərimizin səviyyəsindən razıyıq. Həm siyasi münasibətlərimizdə, həm iqtisadi və humanitar sahədəki əlaqələrimizdə, həm də əlbəttə ki, hərbi-texniki əməkdaşlıq istiqamətində müsbət nəticələrin şahidi oluruq. Konstruktiv əməkdaşlığımız güclənir, həcmi genişlənir, perspektivlər çox yaxşıdır. Odur ki, hesab edirəm, yaxın illərdə bu istiqamiətdə daha böyük irəliləyişlərə nail olacağıq".
D. Roqozin öz növbəsində bu yaxınlarda təyin olunduğu ikitərəfli hökumətlərarası komissiyanın sədri kimi, bu əməkdaşlıqların gələcəkdə də genişlənməsi üçün əlindən gələni edəcəyini söyləyib.
Aİİ-yə gəlincə, Moskva, əlbəttə ki, Azərbaycanın ona qoşulmasından məmnun olardı. Amma bununla yanaşı, Rusiya prosesi sürətləndirməyə çalışmaq niyyətində deyil. Sergey Lavrovun Bakıda keçirdiyi brifinqdə bəyan etdiyi kimi, bu məsələ ölkə rəhbərliyi ilə görüşdə müzakirə edilməyib. Amma Lavrovun bir bəyanatı Bakı üçün vacib mesaj sayıla bilər: Ermənistan Aİİ-yə BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində, yəni Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər əraziləri olmadan qoşulacaq.
Bu mesaja rəsmi Bakının özünəməxsus cavabını isə xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib: "Rusiyanın əsas marağı Azərbaycanı inkişaf etmiş, sabit, etibarlı strateji qonşu kimi görməkdən ibarət olmalıdır. Rusiya problemi həll etməklə, Azərbaycana yardım göstərməklə, çox şeyə nail ola bilər".
O, Lavrovun Bakı səfəri zamanı müzakirə edilmiş əsas mövzulardan birinin də Dağlıq Qarabağ münaqişəsi olduğunu söyləyib.
Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsini həll etməklə konkret nələrə nail olacağını A.Əzimov açıqlamayıb. Amma bəzi ekspertlər hesab edirlər ki, Moskva nəzarətində olan İrəvana Azərbaycanın işğal olunmuş torpaqlarını boşaltması üçün ciddi şəkildə təzyiq göstərərsə, Bakı perspektivdə Aİİ-yə qoşula bilər. Onlar bu fikirlərini Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün bir nömrəli vəzifə olduğu ilə əsaslandırırlar. Üstəlik, rəsmi Bakı bundan sonra ayrı-ayrı dövlətlər və təşkilatlarla münasibətlərini onların Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə əsaslanaraq quracağını da bəyan edib.
Bəs Azərbaycan ərazi problemi həll olunacağı təqdirdə, xarici siyasi xəttinə dəyişikliklər edə bilərmi? Məsələ bu cür qoyularsa belə, güman ki, Azərbaycana bir məsələdə zəmanət verilməlidir: onun bu və ya digər inteqrasiya təşəbbüsünü dəstəkləməsi işğal altındakı torpaqlarla bağlı problemin həllindən əvvəl deyil, sonra, bu da olmazsa, münaqişənin həlli prosesi ilə paralel getməlidir. Bakı Qarabağ probleminin həllində yalnız bu cür yanaşmanı qəbul edə bilər. İlf və Petrovun ölməz əsərinin qəhrəmanlarından birinin dediyi kimi, "səhər pul, axşam stullar".
Amma hadisələrin bu cür cərəyan edəcəyini heç də bütün ekspertlər düşünmür. Politoloq, Azərbaycanın xarici siyasət üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə, elə həmin "12 stul"dakı İppolit Matveyeviç Vorobyaninovun sözlərini təkrarlayaraq hesab edir ki, burada "bazarlıq"a yer yoxdur və Bakı Avropaya inteqrasiyadan imtina etməməlidir: "Avrasiya İttifaqı sırf Rusiya və Azərbaycanın iqtisadi maraqlarını ifadə etsəydi, oraya qoşula bilərdik. Amma Gömrük İttifaqı Avropa İttifaqına və NATO-ya qarşı bir qurum kimi yaradılırsa, bizə orada yer yoxdur".
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə fərqli fikirdədir. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində Avropadan kömək gözləmək mənasızdır: deputat hesab edir ki, Azərbaycan ya NATO-ya can atmalı, ya da Rusiya ilə birlikdə olmalıdır: "Dağlıq Qarabağ münaqişəsinin həlli xətrinə Azərbaycan Gömrük İttifaqına da, Avrasiya İttifaqına da qoşula bilər. Mən Qarabağın xətrinə bunu mümkün sayıram".
Böyük ehtimalla iqtisadi və siyasi böhran yaşayan Avropa Qarabağ probleminə laqeyd münasibət göstərir. Rusiyadan fərqli olaraq, o, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün real "rçaqlar"a malik deyil. Rusiyanın ən azı İrəvana təsir imkanlarını nəzərə alsaq, o, işğalçı ölkəni konstruktivliyə yönəltmək iqtidarındadır.
Bütün bunlarla yanaşı, əksər analitiklər Azərbaycanın heç bir ittifaqa qoşulmayacağını dəfələrlə bəyan etdiyini xatırladırlar. Doğrudur, ölkənin güclü iqtisadi və hərbi potensialı onu istənilən layihədə ikinci dərəcəli iştirakçı olmaqdan sığortalayır. Amma rəsmi Bakı beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu iştiraka, tərəfdaşların maraqlarına hörmətə əsaslanan, eyni zamanda, Azərbaycanın maraqlarının əsas olduğu müstəqil xarici siyasət yürüdür. Müstəqillik və ərazi bütövlüyü isə "alver" predmeti ola bilməz.
İLK MƏNBƏDƏN
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana yardım göstərməklə, çox şeyə nail ola bilər".
Araz Əzimov, Azərbaycan xarici işlər nazirinin müavini
MƏSLƏHƏT GÖR: