14 Mart 2025

Cümə, 10:59

SƏTTAR BƏHLULZADƏNİN AZAD DÜNYASI

"xalq bank" "xalq əmanəti" layihəsi çərçivəsində sayca altıncı nəşrini azərbaycan rəssamına həsr edib

Müəllif:

15.10.2012

"Mənim rəssam kimi yetişməyimdə bizim qədim xalça və miniatür sənətimizlə yanaşı, Füzulinin odlu, alovlu poeziyası da böyük rol oynayıb". Səttar Bəhlulzadənin bu sözləri böyük rəssamın yaradıcılıq yolunun müxtəlif mərhələlərini özündə birləşdirən albomun epiqrafında yer alıb.

Qeyd edək ki, bu layihə milli mədəni irsin qorunmasına yönəlib. "Xalq Bank" Azərbaycan ədəbiyyatında, rəssamlığında, musiqisində, teatr sənətində silinməz izlər qoymuş mili mədəniyyət xadimlərinə həsr olunmuş kataloqlar və kitablar buraxır. "Xalq Əmanəti" layihəsi "Xalq Bank"ın Azərbaycan xalqının mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi işinə ciddi tövhəsidir.

Təqdimat mərasimində xalq rəssamı Arif Hüseynov, maestro Yalçın Adıgözəlov, kinoşünas Ayaz Salayev, xalq artisti Fuad Poladov, bəstəkar Arif Məlikov, xalq rəssamı Ağali İbrahimov və bir çox digər şəxslər iştirak edib, onların hər biri sərgi və albom haqda fikirlərini bölüşüblər.

Azərbaycan rəssamı Səttar Bəhlulzadənin adı hələ sağlığında əfsanəyə çevrilmişdi. Gənc bakılı rəssamlar onun adını hər zaman dərin hörmət və sevgi ilə çəkirdilər. Bəhlulzadənin əsərləri onlar üçün doğma torpağa sevgi rəmzi, eləcə də  xalq yaşam tərzinin, sadə insanların dünyabaxışlarının əsil ensklopediyası idi.

Səttar Bəhlulzadə 1909-cu ildə sadə əkinçi, oğlunun nə vaxtsa məşhur rəssam olacağını ağlına belə gətirməyən Bəhlul Bəhlulzadənin ailəsində dünyaya gəlib. Yəqin ki, Bəhlul Bəhlulzadə bir vaxtlar oğlunun nəinki Azərbaycanda, ondan kənarda da məşhurlaşacağını, Azərbaycanın xalq rəssamı adını alacağını, Azərbaycan dövlət mükafatı laureatı olacağını, əsərlərinin Parisdə, Neapolda, Vyana və Berlində, Monreal və Havanada nümayiş olunacağını düşünməyib.

Onyaşlı Səttar  Bakıda Şura hökumətinin qurulmasından dərhal sonra, kənddə yaşadığı uşaqların içindən ilk olaraq yeni açılmış məktəbə gedib. O, ilk dəfə məhz burada rəsmlər çəkməyə başlayıb. Bu iş Səttarı o qədər həvəsə gətirib ki, o, məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət Texnikumuna daxil olub. Buradakı 4 illik təhsili dövründə o, rəssamlıq üçün tam puxtələşib.

Məktəbi bitirdikdən sonra Bəhlulzadə özünü müxtəlif janrlarda sınamağa başlayıb və bu onun nadir istedadı üzə çıxanadək davam edib. S. Bəhlulzadə məşhur rəssam Əzim Əzimzadənin rəhbərliyi altında "Kommunist" qəzetində karikaturalar çəkib. Söhbət qəzetdə dərc olunan materiallara - felyetonlara, satirik məzəmmətlərə əlavə edilən rəsmlərdən gedir. Lakin tezliklə o, qəzetdəki işindən imtina edib. 1933-cü ildə gənc rəssamı Moskvaya göndəriblər və o, Moskva İncəsənət İnstitutunda (hazırda Surikov adına MDRİ) təhsilini davam etdirib. Orada Bəhlulzadəyə çox yaxşı müəllimlər olan V.A.Favorski və L.A.Bruni dərs deyiblər. Üçüncü kursdan etibarən isə Bəhlulzadə əla pedoqoq və kolorist, professor Q.M.Şeqalın emalatxanasında çalışmağa başlayıb.

50-ci illirən ilk yarısında o, yağlı boya, tuş və karandaşla Qubaya həsr olunan xeyli rəsm əsəri yaradıb: "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Bağlar arasında", "Qudyalçay sahili", "Şahdağın ətəyində"... Bu əsərlərində o, zəngin milli mədəni ənənələri rus və Qərbi Avropa meyilləri, məsələn, fransız impressionistlərinin ənənələri ilə birləşdirərək özünəməxsus unikal rəssamlıq üslubu nümayiş etdirir. Doğma elinin təbiətinə vurğun olan rəssam bu əsərlərdə istedadının ən yaxşı tərəflərini göstərməyə nail olub. O, nəhayət, dünyaya nə üçün gəldiyini müəyyənləşdirə bilib - doğma təbiətin təsviri.

1953-cü ildə təşkil olunmuş sərgidə nümayiş etdirilən Qubaya aid əsərlər Səttar Bəhlulzadəyə ətraf dünyanın gözəlliyini bütün incəlikləri ilə dərk edən lirik mənzərə ustası kimi şöhrət gətirdi...

Rəssamın həyatında 1954-cü il xüsusilə əhəmiyyətli olub. Həmin il onun ilk şəxsi sərgisi təşkil olunub və bu, rəssamlıq sənətinin biliciləri və həvəskarlar arasında böyük müsbət rezonans doğurub. Elə həmin il Bəhlulzadə Moskvada Zaqafqaziya rəssamlarının əsərlərindən ibarət sərgiyə qatılıb. Bir il sonra isə onun şəxsi təbiət təsviri sərgisi keçirilib. S. Bəhlulzadə bundan sonra öz əsərlərini 1957 və 1964-cü illərdə Praqada nümayiş etdirəcəkdi. 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni  ilə təltif ediləcək, 10 il sonra isə yenidən eyni mükafata layiq görüləcəkdi.

60-cı illərdə rəssamın istedadı tam ortaya çıxdı. Bu dövrdə o, özünü tam şəkildə mənzərələr çəkməyə həsr etmişdi.

Bəhlulzadə Bakıdakı emalatxanasına və Əmircandakı ata evinə az-az baş çəkirdi. Çünki o, əksər vaxt şəkil qovluqları ilə ölkəni gəzir, Vətənin zəngin təbiətinin müxtəlifliyini kətana köçürməyə çalışırdı. Bəzən o, şəkil qovluqları və albomlarını da özü ilə götürərək günlərlə çöllərdə dolaşırdı. Qubanı xüsusilə sevirdi. Oradakı kəndlərdə Bəhlulzadəni, demək olar ki, hamı tanıyırdı - onunla həm uşaqlar, həm yaşlılar salamlaşır, çay süfrəsinə dəvət edirdilər.

Rəssam səhərdən-axşamadək yorulmadan işləyir, yağışın, qızmar günəşin altında da işini davam etdirirdi. Rəsm çəkməyə o qədər həvəslə girişirdi ki, hər şeyi unudurdu - yeməyi də, istirahəti də, yatmağı da.

S. Bəhlulzadə Azərbaycanın subtropik cənubunu - Lənkəranı, Qarabağı - dağların başında yerləşən Şuşanı və onun ətrafını xüsusi həvəslə çəkirdi. Amma sonda yenə də sevimli Abşeronuna qayıdırdı - "Abşeron axşamları", "Abşeron mənzərəsi" (1962) kimi əsərlər yaradan rəsam deyirdi ki, Abşeron torpağı "əsl kəndlinin ovcunun içi kimi qüdrətli və kələ-kötürdür".

Bəhlulzadənin natürmortları xüsusi fərqliliyilə seçilir. Onun bu uslubda çəkdiyi ilk rəsmlərinin əsas mövzusu güllər olub: nərgiz və qızılgül, zanbaq və payızgülü. Sonradan onları cənub meyvələri əvəzləyib: nar, heyva, armud, yemiş, üzüm, qarpız - "Abşeron geyimləri", "Dəniz fonunda narlar". 1973-cü ildə - vəfatından 1 il qabaq Moskvada Səttar Bəhlulzadənın şəxsi sərgisi təşkil olunub.

Səttar Həblulzadə 1974-cü ilin payız günlərinin birində, 65 yaşında Moskvada dünyadan köçdü. O günlər təravətli rəngləri ilə boyalar şahı olan dahi Səttar Bəhlulzadəni  laqeyd qoymayan narı həyatında son dəfə  çəkirdi...

Ayaz Salayev, əməkdar incəsənət xadimi, rejissor, kinoşünas: "Mən uşaq olarkən yaşlıların əksəriyyətinin ozamankı SSRİ-də hər şeyin pis olduğunu, yaxşı gələcəyə heç bir ümidin olmadığını düşündüyü vaxtda özüm üçün Səttar Bəhlulzadəni kəşf etmişdim. Başa düşmüşdüm ki, ölkəmizdə digərlərindən fərqlənən, azad düşünən və yaradan insanlar olduqca, bu ölkənin gələcəyi də olacaq. Səttar Bəhlulzadə boz kütlə arasında fərqli olmaqdan qorxmayan insanlardan idi. O, xarakterini, ruhunun gücünü, azadlıq həvəsini rəsmlərinə köçürürdü. Onun əsərlərinin gələcək nəsillər üçün qorunub-saxlanacağına, nəvələrimizin, nəticələrimizin dahi rəssam Səttarı həmişə xatırlayacağına çox ümid edirəm".

Eldar Mansurov, əməkdar in-cəsənət xadimi, bəstəkar: "İlk dəfə Səttar Bəhlulzadənin yaradıcılığından 15-16 yaşlarımda xəbər tutmuşam. Yadımdadır, məktəbdən bizi sərgiyə aparmışdılar və orada Bəhlulzadənin əsərini gördüm, müəllimdən onun haqqında eşitdim. Elə onda onun əsərlərindəki rənglərin qeyri-adi gözəlliyi məni valeh etdi. Onun əsərlərində təbiət sanki canlı idi. Bir neçə il sonra Zabitlər Evindəki sərgidə yenidən Səttar Bəhlulzadənin əl işlərini gördüm və ondan sonra bu rəssamın yaradıcılığı ilə maraqlanmağa başladım. Yaxın dostum - yeri gəlmişkən, o da rəssamdır - Qeyur Yunusov Səttarın uzaq qohumu imiş. Onunla birlikdə, demək olar ki, bütün rəsam emalatxanalarını gəzir, əsərlərə heyran olurduq. Bəlkə də Səttar Bəhlulzadə buna görə mənə hələ də bu qədər yaxındır. O, bu dünyanın adamı deyildi, o, xüsusi, nadir insan idi".

Ağəli İbrahimov, Rəssamlar İttifaqının katibi, Azərbaycanın Xalq rəssamı: "Mən Səttar Bəhlulzadəni ilk dəfə 1962-ci ildə görmüşəm. Həmin illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alırdım. Yaxın dostum və qonşum, rəsam Asif Cəfərova poz verirdim və bu zaman otağa Səttar daxil oldu. Bu görüşdən sonra biz görüşməyə, dostluq etməyə başladıq. O, bir yerdə oturmağı sevmirdi. Rayonları gəzməyi çox xoşlayırdı. Tez-tez mən də onunla gedirdim. Xalq onu tanıyır və sevirdi. Çox səmimi idi və bu səmimiliyi əsərlərinə də verirdi. Onun hər bir əsəri ruhunun əksidir. Ölümündən sonra onun gündəliyinə baxdım və başa düşdüm ki, Səttarın həyatında 3 sevgi olub - anası, Füzuli poeziyası və Məcnun. Məndə Səttarın eskizi var. Orada o özünü Məcnun obrazında çəkib".

Arif Məlikov, bəstəkar, SSRİ Xalq artisti: "Biz Səttarla onun Rəssamlar Evindəki emalatxanasında tanış olmuşuq. İlk görüşümüzdə söhbətimiz 3 saatdan artıq çəkdi. Uzun illik dostluğumuz belə başladı. O, son dərəcə maraqlı insan idi. Mənə bir musiqiçi kimi onunla söhbətləşmək çox maraqlı idi. Bütün dahi insanlar kimi, Səttar da hərtərəfli orijinal insan idi. Şəxsi azadlığı çox qiymətləndirirdi. Onun əsərlərini digər rəssamların işi  ilə qarışdırmaq mümkün deyil. Moskvalıların onun əsərlərini ilk dəfə gördükdə necə heyrətləndiklərini heç vaxt unutmaram. Səttar heç zaman əsərlərinin başa düşülən olmasına çalışmırdı, əksinə, o, tamaşaçı qavrayışına hər zaman azadlıq verirdi".



MƏSLƏHƏT GÖR:

793