25 Noyabr 2024

Bazar ertəsi, 14:24

"VAZ"DAN VAZ KEÇİLDİ

Təhlükəsizliyi yetərincə olmayan avtomobil modellərinin idxalına və istismarına qoyulan qadağa Azərbaycanda yeni xarici markaların satışını stimullaşdırır

Müəllif:

15.10.2012

Azərbaycan avtomobil bazarında müşahidə edilən tənəzzül dövrü, yəqin ki, bu il başa çatacaq. Belə ki, cari ilin yanvar-avqust aylarında ölkəyə avtomobil idxalı keçən ilin uyğun dövrü ilə müqayisədə, demək olar ki, yarıbayarı artıb. Təkrar bazarın dinamikası da gözəçarpacaq dərəcədə artıb, orada artan təklif həcmləri qiymətlərin azalmasına və tələbin fəallaşmasına səbəb olur. Sanılır ki, bu prosesləri təhlükəsizlik vasitələri ilə təchiz edilməyən və "Avro-2" standartına uyğun gəlməyən avtomobil modellərinin idxalına, həmçinin, belə maşınların  taksi kimi işlədilməsinə qoyulan qadağa sürətləndirib. 

 

Depressiya

Qlobal iqtisadi depressiyanın başlanılması ilə Azərbaycan avtomobil bazarında satışların həcminin azalması meyli aparıcı mövqeyə çıxdı, özü də  bu meyil ən çox minik avtomobilləri seqmentinə təsir etdi. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, daha əlverişli olan 2008-ci ildə ölkəyə 89 min minik avtomobili gətirilib, amma artıq növbəti ildə ölkəyə gətirilən minik avtomobillərinin sayı, təxminən, üçdəbir qədər azalaraq 63 427 avtomobilə düşüb. 2010-cu ildə isə azalma meyli gücləndi və avtomobil idxalı 51 816 təşkil etdi, keçən il isə ölkəyə 30 mindən də az minik avtomobili gətirildi. Bununla da bazarın avtomobilə olan tələbatı böhrandan öncəki dönəmin üçdəbiri səviyyəsinə düşdü.

Bu meyil bütünlükdə obyektiv xarakterlidir və oxşar durum həm Avropada, həm də Asiya və Latın Amerikasının inkişaf etməkdə olan bazarlarında müşahidə edilir. Avtomobil satışlarında tənəzzül istisnasız olaraq, bütün postsovet məkanı ölkələrində yaşanıb. O cümlədən, Azərbaycanda və MDB-nin başqa dövlətlərində böhrandan öncəki dönəmdə minik avtomobillərinə ajiotaj tələbat əhalinin real alıcılıq qabiliyyəti ilə dəstəklənməyib. Satışların yüksək səviyyəsi daha çox bank kreditləşməsinin mümkünlüyü və dünya avtomobil nəhənglərinin diskaunt siyasəti ilə bağlı idi. İstehsal xərclərinin azaldılması üçün  səbəblər tapan avtomobilqayıranlar istehsal həcmlərini böyütməklə istehsal xərclərini və yerli distribüterlər üçün son qiymətləri aşağı sala bilirdilər. Qlobal böhranın başlanması ilə dünya əhalisinin və korporativ seqmentin alıcılıq qabiliyyəti nəzərəçarpacaq səviyyədə azaldı. Azərbaycanda isə bankların böyük hissəsi borcların idarəedilməsi üzrə konservativ mexanizmlər tətbiq etməyə başladılar, daha riskli avtokredit növlərinə borc verilməsini ya dayandırdılar, ya da yetərincə çətinləşdirdilər. 

Daxili tələbatın azalması və idxalın düşməsi işlənməmiş avtomobillər satan yerli avtosalonların qiymət siyasətinə müsbət təsir göstərməyib. Alıcılıq qabiliyyətli tələbat çox olanda avtosalonlar daha çox sayda avtomobil gətirirlər və istehsalçıdan daha çox bonus alırlar. Bu da öz növbəsində qiymət diskauntu üçün dolayı imkanlar yaradır. Satışlar az olanda isə yarım güclə işləyən avtosalonların, servis mərkəzlərinin və onların işçi heyətinin saxlanması xərcləri artır ki, bunun da əvəzi nə iləsə çıxmalıdır.  Bütün bu proseslər tələbatın artmasına heç bir müsbət təsir göstərmədi. 

Bununla yanaşı, Azərbaycan hökuməti idxal avtomobillərinin satışını stimullaşdırmaq məqsədi ilə, məsələn, qonşu Gürcüstandan və qismən də Belarusdan gətirilən maşınlar üçün gömrük dərəcələrini aşağı salmağı məsləhət bilmədi. 2007-ci ildə mühərrikin həcminə görə tətbiq edilmiş aksiz yığımları da ləğv edilmədi. Axı bu ödənişlərin ləğvi ilə dövlət büdcəsi nəzərəçarpacaq dərəcədə itkiyə məruz qala bilərdi. Bundan başqa, bu cür tədbirlər daxildə yeni-yeni yaranan minik avtomobilləri istehsalını kökündən məhv edərdi. 

 

Qadağanla stimul 

Bununla yanaşı, bizim ölkədə köhnəlmiş avtomobil parkının yavaş-yavaş dəyişdirilməsinə yönəlmiş inzibati tədbirlər görülüb. Bu tədbirlərin məqsədi yeni avtomobillərə tələbatı artırmaq, bununla da idxalın dinamikasını yüksəltmək olub. Texniki baxımdın köhnəlmiş avtomobillərin gətirilməsini azaltmaq məqsədi ilə 2010-cu ilin 1 iyul tarixindən ölkədə yanacağın keyfiyyətini və idxal edilən avtomobillərin tullantı qazlarında zərərli maddələrinin miqdarını tənzimləyən "Avro-2" ekoloji standartına keçildi. Bu tədbirlər təkrar bazarda qüvvələr nisbətini yetərincə dəyişdirdi: artıq keçən ilin əvvəllərindən investisiya risqi böyük olduğuna görə, ölkədə keçmiş sovet və İran istehsalı olan avtomobillərə, həmçinin, başqa dövlətlərin texniki cəhətdən köhnəlmiş avtomobil modellərinə marağın gözəçarpacaq dərəcədə azalması müşahidə edilməyə başlanıb. 

Model sırasının daha təhlükəsiz və çağdaş avtomobillərlə yeniləşdirilməsi üzrə növbəti inzibati tədbir isə Standartlaşdırma, Metrologiya  və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) qərarı oldu. SMPDK bu ilin 1 may tarixindən ölkədə "antiblokirovka" sistemi - ABS və ən azı, bir təhlükəsizlik yastığı (dövlət standartı AZS 635-2012) olmayan avtomobillərin idxalını və ölkədə istehsalını qadağan elədi. 

Bu qadağa tədbirlərinin təsiri altına ilk olaraq düşən Rusiya avtomobilləri, xüsusilə də Volqa Avtomobil Zavodunun (VAZ) xeyli geniş yayılmış modelləri oldu. O cümlədən, artıq bu ilin may ayından keçmişdə populyar olmuş "VAZ-2107" modelinin idxalı da dayandırıldı. Amma oktyabrın 1-nə kimi keçərli olan dövlət zəmanəti üzrə Azərbaycan-Rusiya sazişi çərçivəsində "VAZ-2114" və  "VAZ-2115" avtomobillərinin gətirilməsi davam etdi. 

"Qadağanın yalnız oktyabrda qüvvəyə minməsinə baxmayaraq, bazarda tələbatın olmaması üzündən son üç-dörd ay ərzində Volqa Avtomobil Zavodunun bu modelləri də ölkəyə gətirilməyib. İndi isə bu avtomobillərlə  bağlı məhdudlaşdırıcı tədbirlər tam ölçüdə keçərlidir", - deyə bu günlərdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib. Gləcəkdə Azərbaycana yalnız "VAZ"ın yeniləşmiş modellərini və özü də tələb olunan təhlükəsizlik vasitələri ilə təchiz edildikdən sonra gətirmək olar. 

SMPDK-nın tələbi istisna olaraq yalnız "VAZ-2121", "Niva" və tam dartılı "UAZ" modellərinə şamil edilmir - onlar ölkəyə əsasən güc strukturlarının ehtiyacları üçün gətirilir. Aydındır ki, Azərbaycan həmçinin Rusiya və başqa MDB dövlətlərində Amerika, Avropa, Yaponiya və Koreya avtonəhənglərinin lisenziyası ilə yığılan yeni minik avtomobili modellərinin gətirilməsinə heç bir məhdudiyyət qoymağı planlaşdırmır. Bu maşınların böyük əksəriyyəti artıq baza dəstində təhlükəsizlik sistemləri və ekoloji mühərriklərlə təchiz edilir. 

 

Müsbət meyil 

Bütünlükdə, 2012-ci ilin ortalarına Azərbaycanda 1 mln.-dan çox minik avtomobili qeydə alınıb ki, onların 400 minə yaxını aşağı təhlükəsizlik səviyyəli modellərdir. Statistikaya görə, ölümlə və ya ağır şikəstliklə nəticələnən qəzaların üçdəikisi ABS və  təhlükəsizlik yastığı ilə təchiz edilməmiş avtomobillərin payına düşür. 

Bu gün Rusiya istehsalçıları texniki təkmil olmayan, çox təhlükəli, amma nisbətən ucuz avtomobillərin əsas təchizatçılarıdır. Daha az həcmdə belə maşınlar Türkiyə, İran və Çindən də daxil olur, amma SMPDK-nin məhdudlaşdırması, şəksiz, onlara da aid olacaq. Ən azından bu il mayın 1-dən Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə paytaxtda AZS 635-2012 dövlət standartının təhlükəsizlik normalarına uyğun gəlməyən bütün taksi parklarının lisenziyasının alınmasına və fəaliyyətinin dayandırılmasına başlanıb. Gözlənilir ki, yaxın bir ilə kimi paytaxt küçələrində taksi kimi işlədilən bütün avtomobillər "TX4 London Taxis", "Toyota", "KIA", "Hyundai" kimi başqa çağdaş, ən başlıcası isə təhlükəsiz modellərə dəyişdiriləcək. 

Hökumət tərəfindən qəbul edilmiş tədbirlər artıq bu ildən ölkədə avtomobil tələbatının strukturunda özünü göstərməyə başalyıb. O cümlədən, bu tədbirlər yeni avtomobillərin gətirilməsini stimullaşdırdı, həmçinin təkrar bazarın strukturunun və qiymət parametrlərinin dəyişməsinə səbəb oldu. 

Bu meyillər tamamilə hiss ediləndir:  DGK-nin məlumatına görə, cari ilin yanvar-avqust aylarında Azərbaycana dəyəri $733,705 mln olan 56,7 min minik avtomobili gətirilib ki, bu da keçən ilin analoji dönəminə baxanda əlli faizə qədər çoxdur. Ehtimal etmək olar ki, ilin sonuna kimi ölkəyə gətirilən minik maşınlarının həcmi 2010-cu ilin göstəricisinə çata bilər və ondan artıq ola bilər. 

Eyni zamanda, "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin (İB) tədqiqatlarına görə, Bakıda köhnə avtomobillərin taksi kimi işlədilməsinə qoyulan qadağalar və "VAZ"ın köhnə modelləri üçün idxalın yasaqlanması avtomobil bazarında təkliflərin 5 faiz artmasına və uyğun olaraq, qiymətlərin kiçik ölçüdə düşməsinə səbəb olub. 

Daha bir müsbət amil keçən ilin sonundan avtomobil alınması üçün bank kreditlərinin şərtlərinin yumşaldılmasının müşahidə edilməsidir. O, indi də davam edir: ölkənin aparıcı avtosalonlarının tərəfdaş bankları ilkin ödəniş həcmlərini, faiz dərəcələrini azaldıb və əsas borcun ödəniş müddətini artırıblar. Hazırda, orta hesabla, 10%-lik ilkin ödənişlə və illik 14% dərəcə ilə, beşillik ödəmə müddətinə avtomobili kreditə götürmək olar. Müqayisə üçün deyək ki, hələ ilyarım qabaq ilkin ödəniş kimi avtomobilin qiymətinin 20%-ni ödəmək lazım idi və illik 18-20% dərəcəsi ilə borcun ödənilməsi müddəti üç illə məhdudlaşırdı. 

Belə görünür ki, ilin sonuna bütün yuxarıda sadalanan meyillər güclənəcək və bütünlükdə avtomobil bazarına müsbət təsir göstərəcək.



MƏSLƏHƏT GÖR:

432