Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI Bakı
Hələ bu yaxınlara kimi qiymətli kağızlar bazarı Azərbaycanın maliyyə bölməsinin "zəif bölməsi" sayılırdı. Ancaq son illərdə bu sahədə açıq-aydın müsbət inkişaf meyilləri müşahidə edilir. Bundan əlavə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirir ki, artıq gələn il bu sahədə ikirəqəmli artım gözlənilir, özü də cari ildə biz həcmin 34% artmasının şahidi olduq, yalnız səhm bazarı 3,3 dəfə artıb.
Artım üçün əsas
Bəllidir ki, dünya maliyyə bazarlarında gedən proseslərin fonunda son illərdə iqtisadiyyatların sabitləşməsində kapital bazarlarının rolu ilə bağlı ciddi müzakirələr gedir, bu müzakirələr baş verən və gözlənilən fundamental dəyişikliklər çərçivəsində qiymətli kağızlar sahəsində yeni tapşırıqların müəyyən edilməsinə də aiddir.
Ölkə iqtisadiyyatının dünya iqtisadi proseslərinə inteqrasiyası nəticəsində, Azərbaycan da təbii ki, yeni çağırışlardan kənarda qala bilməz. Dünya Bankının Azərbaycan üzrə meneceri vəzifəsini icra edən Rufiz Çıraqzadənin sözlərinə görə, maliyyə xidmətlərinin çeşidinin genişlənməsi baxımından kapital bazarlarının inkişafı da önəmlidir. "Azərbaycanın maliyyə sistemi ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verir. Ancaq Azərbaycanda maliyyə xidmətləri başlıca olaraq banklarla gerçəkləşdirilir", - deyə R.Çıraqzadə bildirib.
Kapital bazarlarının həcminin artması, öz növbəsində, iqtisadiyyatın neftdənkənar bölməsinin artımında əks olunacaq. "Onlar nə qədər innovativ olsalar, nə qədər çox yeni məhsullar təqdim etsələr, sərmayəçilər üçün bir o qədər də çox alternativ olacaq ", - deyə R.Çıraqzadə bu günlərdə Bakıda Milli Depozitar Mərkəzin yaradılmasnın 15-ci ildönümünə həsr edilmiş konfransda bildirib.
Bununla yanaşı, gələn ildən iqtisadiyyatın bir sıra sahələrinin ciddi kapitallaşması gözlənilir və bu, səhmlər bazarının vasitəsi ilə gerçəkləşdiriləcək. Bundan başqa, artıq bir sıra layihələrin kapital bazarındakı borc alətlərinin yardımı ilə maliyyələşdirilməsi üçün işlər gedir. Bu ilkin göstəricilər 2013-cü ildə bazarın ikirəqəmli ədədlə artacağını gözləməyə imkan verir. "Qabaqkı illərin meyilləri göstərir ki, bazarın artım göstəriciləri ölkə ümumi daxili məhsulunun (ÜDM) artım templərini önəmli səviyyədə üstələyir", - deyə R. Aslanlı bildirib.
Burada kiçik bir statistika göstərək: 2012-ci ilin yanvar-sentyabr aylarında Bakı Fond Birjasında bütün alətlər üzrə birja əqdlərinin toplam dövriyyəsi keçən ilin analoji dövrünə nisbətən 38,83% artıb ki, bu da dövlət qiymətli kağızları bazarının 39,86% artması hesabına təmin edilib.
Təbiidir ki, bu gün ölkədə bank xidmətlərinə və ya borc qiymətli kağızlarla əməliyyatlara marağın artması müşahidə edilir. Amma bunu səhmlər bazarı barədə demək olmaz. QKDK başçısının sözlərinə görə, yaranmış durum bank depozitlərinin daha təhlükəsiz olması ilə bağlıdır, bu yatırımlar əmanətlərin sığortası sistemində sığortalanır. Çox hallarda istiqrazların, borc qiymətli kağızların gəlirliliyi təmin edilmiş olur. Nisbi risklərə görə, onların gəlirliliyi bank depozitləri ilə müqayisədə yüksəkdir, bu da onlara marağı izah edir. Səhmlərin gəlirliliyi isə təmin edilməyib, o, müəssisənin fəaliyyətindən asılı olur.
Bundan başqa, bank xidmətləri ilə müqayisədə səhmlərin daha az populyar olması onunla bağlıdır ki, kapital bazarlarındakı əməliyyatlar bank xidmətləri ilə müqayisdə daha az kütləvidir. "Daha hazırlıqlı və peşəkar dairələr üçün təqdim edilən bu alətlər daha yüksək risə malikdir. Bundan başqa, şirkətlər kapital bazarlarından maliyyələşmək üçün müəyyən yüksək tələblərə cavab verməlidir. Bu cür tələblərlə üzləşən şirkətlər yalnız çox iri layihələrin maliyyələşdirilməsi üçün kapital bazarı alətlərinə üz tuturlar", - deyə R. Aslanlı vurğulayıb.
Ancaq onun fikrincə, Azərbaycandakı iqtisadi prosseslər və kapital bazarı sahəsində islahatlar orta müddətli perspektivdə ölkədə səhmlər bazarının fəallığını təmin edəcək. "Ölkə iqtisadiyyatı artır, buna paralel şəkildə yerli şirkətlər də böyüyür. Hazırda milyarlarla aktivi olan şirkətlər ölkə üzrə onlarladır. Bu iqtisadi poseslər, həmçinin hazırda kapital bazarlarında keçirilən islahatlar orta müddətli perspektivdə Azərbaycanın səhm bazarında fəallığı təmin edəcək", - deyə o vurğulayıb.
Yeni qanun və yeni güzəştlər
Bazarda institusional və keyfiyyət dəyişmələrinə gəldikdə isə gələn ildən QKDK diqqətini "Qiymətli kağızlar bazarı haqqında" yeni qanunun qəbul olunmasına toplamaq niyyətindədir. Bu, kapital bazarlarının həm funksional, həm də əməliyyat istiqamətlərindəki fəaliyyətində önəmli dəyişikliklər üçün yeni üfüqlər açır.
"Qanun layihəsi artıq müvafiq dövlət strukturlarının müzakirəsinə təqdim edilib. Bu layihə bir sıra köklü yeniliklər tətbiq edəcək. Qiymətli kağızlar anlayışının özü yetərincə genişlənib. Qiymətli kağızlar qanun layihəsində özündə iqtisadi münasibətləri əks etdirən müqavilələr kimi göstərilib. Bu, həm kağızı buraxan emitent, həm də sərmayəçi üçün geniş hüquqlar və öhdəliklər müəyyən edir", - deyə dövlət komitəsinin rəhbəri bildirib. Qanun layihəsi qiymətli kağızlar bazarında ticarət proselərinin və ticarətdən sonra hesablaşmaların tamamilə yeni bazar arxitekturasını nəzərdə tutur.
"Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının statusları, funksiyaları ilə bağlı ciddi yeniliklər planlaşdırılır. Bu gün brokerlərin, dilerlərin, aktivləri idarə edən şirkətlərin fəaliyyəti üçün tənzimləyici baza mövcddur. Qanun layihəsində həmçinin investisiya şirkətləri institutu da nəzərdə tutulacaq ki, onlar riskdən asılı olaraq əməliyyatlar və prosedurlar üzrə kateqoriyalara ayrılacaqlar. Onlar üçün müxtəlif əsaslı və prusendial tələblər müəyyən ediləcək", - deyə Aslanlı vurğulayır.
Bundan başqa, bazarın stimulyasiyası qiymətli kağızlar bazarının vergi tutması proseslərinin dəqiqləşməsinə və konkretləşdirilməsinə xidmət edir. "QKDK-nin və Vergilər Nazirliyinin birgə işi bazar üçün vergi güzəştlərinin verilməsi ilə müqayisədə daha çox bu sektorda vergitutma prosedurlarının daha dəqiq və birmənalı olmasının təmin edilməsinə yönəlib. Hesab edirik ki, Vergi Məcəlləsinə daxil ediləcək bu dəqiqləşmələr və izahlar ölkədə qiymətli kağızlar bazarının inkişafına impuls verəcək", - deyə R. Aslanlı bəyan edib.
Məsələ bundadır ki, 2010-cu ildə vergi tətilləri müddəti başa çatdı və bunun nəticəsində ondan bu yana fiziki və hüquqi şəxslərin qiymətli kağızlarla əməliyyatlar üzrə gəlirlərindən 10%-lik vergi tutulacaq. Qeyd edək ki, daha öncə bazarın inkişafı məqsədi ilə listinqdən keçmiş şirkətlərə investisiya qiymətli kağızları üzrə vergi güzştləri nəzərdə tutulmuşdu. Bununla yanaşı, parlamentin iqtisadi siyasət komitəsi dəfələrlə qiymətli kağızlarla əməliyyatlardan gələn gəlirlərin vergi tutmadan azad edilməsi təklifi ilə çıxış edib.
Beləliklə, gözləmək olar ki, gələn il qiymətli kağızlar bazarında nəzərə çarpacaq sıçrayış olacaq və bu da şəksiz ölkənin bütün maliyyə sektorunu "hərəkətə gətirəcək".
MƏSLƏHƏT GÖR: