13 Mart 2025

Cümə axşamı, 22:55

"BOLİVAR İNQİLABI" DAVAM EDİR

Uqo Çaves ən əhəmiyyətli qələbəsini qazandı

Müəllif:

15.10.2012

ABŞ-da prezidentliyə namizədlər Barak Obama və Mitt Romninin seçkiqabağı teledebat çərçivəsində "münasibətləri aydınlaşdırmağa", tərəfdarlarının sayını artırmağa cəhd etdikləri vaxtda Vaşinqtonun xarici siyasətinin əsas tənqidçilərindən biri, dünyanın ekssentrik siyasi liderlərindən olan Venesuelanın dövlət başçısı Uqo Çaves prezident seçkisində qazandığı növbəti qələbəni bayram edir. Seçkinin səhəri gün - oktyabrın 8-də Venesuela Milli Şurasının prezidenti T.Lusena U.Çavesin təxminən 54% səs qazandığını və əsas rəqibi Enrike Kaprilesi üstələyərək, növbəti altıillik müddətə dövlət başçısı seçildiyini bəyan edib. Seçki şurasının hesabatında bildirilir ki, son bir neçə onillik ərzində seçici fəallığının ən yüksək həddə olduğu (81%) bu prezident seçkisi nəinki heç bir ciddi insident olmadan keçib, həm də "sakit və şən əhval"da baş tutub.

Çaves Venesuelaya rəhbərlik etdiyi 14 ildə ilk dəfə olaraq vahid cəbhədə birləşmiş müxalifətin bu qədər ciddi müqaviməti  ilə üzləşib. Bununla yanaşı, ötən il 58 yaşlı Çavesdə xərçəng xəstəliyinin tapılması seçkiqabağı vəziyyəti daha da gərginləşdirirdi. Amma o, seçki kampaniyası dövründə sağlamlığını tam bərpa etdiyini açıqlayıb. Bu, növbəti prezident seçkisi öncəsi yaranmış çətin vəziyyətdə çox yerinə düşüb.

Formal olaraq Venesuela Milli Seçki Şurasında qeydiyyatdan keçmiş 56 partiyanın hər biri prezident seçkisinə öz namizədi  ilə qatıla bilərdi. Amma onlar koalisiya formalaşdırmaq və vahid namizəd irəli sürmək hüququna da malik idilər və belə də etdilər. Hakim Vahid Sosialist Partiyasının namizədi olan Uqo Çavesi isə kommunistlər və "Tupamaros" inqilab hərəkatı da daxil olmaqla, daha 10 partiya dəstəkləyirdi. Onun əsas rəqibi E.Kapriles Demokratik birlik blokunda bir araya gəlmiş 22 partiya tərəfindən dəstəklənirdi.

Qeyd etmək lazımdır ki, Kaprilesin cəmi 40 yaşı olmasına baxmayaraq, onun kifayət qədər siyasi təcrübəsi var. Vaxtilə Milli Assambleyanın Deputatlar Palatasının ən gənc nümayəndəsi, Miranda ştatının qubernatoru olmuş siyasətçi Çavesin Venesuelaya rəhbərlik etdiyi dövrdə ona ciddi rəqabət göstərməyə nail olmuş yeganə siyasətçidir.

Ümumilikdə Venesuela prezidentliyi uğrunda 7 namizəd mübarizə aparırdı. Lakin onlardan yalnız Çaves və Kaprilesin qələbə şansı var idi. Onların şansları təxminən bərabər qiymətləndirilirdi. Seçicilərə xarizmatik lider Çaveslə müxalifətin vahid namizədi, praqmatikliyə üstünlük verən Kapriles arasında seçim etmək imkanı yaradılmışdı. Yarışın favoritləri arasında mübarizə daha çox ideoloji xarakter daşıyırdı. U. Çaves özündə son 14 ildə ölkədə qurduğu sosialist rejimini təcəssüm etdirir. Praqmatik E.Kapriles isə kapitalizm rəmzi, daha dəqiqi neoliberalizm ideyasının daşıyıcısıdır. Çavesin iddiasına görə, onun və tərəfdarlarının yürütdükləri iqtisadi inkişaf kursu yeganə düzgün yoldur və həyata keçirilmiş sosial islahatlar məhz bu kursun hesabına yoxsulluq səfalətin ciddi şəkildə azalmasına imkan verib. Çaves hesab edir ki, onun siyasi kursu perspektivdə kapitalist keçmişdən miras qalmış bu ağır yükün tamamilə aradan qaldırılmasına aparıb çıxaracaq. U.Çaves mənzil tikintisi (xüsusilə sosial mənzillər), təhsil sahəsindəki nailiyyətlər, həmçinin səhiyyədəki təşəbbüsləri özünün xidməti sayır. Bununla yanaşı, o, cinayətkarlıq və dövlətdəki bürokratizmlə mübarizədə hələ çox iş görməli olduğunu etiraf edir. İqtisadiyyatın aparıcı sahələrini milliləşdirmiş Çaves ümumilikdə prezident postundakı fəaliyyətini sosial inqilab adlandırır. Onun fikrincə, prezident postunda daha bir müddət qalması "Bolivar inqilabı"nı başa vurmaq baxımından vacibdir. Çaves hesab edir ki, bu, ölkədə sosializmin tam qələbəsinə imkan verəcək. Bu məsələdə ən ciddi maliyyə dəstəyi Venesuelanın neft ixracından qazandığı pullardır.

40 yaşlı E.Kapriles və Çavesin digər rəqiblərinin arsenalında isə standart tələblər yığımı var. Son zamanlar həmin iddialar, demək olar ki, bütün ölkələrdə müxalifətin sevimli alətinə çevrilib. Müxalifət Çavesi avtoritarizmdə, məhkəmələrə təzyiq göstərməkdə və söz azadlığını boğmaqda günahlandırır. Onun opponentləri hesab edir ki, Çavesin inqilabı, əslində, bürokratiyanın güclənməsinə, iqtisadiyyatın effektivliyinin azalmasına və defisitə səbəb olub. E.Kapriles bildirir ki, investisiya çatışmazlığı üzündən ölkənin həyati əhəmiyyətli neft setkorunda neft hasilatının azalmasına gətirib çıxarıb. Ölkədə iqtisadi inkişafın bərpasını əsas seçkiqabağı vədinə çevirmiş Kapriles Çavesin həyata keçirdiyi sosial proqramların da davam etdiriləcəyini, dövlət sektorunda geniş yayılmış korrupsiya ilə mübarizə aparacağını vəd edirdi. Özünü sol-mərkəzçi adlandıran baş müxalifətçi Braziliyanın iqtisadi modelinə simpatiyasını gizlətmir.  O, hökumətin fəaliyyətinin effektivlik dərəcəsindən, cinayətkarlığın və korrupsiyanın həddindən, elektrik enerjisinin tez-tez kəsilməsindən, infrastrukturun zəifliyindən narazıdır. Kaprilesin seçki qərargahı seçkiöncəsi təbliğat zamanı əsas tənqidləri məhz bu sahələrə yönəltmişdi. Kaprilesin fikrincə, Venesuelanı inkişaf yoluna yalnız özəl təşəbbüslər çıxara bilər, indiki iqtisadi model isə inkişafı dalana dirəyib. U.Çavesdən fərqli olaraq, o, xarici siyasətdə praqmatik yanaşmaya üstünlük verir: Kapriles hazırkı prezidentdən fərqli olaraq, başqa ölkələrə dotasiya ayırmağı lazımsız hesab edir. Rusiya, Kuba, Çin və İranla mövcud müqavilələrə gəlincə, müxalifətçi hesab edir ki, onlardan bəzilərinə Venesuelanın mili maraqlarına uyğun olmaması səbəbilə yenidən baxılmalıdır.

Finiş xəttinə əsas namizədlər məhz bu siyasi platformalarla çıxmışdılar. Son anda Kapriles də qələbəyə xeyli yaxın olsa da, seçicilər Çavesə üstünlük verdi. Seçkidən sonra hər iki namizəd tərəfdarlarını sakit olmağa, emosiyalara uymamağa, asayişi pozmamağa və zorakılığa yol verməməyə çağırıb. Seçki məntəqələrinin mühafizəsi və asayişin qorunmasına 140 min hərbçinin cəlb olunsa da, seçicilər yüksək vətəndaş məsuliyyəti nümayiş etdiriblər. Seçkinin nəticəsi elan edildikdən sonra E.Kapriles məğlubiyyətini boynuna alıb və U.Çavesi növbəti qələbə münasibətilə təbrik edib. Kapriles bundan sonra milli birliyə nail olmaq uğrunda mübarizə aparacağını söyləyib. Artıq seçki günü "bizim qarşımızda problemlər var və günü sabahdan onları həll etmək lazımdır", - deyən Çaves isə təbrikləri qəbul edəndən dərhal sonra işə girişib.

 

Latın Amerikası - antiamerikaçılıq qalası

Venesuelada keçirilmiş prezident seçkisi ölkədən kənarda daha ciddi rezonans yaradıb. Xüsüsilə Latın Amerikası ölkələrinin başçıları U.Çavesin qələbəsinə öz qələbələri qədər seviniblər.

Demək olar ki, bütün Latın Amerikası ölkələri venesuelalıları demokratik seçki münasibətilə təbrik edib, tez-tez ABŞ və müttəfiqlərini tənqid atəşinə tutan U.Çavesə dəstək veriblər. Latın Amerikası ölkələrinin bu həmrəyliyi göstərir ki, hazırda bu ölkələrdə Vaşinqtonun rəsmi kursuna simpatiya bəsləyən siyasətçilər apriori iflasa məhkumdurlar.

Ənənəvi olaraq Latın Amerikasına xüsusi diqqət göstərən ABŞ 1991-ci ildən sonra diqqətini dünyanın digər regionlarına yönəldib və nəticədə Latın Amerikası ölkələri diqqətdən kənarda qalıb. Əksər ekspertlərin fikrincə, Latın Amerikası öz həyatını yaşayan qitə - Latın Amerikası ABŞ-ın hegemonluğundan azad alternativ dünyanın qurulması ideologiyasının mərkəzi olaraq qalır. Bu baxımdan Vaşinqtonun bəyənmədiyi U.Çaves ekspertlərin obrazlı şəkildə ifadə etdikləri kimi - dünyada öz yerini axtaran bu regionda birləşdirici fiqurdur. Onların fikrincə, dünyanın geosiyasi reytinqində yerini strateji resurslarının durmadaan artması hesabına ildən-ilə yüksəldən bu region ikinci Yaxın Şərq hesab oluna bilər. Bu regionun əhəmiyyətini anlayan Latın Amerikası ölkələrinin liderləri geosiyasi proseslərdə Vaşinqtondan ehtiyatlanmadan müstəqil hərəkət etməyə getdikcə daha çox meyil göstərir. Onların əksəriyyəti əmindir ki, Birləşmiş Ştatlar insan haqlarının müdafiəsi və demokratik prinsiplər şüarı altında əslində özünə sərf etməyən siyasi rejimlərin və liderlərin devrilməsilə məşğuldur. Bundan sonra həmin ölkələrdə hakimiyyət ABŞ-ın maraqlarına tam cavab verən, Ağ Evin diktəsi  ilə hərəkət edən qüvvələrə verilir. Bu məsələ təbii sərfətlərilə zəngin olan regionlarda daha da aktualdır. "İnadkar" U.Çavesin Latın Amerikasının solçu dövlətlərinə təsiri Venesuelanın ən böyük ticarət tərəfdaşı olan ABŞ-ı ciddi şəkildə qıcıqlandırır. Qeyd edək ki, bu ölkə ABŞ-a neft ixracının həcminə görə 4-cü yerdədir. Onların arasındakı sıx iqtisadi münasibətlərə baxmayaraq, ABŞ-la Venesuelanı müttəfiq adlandırmaq qətiyyən mümkün deyil. Vaşinqtonla Karakas arasında münasibətləri normallşaşdırmağa daha da mane olan amil Çavesin İran prezidenti Mahmud Əhmədinejadla müttəfiq olması, onun Liviyanın sabiq lideri Müəmmar Qəddafini müdafiə etməsi, həmçinin Suriya lideri Bəşər Əsədə yardım təklif etməsidir. Bu konteksdə Ağ Ev Çavesin Rusiya Prezidenti Vladimir Putin və Belarusun dövlət başçısı Aleksandr Lukaşenko ilə dostluq münasibətlərindən də qıcıqlanır.

Respublikaçılar Partiyasının üzvü, ABŞ Konqresinin aşağı palatasında xarici məsələlər komitəsinin rəhbəri İ.Ros-Lextinen bəyan edib ki, U.Çaves seçkiyə beynəlxalq müşahidəçiləri buraxmayıb, son anda seçki bülletenlərinə dəyişiklik etdirib, məhkəmə sistemini nəzarətə götürüb, müstəqil KİV təqib olunub, seçicilərin səslərilə manipulyasiya edilməsi üçün hökumət səfərbər olunub. Qeyd etmək lazmıdır ki, ABŞ-la Venesuela arasında münasibətlərin gərginləşməsində 2002-ci ildə Vaşinqtonun Venesuelada Çavesə qarşı dövlət çevrilişinə dəstək verməsi də az rol oynamayıb. Çevriliş cəhdinin iflasa uğraması nəinki Çavesin mövqelərini möhkəmləndirib, həm də müxalifətin ciddi şəkildə zəifləməsinə səbəb olub, prezidentin miqyası Latın Amerikasının hüdudlarını aşan antiamerika siyasəti yürütməsinə rəvac verib.

Maraqlıdır ki, Vaşinqtonun əndişəsini bölüşən BMT-nin Baş katibi Pan Gi Mun Uqo Çavesin yenidən Venesuela prezidenti seçilməsindən dərin narahatlıq keçirdiyini dilə gətirib. Yeri gəlmişkən, Latın Amerikasının Argentina, Braziliya, Ekvador, Peru və Venesuela kimi dövlətlərinin son on ildə Çinlə daha sıx ticarət əlaqələrinə girməsi faktı da Vaşinqtonda ciddi narahatlıq yaradan məqamdır.

Bütün qeyd olunan amillər ABŞ-ın Latın Amerikasındakı mövqelərinin o qədər də möhkəm olmadığını göstərir. Görünən odur ki, Ağ Ev hazırda "yumşaq təsir" taktikasından istifadə etməklə vəziyyəti düzəltməyə çalışır. Amma dünyanın digər regionlarında özünə sərf etməyən siyasi rejimlərə qarşı hərbi müdaxilə də daxil olmaqla ən sərt tədbirlərə əl atan Vaşinqton amerika qitəsindəki "inadkarları" cəzalandırmaq üçün analoji əməllərdən qaçır. Bu, göstərir ki, amerika Monronun doktrinasının əsas prinsipi olan "Amerika amerikalılar üçün" prinsipinə çox sadiqdir və amerika qitəsində kənar qüvvələrin bu və ya digər formada müdaxilə edə biləcəyi istənilən hərbi qarşıdurmadan qaçmağa çalışır. Yəqin ki, Latın Amerikasının bir çox ekssentrik liderləri məhz bu reallığı anladıqları üçün özlərinə əmindirlər və növbəti prezident seçkisində qazanılmış qələbə münasibətilə təbrikləri rahatlıqla qəbul edirlər.



MƏSLƏHƏT GÖR:

533