14 Mart 2025

Cümə, 11:00

DƏMƏŞQƏ SON XƏBƏRDARLIQ

Suriya münaqişəsi antiəsəd qiyamı çərçivəsindən kənara çıxıb

Müəllif:

15.10.2012

Suriya vətəndaş müharibəsi alovu içərisində yanır. Bəşər Əsəd rejimi ilə ona qarşı olan müxalifət qüvvələri arasında artıq ikinci ildir davam edən və 26 mindən artıq insanın həyatına son qoymuş silahlı münaqişəyə xarici faktorların təsiri  isə getdikcə artır. Bu təsir yalnız siyasi dəstək və silah təchizatı ilə yox, kənardan birbaşa hərbi zərbələrlə də özünü göstərir.

 

Hələb uğrunda döyüş

Bitmək bilməyən Suriyadaxili qanlı toqquşmaların əsas mərhələlərindən biri ölkənin iqtisadi mərkəzi, 2,5 milyon əhalisi olan Hələb uğrunda döyüşdür. Bu şəhərə nəzarətin böyük strateji əhəmiyyəti var və bu günlərdə tərəflər - hökumət qüvvələri və silahlı müxalifət şəhər uğrunda həlledici döyüşün başlandığını bəyan edib.

Prezident Bəşər Əsədin Hələbə baş çəkməsi də bununla bağlıdır. O, Suriya ordusunun Baş Qərargahının şəhərdə vəziyyətin ağır olduğuna dair məruzəsindən sonra narahat olub və Hələbə yollanıb. Məruzədə vəziyyətin "xüsusilə Suk əl-Mədinə bazarındakı yanğından sonra ağırlaşdığı" bildirilir. Həqiqətən də, fasiləsiz davam edən döyüşlərdən Hələbin nəinki 70%-i yanmış tarixi hissəsi zərər çəkib, yeni rayonlar dağılıb.

Hələbdən gələn xəbərlərə görə, şəhərin dörddəüçü hökumət qüvvələrinin nəzarətindədir. Lakin onların qiyamçıların müqavimətini qırması getdikcə çətinləşir. Prezident Əsəd vəziyyəti dəyişmək üçün Hamadan Hələbə, təxminən, 30 min əsgər və 2 min zirehli transportyorun göndərilməsi əmri verib. Bundan başqa, İdlib və Deyr-əz-Zoradan oraya daha iki ordu briqadası göndərilib. "Bu onu göstərir ki, ordu yaxın vaxtlarda Hələbin digər rayonlarını da yaraqlılardan təmizləmək niyyətindədir", - deyə Suriya KİV yazır.

Müxalifətçilər isə (yeri gəlmişkən, onların tərkibi çox qarışıqdır) Əsəd rejiminə müqaviməti davam etdirmək üçün istənilən vasitəyə əl atır. Xüsusilə radikal "Əl-Nusra" cəbhəsi Hələbdə partlayışlarla "yadda qalır". BMT Təhlükəsizlik Şurası onlarca dinc sakinin öldüyü, yüzlərlə insanın yaralandığı bu terror aktlarını pisləyib. Qurumun bəyanatında bildirilir ki, "terror özünün istənilən formasında beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir, istənilən terror aktı cinayətdir, ona motivindən, harada, nə vaxt, kim tərəfindən törədilməsindən asılı olmayaraq, bəraət yoxdur". Bundan başqa, TŞ dövlətin beynəlxalq hüquq əsasında üzərinə düşən öhdəliklərə görə, terrorla mübarizə istiqamətində tədbirlər görməli olduğuna diqqət çəkib. Söhbət ilk növbədə, insan haqlarının və köçkünlərin hüquqlarının qorunması, humanitar yardımın göstərilməsindən gedir.

Beynəlxalq ictimaiyyətin rəsmi Dəməşqə ünvanlanmış tənqidləri Suriya hökumətinin "insan haqları və qaçqınların hüquqlarının müdafiəsi" sahəsindəki siyasətinin effektsizliyinə açıq işarənin olduğu bu bəyanatla bitmir. Suriyadaxili münaqişənin getdikcə sərtləşməsi fonunda daha bir qanlı faciə baş qaldırır - Suriya ilə Türkiyə arasındakı qarşıdurma nəticəsində də insan tələfatı durmadan artır.

 

Akçakale atəş altında

Türkyə ölkənin cənub-şərqində yerləşən Akçakale qəzasında Suriya ərazisindən atılmış artilleriya mərmisinin 5 insanın (ana, onun üç övladı və bacısı) həyatına son qoyması xəbərindən sarsılıb. Buna cavab olaraq Türkiyə Silahlı Qüvvələri Suriyanın mərminin atıldığı ərazisinə cavab zərbələri endirib. Bundan başqa, Suriya ilə sərhəddə vəziyyətin gərginləşməsilə əlaqədar, Türkiyənin İstanbul yaxınlığında yerləşən əsas hərbi dəniz bazası "Gölçük"dən Aralıq dənizinin şərqinə bir neçə sualtı qayıq və donanmanın aviasiyası üçün göyərtəsində qalxma-enmə zolağı olan hərbi gəmilər göndərilib.

Ən başlıcası isə Rəcəb Tayyib Ərdoğana transsərhəd hərbi əməliyyatlarının keçirilməsi üçün birillik mandat verən Türkiyə Parlamenti Suriyaya hərbi müdaxilə üçün imkan yaradıb. Türkiyənin baş naziri ölkəsinin Suriya ilə müharibə arzulamadığını bildirsə də, hərbi münaqişənin istisna olmadığını da deyib. Rəsmi Dəməşqin əməlini "dövlət terroru" adlandıran Ərdoğan Bəşər Əsədi "Türkiyənin səbrini yoxlamağa" çalışmamağa çağırıb.

Rəsmi Ankara Suriya ərazisinə endirdiyi cavab zərbələrini "xəbərdarlıq" adlandırır. Yeri gəlmişkən, qeyd edək ki, Dəməşq baş verənlərə görə üzr istəyib və belə halın bir də təkrarlanmayacağını bəyan edib. Suriyanın informasiya naziri Omran Zoabi isə "həlak olanların ailələrinə, dostlarına və türk xalqına dərin hüznlə başsağlığı verib".

Buna baxmayaraq, Suriya tərəfindən Türkiyə ərazisinə zərbələrin endirilməsi dünya ictimaiyyətində qızğın müzakirələrə səbəb olub. NATO Suriyadan Türkiyəyə qarşı istənilən təcavüzkar aksiyaya son qoymağı tələb edib. NATO Şurasının Ankaranın təşəbbüsü ilə Brüsseldə çağırılmış fövqəladə toplantısında Suriyanın əməlləri "yolverilməz beynəlxalq hüquq pozuntusu" kimi qiymətləndirilib.

Yenə də Türkiyənin tələbi  ilə fövqəladə toplantı keçirən BMT Təhlükəsizlik Şurası da Suriya hökumətindən qonşu dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmasını tələb edib. Amma qurumun Akçakalenin atəşə tutulmasının "sülh və beynəlxalq təhlükəsizliyə təhdid" kimi qiymətləndirildiyi qətnamə layihəsi Rusiyanın etirazı üzündən qəbul edilməyib. Bu, aparıcı fövqəldövlətlərin Suriya problemilə bağlı fərqli mövqedə olduqlarını bir daha nümayiş etdirib.

 

"Ərəb inqilabı" ilə xəyali sülh arasında

Moskvada anlayırlar ki, Suriya ilə bağlı Kremlin tutduğu mövqe Rusiya ilə Qərb arasında ziddiyyətləri daha da gücləndirir və RF-i azlıqda qoyur. Amma Rusiya Suriyada "ərəb inqilabı"nın triumfunun perspektivinə ilkin yanaşmasından imtina edə bilməz. Bu üzdən o, hətta Dəməşqin bəzi zorakı əməllərini pislədikdə belə, Əsəd rejiminə qarşı bütün qətnamələri rədd etməli olur. Bu dəfə isə Moskva Türkiyə ilə bağlı qətnaməni rədd etməsini Ankara ilə Dəməşq arasında münaqişənin genişlənməsini önləmək üçün fəal diplomatik addımlar atmaqla balanslaşdırmağa çalışır.

Bu arada ABŞ hər kəsi Əsəd rejiminin hakimiyyətdən getməsinin vacibliyinə, eyni zamanda Suriyaya qarşı beynəlxalq səviyyədə sərt qərarların qəbuluna mane olan Rusiya və digər ölkələrin destruktiv mövqeyinə inandırmaq üçün bütün imkanlardan istifadə edir. Ağ Ev Akçakalenin Suriya ərazisindən atəşə tutulması ilə əlaqədar Türkiyəyə bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu da bəyan edib. "Müttəfiqimiz Türkiyə ilə birlikdəyik və gələcək addımlarımızla sıx müzakirələri davam etdiririk. 5 dinc Türkiyə vətəndaşının ölümü ilə nəticələnmiş təhlükəli insident Suriyada Bəşər Əsəd rejiminin hakimiyyətdən kənarlaşdırılmasının vacibliyini göstərən daha bir məqamdır. Bütün məsuliyyətli dövlətlər aydın şəkildə anlatmalıdırlar ki, Əsədin postunu tərk etməsinin vaxtı çoxdan yetişib, o, barışıq elan etməli və hakimiyyətin təhvil verilməsi istiqamətində siyasi prosesə başlamalıdır", - deyə ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi Tommi Vitor bildirib.

ABŞ-la müqayisədə Avropa ölkələrinin məsələyə yanaşması daha mülayim təsir bağışlayır. Onlar Əsədi tənqid etsələr də, Suriya rejiminə qarşı mümkün hərbi əməliyyatların önündə olmaq istəmir. Britaniyanın xarici işlər naziri Uilyam Heyqin bildirib ki, Türkiyənin Suriyaya sərt cavabını "anlamaq olar", amma hərbi əməliyyatların davam etdirilməsi yolverilməzdir. Almaniya kansleri Angela Merkel isə öz növbəsində Ankara ilə Dəməşqi sağlam düşüncə nümayişinə və münaqişənin dərinləşməsindən qaçmağa çağırıb.

Bütün bunlarla yanalı, Suriya ətrafında yaşananların getdikcə gərginləşəcəyi aydındır. Bu mənada Suriyanın müttəfiqi olan İranın Dəməşqlə üçüncü qüvvənin müdaxiləsi halında ona dəstək verəcəyinə dair müqaviləyə nə dərəcədə əməl edəcəyi maraq doğurur. Əksər ekspertlər hesab edir ki, Türkiyənin Suriyaya mümkün hərbi müdaxiləsi İranı müharibəyə müdaxilə etmək məcburiyyətində qoyacaq. Bu halda Yaxın Şərqin iki aktual problemi - Suriya və İran ətrafındakı böhran vahid problemə çevriləcək.

Bu arada Britaniya KİV-də sanki bu ssenarinin əksinə olan material dərc olunub. Qəzetlərin yazdığına görə, bu günlərdə Suriyaya İranın "Kuds" xüsusi bölüyünə məxsus 275 hərbçi göndərilib və onlar müxalifətlə silahlı mübarizədə prezident Əsədə yardım edir. Xatırladaq ki, İranın İslam İnqilabı Keşiçkiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri hələ sentyabrın ortalarında verdiyi açıqlamada Livan və Suriyaya rəhbərlik etdiyi elit bölüyün üzvlərinin göndərildiyini, amma onların yalnız məsləhətçi funksiyası yerinə yetirdiklərini bildirmişdi.

Qərbə isə "Kuds" üzvlərinin yalnız dinc xarakterli fəaliyyətlə məşğul olduqlarına inanmırlar. Bundan başqa, Qərb xüsusi xidmət orqanlarında olan məlumata görə, Tehran Suriyada qiyam başlayandan indiyədək bu ölkəyə fəal hərbi yardımla yanaşı, Əsəd rejiminə 10 milyard dollardan artıq maddi dəstək də verib. Bununla yanaşı, analitiklər İran hərbçilərinin Suriyadan geri çağırılmasına dair informasiyadan belə nəticəyə gəlib ki, islam respublikasının rəhbərliyi Suriya liderinin müdafiə potensialına olan inamını itirib və Bəşər Əsəd hakimiyyətinin sonuna günlər qaldığına əmindir.

Bununla yanaşı, "Kuds" nümayəndələrinin Suriyadan geri çağırılmasının İran rəhbərliyinin özlərinə qarşı mümkün hərbi müdaxilənin qarşısını almağa hazırlaşmaları ilə əlaqəli olduğunu da istisna etmək olmaz. İstənilən halda, Suriyadakı şiddətli döyüşlər göstərir ki, Əsəd rejimi məğlubiyyətə məhkum olunduğu fikrilə razılaşmaq niyyətində deyil. O, sonadək mübarizə aparacağını nümayiş etdirir və bu, Suriya böhranının sülh yolu ilə həllinin mümkünsüzlüyünü sübut edən daha bir məqamdır.



MƏSLƏHƏT GÖR:

456