17 Fevral 2026

Çərşənbə axşamı, 12:18

TƏHLÜKƏSİZ DÜNYA ÜÇÜN “YOL XƏRİTƏSİ”

“Biz sadəcə ədalətin bərqərar olmasını istəyirik”

Müəllif:

15.10.2012

Oktyabrın 4-5-də keçirilmiş İkinci Bakı Beynəlxalq Humanitar Forumu dünya mətbuatı və analitiklərin diqqətindən kənarda qalmadı. Əksəriyyət bu qənaətdədir ki, belə təşəbbüslər Azərbaycanı sivilizasiyalararası dialoqun mərkəzinə çevirir. Bəs bu tədbirin keçirilməsi dünyaya nə verir, Bakıda aparılan müzakirələrin əhəmiyyəti nədir? İSESCO-nun baş direktoru Əbldüləziz bir Osman əl-Tüveyrci hesab edir ki, Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycan prezidenti İlham Əliyevin irəli sürdüyü bu təşəbbüs "ən yüksək dəyərləndirilən təşəbbüslərdən biridir".

 "Bu cür mühüm bir hərəkət, əslində, göstərilən beynəlxalq səylərə böyük bir töhfədir və dünyada yeni, güclü quruluşun yaradılmasına yönəldilibdir. Əslində bu, universal qaydada qəbul olunmuş tolerantlıq, dialoq, insanlar və xalqlararası qarşılıqlı yanaşma kimi dəyərlərə və beynəlxalq hüquqa da əsaslanır. Bu olan halda biz tarazlı, uyğun, təhlükəsiz dünyanı hamı üçün təmin edə bilərik", -deyən İSESCO-nun baş direktoru bildirib ki, bunları  təmin etmək məqsədilə gələcək üçün "yol xəritəsi" hazırlanır. Bakı forumu və mədəniyyətlərarası dialoqun gələcəyi barədə fikirləri ilə Əbdüləziz bin Osman əl-Tüveyrci bizim jurnalla da bölüşüb.  

- Siz Azərbaycana çox tez-tez gəlir, müxtəlif beynəlxalq tədbirlərdə iştirak edirsiniz. Bu yaxınlarda  keçirilən II Beynəlxalq Bakı Humanitar Forumunda da iştirak etdiniz. Sizcə, bu cür tədbirlər onun iştirakşıları və ev sahibinə nə verir? 

- Azərbaycan həmişə sülhü, sabitliyi  dəstəkləyib, dünyadakı qlobal problemlərin həllinə çalışıb.  Artıq indi Azərbaycan da terrorizm və ekstremizmlə mübarizədə, müxtəlif sivilizasiyaların bir araya gəlməsində əsas rol oynayan ölkələr sırasındadır. 

Bu  forum da dünyada cərəyan edən qlobal proseslərin bir tərkib hissəsi kimi özünü göstərir. Belə tədbirlərdə dünyanı narahat edən, ehtiyac duyulan məsələlərə cavab tapılır. İndi dünya çox narahat bir dönəmdədir. Müharibələr baş verir. Yaxın Şərq isə daha gərgin bir vəziyyətdədir. Axı konfliktlər  təkcə siyasi deyil, həm də mədəniyyətlər arasında da kəskinləşib. 

- Üstəlik, hadisələr göstərir ki, mədəniyyətlərarası konfliktlər daha da dərinləşir. Elə bu yaxınlarda sosial şəbəkələrə çıxan "Müsəlmanların məsumluğu" filminin hansı fəsadlar törətdiyi göz qabağındadır. 

- Bəli, doğrudan da Məhəmməd Peyğəmbər bu filmdə çox təhqir olunub. Əslində bu, heç də ifadə azadlığı, fikir müxtəlifliyi deyil. Çünki ifadə azadlığı insanların etiqadını, dinini təhqir etməyi nəzərdə tutmur. Mən hesab edirəm ki, Bakı Beynəlxalq Humanitar Forumu da bu cür problemlərin həllinə öz töhfəsini verəcək. 

- Yeri gəmişkən,  bir il bundan əvvəl olan Beynəlxalq Bakı Humanitar Forumunda da iştirak etmişdiniz. Nəticələr oldumu? İlk forum nələrə təsir edə bildi? 

- Mən deyərdim ki, birinci forumun nəticələri çox uğurlu oldu. Sivilizasiyalararası konfliktlər müzakirə edildi və ciddi nəticələr əldə olundu. Dünyanın belə tədbirlərə ehtiyacı var. Çünki dünya  liderləri, media təmsilçiləri və ictimai-siyasi xadimlər bir araya gəlirlər və humanizmə dəstək olurlar. 

- Sizin təmsil etdiyiniz İSESKO da daxil olmaqla əksər  beynəlxalq təşkilatlar, dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və tədbirlərdə, konfranslarda bunu hər dəfə təkrar edirlər.  Belə çıxır ki,  hüququ tanımaqla iş bitmir? Yəni prosesin həllinə hər hansı bir təsir görünmür... 

- Bildiyiniz kimi İSESKO, şəxsən mən özüm Azərbaycanın mövqeyinə hörmətlə yanaşırıq və ərazi bötüvlüyünü dəstəkləyirik. Biz bünü həmişə demişik və deyirik də. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var ki, orada da Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğu deyilir. Hesab edirəm ki, bu proses çox tezliklə həll olunmalıdır. Onu da deyim ki, biz heç də Ermənistana qarşı deyilik.  Ermənistan qanunsuz olaraq Azərbaycan torpaqlarını işğal edib. Biz yalnız və yalnız ədalətin bərpa olunmasını istəyirik. O ki qaldı beynəlxalq Bakı Forumu da daxil olmaqla tədbirlərdə bu məsələnin qabardılmasına, bəli, həqiqətən də bu məsələyə diqqət edilməlidir. Ümumiyyətlə, qonşularla münasibətlər tam bərpa olunmalıdır.  


MƏSLƏHƏT GÖR:

623