14 Mart 2025

Cümə, 11:00

KİM SEÇİR?

Ermənistan hakimiyyəti daxildə opponentlərini neytrallaşdırmaqla kənardan "seçicilərin iradə nümayişi"ni gözləyir

Müəllif:

15.10.2012

Ermənistanda prezidentlik uğrunda yarışa start verilib. Amma siyasi partiyaların öz elektoratlarına seçkiqabağı platformasını, ölkənin gələcəyi  ilə bağlı siyasi və iqtisadi baxışlarını təqdim etdikləri başqa ölkələrdən fərqli olaraq, erməni seçicilər ənənəvi olaraq siyasi qüvvələr arasında çirkin kompromat savaşına, hakimiyyətin təxribatçı bəyanatlarına və əməllərinə şahidlik edir. Bu, tamamilə məntiqlidir.

Ölkədə sosial və iqtisadi problemlər artırsa, erməni siyasətçilərin özlərinin dedikləri kimi, Ermənistanın suverenliyi rəmzi xarakter daşıyırsa və yalnız kağız üzərində mövcuddursa, opponentləri oyundan hökumətin nəzarətində olan məhkəmə sistemi vasitəsilə çıxarmaqdan başqa yol qalmır. "Oskanyanın işi" buna bariz misaldır.

Bu il oktyabrın 2-də respublika prokurorluğunun ərizəsi əsasında "?içəklənən Ermənistan" partiyasının (ÇƏP) deputatı, Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın deputat toxunulmazlığı ləğv edilib. Prokurorluğun ərizəsində bildirilir ki, "Sivilitas" fondunun təsisçisi Vardan Oskanyan fonda məxsus olan və xeyriyyəçilik üçün nəzərdə tutulmuş külli miqdarda maliyyə vəsaitini cinayət yolu ilə mənimsəyib və sonradan bu əməlini leqallaşdırmaq üçün bir sıra addımlar atıb.

Bundan bir müddət sonra Oskanyan dindirilmək üçün Ermənistan milli təhlükəsizlik xidmətinə çağırılıb və orada ona qarşı rəsmi ittiham irəli sürülüb.

Sabiq XİN başçısının deputat toxunulmazlığının ləğvi və barəsində cinayət işinin açılması xeyli sayda sual və versiyaların ortaya çıxmasına səbəb olub. Məsələnin siyasi tərəfi bəllidir. Ermənistanda keçiriləcək prezident seçkisi ərəfəsində müxalifət partiyasının liderlərindən biri, partiyanın parlament siyahısındakı ikinci şəxsin zərərsizləşdirilməsi, təbii ki, adi cinayət işi kimi xarakterizə oluna bilməz. EMK fraksiyasından olan deputat, "erməni ictimai hərəkatı" partiyasının sədri Aram Manukyanın da bildirdiyi kimi, hüquq-mühafizə orqanları xeyriyyəçiliyə pul ayrıldığı haqda məlumatı 2 il əvvəl əldə etmişdilər. Amma onun haqqında cinayət işi bundan xeyli sonra, Oskanyanın ÇEP-ə daxil olaraq böyük siyasətə qayıtmasından sonra açılıb. Ehtiraslar xüsusilə Oskanyanın nazir postundan istefa verərək hakimiyyət əleyhinə sərt tənqidlər səsləndirməyə başladığı vaxt coşmuşdu.

Oskanyana qarşı açılmış cinayət işi ətrafında yaranmış siyasi qalmaqal Ermənistandakı daxili siyasi qüvvələr nisbətinin əsl mahiyyətini də ortaya çıxarır. Çünki həm Oskanyanın ÇEP-dəki silahdaşlarının, həm partiyanın liderinin fəaliyyəti, həmçinin müxtəlif siyasi qüvvələrin məsələ ilə bağlı bəyanatları və addımları prezident seçkisi ərəfəsində aparılan intriqalardan yalnız biridir.

Məsələ parlamentdə müzakirə olunduqda müxalifət partiyaları, yaxud özünü müxalifət kimi təqdim edən partiyalar iclası boykot etdilər. Bu, ən azı qəribə göründü. Çünki ÇEP iclasa qatılmaqla ən azı silahdaşı və liderlərindən olan Vardan Oskanyanı müdafiə etmək üçün parlament tribunasından yararlana bilərdi. O zaman çoxları müxalifətin bu addımından təəccübləndi. Onları ÇEP lideri Qagik Sarukyanın hələ də Oskanyanın müdafiəsinə qalxmaması da təəccübləndirir. Ermənistanın ikinci prezidenti və ÇEP-in "kölgə patronu" sayılan Robert Koçaryanın Oskanyana qarşı cinayət işinin açılmasını tənqid edən bəyanatına gəlincə, mütəxəssislərin fikrincə, o, daha radikal ola bilərdi. Belə çıxır ki, Oskanyanın neytrallaşdırılması cəhdləri heç də yalnız Ermənistan hakimiyyətinə sərf etmir.

Məsələ ondadır ki, prezident seçkisində mübarizə hakimiyyət nümayəndəsi ilə… hakimiyyət nümayəndəsi arasında gedəcək. Əgər mübarizə Respublika Partiyası ilə "?içəklənən Ermənistan" arasında gedəcəksə, yenə də yarışdan sistem qalib çıxacaq və bu, yaxşı heç nə vəd etmir. Çünki "çiçəklənən Ermənistan" özünü real müxalifət kimi nə ölkədə, nə də ondan kənarda təsdiqləyə bilib. Bunu anlayan hakimiyyət ölkənin hazırkı rəhbərliyinin qərbpərəst, müxalifətin isə rusiyapərəst olduğu görüntüsü yaratmağa çalışır. Nə qədər absurd səslənsə də, hakimiyyət Sarqsyanı "Moskvanın vassalları" adlandırılan rusiyapərəst Koçaryan-Sarukyan tandemindən fərqli olaraq, ölkəni Qərb və Avropa cəmiyyətinə inteqrasiya etdirməyə çalışan müstəqil siyasətçi kimi təqdim etmək istəyir. Analitiklərin gülünc saydıqları bu cəhdlər müxalifəti seçkidə Oskanyanın təmsil etməsi  ilə tam iflasa uğrayardı. Çünki Sarqsyana qərb-yönümlü, ABŞ-la əlaqələri olan siyasətçi kimi məhz Oskanyan real rəqib ola bilərdi. Vardan Oskanyanın prezident seçkisində namizədliyini irəli sürməyə hazır olduğuna dair bəyanatı bu ehtimalı daha da artırmışdı. Serj Sarqsyan Oskanyan tipli siyasətçi ilə rəqabət apara və seçkinin ikinci turuna yüksələ bilməzdi.

 

Nə dost, nə düşmən...

Digər tərəfdən, Oskanyana "zərbə" ÇEP lideri, hələ də şübhəli imicə malik oliqarxdan xarizmatik siyasətçiyə çevrilə bilməyən Sarukyanın da xeyrinə ola bilər. Bu göstərir ki, Sarukyan Oskanyanı qısqanır. Çünki son hadsələr fonunda ÇEP-də onun nüfuzu arta, reytinqinin Sarukyanın reytinqini geridə qoya bilər. Şübhəsiz ki, öz xalqının qanı üzərindən hakimiyyətə gəlmiş Sarqsyan Sarukyana onunla dostluqdan qazanacağı xeyiri və faktiki olaraq, öz havadarından uzaqlaşmalı olduğunu açıq şəkildə "izah edə" bilib. Nəticədə Sarukyan Oskanyanı dəstəkləməyə lüzum görməyib.

Son hadisələr sübut edir ki, Sarqsyanın Sarukyana təsir göstərmək üçün kifayət qədər rçaqları var. Məsələn, onlayn KİV-də Sarukyanın 1980-ci illərdə milisdə çalışan zaman zorlamaya görə həbs olunduğuna, cəzasını Nijnı-Tagildəki islah-əmək koloniyasında çəkdiyinə, oradan "özünü nümunəvi apardığı üçün" vaxtından əvvəl azadlığa buraxıldığına dair xəbər yayılıb. Ermənistan Ali Məhkəməsinin tam bəraətini isə o, "Robert Koçaryanın ölkəyə rəhbərliyinin ən çiçəklənən dövründə" alıb. İnternet qəzetinin mənbəsi onu da bildirib ki, Sarukyanın bəraəti üçün ərizəni nüfuzlu siyasi xadimlərdən biri yazıbmış. Hazırda həmin şəxs müxalifətin tərəfinə keçib və hələ ki onun adının açıqlanması məqsədəuyğun deyil".

Oskanyana qarşı açılmış cinayət işi Koçaryanın da xeyrinə işləyə bilər, baxmayaraq ki o, silahdaşını müdafiə edir. Çünki qərbpərəst siyasətçi olan Oskanyan Ermənistan hakimiyyətini dəfələrlə həddindən artıq rusiyapərəst siyasət yürütməkdə ittiham edib və bunun Ermənistanın suverenliyinə zərər vurduğunu bildirib. Belə mövqe Rusiyanın və onun lobbiçisi olan Koçaryanın xoşuna gələ bilməz.

Oskanya və onun "sivilitas" fonduna qarşı açılmış cinayət işində "Qərb izi"nin axtarılması da təsadüfi deyil. Bu qalmaqalda Con Hantsmanın (amerikalı respublikaçı siyasətçi, marmon, ABŞ prezidentliyinə namizəd - 16 yanvar 2012-ci ildə prezidentlik yarışından çıxdığını bəyan edib və tərəfdarlarını digər marmon və uzaq qohumu olan Mitt Romnini dəstəkləməyə çağırıb) adı hallanır. 1988-ci ildən başlayaraq Hantsman və onun rəhbərlik etdiyi "Huntsman International" şirkəti Ermənistana 20 milyon dollardan artıq pul ayırıb. 2010-cu ildə onun şirkəti Ermənistanı tərk edən zaman qalan vəsait "Sivilitas" fondunun hesabına köçürülüb.

Bu baxımdan Oskanyanla bağlı açılmış cinayət işinə görə ilk etirazların, mənfi şərhlərin Qərb ölkələrinin diplomatik nümayəndəliklərindən gəlməsi təsadüf deyil.  Xüsusilə Almaniyanın Ermənistandakı səfiri Rayner Morel bildirib ki, onun ölkəsi sabiq XİN başçısı ilə bağlı cinayət işinin gedişini diqqətlə izləyir. ABŞ-ın Ermənistandakı səfirliyi də demək olar ki, eyni bəyanatla çıxış edib.

Amerikanın "Washington Post" qəzeti "Oskanyanın işi" ilə bağlı yazısında məsələni Ermənistan hökumətinə sərf etməyəcək formada təqdim edib. Qəzet yazır ki, bu fakt ABŞ tərəfindən maliyyələşdirilən ictimai təşkilatlara qarşı aparılan daha bir antiqərb kampaniyasından başqa bir şey deyil. 

Baş verənlərə son zamanlar Ermənistan hakimiyyətilə münasibətləri onsuz da yaxşı olmayan erməni diasporunun nümayəndələri də etiraz edir. Kanadalı rejissor Atom Eqoyan və amerikalı rok musiqiçisi Serj Tankyan Ermənistanın hazırk? rəhbərliyinin ünvanına sərt tənqidlə çıxış ediblər. Son hadisələrdən "hiddətləndiklərini və sarsıldıqlarını" deyən Eqoyan və Tankyan Oskanyana qarşı irəli sürülmüş ittihamları birmənalı olaraq siyasi və sifarişli təqib adlandırıblar. Onların fikrincə, bu, ölkənin demokratikləşməsi prosesinə müsbət təsir göstərə bilməz.

 

Kremlin seçimi

Yuxarıda sadalananlar göstərir ki, Oskanyan hazırkı hakimiyyət və sistemə alternativ kimi rusiyapərəst qüvvələrə, xüsusilə Koçaryana sərf etmir. Ermənistanda yaxın bir neçə ildə gedəcək proseslərdə məhz Moskvanın mövqeyinin həlledici olduğunu, real olaraq Ermənistan prezidentinin ölkə daxilində seçilməyəcəyini nəzərə alsaq, bu, vacib faktordur.

Amma görünən odur ki, Rusiya hələ Sarksiyanla Koçaryan arasında yekun seçimini etməyib. Oskanyanla bağlı söz-söhbətin davam etdiyi bir vaxtda KİV ilk baxışdan diqqəti o qədər də cəlb etmədən tərəflər arasında Ermənistana satılan Rusiya qazının qiymətinə yenidən baxılmasına dair danışıqların getdiyi haqda xəbər yayıb. Carçı rolunda ictimai xidmətlərin tənzimlənməsi üzrə Federal Komissiya çıxış etsə də, danışıqların konkret detalları açıqlanmır.

Moskvada başa düşürlər ki, Ermənistan üçün təbii qazın qiymətinin artırılması hazırkı administrasiyanın məğlubiyyəti deməkdir. Əksinə, Rusiya ermənilərə satdığı qazın qiymətini azaldarsa, Ermənistan "mavi yanacaq"ı Rusiya Federasiyasının subyektləri ilə eyni qiymətə alacaq. Bununla yanaşı, analitiklər Ermənistan iqtisadiyyatının durumundan çox da narahat deyil. Ən azı ona görə ki, Rusiya prezidenti Vladimir Putin Qırğızıstana son səfəri zamanı Bişkekin Moskvaya olan borcunu silib və Rusiyanın hərbi bazasının bu ölkə ərazisində qalma müddətini uzadıb. Ermənistanda da analoji bazanın olmasına, ona görə ödənişin Ermənistan tərəfindən edilməsinə baxmayaraq, Rusiya İrəvanın ona olan borcunu silməyib.

Qırğızıstan uğrunda Qərblə Rusiya arasında siyasi mübarizə gedirsə, Ermənistanla bağlı, demək olar ki, hər şey aydındır. Rusiya Ermənistandan istədiklərini çoxdan əldə edib: Rusiyanın bu ölkə ərazisindəki bazasının dislokasiya müddəti 49 il uzadılıb, Ermənistan sərhədləri Rusiya sərhədçiləri tərəfindən qorunur, Ermənistanın bütün infrastrukturu və yeraltı sərvətləri Rusiyanındır.

Oskanyan ətrafında baş verənlərin fonunda Ermənistan parlamenti əl altından KTMT üzvlərinin ərazisində hərbi infrastruktur obyektlərinin yerləşdirilməsinə dair protokolu ratifikasiya edib. Xatırladaq ki, sənəd 2011-ci il dekabrın 20-də Moskvada imzalanıb. Protokola əsasən, KTMT-yə üzv dövlətlər öz ərazilərində təşkilata üzv olmayan dövlətlərin hərbi qüvvələrini yerləşdirmək istədikdə, bu haqda KTMT üzvləri ilə məsləhətləşməli və yalnız onların rəsmi etirazı olmadığı halda, müvafiq qərar verməlidir.

Ermənistan bununla faktiki olaraq KTMT-yə üzv olmayan hər hansı ölkəyə məxsus hərbi obyekti öz ərazisində məsələn, Belarusun razılığı olmadan yerləşdirməmək öhdəliyi götürür. Bunun Ermənistanın onsuz da mübahisəli olan suverenliyi məsələsinə hansı təsiri göstərəcəyi ritorik sualdır.

Ermənistan rəhbərliyi Qərbi nə qədər inandırmağa çalışsa da, onun Avroatlantik məkana inteqrasiyası prosesinə də şübhə ilə yanaşmaq mümkündür. Hər halda NATO qeyri-formal da olsa, Avropa İttifaqının əsas hərbi strukturudur. Avropa İttifaqına gedən yolun ilk növbədə NATO-dan keçdiyi heç kim üçün sirr deyil. Aİ-nin yeni üzvlərinin əksəriyyətinin Rusiya ilə, yaxud Qərbə yumşaq desək dost olmayan dövlətlərlə həmsərhəd olduğunu nəzərə alsaq, NATO bu ölkələrin təhlükəsizliyinin qarantı, Avropa İttifaqı isə siyasi və iqtsiadi sahədə onların islahatçısıdır.

Bu baxımdan güman etmək olar ki, artıq Ermənistanın Aİ-dən maddi yardıma ümid etməsinə dəyməz - tamamilə Rusiyanın nüfuz dairəsində olan dövlətə 1,5 milyard dollar kreditin ayrılması ən azı qəribə olardı. "Böyük qardaş" tərəfindən maliyyə yardımı isə artıq yuxarıda qeyd olunduğu kimi, gözlənilmir.

Beləliklə, Ermənistan seçkiyə rusiyapərəst olmayan son siyasətçini də neytrallaşdıraraq gedir. Xarici siyasətdə son seçimini etmiş Ermənistan rəhbərliyi Kremlin kimi öz "canişini" elan edəcəyini gözləyir.



MƏSLƏHƏT GÖR:

462