15 Mart 2025

Şənbə, 23:52

TƏRCÜMƏNİN ÇƏTİNLİKLƏRİ

Ədəbi əsərlərin Azərbaycan dilinə tərcüməsi prosesində hansı problemlər var?

Müəllif:

01.07.2014

10 il əvvəl buna inanmaq çətin idi, amma bu gün Azərbaycan dilinə tərcümə olunan ədəbiyyatın sayı durmadan artır. Üstəlik, onlar, əsasən, dövlət hesabına deyil, ticari əsaslarla tərcümə olunur. Byol, Qamsun, Oruel, Tolstoy, Dostoyevski, İlf və Petrov - bu siyahı günbəgün genişlənir. Kitab mağazalarında bu gün Azərbaycan dilində müasir ədəbiyyata da, klassikaya da rast gəlmək mümkündür və onların çeşidi hər ötən gün daha da artır. Artıq tərcümə işlərinin həyata keçirilməsində maraqlı olan nəşriyyatların sayı da çoxalır. Bəs, bu kəmiyyət bumu keyfiyyətə necə təsir göstərir?

 

Kitab biznesinin stimullaşdırılması

Kifayət Haqverdiyeva kitab tərcüməçisidir. 2007-ci ildən o, "Qanun" və "Altun kitab" nəşr evləri üçün klassiklər German Qessenin, O Henrinin, Cek Londonun kitablarını Azərbaycan dilinə tərcümə edir. Kifayət Haqverdiyeva ilk olaraq Azərbaycan oxucusu üçün Harri Potter haqda kitabı tərcümə edib. "Problem ondadır ki, bu biznesdə pul çox deyil. Odur ki, tərcümə ilə daha çox mənim kimi entuziastlar məşğul olur", - deyə K. Haqverdiyeva bildirir: "Bu işdən əldə olunan qazanc çox azdır. Məsələn, iş saatı başlayandan bitənədək ofisdə oturmaqla daha çox pul qazanmaq mümkündür. Tərcümə isə çox maraqlı olsa da, son dərəcə əziyyətli işdir".

Amma tərcümələr heç də həmişə qaneedici səviyyədə olmur və oxuculardan bu fikri tez-tez eşitmək mümkündür. "Zaman-zaman kitab yarmarkalarında oluram və görürəm ki, oxucular nəticədən heç də həmişə razı qalmırlar. Bizdə tərcümələr, həqiqətən də, keyfiyyət baxımından müxtəlif olur. Alman müəllimlərin əla tərcümələri var. Bu gün Oruelin "1984" əsərinin yüksək səviyyəli tərcüməsi çox populyardır", - deyə K. Haqverdiyeva bildirir.

Ədəbi redaktor və tərcüməçi Samirə Əhmədbəyli deyir ki, sovet illərində Azərbaycan dilinə tərcümə olunan xarici ədəbiyyatın səviyyəsi daha yüksək idi. Onun sözlərinə görə, bu, obyektiv səbəblərlə bağlıdır: "Məsələ ondadır ki, əvvəllər nəşr işi dövlət sifarişilə həyata keçirilirdi. Klassiklərin və müasir yazarların əsərləri üzərində peşəkarlardan ibarət böyük  kollektivlər çalışırdı. Hər kitabın üzərində xeyli sayda işçi yorulmadan işləyirdi - tərcüməçilər, redaktorlar, korrektorlar, dizaynerlər".

Ədəbiyyatla dövlət məşğul olurdu və o, bu işə pul qoymağa hazır idi: "Bütün bu insanlar normal qonorar alırdı və onların vaxtları bol idi. Bu səbəbdən də, görülən iş kifayət qədər keyfiyyətli alınırdı. Bu gün isə bu işləri özəl nəşriyyatlar görür. Kitabın o qədər də populyar olmadığı ölkədə isə bu işlə çoxlu pul qazanmaq mümkün deyil. Odur ki, nəşriyyatlar hər sahədə qənaət etmək məcburiyyətindədir. Xərclər azaldılmalıdır, tərcüməçilər, redaktorlar, korrektorlar cüzi əməkhaqqı ilə çalışmalıdırlar. Təbii ki, bu halda keyfiyyət də aşağı düşür".

Beləliklə, yekun nəticə yalnız Kafka, Markes, Dostoyevski və digər nasirlərin böyük əsərlərini dilimizə çevirmək istəyən tərcüməçinin və ya redaktorun insafından asılıdır. Tərcümənin orijinalla uyğunluğunu bir çox hallarda (həmişə olmasa da) peşəkar deyil, həvəskar həll edir.

Tərcüməçinin fikrincə, nəşriyyatlar bu problemi həll etmək iqtidarında deyillər. Çünki "kitab biznesində fırlanan pul həddindən artıq azdır " və bu sahədə yalnız dövlətin yardımı işə yaraya bilər. "Dövlət tərəfindən yardım isə kitab biznesinin ƏDV-dən azad edilməsi ola bilər. Beləcə, bu biznesin inkişafı üçün yaxşı şərait yaratmaq, monopoliyanın qarşısını almaq mümkündür", - deyə Əhmədbəyli  qeyd  edir.

 

Oxucu  rəyi

Bu gün Azərbaycan dilində kitabların əsas auditoriyası gənclərdir və bu, heç də təəccüblü deyil. Hamının dünyada ədəbiyyatın öldüyünü iddia etdiyi bir vaxtda, bizdə bunun əksi müşahidə olunur. Ölkədə oxumaq dəbə minir. Artıq o qədər də gənc olmayan oxucu Taleh uşaq yaşlarından Azərbaycan dilində kitablar oxuduğunu deyir: "Bu mənada, həmyaşıdlarımla müqayisədə mənim bəxtim daha çox gətirib. Anam kitabxana müdiri olub və nadir kitabları oxumaq üçün mənə gətirirdi. Həqiqətən də, Azərbaycan dilində olan kitablar hamıya çatacaq qədər deyildi. Bir kitab bütün sinifi dolaşırdı. Bu gün isə vəziyyət fərqlidir və böyük seçim var. Təəssüf ki, onların hamısı yüksək keyfiyyətə malik deyil. Şəxsən mən "Alisa möcüzələr ölkəsində" kitabının yüksək keyfiyyətlə tərcüməsini tapmaq istərdim. Amma bu, çox çətindir".

23 yaşlı Tahir isə bu yaxınlaradək kitabları ingilis və türk dillərində oxuyurmuş: "Əvvəllər istədiyim kitabları Azərbaycan dilində tapa bilmirdim. Bu, mənim ingilis və türk dillərini daha yaxşı öyrənməyimə səbəb oldu. Amma burada 2 problem var idi. İngilis və türk dillərində olan kitablar, xüsusilə bestsellerlər çox bahadır. Üstəlik, Azərbaycan dili mənə daha yaxındır. Azərbaycanca oxuduqda romanda yaşananları daha yaxşı təsəvvür edə bilirəm". Son bir neçə ildə Tahir Azərbaycan dilində olan böyük bir kitab kolleksiyası toplayıb. İndi də o, doğma dildə çap olunan heç bir kitabı  qaçırmır: "Bir vaxtlar tərcümələrin keyfiyyəti o qədər də yüksək deyildi. Fikrimcə, son il ərzində bu sahədə vəziyyət müsbətə doğru dəyişir".

Həqiqətən də, kitab bumunun özünü keyfiyyətdə də göstərməyə başlaması sosialist düşərgəsindən olan bir sıra ölkələrdə müşahidə olunur. O ölkələrin hər birində vəziyyət tədricən müsbətə doğru dəyişib. 90-cı illərin əvvəllərində Rusiyada eyni vaxtda bir neçə nəşriyyat peyda oldu. Bazarı doldurmağa çalışan nəşriyyatlar tərcüməçilərə üst-üstə sifarişlər verir, bu zaman yekun nəticənin qayğısına qalmırdılar. Əsas sürət idi!

Nəticədə, bazar Kinqin, Kriçsinin, Çeyzin, Şeldonun  və digər populyar müəlliflərin əsərlərinin aşağı keyfiyyətli tərcümələrilə doldu. Bu gün isə onların təkrar nəşrinə heç bir nəşriyyat cəsarət etmir.

Məşhur polşalı bestsellerlər müəllifi Ancey Sapkovski 90-cı illərdə Polşada da çox bənzər vəziyyətin olduğunu xatırlayır. Onun sözlərinə görə, vəziyyət o yerə çatıbmış ki, köşklər, metro keçidləri, hətta nüfuzlu kitab mağazaları döyüş əsərlərilə, fentezi və qadın romanları ilə dolubmuş. Üstəlik, onlar yalnız məzmununa görə deyil, tərcüməsinə görə də çox aşağı səviyyədə imiş. Sapkovski bu bazarda keyfiyyətcə fərqlənmək üçün öz işlərində üstünlüyü yüksək səviyyəli polyak dilinə verib, eyni zamanda oxşar durumun qonşu Rusiyada da yaşandığını bildiyindən, kitablarını həm də rus dilinə tərcümə edib.

Polşa, Rusiya, Ukrayna kimi ölkələrin kitab bazarları zaman keçdikcə "bərabərləşdilər" və bu, 2 amillə bağlı oldu. Bazarın keyfiyyətsiz tərcümələrlə dolub-daşması nəticəsində oxucular hər şeyə irad tutmağa başladılar, nəşriyyatlar arasındakı rəqabət isə onları oxucuların bu tələbatını ödəmək məcburiyyətində qoydu. 

Beləliklə, artıq bizdə də pik həddinə çatmış kitab bazarında kəmiyyətin keyfiyyətə keçəcəyinə ümid etmək üçün bütün əsaslar var.

 


MƏSLƏHƏT GÖR:

699