
REALLAŞDIRILMAYAN İMKANLAR
Litvanın enerji naziri Yaroslav Neveroviç "R+" jurnalına müsahibəsində azərbaycanlı investorları maraqlandıra biləcək layihələrdən danışıb
Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Karbohidrogen ehtiyatlarına malik olmayan Baltikyanı ölkələrin iqtisadiyyatı tam şəkildə idxaldan asılıdır. Bu postsovet, hazırda isə Avropa İttifaqının üzvü olan ölkələrin alternativ mənbələrdən tədarük təmin etmək cəhdləri nə ilə bağlıdır? Məsələn, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi yolları nəzərdən keçirilir. Litvanın Baltik dənizi sahilindəki Klaypeda mayeləşdirilmiş qaz terminalı ölkənin enerji təhlükəsizliyinin təmini işində ilk müjdəçi sayıla bilər.
Rəsmi Bakı ilə Vilnüs arasında münasibətlərin inkişaf perspektivləri, Azərbaycan qazının ixracının Litva və digər Baltikyanı ölkələrin bazarına necə təsir göstərəcəyi haqda Litvanın enerji naziri Yaroslav NEVEROVİÇ "R+" jurnalına müsahibəsində danışıb.
- Azərbaycanla Litva arasında iqtisadi münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz? Hansı sahələrdə münasibətlərin inkişafı potensialı var və əməkdaşlığın genişləndirilməsi üçün hansı addımlar atılır?
- Əminəm ki, bizim iqtisadi münasibətlərimizi inkişaf etdirməmiz üçün hələ istifadə olunmamış çox imkanlarımız var. Litva Azərbaycana özünün süd məhsullarının, mebel, mineral yanacaq, yağ, elektrik maşınları və avadanlıqları, maşınlar və mexaniki avadanlıqlar, optika və tibb sahəsinə aid mallar, əczaçılıq malları ixracını artıra bilər. Əlbəttə, Litva Azərbaycana yalnız mal deyil, xidmətlər də təklif edə bilər. Söhbət nəqliyyat, logistika, IT xidmətləri və s. gedir.
Avropa İttifaqı Litvanı regionun Aİ ilə Şərqi birləşdirən əsas mərkəzi kimi qəbul edir. Litva Aİ üçün prioritet olan 2 nəqliyyat dəhlizinin, beynəlxalq nəqliyyat marşrutlarının kəsişməsində yerləşir: Skandinaviyanı Mərkəzi Avropa ilə birləşdirən Şimal-Cənub avtomagistralı və dəmir yolu eləcə də Şərq bazarlarını Qərbi Avropa ilə birləşdirən Şərq-Qərb marşrutu. Mərkəzi, Şərqi və Qərbi Litvada Avropanın iri şəhərlərinə birbaşa reyslərin təşkil olunduğu beynəlxalq aeroportlar, Baltik dənizinin şərq sahillərində yeganə donmayan dəniz limanı - Klaypeda Dövlət Dəniz Limanı logistika baxımından ən önəmli üstünlüklərdəndir.
Hesab edirəm ki, Azərbaycan şirkətləri üçün Klaypeda dərinsulu limanında, Klaypeda azad iqtisadi zonasında və Baltika Logistika Mərkəzində həyata keçirilən layihələrə investisiya yatırmaq maraqlı gələ bilər. Onlar üçün Litva ilə Azərbaycanın işgüzar tərəfdaşları arasında əməkdaşlığın genişləndirilməsi və Klaypeda limanının imkanlarından Azərbaycan yüklərinin daşınmasında istifadə olunması da maraq kəsb edə bilər.
Neft və neft məhsulları biznesinin iqtisadiyyatının əsasını təşkil etdiyi Azərbaycan kimi dövlət üçün Klaypeda limanının imkanları maraq doğurmaya bilməz. Bu strateji məkandır və son 3 ildə liman infrastrukturuna yatırılan investisiyalar hesabına orada yükdaşımaların həcmi xeyli artıb. Bu üzdən, limanın gücü, xüsusilə də başqa ölkələrin yüklərinin - neft məhsulları, konteynerlər, "ro-ro" tipli gəmilər və s. daşınması imkanı artıb.
Hazırda Klaypeda limanında 2 neft terminalı fəaliyyət göstərir. Onların ümumi illik gücü 12 milyon tona çatır.
Enerji sahəsində əməkdaşlığa gəlincə, Azərbaycanın enerji müəssisələri artıq qlobal bazarın oyunçularına çevriliblər. Onlar Aİ ərazisindəki boru xətləri - TAP və TANAP-la bağlı ciddi investisiya qərarları qəbul ediblər. Bu, çox ciddi strateji qərarlardır və Azərbaycan şirkətlərinin niyyətlərini ortaya qoyur.
Azərbaycan şirkətlərinin LNG (mayeləşdirilmiş təbii qaz) sahəsində də biznesi inkişaf etdirmək niyyəti hiss olunur. Biz düşünürük ki, bu sahədə də əməkdaşlıq imkanları var. Amma bu sahədə danışıqları şirkətlər aparmalıdırlar. Bu imkanlar maddiləşərsə, o zaman bu haqda daha detallı danışmaq olar.
Mən Azərbaycan hökumətində keçirdiyim görüşlər zamanı SOCAR-ın qaz, o cümlədən LNG ticarəti sahəsində dünya liderinə çevrilmək niyyətində olduğunu eşitmişəm. Biz SOCAR-ı Baltikyanı regionunun da oyunçusu kimi görürük.
- Litva Avropa İttifaqının 100% Rusiya qazından asılı olan azsaylı ölkələrindən biridir. Hazırda Litvada qaz istehlakı hansı səviyyədədir? Qaz istehlakının azaldılması üçün hansı addımları atırsınız?
- Doğru qeyd etdiniz, Litva qaz sahəsində bir tədarükçüdən 100% asılı durumdadır. Görürük ki, bu, effektsizdir və sənayemizin, iqtisadiyyatımızın və əlbəttə ki, istehlakçılarımızın maraqlarına cavab vermir. Çünki inhisarçı tədarükçü Aİ-də enerji resurslarına görə ən baha qiyməti bizə tətbiq edir. Qaz sektorumuzu şaxələndirmək, digər ölkələrlərlə interkonnektorlar, mayeləşdirilmiş qaz terminalı tikmək qərarına gəlmişik. Bu, qiymətin qəbuledilən səviyyəyə düşəcəyinə zəmanətdir. Yəni bilirik ki, əsas tədarükçümüz qiyməti artırmaq qərarına gəlsə belə, o, mayeləşdirilmiş qazın dünya bazarındakı qiymətindən baha ola bilməz. Bu sxemin işləməsi üçün bizim qaz paylama sistemində müstəqil operatora ehtiyacımız var. Şaxələndirmə istiqamətində ilk addım Klaypedada mayeləşdirilmiş qaz terminalının tikintisidir. Bu, faktiki olaraq, Litvaya, Latviyaya və Estoniyaya qiymətin münasib olduğu istənilən istiqamətdən qaz tədarük olunmasına imkan verəcək.
- Bu yaxınlarda Litva "Qazprom"dan aldığı qazın qiymətində endirimə nail olub. Rusiyadan qazı neçəyə alırdınız və endirimdən sonra o, hansı qiymətə alınır? Yeni müqavilənin müddəti nə qədərdir?
- "Qazprom"la yaxşılığa doğru addım atmağa nail olduq və qazın qiyməti 20% ucuzlaşdırıldı. Bu, sənayemiz, iqtisadiyyatımız və istehlakçılarımız üçün müsbət haldır. Amma danışıqları davam etdirəcəyik. Çünki hələ xeyli həll olunmamış problemlər var. 2015-ci ildən sonra qaz tədarükü məsələsi də hələ həllini gözləyən məsələdir.
- Endirim haqda razılaşmadan əvvəl Litva "Qazprom"u Beynəlxalq Arbitraj Məhkəməsinə verməklə hədələyirdi. Bu plan qüvvədə qalırmı? Hazırkı mərhələdə Litvanın "Qazprom"a qarşı iddiaları nədən ibarətdir?
- Diqqəti razılaşmanın 2 kommersiya subyekti arasında əldə olunduğuna çəkmək istəyirəm. Söhbət Litvanın "Letuvos duyos" şirkəti və "Qazprom"dan gedir.
Özəlləşdirmə zamanı Litva Respublikasının hökuməti qarşısında qaz tədarükünə dair müqavilənin müddəti bitənədək ədalətli qiymətin tətbiqinə dair öhdəlik götürülüb. Öhdəlik şirkət qarşısında deyil, hökumət qarşısında götürülüb. Odur ki, hökumətin Stokholm arbitrajında prosesin davam etdirilməsi və kompensasiya tələb olunması məsələsi gündəmdən çıxarılmayıb. İki şirkət - "Letuvos duyos" və "Qazprom" arasında razılaşma Stokholm arbitrajı məsələsinə heç bir təsir göstərməyəcək.
- Klaypeda limanında mayeləşdirilmiş qaz qəbulu üçün terminal tikilir. Bu, hansı həcmdə qazın alınmasına imkan verəcək?
- Terminalla bağlı görülən bütün işləri - terminalın infrastrukturuna qoyulmuş investisiyaları, limanda aparılan hazırlıq işlərini, sahilyanı tikinti işlərini, 10 il müddətinə qaz avadanlıqları ilə təchiz olunmuş anbar-gəminin icarə haqqını nəzərə alsaq, ümumi investisiya və xərclərin həcmi 2,1 milyard litə (0,58 milyard avro) çatır.
Layihənin həyata keçirilməsi tempi yüksəkdir və gecikmə yoxdur. 2014-cü ilin dekabrına Klaypedada mayeləşdirilmiş qaz terminalının işə düşəcəyinə inanırıq. Terminal istehlakçılara alternativ qaz mənbəyi seçmək imkanı verəcək. Bununla da, yeganə tədarükçüdən asılılıq azalacaq, beynəlxalq qaz bazarlarının iştirakçısına çevrilmək imkanı yaranacaq. Bu, bizə idxal olunan təbii qazın qiymətində endirimə, qaz tədarükündə təhlükəsizliyin təmini məsələsində Aİ-nin tələblərinə uyğun standarta nail olmaq imkanı da verəcək.
Terminalın fəaliyyətə başladığı ilk ildə oraya, təxminən, 0,5 milyard kubmetr qazın vurulması nəzərdə tutulub. Gələcəkdə bu, ildə 3 milyard kubmetrə çatdırıla bilər.
2012-ci ildə Litva, təxminən, 3,4 milyard kubmetr qaz istehlak edib. Onun hamısı "Qazprom"dan alınıb. Odur ki, gələcəkdə yeni terminal illik tələbatı tam ödəyə bilər.
Təbii qaz tədarükünün şaxələndirilməsinə imkan verəcək digər strateji layihələr də həyata keçirilir. Litva-Polşa qaz borusu layihəsi onlardan biridir. Litva ilə Polşanın qaz kəmərlərinin birləşdirilməsi layihəsi Litvanın qaz sahəsində enerji təcridindən xilas olunmasına, Aİ-nin ümumi enerji bazarına inteqrasiyasına yönəlmiş addımdır. Avropa İttifaqının vahid qaz bazarı üçün strateji əhəmiyyət daşıyan, Litva və Polşanın dəstək verdiyi bu layihənin 2018-ci ildə Avropa Komissiyasının da dəstəyi ilə reallaşdırılması gözlənilir.
- Maye qazın boru xəttilə nəql olunan qazdan baha başa gəldiyi sirr deyil. Bu terminal Litvanın, o cümlədən Rusiya qazından tam şəkildə asılı olan qonşu Latviya və Estoniyanın qaz bazarlarına hansı təsiri göstərəcək?
- Regional mayeləşdirilmiş qaz terminalının harada tikilməsilə bağlı bitmək bilməyən müzakirələr Litvanı sonda qərar vermək məcburiyyətində qoydu - ya Klaypedada öz terminalımızı tikməli, ya da nə ilə bitəcəyi bəlli olmayan müzakirələri davam etdirməli idik.
Hökumətin terminalın tikintisilə bağlı qərarı daha ucuz qazın alınması və "Qazprom"dan alınan "mavi yanacaq"ın qiymətində endirim edilməsilə bağlı danışıqlarda mövqelərin gücləndirilməsi ilə alternativin yaradılmasına əsaslanır. Qazın qiymətində 5-6%-lik endirimə nail olunarsa, bu, terminalın illik istismar xərclərini bağlayar.
Alternativ qaz mənbələrinin əldə olunması yalnız Litva üçün yox, bütünlükdə region üçün vacibdir. Buna baxmayaraq, regional mayeləşdirilmiş qaz terminalı məsələsi artıq 5 ildir həllini tapmır. Onun inşası ilə bağlı qərar hələ də qəbul edilməyib. Odur ki, bizim məqsədimiz Klaypedada terminalın mümkün qədər tez istifadəyə verilməsidir. Artıq o, alternativ qaz mənbələrinin axtarışında "buzqıran gəmi"dir. Klaypeda terminalından regional tələbatların ödənilməsində istifadə edilməsilə bağlı danışıqlara açıq olduğumuzu regional tərəfdaşlarımız Latviya, Estoniya və Finlandiyanın nəzərinə çatdırmışıq.
- Bu yaxınlarda Azərbaycana etdiyiniz səfər zamanı hansı müzakirələri apardınız? Azərbaycan qazının Litvaya nəqli imkanları nə qədər realdır?
- Azərbaycanla Litva arasında əməkdaşlıq Xəzər və Baltikyanı regionların gündəmdə olan daha ciddi məsələdə bir araya gətirilməsinə imkan verir - enerji bazarlarının bölüşdürülməsi. Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov və enerji naziri Natiq Əliyevlə, vergilər naziri Fazil Məmmədovla görüşlərimizdə Azərbaycanla Litva arasında münasibətlərin doğru istiqamətdə inkişaf etdiyi vurğulandı.
Azərbaycan enerji resurslarının reallaşdırılması bazarlarının şaxələndirilməsinə çalışır. Bu, bir coğrafi və ya tarixi alıcıdan asılılığın aradan qaldırılmasına imkan verir. Litva isə özünün qazla təminində eyni şeyi etməyə çalışır. Hər iki ölkənin həyata keçirdiyi strateji layihələr yaxın gələcəkdə real əməkdaşlığın qurulmasına imkan verir.
Litva ilə Azərbaycan arasında qarşı tərəfdən F.Məmmədovun sədrlik etdiyi ikitərəfli əməkdaşlığa dair hökumətlərarası komissiya dövlətlərimiz arasında siyasi və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
- Azərbaycan qazının 2019-cu ilə planlaşdırılan Avropaya nəqli Litvanın və digər Baltikyanı ölkələrin qaz bazarına təsir göstərəcəkmi?
- Avropa Komissiyası Aİ üzvləri üçün enerji daşıyıcıları mənbələrinin və tədarükçülərinin mümkün qədər şaxələndirilməsinə çalışır. Bu üzdən də, Azərbaycanın həyata keçirdiyi və Aİ-yə qaz nəqlini nəzərdə tutan TANAP, TAP kimi layihələr həm Litva, həm də bütünlükdə Baltikyanı region üçün çox vacibdir. Litvanın qaz alışına cavabdeh olan şirkətləri bu rəqabət imkanlarından istifadə etməlidirlər. Bu qazın fiziki olaraq Baltikyanı ölkələrə ixrac olunması vacib deyil - bunun üçün liberal bazarda “virtual svop” mübadilələri mümkündür.
MƏSLƏHƏT GÖR: