19 Dekabr 2024

Cümə axşamı, 03:56

CƏZASIZ MÜHARİBƏNİN VERDİYİ DƏRSLƏR

Birinci dünya müharibəsi dövründə ən çox zərər görmüş xalqlardan biri azərbaycanlılar olub

Müəllif:

01.07.2014

Bu yay Birinci dünya müharibəsinin başlanmasından 100 il keçir. Azərbaycan həmin müharibənin birbaşa iştirakçısı olmasa da, savaş xalqımızın taleyində ciddi rol oynayıb. Məhz, həmin dövrdə Azərbaycan Demokratik Respublikası yaranıb. Bununla yanaşı, müharibənin sonlarında Azərbaycan xalqı böyük faciə yaşayıb - soyqırımı. Bu fakt azərbaycanlıları müharibədən ən çox zərərçəkmiş xalqlarla bir cərgəyə qoyur.

 

Tarixin gedişini dəyişən hadisələr

Məlumdur ki, Birinci dünya müharibəsi dünyanı yenidən bölməyə çalışan fövqəldövlətlərin siyasətinin nəticəsi olub. Qafqaz, xüsusilə Azərbaycan müharibə dövründə gedən şiddətli geosiyasi mübarizənin mərkəzlərindən biri idi.  Bu, həm də Bakı neftinə nəzarətin ələ alınması istəyilə bağlıydı. Bunu qarşı-qarşıya gələn iki nəhəng blokun əsas hədəflərindən biri də saymaq olar. Söhbət Antanta və Dördlər  İttifaqından gedir.

1917-ci il hadisələri Rusiyanın Azərbaycana və bütünlükdə regiona mütləq hökmranlığına son qoydu. Rusiya İmperiyasının dağılması, tezliklə Petroqradda yaşanan bolşevik çevrilişi milli əyalətlərin  suverenləşməsi prosesini sürətləndirdi. Bu, Cənubi Qafqazdan da yan keçmədi və regionda yaşayan xalqlar əvvəlcə Zaqafqaziya Federasiyası, daha sonra isə ayrıca dövlət quruluşları kimi, müstəqil dövlətlərinin qurulmasına başladılar.

 

"Daşnak dəstələri öz alçaq işlərini gördülər" 

1918-ci il Birinci dünya müharibəsinin son ili oldu. Bu dövrdə erməni millətçi təşkilatları, xüsusilə "Daşnaksütyun" partiyası ciddi şəkildə  fəallaşmışdı. Keçmiş Rusiya İmperiya ərazisindəki təlatümlərdən, müharibə şəraitində regionda baş verən hadisələrdən istifadə edən ermənilər Azərbaycan və Türkiyənin böyük bir hissəsində erməni dövləti yaratmaq planının reallaşdırılmasına başlamışdılar. Məhz "Dənizdən dənizə Böyük Ermənistan"ın yaradılması xəyalı ilə yaşayan erməni millətçiləri faktiki olaraq Bakı Sovetinin rəhbərliyində yer alırdılar. Söhbət Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik siyasi rejimindən gedir. Bu rejim Bakı da daxil olmaqla, Şimali Azərbaycanın şərq regionlarını əhatə edirdi. Bakı Sovetinin fəaliyyətinin nəticəsi olaraq, azərbaycanlılara qarşı soyqırımı törədildi, "böyük ermənilik" kimi insanlara qarşı nifrət ideyasının reallaşdırılması on minlərlə insana həyatları bahasına başa  gəldi.

1918-ci il martın 2-də Şaumyan Bakı Sovetinin toplantısında məruzə ilə çıxış edərək Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Seymini sərt tənqid etdi. Xatırladaq ki, Zaqafqaziya Seymi faktiki olaraq, regionun antibolşevik mövqeli siyasi spektrini özündə birləşdirən Cənubi Qafqaz parlamenti idi. Şaumyanın çıxışında əsas "arqument"i Zaqafqaziya Seyminin Azərbaycanın Rusiyadan ayrılmasına çalışan Müsavat Partiyasına dəstək verməsi olub. Şaumyan deyib: "Öz maraqlarından çıxış edən Zaqafqaziya demokratiyası bu bölünməyə qarşı çıxmalı, o, əlində silah bu mürtəce siyasətin daşıyıcılarına qarşı çıxmağa hazır olmalıdır. Bu işdə əsas rol Bakı Sovetinin üzərinə düşməlidir. O, əks-inqilabçılara qarşı çıxmazsa, onlar özləri buraya gələcəklər. Axı, müsəlman millətçilər Bakını Azərbaycanın paytaxtı etməyi arzulayırlar".

Şaumyan sonralar da, əsasən, Müsavat Partiyasını, onun Azərbaycanın muxtariyyətə çevrilməsi ideyasını dəstəkləyən dinc müsəlmanlara qarşı törədilmiş kütləvi qətliama qərar verməsinə haqq qazandırmaq üçün bu "arqument"dən istifadə edib.

1918-ci ilin mart-aprel aylarında minlərlə azərbaycanlı - Bakı sakinləri - yalnız milli mənsubiyyətlərinə görə məhv ediliblər. Cəmi 3 gün ərzində Bakıda müxtəlif məlumatlara görə, 12 000-30 000 arasında insan qətlə yetirilib. Bakı Sovetinin sədri isə bundan məmnunluğunu gizlətmirdi: "Şəhərimizin milli tərkibi bizi qorxudurdu. Mübarizənin arzuolunmaz çalarlar alacağından ehtiyat edirdik. Hətta ermənilərin daşnak dəstələrinin yardımına arxalanmalı olduq. Biz bu "xidmət"dən imtina edə bilməzdik. Erməni Milli Şurası müstəqil şəkildə həbslər, axtarışlar, müsadirələr və s. həyata keçirir. ...Lakin qələbə o qədər böyükdür ki, reallığa az kölgə salır ".

Bakıdakı faciəvi hadisələrin ardınca Sovet Rusiyasının rəhbərliyinə məruzə edən Şaumyan deyirdi: "Əgər onlar (azərbaycanlı siyasi qüvvələr - N.N) Bakıda rəhbərliyi ələ alsaydılar, şəhər Azərbaycanın paytaxtı elan olunacaqdı... Biz bu bəhanədən istifadə etdik... və bütün cəbhə boyunca hücuma keçdik... artıq silahlı qüvvələrimiz var idi - təxminən, 6 min nəfər. "Daşnaksütyun"un da 3-4 minlik qüvvəsi bizim xidmətimizdə idi. Onların hadisələrdə iştirakı vətəndaş müharibəsinə müəyyən mənada milli zəmində qətliam xarakteri qazandırdı, amma bundan qaçmaq mümkün deyildi. Biz buna bilərəkdən getdik....".

Bakı Sovetinin daşnaklara arxalanması digər millətlərdən olan bolşeviklərin hiddətinə səbəb olmuşdu. Azərbaycanlılara qarşı törədilmiş soyqırımının şahidlərindən olmuş bolşevik Blyumin sonralar öz xatirələrində yazırdı: "1918-ci il hadisələri başladı və biz özümüzün silahlı qüvvəmiz olmadığından daşnak dəstələrindən istifadə etdik. Daşnak dəstələrisə öz alçaq işlərini gördülər. Vətəndaş müharibəsinin əvəzinə onlar milli zəmində qətliam törətdilər, 20 minədək yazıq müsəlman əhalini qırdılar".

Hadisələrin digər iştirakçısı, bolşevik Baranov da "Daşnaksütyun"un "müsəlman qiyamı"nın yatırılmasında iştirakının müsəlmanlara qarşı qətliamla müşahidə olunduğunu etiraf edib.

Azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı deyil, Şamaxı, Quba və digər qəzalarda da törədilib. Azərbaycanlılara qarşı kütləvi qətliamların təşkilində və həyata keçirilməsində Şaumyanın yaxın ətrafı birbaşa iştirak edib - Georgi Korqanov (Korqanyan), Tatevos Amiryan, Stepan Lalayan, Amazasp Srvanstyan.

"Azərbaycan" qəzeti 8 oktyabr 1918-ci il tarixli buraxılışında yazırdı: "Uşaqların oğurlanması ilə məşğul olan quldur dəstənin başçısı Tatevos Amirovun "sosialist ordusu"nun başına keçərək Bakıda 16 000-dək müdafiəsiz müsəlman yoxsulu qətlə yetirməsindən, Styopa Lalayevin daşnak (sosialist) dəstələrinin başında məhəllələri müsəlman ziyalılardan təmizləməsindən - evlərindən çıxararaq küçədə güllələməsindən sonra Şaumyan və onun kimi "demokratiya liderləri" belə qərara gəldilər ki, bu komandirlərin stajından istifadə etmək lazımdır, Amirov və Lalayev daşnak dəstələri tərəfindən ələ keçirilmiş Şamaxıda "əks-inqilab"la mübarizə işinə rəhbər təyin edildilər".

Bakı Soveti tərəfindən Atarbekov, Stepan Lalayan, Mixail Arzumanov və digərlərinin rəhbərlik etdiyi 20  000-lik erməni silahlı birləşmələri Şamaxı, Göyçay və Areş qəzalarının kəndlərini gəzərək, təxminən, 7 000 insanı qətlə yetiriblər (onların 1 653-ü qadın, 965-i uşaqdır).

ADR hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının məlumatına görə, 1918-ci ilin yazında ermənilərdən ibarət böyük bir silahlı dəstə səhər saatlarında gözlənilmədən Areş qəzasının Kürd kəndini mühasirəyə alaraq, oraya hücum edib. Sənəddə deyilir: "...Kəndə soxulan ermənilər insanların əksəriyyətini evlərində qətlə yetiriblər. Çünki həmin vaxt yuxuda olduqlarından qaçmağa macal tapmamışdılar. Beləliklə, kənddə çox sayda qadın və uşaq da olmaqla, 68 nəfər qətlə yetirilib, üstəlik, insanlar xüsusi amansızlıqla öldürülüblər. Onların qarınları süngü ilə deşilib, xəncərlə kəsilib, üzlərinin dərisi soyulub, uşaqlar göyə atılaraq hissələrə parçalanıb, insanlar diri-diri divara hörülüb və s. Ətrafdakı müsəlman kəndlərinin əhalisi köməyə çatanadək, Kürd kəndinin küçələrində bu vəhşilik davam edib...".

Quba qəzasında müsəlmanlara qarşı kütləvi qətliam Şaumyanın səlahiyyətli nümayəndəsi olan Amazaspın rəhbərlik etdiyi erməni silahlıları tərəfindən həyata keçirilib. Qubaya gələn Amazasp açıq şəkildə deyib: "Mən erməni qəhrəmanıyam... Xəzər dənizindən Şahdağ dağınadək, müsəlmanların nəslini kəsəcəyəm". Quba qəzasında 122 kənd dağıdılıb, yüzlərlə türk və ləzgi qətlə yetirilib.

Bakı Soveti Şərqi Türkiyədə və Azərbaycanın qərb hissəsində zorakılıqla məşğul olan erməni dəstələrinin başçıları ilə də əlaqə saxlayırdı. Bakı Sovetinin rəhbəri erməni quldur dəstələrindən birinin başında duran Andranik Ozanyanın xidmətlərini yüksək qiymətləndirirdi. O, Naxçıvanda, Şərurda və Zəngəzurda azərbaycanlılara qarşı kütləvi qırğınların  təşkilində günahkardır. Ümumilikdə, 1918-ci ilin yayında erməni quldur dəstələri Şərur və Naxçıvanda 3 000, Zəngəzurda 7 700 nəfəri qətlə yetiriblər. 50 000-dək insan doğma yurdlarından qovulub. Şaumyanın Andranikə göndərdiyi teleqramda isə onun hərəkətləri "əsl qəhrəmanlıq" kimi qiymətləndirilirdi.

1918-ci il aprelin 25-də Bakı Sovetinin Xalq Komissarları Soveti yaradıldı. Orada da aparıcı postları ermənilər tuturdular. Şaumyan Bakı Xalq Komissarları Sovetinin sədri və xarici məsələlər üzrə komissar vəzifələrinə təyin olundu. Bakı Sovetinin ordusu 3 briqadada birləşən 20 batalyondan ibarət idi. Ona Amazasp, Bəy-Zurabyan və Arutunyan rəhbərlik edirdilər. Korpus komandiri vəzifəsini polkovnik Kazaryan, qərargah rəisi postunu isə polkovnik  Avetisyan tuturdular. Günlərin birində Bakı Soveti Azərbaycan milli hərəkatının mərkəzi olan Yelizavetpola (Gəncə) tərəf genişmiqyaslı hücuma başladı. Cənubi Qafqaz dövlətçiliyinin formalaşdırılması prosesi çərçivəsində (sonda uğursuzluğa düçar olur) gələcək müstəqil Azərbaycanın siyasi əsasının təşkili məhz burada həyata keçirilirdi.

 

"Erivandan başlayaraq Şuşayadək  1 milyonluq müsəlmanlıq inləyir, viran edilir, məhv olur..."

Daşnak-bolşevik rejiminin daha da güclənməsinin qarşısı 1918-ci il mayın 28-də ADR-in elan olunması ilə alınıb. Yeni yaradılan dövlətin paytaxtı müvəqqəti olaraq Gəncə şəhəri elan olunub. ADR və Osmanlı İmperiyasının hərbi ittifaqı və azərbaycanlılarla türklərin birgə yaratdıqları Qafqaz İslam Ordusu Bakıya doğru irəliləməyə başlayıb və bu, erməni-bolşevik qüvvələrinin Bakının və bütünlükdə Xəzər sahilində yerləşən Azərbaycanın ələ keçirilməsi planını pozub. 

1918-ci il iyulun 31-də Bakı Soveti daxilində yaranan fikir ayrılıqları Şaumyanın dəstəsinin səlahiyyətlərindən imtina etməsilə nəticələnib. Bakı Sovetinin məğlubiyyətindən sonra ermənilər Bakını nəzarətlərində saxlamaq işində regiondakı ingilis ordusuna bel bağlayıblar. Antantanın himayədarlığına ümidlə şəhərdə daşnak-eser-menşevik "Mərkəzi Xəzər diktaturası" yaradılıb. Amma onların bu işğalçı planı da baş tutmayıb. 1918-ci il sentyabrın 15-də Azərbaycan-Türkiyə ordusu Bakını azad edib və cəmi 1 gün sonra ADR hökuməti buraya köçüb.

Bununla yanaşı, ADR mövcud olduğu ilk günlərdən Azərbaycanın tarixi torpaqlarında - keçmiş İrəvan xanlığı ərazisində yaradılmış Ermənistan Respublikasının sərt təcavüzü ilə üz-üzə qalıb. Azərbaycanın əzəli torpaqları olmuş Zəngəzuru, Naxçıvanı, Qarabağı işğal edən daşnakların rəhbərlik etdiyi Ermənistan Respublikası yerli azərbaycanlı əhaliyə qarşı kütləvi qətliamlara başlayıb.

1918-ci il dekabrın 10-da "Azərbaycan" qəzeti Andranikin dəstəsinin yol verdiyi cinayətlərdən yazırdı: "Qarabağda ermənilər müsəlman kəndlərini dağıdır... Bu rayonların əhalisinin bir hissəsi hücumlardan xilas olmaq üçün Ordubad rayonuna və İrana qaçıblar. Hazırda bütün küçələr, məscidlər dul arvadlarla, uşaqlarla doludur. Hər gün onların arasında onlarla insan soyuqdan və aclıqdan ölür... Erivandan Şuşayadək 1 milyonluq müsəlmanlıq inləyir, viran edilir, məhv olur...".

Azərbaycan hökuməti ermənilərin cinayətlərinin qarşısını almaq məqsədilə 1919-cu ilin yanvarında Qarabağ general qubernatorluğunu yaradır. Bu posta respublikanın nüfuzlu şəxslərindən olan Xosrov bəy Sultanov təyin olunur. Artıq 1919-cu ilin aprelində Azərbaycan ordusu Andranikin dəstəsini ölkə ərazisindən çıxarmağa nail olur. Lakin 1919-cu ilin sonları, 1920-ci ilin əvvəllərində Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin dinc yolla həllinə dair müqavilənin imzalanmasına baxmayaraq, 10 mindən artıq üzvü olan erməni nizami ordusu Zəngəzur vasitəsilə Qarabağa daxil olur, qarşılarına çıxan bütün Azərbaycan kəndlərini məhv edir. 

Azərbaycanın xarici işlər naziri F. Xoyskinin Zaqafqaziyadakı Müttəfiqlər ordusunun Ali Baş Komandanı, amerikalı polkovnik Uilyam Haskelə 17 yanvar 1920-ci ildə ünvanladığı notada bildirilirdi ki, erməni ordusu Zəngəzurun işğal olunmuş ərazilərində "sistemli şəkildə müsəlman kəndlərinin məhvini davam etdirir, Zəngəzur qəzası müsəlman əhalidən təmizlənir... Mənim hökumətimdə olan məlumata görə, razılaşmadan keçən dövrdə ermənilər Zəngəzur qəzasında 40-dək müsəlman kəndini məhv edib...".

Ermənilərin təcavüzünü önləmək üçün Azərbaycan hökuməti cəbhə xəttinə general-mayor Həbib bəy Səlimovun rəhbərliyilə 20 minlik korpus göndərir. Aprel ayı ərzində Azərbaycan ordusu Qarabağı və Zəngəzuru erməni quldurlarından azad edir. Amma məhz erməni təcavüzü və ADR-in ən yaxşı hazırlıqlı hərbi qüvvələrinin ölkənin qərb bölgəsinə göndərilməsi Sovet Rusiyasının XI Qızıl Ordusunun 1920-ci il aprelin 27-də Azərbaycan sərhədini maneəsiz keçərək Bakı istiqamətində irəliləməsinə imkan verir.

Beləliklə, Ermənistan Respublikasının Azərbaycan Demokartik Respublikasına fövqəldövlətlərin səhlənkarlığı ilə başlatdığı təcavüz Birinci dünya müharibəsinin son aylarında 10 minlərlə azərbaycanlının qətliamı ilə nəticələnib. Bundan başqa, Azərbaycan SSR-in Xalq Təsərrüfatı Şurasının sədri N.İ.Solovyevin 1920-ci ildə V.İ.Leninə ünvanladığı məlumat vərəqəsində deyildiyi kimi, "...Ermənistan Respublikası yaradılan zaman onun ətrafında 250-dən artıq müsəlman kəndi olub. Amma onların hamısı məhv edilib və hazırda orada 1 nəfər də olsun, müsəlman yoxdur".

Bütün bunlar cəzasız müharibənin verdiyi daha bir dərsdir. Bu gün Azərbaycan yenə də 20 ildən artıqdır ki, xarici qüvvələr tərəfindən Birinci dünya müharibəsi illərində bizim tarixi torpaqlarımızda yaradılmış qonşusu tərəfindən təcavüzə məruz qalır. Amma dünya birliyi hələ də baş verənlərdən dərs çıxarmayıb.

 

 

AZƏRBAYCAN HƏMİN MÜHARİBƏNİN BİRBAŞA İŞTİRAKÇISI OLMASA DA, SAVAŞ XALQIMIZIN TALEYİNDƏ CİDDİ ROL OYNAYIB 

 

""Daşnaksütyun"un da 3-4 minlik qüvvəsi bizim xidmətimizdə idi. Onların hadisələrdə iştirakı vətəndaş müharibəsinə müəyyən mənada milli zəmində qətliam xarakteri qazandırdı, amma bundan qaçmaq mümkün deyildi.  Biz buna bilərəkdən getdik…". Stepan Şaumyan



MƏSLƏHƏT GÖR:

702