15 Mart 2025

Şənbə, 00:36

KONFESSİONAL SAVAŞ

Qüdsdə baş vermiş bir məişət münaqişəsi Ermənistanda növbəti antisemitizm dalğasına yol açıb

Müəllif:

01.07.2014

Ermənistanda yeni qaynar xəbər dolaşır. İndi onlar İrəvanda və ya Vanadzorda deyil, Qüdsdə baş vermiş insidenti müzakirə edirlər. Ermənistan KİV-də yer alan çoxsaylı məlumatlardan belə başa düşmək olar ki, Qüdsün mərkəzində, David Qülləsinin yaxınlığında 2 erməni keşişi döyülüb: dyakon Karapet Ayrapetyan və onun atası Şnork. Böyük ehtimalla söhbət sırf məişət hadisəsindən gedir. Məlumata görə, ortodoksal yəhudilər erməni keşişləri onlara irad tutduqları üçün əzişdiriblər. Hadisə Qüdsdə çoxlu sayda insanın iştirakı ilə keçirilən yəhudi bayramı zamanı baş verib. İki "ortodoksal"ın hərəkətləri nədənsə erməni keşişlərin gözünə "yaraşmayan hərəkət" kimi görünüb. Karapet Ayrapetyan onlara irad tutub və nəticədə, özü və atası döyülüb. Qeyd edək ki, insident nəticəsində keşişlər ciddi xəsarət almayıblar.

Bu, İsraildə erməni keşişlərlə  bağlı yaşanan ilk insident deyil. KİV-də mütəmadi olaraq, Bərəkət Alovunun enməsi mərasimi zamanı erməni və Ellada kilsələrinin dindarları arasında baş verən insidentlər haqda məlumatlara rast gəlmək mümkündür. Bu mərasimin əsası hələ türk sultanı tərəfindən qoyulub: mərasim  günü Qüdsün erməni patriarxı məbədin qapılarını açır, amma İsa Peyğəmbərin tabutu yanındakı kiçik kilsəyə - Kukukliyaya artıq yunan patriarx daxil olur. O, bu müqəddəs odla öz çırağını yandırır, daha sonra onun çırağı ilə həmkarları öz şamlarını yandırırlar: efiop, erməni, rus, kop kilsələrinin patriarxları...  İndisə erməni dindarları erməni patriarxının mərasimdə yunan patriarxı ilə bərabər statusda iştirakına nail olmağa çalışırlar. Bunun üçün onlar öz patriarxlarını Kukukliyaya "soxuşdurmaq" istəyirlər. Bununla yanaşı, erməni keşişlərindən tez-tez bu tipli xəbərdarlıq da eşitmək mümkündür: "Biz dava istəmirik, amma lazım olsa, xalqı ayağa qaldıra bilərik".

İndisə Vifleemdəki Milad məbədindən "qaynar xəbərlər" gəlməkdədir.  2011-ci ildə Miladın qeyd olunması ərəfəsində bazilikada aparılan təmizlik işləri zamanı dava düşmüşdü. Səbəb sadə idi: "ərazi bölgüsü".

Əlbəttə ki, asanlıqla başa düşülən versiya var. Xristianların  əsas müqəddəs yerlərində, ilk növbədə, İsraildə və Fələstin ərazilərində tikilmiş əksər kilsələrə bir neçə dinin iyerarxları eyni vaxtda nəzarət edir. Onların hər biri üçün sərhəd müəyyənləşdirilsə də, zaman-zaman onların arasında yeni ərazi ələ keçirmək uğrunda qarşıdurmalar yaşanır. Köhnə Qüdsdə müxtəlif dinlərə aid çox sayda missiyalar, monastırlar və kilsələr var və onların arasında tez-tez "ərazi mübahisələri" düşür. Maraqlıdır ki, belə qalmaqalların əsas iştirakçıları əksər vaxt erməni keşişləri   olur.

Qeyd edək ki, keşişlərin iştirakı ilə baş vermiş dava Ermənistan KİV-də kilsə adətlərinə dair diskussiyalar əvəzinə, əməlli-başlı... antisemitizm əhval-ruhiyyəsi qaldırıb. Əvvəlcə Qüdsün baş keşişi Aris Şirvanyan News.am saytının müxbiri ilə söhbətində deyib: "Polis insident haqda məlumatlı olsa da, heç kəsi saxlamayıb. Belə insidentlər nadir hadisə deyil. Bu, yəhudilərin ermənilərə deyil, bizim dinimizə münasibətidir". 

"Noyan Tapan" erməni Mədəniyyət və Təhsil Mərkəzinin press-attaşesi Mendel Korsunskinin bəyanatı isə daha təxribatçı olub: "Elə il olmur ki, erməni keşişlərinə və ya seminaristlərinə qarşı bu cür insident yaşanmasın. Əgər İsrailin başı ümumdünya antisemitizmilə mübarizəyə çox qarışdığından ölkədə başqa xalqların da yaşadığını unudubsa, Ermənistan Xarici İşlər Nazirliyinin ona bunu xatırlatmasının vaxtıdır".

Korsunskinin ifadə etdiyi "ümumdünya antisemitizmi ilə mübarizə"nin Ermənistanı nədən bu qədər narahat etdiyi məlumdur. İrəvanda guya "soyqırımı" yaşamış ermənilərin Holokost faciəsini hamıdan yaxşı anladıqlarını söyləməyə vərdiş ediblər. Amma reallıqda Ermənistanda antisemitizm kifayət qədər geniş yayılıb. Ermənistanın hökumətpərəst KİV-i tez-tez tarixdə ən tanınmış saxta antisemit sənədi sayılan "Sion müdriklərinin protokolları"na istinad edə, qondarma "erməni soyqırımı"na görə məsuliyyət daşıyan "gənc türklər"də yəhudi kökləri axtara bilərlər. Yenə həmin Ermənistanda "naməlum şəxslər" Holokost qurbanlarının xatirəsinə qoyulmuş memorial lövhəsinin və icmanın lövhəsinin üzərindəki svastikanı rəngləyib, erməni gəncliyi arasında Roman Yepiskoposyanın "Milli sistemlər" kitabındakı antisemit fikirləri geniş yayılıb, "Daşnaksütyun"un gəncləri isə "etiraz aksiyaları"nda türk bayraqlarını yandırır və onun küncündə David ulduzu çəkirlər... Ermənistanda İkinci dünya müharibəsi zamanı Hitlerlə açıq əməkdaşlıq etmiş, SS Erməni legionuna başçısı Dro (Drastamat Kananyan) və Qaregin Njdenin ətrafında əsl kult yaradılıb. O, Krımda yəhudilərə, qaraçılara və karaimlərə divan tutması ilə "məşhurdur". Bu gün isə Ermənistanın gənclər və idman nazirinin müavini postunu nasistpərəstliyini gizlətməyən Xaçik Asryan  tutur.

Məlumatlı analitiklər 70-ci illərdə əksər erməni terrorçuların bu yola fələstinli qruplaşmaların tərkibində "fəaliyyətə" başladıqlarını xatırladırlar. Arxiv materialları isə göstərir ki, ASALA-nın yaradıcısı olmuş Akop Akopyan 1972-ci ildə Münhendə israilli idmançılara divan tutulması prosesində iştirak edib. O zaman Akopyan "Qara sentyabr" qruplaşmasında yer alırmış.

Bütün bu məqamları nəzərə alsaq, iki keşişlə bağlı adi məişət insidentinin Ermənistanda növbəti antisemitizm dalğasına yol açmasının səbəbi aydın olur. Bunun başında isə kilsə iyerarxiyası dayanır.



MƏSLƏHƏT GÖR:

461