14 Mart 2025

Cümə, 16:20

DÜNYA FUTBOLUNUN YENİ ARENASI

FİFA U-17 çempionatından sonra, Azərbaycan daha irimiqyaslı futbol yarışları keçirə bilər

Müəllif:

01.10.2012

Bədii gimnastika, güləş, boks, indi isə artıq dünya futbolu da ən mötəbər beynəlxalq yarışları yüksək səviyyədə keçirmək üçün yeni arena kəşf etdi. 

17 yaşadək qadınlar arasında dünya çempionatı Azərbaycanın ev sahibliyi etdiyi ilk beynəlxalq futbol yarışıdır. Çempionatın Azərbaycanda keçirilməsi barədə hələ 2010-cu ildə qəbul edilmişdi. Bu, Azərbaycanda keçirilən ilk FİFA tədbiridir və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatıdır. Ümumiyyətlə isə bu dünya çempionatı üçüncü dəfədir ki, keçirilir. 

Çempionatda Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa, Almaniya və ev sahibi Azərbaycanın milli komandaları birincilik uğrunda mübarizə aparır. Oyunlar paytaxt Bakı ilə yanaşı, Lənkəran şəhərində də keçirilir. Çempionat üçün altı stadion ayrılıb. Bunlardan beşi Bakıda, biri isə Lənkəranda yerləşir.

Azərbaycanın yarışı yüksək səviyyədə keçirməsini FİFA prezidenti Yozef Blatter söylədi. Onun sözlərinə görə, bu turnirdən sonra Azərbaycan futbol üzrə digər yarışlara da təşkilatçılıq edə bilər. FİFA rəhbəri Yozef Blatter Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birlikdə çempionatın açılışında iştirak etdi. Finalda isə UEFA prezidenti Mişel Platini Bakıya təşrif buyuracaq. 

17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatının açılış mərasimi televiziya ilə eyni zamanda 125 ölkəyə canlı yayımlandı. Çempionatın açılış mərasimində dünya şöhrətli Cirque du Solei” sirki xüsusi olaraq bu mundial üçün hazırladığı proqramla çıxış etdi. Dünya şöhrətli müğənni Cenifer Lopezin Bakı arenasında çoxdan gözlənilən ifası isə azarkeşlərin bayram əhval-ruhiyyəsini daha da artırdı. Digər pol ulduz Şakiranın isə çempionatı bağlayacağı gözlənilir. 

Azərbaycanyığmasına gəldikdə isə, ilk dəfə dünya çempionatında çıxış edən qızlarımızın buna hazır olması barədə deyilənlər doğruldu. Millimiz "A" qrupunda Kolumbiya, Kanada və Nigeriya yığmaları ilə yarışda azarkeşləri böyük hesablı məğlubiyyətlə məyus etdi. Açılış görüşündə Kolumbiyaya 0:4 hesabıyla uduzan Sisi Raytın komandası Nigeriya ilə görüşdə şok yaşadı. Ilk 45 dəqiqədə qapısında 7 qol görən xanım futbolçularımız matçı 0:11 hesablı məğlubiyyətlə başa vurdu. Doğma meydanda belə hesabla uduzmaq azarkeşlərin ürəyincə ola bilməzdi. Əlbəttə alman məşqçi Sisi Raytın bu komandanı cəmi 2 ilə yaratdığını da unutmaq olmaz. 

Azərbaycan çempionatının olmadığını yada salsaq, 17 yaşadək qızların niyə bu səviyyədə oynamasına izah taparıq. Futbolçularımız çempionat oyunlarında təcrübə toplamaq əvəzinə xaricdə təlim-məşq toplanışı keçməklə kifayətlənir. Üstəlik, qadın futbolu Azərbaycanda o qədər də populyar  deyil. Lakin mütəxəssislərin fikrincə, FİFA U-17 çempionatının burada keçirilməsi, ölkədə qadın futboluna marağı artırmalıdır. 

Bu yarışın təşkili həm də ölkədə idman infrastrukturunun təkmilləşdirilməsi üçün əlavə stimul olacaq. Dünya çempionatı üçün ayrılan stadionlardan ikisi yeni istifadəyə verilmişdi. Bu göstərir ki, ölkə yaxın gələcəkdə daha böyük və mötəbər yarışların təşkilini öz üzərinə götürə bilər. Artıq 2016-cı ildə 17 yaşadək oğlanların Avropa çempionatının Bakıda keçiriləcəyi dəqiqləşib. Indi ölkəmiz Gürcüstanla birlikdə Avro-2020 layihəsini reallaşdırmaq arzusundadır. UEFA bu istəyimizə müsbət cavab verməsə Azərbaycan Türkiyə ilə birlikdə 2026-cı ildə dünya çempionatını keçirmək iddiasındadır.

Hələlik isə FİFA U-17 çempionatı davam edir. Buraxılışımız çapa hazırlanarkən üç komanda pley-off mərhələsinə çıxmaq şanslarını artıq itirmişdi. Bu, Azərbaycan, Qambiya və Uruqvay yığmalarıdır.


MƏSLƏHƏT GÖR:

371