24 Noyabr 2024

Bazar, 11:47

ÖZ HƏYATININ VƏKİLİ OLMAQ

Biz niyə hüquqlarımızı tələb etməyə qorxuruq, bu tilsim dairəsindən çıxmaq üçün nə etməliyik?

Müəllif:

01.10.2012

Supermarketdə dörd kassa aparatı qoyulub, amma biri işləyir və onun ətrafında alıcıların uzun növbəsi yaranıb. Buna baxmayaraq, hətta həddindən tələsən insanlar belə susmaqda davam edirlər. Yetərincə tez-tez gördüyümüz mənzərədir, elə deyilmi? Bizə yararsız mal satanda da, hətta yarlıqda bir qiymət, kassa qəbzində isə daha başqa bir yüksək qiymət olduğunu görəndə də susmaqda davam edirik.  Sürücü 100% əmindir ki, yol hərəkəti qaydasını pozduğuna görə cəriməni ödəyib, ancaq yol nəqliyyat xidmətinin işçisi tam əksini sübut edir. Bütün problem ondadır ki, bank sistemində tutulma olub, sürücü isə ödəniş haqqında qəbzi saxlamayıb. Amma saxlamaq lazım idi. Evdə nə gündüz, nə də gecə artıq bir neçə aydır ki, təmir işləri aparan qonşuların əlindən rahatlıq yoxdur. Bizim hər birimiz belə bir durumla qarşılaşa bilər. Bəs sonra? Öz hüquqlarımızı tələb etməyi bacarırıqmı?  Qanunla nəyə haqqımız çatdığını bilirikmi? Münaqişə durumlarında özümüzü necə aparmaqdan xəbərimiz varmı? Həddini aşan məmurun çəmini necə tuta bilərik? Axı biz öz hüquqlarımızı niyə tələb etmək istəmirik? 

Çox vaxt öz hüquqlarımızı tələb etmək istəmədiyimizə görə günah tamamilə bizim boynumuza düşür. Məsələn, niyə biz başlanğıc üçün kassa aparatlarında yaradılmış süni növbələrdə gözləmək əvəzinə,  supermarketlərin müdiriyyətlərinə müraciət etməyi öyrənmirik? Ən nəhayət, özünə az-çox hörmət edən ticarət obyektlərində şikayət və təkliflər kitabı olmalıdır. Yox, bu məsələ sovet keçmişinin qalığı deyil, düzdür, bu mexanizm onda da elə güclü işləmirdi. Yəni olmalıdır. Əgər yoxdursa, istənilən sanballı supermarketdə menecerlər var və onlara müraciət edən zaman bu cür məsələlər sürətlə nizamlanmalıdır. Heç kimin alıcının vaxtını almağa haqqı yoxdur və bütün supermarketlərin rəhbərlikləri başqalarının vaxtına hörmət etməyi özləri üçün qayda kimi müəyyən etməlidirlər, "İstənilən halda alacaqlar" prinsipini rəhbər tutmalı deyilik. Biz öz hüquqlarımızın istənilən cür pozulması zamanı, o cümlədən qiymətlərin fərqləndiyini görəndə də ticarət obyektlərinin rəhbərliyinə müraciət etməliyik. Ticarət və xidmət obyektlərinin rəhbərləri artıq alışmalıdırlar ki, alıcılar, necə deyərlər, hərf deyillər və onları aldatmaq cəhdləri heç də həmişə uğur gətirmir. Bu cür vəziyyətin olması yalnız biz istehlakçılardan asılıdır. 

Evdə diqqətlə baxan zaman yararsız olduğunu aşkarladığınız malı qaytarmaq istəyindən, demək olar ki, utanmağa dəyməz. Bir sıra mağazalarda qanun əleyhinə yazılmış "Alınan mal geri qaytarılmır!" sözlərinə diqqət yetirməyin. Nəzərə alın ki, "İstehlakçı hüquqları haqqında" qanuna görə, biz alt paltarı istisna olunmaqla, istənilən mağazadan alınmış malı qəbzin vurulduğu 14 gün ərzində geri qaytara bilərik. Yeri gəlmişkən, malı alan zaman qəbzi götürüb-saxlamağı adətə çevirin. Malı qaytarmaq imkanı bizim hüququmuzdur və Azərbaycan qanunvericiliyinin tələblərinə əməl etmək lazımdır. Mağaza rəhbərliyi yararsız malı ya dəyişməli, ya da geri götürməlidir. Mal hansısa səbəb üzündən xoşunuza gəlmədikdə də bunu edə bilərsiniz. 

Yenə təkrar edirik: öz hüquqlarınızı müdafiə etmək istəyindən utanmaq lazım deyil. Yeri gəlmişkən, əgər mağazanın müdiriyyəti bunun əleyhinə gedəcəksə, yadda salmaq lazımdır ki, geri qaytarılan malı götürmək istəməyən satıcılar İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə görə 500-1000 manat arasında cərimələnə bilərlər. Bundan əlavə, öz hüquqlarının pozulması ilə rastlaşan istehlakçılar həm də  İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin aşağıdakı əlaqə nömrələrinə - (012) 498-15-01 və (012) 498-15-04 zəng edə bilərlər. Əlbəttə, biz başa üşürük ki, müəyyən mərhələdə öz maraqlarının müdafiə edilməsi tam yetərli  olmur. Buna görə də kənardan da nəzarət lazımdır. 

Biz nə vaxt ki öz hüquqlarımızın təmin edilməsini tələb etmirik, deməli, özümüzü hüquqsuz insan yerinə qoyuruq. Əgər işə götürən öz işçisi ilə əmək müqaviləsi bağlamırsa, hər şeydən öncə qanunu o pozur. Hazırda isə, demək olar ki, hər yerdə işəgötürənin işçiyə gördüyü iş müqabilində ya cüzi məbləğ ödəməsi, ya da ki xəbərdarlıq etmədən işdən çıxarması geniş yayılıb, halbuki xəbərdarlıq işdən çıxarmazdan iki ay əvvəl edilməlidir, həmçinin işəgötürən işçini təhlükəsiz əmək şəraiti ilə təmin etmir. Bizim günlərdə elə hallar olmamalıdır ki, rəis ofis süpürgəçisinin pulunu hər ay $50 məbləğində kompüterin altına qoyduğu halda, birdən bunu etməyi dayandırır. O isə üç ay bundan sonra da işini davam edir və xəstə qızını güclə yola verərək, birtəhər dolanır və ümid edir ki, rəis, nəhayət onun pullarını da xatırlayacaq. Nəhayət, o, bütün özünəəminliyini toplayaraq, cəsarətlənib ona çatacaq qəpik-quruşu soruşanda isə rəis deyir ki, mütəmadi olaraq onun maaşını qoyub, özü də hər ay $100. 

Süpürgəçinin əllərini yelləyərək, insanın əclaflığına və vicdansızlığına heyrət etməkdən, əliboş evinə dönməkdən  başqa əlacı qalmır. Qadının başına nə iş gələcəyini təsəvvür etmək çətin deyil. Nə qədər ki yoluna təmiz və qanunla işləyən işəgötürən çıxmırsa, o, həmişə də hüquqlarının pozulması ilə rastlaşacaq. Eyni zamanda, bu cür qanun pozuntuları ilə rastlaşan vətəndaş, sadəcə, əmək müqaviləsinin bağlanmasını tələb etməlidir. Yox!? Onda Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilər, bu qurum mütəmadi olaraq reydlər keçirir və müvafiq qeydiyyat olmadan əmək istismarı faktlarını  ortaya çıxarır. İşçiyə düşən əməkhaqqını, məzuniyyəti və s.-i müəyyən edən əmək müqaviləsinin bağlanması işəgötürənin borcudur. 

Əmək müqaviləsinin olmaması işəgötürənə özünü işçi ilə bağlı onun səbri tükənib müvafiq instansiyalara müraciət edənə qədər rahat hiss etməsinə imkan verir. Yeri gəlmişkən, müvafiq qanunvericiliyə görə, işəgötürəni buna görə yetərincə böyük məbləğdə cərimə edə bilərlər. Hüquqi şəxslər üçün cərimə məbləği 20 min manat, fiziki şəxslər üçün isə 3 min manatdan 5 min manata kimi dəyişə bilər. Bu, illik dövriyyəsi bəzən heç 20 min manatı keçməyən işəgötürən üçün yetərincə böyük məbləğdir. Qanunu pozaraq vergidən yayınmaqdansa, işə götürən yaxşısı budur, ən azı, 200 dəfə düşünsün. 

Yenə təkrar edirik: öz hüquqlarının müdafiə edilməsi həyatımızın bütün sahələrində bizə çox şey qazandırar, çünki belə pozuntularla çox tez-tez rastlaşırıq. Psixoloqların fikrincə, bu cür davranışın izahı onunla bağlıdır ki, keçmiş uğursuzluqlarımız bizi aciz edir. 

Biz əmin olanda ki səylərimiz hədər gedəcək, o zaman passivləşirik. Amerika psixoloqu Martin Seliqman bu cür davranış üslubunu "öyrədilmiş yardımsızlıq" adlandırır: keçmiş uğursuzluqlar bizi iflic edir. Yenidən uduzmaq qorxusu və özünə yazığı gəlmək hissi sağlam məntiqdən üstün olur. Bizdən ötrü özümüzə yazığımız gəlmək, ədalətə nail olmaqdan daha ləzzətlidir. 

Amma bu hala qalib gəlmək olar və  qanunla haqqımız olanları tələb etməliyik. Əgər qonşular səs-küy salırsa, biz İnzibati Xətalar Məcələlsinin 306-cı maddəsinə əsaslanmalyıq. Orada deyilir: "Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə - xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə edilir".

Fakt üzrə isə "102" xidmətinə müraciət etmək olar və bu zaman hansısa vicdan əzabı çəkməyə və ya utanmağa ehtiyac yoxdur. Yol cərimələrinin, kommunal xidmətlərin ödəniş qəbzlərini, alqı-satqı qəbzlərini  və s. saxlayın ki, bu və ya başqa hərəkətin edilməsi ilə bağlı əlinizdə şəksiz dəlilləriniz olsun. Öz vəzifəsindən sui-istifadə edən və görülən işlərə görə "əllərini qızdırmağı" tələb edən məmurlardan da şikayət edin. Axı biz bu cür tələblərə əməl edərək və "gizli əmək haqqı"na alışaraq, hətta ən vicdanlı niyyəti olan işçini də korlaya bilərik. Beləliklə, əgər biz vətəndaş cəmiyyətində yaşamaq istəyiriksə, onda öz hüquqlarımızı tələb etməklə, onun halqalarından birinə çevrilə bilərik. Yaxşıdır ki, bu gün bütün nazirliklərdə "qaynar xətlər" fəaliyyət göstərir və lazım olanda onların vasitəsilə həmişə hər şeyi öyrənmək olar. Hətta siz müraciətinizdən sonra durumun yaxşıya doğru dəyişməyəcəyinə əmin olsanız belə, müraciət etmək lazımdır. Özümüz dəyişərək, ətrafımızdakı dünyanı dəyişirik. Yəni su çox damcılayanda daşı da deşir! Biz məhkəmə qanunvericiliyinin olduğu bir ölkədə yaşayırıq və bunu həmişə yadımızda saxlamalıyıq. 


MƏSLƏHƏT GÖR:

352