25 Noyabr 2024

Bazar ertəsi, 15:38

ACLIĞA QARŞI GÜBRƏ

Azərbaycan karbamid istehsalı üzrə liderlərdən biri olacaq

Müəllif:

01.10.2012

Tezliklə Azərbaycan azot gübrələri istehsalı üzrə postsovet məkanında aparıcı istehsalçılar sırasına çıxa bilər. Dövlət Neft Şirkətinin (SOCAR) təşəbbüsü ilə bizim ölkədə və qonşu Gürcüstanda karbamid istehsalı üzrə iki zavod istifadəyə veriləcək.  Cari ilin sentyabr ayında SOCAR-ın təşəbbüsü ilə Qara dənizdəki Poti limanı yaxınlığında bu zavodlardan birinin bünövrəsinin qoyulması mərasimi keçirilib. Daha bir yerli şirkət - "AzMeCo" da kənd təsərrüfatı üçün vacib olan bu gübrənin istehsalını qurmaqdadır. 

 

Aclığa qarşı karbamidlər 

BMT ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) məlumatına  görə, planet üzrə aclıq keçirən insanların sayı, demək olar ki, bir milyarda çatıb. Beynəlxalq ekspertlərin fikrincə, inkişaf etməkdə olan ölkələrdə ərzaq məhsulları istehsalı həcmlərinin azalması əsasən torpaqların məhsuldarlığının azalması, aqrotexniki mədəniyyətin səviyyəsinin aşağı olması və əlbəttə, ildən-ilə bahalaşan mineral gübrə çatışmazlığı ilə bağlıdır. O cümlədən, qeyri-üzvi gübrələrin istifadəsi ənənəvi olaraq yüksək olan Avropa Birliyi (AB) ölkələrində onların istifadəsi iyirmi-otuz ildən sonra, ən azı, 20% artacaq. Əhalinin artım sürəti, uyğun olaraq, ərzağa tələbatı  xeyli yüksək olan inkişaf etməkdəki  ölkələrdə isə müqayisə olunan müddətdə buna ehtiyac 1,5 dəfə artacaq. 

Elə həmin FAO ekspertlərinin sözlərinə görə, ekoloji təsərrüfat üsullarının geniş yayılmasına, Avropa və Şimali Amerika fermerlərinin bir hissəsinin üzvi gübrələrə keçməsinə baxmayaraq, xərclərin nisbətən aşağı səviyyəsində yüksək məhsuldarlığı yalnız bioloji üsullarla təmin etmək mümkün olmur. Buna görə də yaxın on illər ərzində qlobal ərzaq təhlükəsizliyinin əsas meyli zamanın sınağından çıxmış qeyri-üzvi kimya məhsullarının, özəlliklə də azot gübrələrinin istehsalının artırılması olacaq. 

Qeyri-üzvi gübrələrə qlobal tələbatın artması meyli iri mineral xammal ehtiyatlarına malik və kimya sənayesində böyük təcrübəsi olan Azərbaycanda da diqqəti cəlb edib. Daha çox tələb olan azot gübrələri istehsalının ölkədə təşkil edilməsi ideyası hökumət səviyyəsində artıq bir neçə ildir müzakirə edilir. Bu, təsadüfi deyil, çünki Azərbaycanın daxili bazarının yalnız azot gübrələrinə olan illik tələbatı  250 min tondan çoxdur. Ancaq yerli istehsalçıların istifadə etdiyi mineral xammalın həcmləri nəzərəçarpacaq dərəcədə aşağıdır. Belə ki, kənd təsərrüfatı istehsalçılarına dotasiya verilməsinə başlandığı 2007-ci ildən bu yana Azərbaycanın fermer təsərrüfatlarına 294,7 min ton gübrə satılıb. Hətta özəl şirkətlərin təşəbbüsü ilə satılan mineral gübrələr də nəzərə alınmaqla ölkə fermerlərinin istifadə etdiyi gübrələrin illik həcmi aqrotexniki normalar tərəfindən tələb edilən miqdarın üçdəbirini təşkil edir. 

Bizim ölkənin kənd təsərrüfatında ən çox tələb olunan mineral xammal azot gübrəsi sayılır. Onun istehsalının Azərbaycanda təşkili bu gübrələrin ucuzlaşmasına və fermerlər tərəfindən istifadəsinin nəzərəçarpacaq dərəcədə artırılmasına səbəb ola bilər. Bazarın bu seqmentini mənimsəməyə ilk dəfə Azərbaycanın "Azerbaijan Methanol Company" (AzMeCo) şirkəti başlayıb. Şirkət 2009-cu ildə Qaradağ rayonunda qaz-kimya kompleksinin tikintisinə başlayıb və orada ildə 720 min tona yaxın metanol istehsal etməyi planlaşdırır. "AzMeCo"nun qaz-kimya kompleksinin ümumi dəyəri, təxminən, $1 mlrd olacaq. Kompleksin ikinci və üçüncü növbələrini işə saldıqdan sonra, şirkət ildə 300-400 min ton azot gübrəsi -  karbamid və amonyak selitrası, formaldehid istehsalına başlayacaq. Sonra metanol və karbamiddən sirkə turşusu, DME və melamin istehsal ediləcək. "AzMeCo"nun gələcək məhsullarının böyük hissəsi ixrac üçün nəzərdə tutulub, özü də yalnız MDB və Avropa bazarlarına deyil, həm də Asiya və Şimali Amerikaya da mal göndəriləcək. 

FAO-nun araşdırmasına görə, karbamid ən geniş yayılmış, səmərəli və nisbətən təhlükəsiz azod gübrəsidir. Karbamid istifadəsi zamanı müşahidə edilən aşağı maya dəyəri və yüksək məhsuldarlıq bu məhsula sabit tələbatı təmin edir ki, nəticədə bu gün dünya üzrə işlədilən mineral gübrələrin üçdəbirini məhz karbamid təşkil edir. Dünya bazarının, demək olar ki, hər yerində - Avropa, Asiya və Amerika ölkələrində karbamid istehsalı və satışı gerçəkləşdirilir. Bu məhsulun dünya üzrə ən iri istehsalçıları olan ABŞ, Çin və Hindistan ixrac proqramlarına cüzi səviyyədə qatırlar, çünki demək olar ki, istehsal etdikləri bütün xammalı özləri işlədirlər. Belə durum inkişaf etməkdə olan bazarları yeni karbamid gücləri istifadəyə verməyə yönəldib. Yalnız son beş il ərzində dünyada 20 yeni zavod tikilib. Ancaq bu mineral məhsula tələbat hələ də yetərincə böyükdür və gözlənilir ki, 2014-cü ilə kimi dünya üzrə karbamid istehsalı 2009-cu illə müqayisədə 30% artacaq və 222 mln tona çatacaq. 

 

"SOCAR"ın töhfəsi 

Dünya karbamid istehsalı sahəsinə öz töhfəsini Azərbaycanın Dövlət Neft Şirkəti də verməyə hazırlaşır. "SOCAR"ın təşəbbüsü ilə keçən ilin dekabr ayında Sumqayıtda "Azərkimya" İstehsalat Birliyinin 24 hektar ərazisində karbamid zavodunun bünövrəsi qoyulub. Müəssisə 2008-2015-ci illər üzrə əhalinin ərzaqla etibarlı təminatı Dövlət Proqramı çərçivəsində tikilir, zavodun istismara açılması isə 2014-cü ilin sonuna nəzərdə tutulub. Müəssisə üç hissədən - ammonyak, maye və əmtəə dənəvər karbamid istehsalı sahələrindən ibarət olacaq. Zavodun istehsal gücü sutka ərzində 1200 ton amonyak və  2000 ton karbamiddir. Əsas xammal kimi isə təbii qaz istifadə ediləcək. Bu ilin əvvəlindən "Neftqaztikinti" trestinin mütəxəssisləri torpaq hazırlıq işləri görürlər və gələcək Sumqayıt Karbamid Zavodunun meydançasında infrastruktur formalaşdırırlar. 

Bu il sentyabrın 18-də isə "SOCAR"ın mineral gübrə istehsalı üzrə daha bir layihəsi də başlayıb: bu dəfə karbamid zavodu Gürcüstanın Qara dəniz sahilində, Poti şəhərindən 4-5 kilometr şimalda yerləşəcək. Təntənəli mərasimə qatılmış Gürcüstan prezidenti Mixail Saakaşvili və "SOCAR"ın başçısı Rövnəq Abdullayev Kulevi azad iqtisadi zonasında ildə 660 min ton məhsul istehsal etməyə qadir olan karbamid zavodunun bünövrəsini qoydular. "Tikintisi 2016-cı ildə başa çatacaq karbamid zavodu azad iqtisadi zonada fəaliyyət göstərəcək. Bu yaxınlarda Gürcüstan hökuməti müvafiq qərar verib. Özü də Sumqayıt və Gürcüstan zavodlarının layihələşdirilməsi və tikintisi eyni vaxtda aparılacaq ki, bu da bizə podratçı xərclərinə nəzərəçarpacaq dərəcədə qənaət etməyə və məhsulun maya dəyərini aşağı salmağa  imkan verəcək", - deyə "SOCAR" başçısı Rövnəq Abdullayev bildirib. 

İki zavodun tikintisinə toplam xərclər birlikdə təxminən $1 mlrd səviyyəsində qiymətləndirilir. "SOCAR"ın hesablamalarına görə, bu cür iri məbləğ sazişə ciddi şirkətlərin maraq göstərməsinə, vahid baş podratçı cəlb etməyə imkan yaradır ki, bununla da layihənin gerçəkləşdirilməsi üçün maksimum mümkün endirim əldə etməyə imkan yaranacaq. Əgər Sumqayıtdakı karbamid zavodu dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşəcəksə (bu  məqsədlə artıq 160 mln manat ayrılıb), Gürcüstandakı analoji müəssisənin  isə əsas iştirakçısı böyük ehtimalla "SOCAR" olacaq sərmayəçilər qrupunun vəsaitləri hesabına tikiləcək.

 

Beləliklə, bir neçə ildən sonra Dövlət Neft Şirkətinin  və "AzMeCo"-nun təşəbbüsü ilə yaradılan müəssisələr ildə 1,6 mln ton azot gübrələri istehsal edəcək ki, bizim ölkə bu göstərici üzrə Rusiya və Qazaxıstandan sonra MDB üzrə üçüncü yerə çıxa bilər. Karbamidə daxili tələbatın az olduğunu nəzərə alsaq, Azərbaycan məhsullarının, təxminən, 80-90%-i ixraca yönəldiləcək. Ekspert qiymətləndirmələrinə görə, karbamidin yüksək məhsuldarlığı, ekoloji cəhətdən əlverişliliyi və nisbətən ziyansızlığı azot gübrələrinin bu növünə dünya üzrə tələbatı artıq gələn ildən  174,6 mln tona çatdıracaq və daim artmaqda da davam edəcək. 



MƏSLƏHƏT GÖR:

684