Müəllif: Vəfa HÜSEYNQIZI Bakı
Avropa yavaş-yavaş, amma geridönmədən resessiyaya yuvarlanır: avrozonada iqtisadiyyatın inkişaf perspektivləri sərmayəçilərdə getdikcə daha çox pessimizmə səbəb olur. "Reuters"in məlumatına görə, avqustda işgüzar və istehlak etibarının məcmu indeksi son üç il üzrə ən aşağı nöqtəyə düşüb. Köhnə Dünyada iqtisadi durumun getdikcə yaxşılaşacağına dair ümidlər növbəti dəfə puç oldu. Məcmu etibar indeksinin, avrozona ölkələri iqtisadiyyatının yaxşı vaxtlarını gözləmək mövqeyini tutan, amma artıq böhran faktını nəzərə alan investorları da anlamaq çətin deyil. Bütün səylərə baxmayaraq, həlledilməz problemlər - borc böhranı və resessiya bazar oyunçularının əhvalına təsir göstərir.
"Yunan zalında..."
"Biz yalnız kənar ölkələri deyil, həm də lider ölkələri bürümüş faktiki resessiya durumunda olanda, əlbəttə, həm biznesin, həm də istehlakçının əhvalı pisləşir. Buna görə də mənim fikrimcə, səbəb aydındır: əhvalın pisləşməsi ilk öncə iqtisadiyyatın durumundan asılıdır", - deyə rusiyalı ekspert Kirill Tremasov bildirir.
Ancaq geriləmənin səbəbi kimi yalnız bu sadalanan amilləri saymaq doğru olmazdı. Avropadakı durumu qiymətləndirən investorlar heç də optimist mənzərə müşahidə etmirlər: hökumətlər Avropa iqtisadiyyatının stimullaşdırılması üzrə yeni tədbirlər tətbiq edə bilmirlər, bu da dövlətin yüksək borc yükü ilə resessiyaya sürüklənməsinə gətirir.
Hazırda Avropa maliyyə qurumlarının bütün səyləri Yunanıstandakı böhranın qarşısının alınmasına yönəlib. Sentyabrın 11-də Avropa Komissiyası, Avropa Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstana dövlət borcunun azaldılması üçün 11,5 mlrd avro ayrılması üzrə planı təsdiq etməkdən imtina ediblər. Daha öncə isə "Financial Times" qəzeti yazmışdı ki, Yunanıstan dövlət borcu ilə bağlı durumu sabitləşdirmək və milli iqtisadiyyatın artımını bərpa etmək üçün Avropa Birliyi (AB) tərəfindən yardım proqramının daha iki il uzadılmasına çalışır.
Beləliklə, "üçlük" qitənin ən problemli ölkəsinin hökuməti tərəfindən nəzarət edilən sahələrdə daha sərt tədbirlər qəbul etməyi tələb edir. BVF təmsilçisi Pol Tomsen bildirir ki, yunan proqramı bəyənilmək üçün "hələ çox yol getməlidir". Avropa maliyyə institutları Yunanınstanın lazımi inzibati islahatlar aparmaq barədə verdiyi vədləri yerinə yetirmədiyini də unutmayıblar. Ekspertlərin fikrincə, Afina tərəfindən təklif edilən - içərisində özəlləşdirmə və vergilərin artırılması da yer alan tədbirlər arzuolunan nəticələrə gətirməyəcək. Almaniya maliyyə naziri Volfqanq Şoyblenin sözlərinə görə, AB-nin Yunanıstana maliyyə yardımı göstərmək üzrə imkanları da tükənməz deyil. "Dibsiz quyuya pul atmaq məsuliyyətsiz işdir. Yunanıstana yardımın da həddi var, biz daha bir proqram gerçəkləşdirə bilmərik", - deyə o vurğulayıb.
Bəllidir ki, Afina maliyyə yardımını 2010-cu ilin may ayından alır. Onda Yunanıstan hakimiyyəti ölkənin 300 mlrd avroya bərabər olan dövlət borcunu ödəməyə vəsaiti olmadığını boynuna alaraq, AB və BVF-yə müraciət etmişdi. Bu müddət ərzində ölkəyə uyğun olaraq 110 mlrd avro və 140 mlrd avro məbləğində iki kredit tranşı verilib. Tərəfdaşlarının bu cür güclü yardımına baxmayaraq, Yunanıstan ölkədə durumu düzəldə bilmədi. Hazırda Antonis Samaras hökuməti 31 mlrd avro istəyir. Əgər yardımdan imtina edilərsə, Yunanıstan defolt elan etməyə və avrozonandan getməyə məcbur olacaq.
Borc böhranı avrozonanın daha iki ölkəsini - İspaniya və İtaliyanı da təhdid edir. Ancaq Yunanıstanın acı təcrübəsini öyrənmiş bu ölkələr məsələni kredit yolu ilə həll etməyə qərar vermirlər. İtaliya maliyyə naziri bildirib ki, nə qədər ki, borcların yeni sıçrayışı baş verməyib, onun ölkəsi xarici yardımsız keçinməyə cəhd edəcək. İspaniyaya gəldikdə isə, söhbət gəzir ki, avrozonanın dördüncü iqtisadiyyatı ilk öncə öz banklarının xilası üçün yardım istəməyə məcbur olacaq. Mariano Rahoy hökumətinin durumu sabitləşdirməsi üçün nə qədər pula ehtiyac duyması hələ dəqiq bəlli deyil. "Euronews"un məlumatına görə, mətbuata informasiya sızıb ki, Madrid tərəfindən dəvət edilmiş müstəqil auditorlar bankların əlavə olaraq 60 mlrd avro səviyyəsində kapitala ehtiyacı olduğunu müəyyən ediblər.
İki yol ayrıcında
Avrozonanın kənarlarında başlanmış borc böhranı getdikcə öz sərhədlərini genişləndirərək, AB daxilində çox sayda problemləri üzə çıxardı. Əgər böhranı təhlil edərək səbəblərini ortaya çıxarmaq müəyyən mənada asandırsa, ümumiyyətlə avrozonanın bu böhrandan necə yaxa qurtaracağını söyləmək isə çox çətindir. Bu gün ittifaq iqtisadiyyatı ideyasında ciddi yanlışlıqların olması göz qabağındadır. Məsələn, vahid valyuta tətbiq ediləndə, birincisi, Avropa ölkələrinin inkişafca fərqli və ikincisi, tarixi baxımdan da qeyri-bərabər olması faktına məhəl qoyulmamışdı. Birləşmənin ilkin mərhələsində iqtisadi mexanizmlər və insanların rifahı da fərqlənirdi. Avropanın vahid valyutasının yaradılması ideyasının hətta ən qatı tərəfdarları indi etiraf edirlər ki, avrozona düzgün qurulmayıb, onun işindəki xətalar, hətta tənqidə belə sığmır. Məsələn, Fransanın keçmiş prezidenti Nikola Sarkozi bəyan edib ki, 2001-ci ildə Yunanınstanın avrozonaya birləşdirilməsi səhv idi.
İndiki hadisələrin fonunda Avropa Birliyini nə gözləyir? Bir variantda bütün proqnozlaşdırılan və proqnozlaşdırılmayan sonuclarla birlikdə avronun tam iflası gözlənilir. İkinci yol isə suverenliklərin əvəzində məhdudiyyətsiz maliyyələşməyə aparır. Hazırda Avropa hökumətləri müstəqilliklə daha yuxarı hökumətə tabe olmaq arasında seçim etməlidirlər.
Amma etiraf etmək lazımdır ki, bütün indiki böhran ərzində Avropa liderləri məsələnin bu cür qoyulmasından qaçıblar. Rəsmi səviyyədə avrozonanın dağılması gündəlikdə durmur. Avropa Komissiyasının təmsilçisi Olivye Bayi bildirib ki, qurum "nə avrozonanın buraxılması, nə fövqəladə hal, nə də başqa ssenari üzərində işləyir. Biz avrozonanın bütövlüyünü qorumaq üçün hər şey edirik və istəyirik ki, bu, AB-yə üzv olan bütün dövlətlərdə eyni vaxtda elə bü cür fəallıqla baş versin".
Bu isə o deməkdir ki, AB ölkələrinin bir hissəsi dalandan çıxmaq üçün ikinci yolu seçməyə hazırdır. Həm də artıq bu istiqamətdə ilk addımlar atılıb. AB-nin gələcəyi məsələsi üzrə təşkil edilmiş və 27 dövlətin 11-nin xarici işlər nazirinin də qatıldığı qrup AB-də ümumi səsvermə ilə seçilən prezident vəzifəsinin tətbiq edilməsinin və bütün AB üçün vahid olan vizaların verilməsinin vacibliyini bildirib. Bütün siyasi və maliyyə institutlarının da ciddi islahatı ehtimal edilir. Buraya ittifaqın bütün ölkələri üçün vahid xarici işlər nazirliyinin yaradılması, AB sərhədləri daxilində fəaliyyət göstərəcək vahid polis orqanının formalaşdırılması və ehtimal ki, vahid ordunun yaradılması məsələləri də daxildir. Sənəddə deyilir ki, "məqsəd hərbi sənaye sahəsində vahid səylərin, o cümlədən vahid silah bazarının yaradılması məsələsinin də daxil olduğu Avropa müdafiə siyasətinin formalaşdırılmasıdır. Bir sıra ölkələr üçün müəyyən müddətdən sonra bu, vahid ordunun yaradılması demək olacaq".
AB çərçivəsində millidən üst qurumlar ideyası son zamanlar ən yüksək səviyyədə müzakirə olunur. Bu yaxınlarda Avropa Komissiyasının başçısı Joze Barrozu Strasburqda Avropa Parlamentinin deputatları qarşısında çıxışı zamanı AB ölkələrini milli hökumətlərin səlahiyyətlərini məhdudlaşdırmağa çağırıb. Barrozu bu sözləri dilə gətirib: "Mən düşünürəm ki, Avropanın gələcəyi daha sıx inteqrasiya ilə bağlıdır. Daha çox inteqrasiya daha çox demokratiya deməkdir, federasiya isə bu cür birlik üçün demokratik həlldir. O, bizim ölkələri saxlayır, həmçinin bir hakimiyyət mübadiləsi, suverenlik mübadiləsi məsələlərinə aydınlıq gətirir".
Əlbəttə, optimist xarakterli bə-yanatlara baxmayaraq, avrozonada vəziyyət həddindən mürəkkəb olaraq qalır. Reytinq agentlikləri aparıcı ölkələrin qiymətlərini aşağı salmaqda davam edirlər. Avrozonanın əsas kreditoru və lokomotivi olan Almaniya böhranın günahkarlarına qarşı mövqeyini getdikcə sərtləşdirir. Bundan başqa, AB xalqlarında Almaniyanın özünə qarşı, onun AB-ni federasiya şəklində birləşdirmək üzrə gerçək məqsədlərinə qarşı etibarsızlıq artır. İstənilən halda, ekspertlərin çoxunun fikrincə, Avropa böhranın yekun fazasına daxil olub. Yaxın aylar ərzində ya iştirakçıların suverenliyinin xeyli hissəsini əlindən alacaq siyasi birlik yaranacaq, ya da avronun iflasını və Avropa böhranının tamamilə fərqli miqyasını gözləmək lazım gələcək. Yeri gəlmişkən, bunu niyə tək Avropa böhranı adlandırmalyıq?!
MƏSLƏHƏT GÖR: