14 Mart 2025

Cümə, 21:45

SENKAKU DYAOYUYDAOYA QARŞI

İnsan yaşamayan arxipelaq yaponiya ilə çin arasında nifaqa səbəb olub

Müəllif:

01.10.2012

Asiyanın iki nəhəng fövqəldövləti - Çin və Yaponiya Şərqi Çin dənizində ümumi ərazisi, təxminən, 7 kvadratkilometr olan insan yaşamayan 5 ada uğrunda kompromissiz mübarizəyə başlayıb. Yaponiyalılar onları Senkaku adaları, çinlilər Dyaoyuydao, tayvanlılar isə Dyuoyuytay adlandırır. Adaları XIX əsrin sonlarında aşkarlamış britaniyalılar isə arxipelağı Pinnacle Islands adlandırıb.

Amma indi problem, əlbəttə ki, onun adında deyil. Məsələ ondadır ki, mübahisə tərəfləri - Pekin və Tokio buranı özünə aid sayır və arxipelağı müdafiə etmək üçün istənilən vasitəyə əl atmağa hazırdır.

Bu adalar çinli dənizçilər tərəfindən hələ XV əsrdə kəşf edilib. Yaponiyalılar hesab edir ki, adalar həmişə Okinava prefekturasının ayrılmaz hissəsi olub. Hər halda, 100 ildən artıq müddət bundan əvvəl Yaponiya-Çin müharibəsi nəticəsində onlar sanki birdəfəlik Yaponiyanın nəzarətinə keçmişdi. Lakin İkinci Dünya müharibəsindən sonra adalara ABŞ sahib çıxdı. Amma 1972-ci ildə Amerika onları Gündoğar ölkəyə qaytarmaq qərarına gəldi. Çin isə hesab edir ki, onun üçün qələbə ilə bitmiş İkinci Dünya müharibəsi ona Dyaoyuydao (Senkaku) üzərində "suverenliyini bərpa etmək" haqqı verir. 

Adaların Çinə məxsus olması ideyasını Tayvan da dəstəkləyir.

Bir müddət əvvələdək mübahisəli arxipelağa aid olan 5 adadan 4-ü Yaponiya vətəndaşı olan şəxsə məxsus idi. Onları icarəyə götürən Yaponiya hökuməti Pekinlə münasibətləri gərginləşdirməmək üçün orada hər hansı iqtisadi fəaliyyəti qadağan etmişdi. Amma sentyabrın 11-də Yaponiya hökumətinin arxipelağa aid olan Uotsuridzma, Kitakodzima və Minamikodzima adalarının fərdi sahiblərindən 2 milyard ien (26 milyon dollar) qarşılığında almasından sonra yeni mübahisə qızışıb.

Bu, Çində ciddi hiddətə səbəb olub. Çin XİN bəyan edib ki, yaponların bu addımı Çinin suverenliyini pozur. Pekin qərarın ləğvini tələb edib və nümayişkaranə şəkildə bir neçə hərbi gəmisini mübahisəli adalara, daha dəqiq, Yaponiyanın öz ərazisi saydığı bölgəyə göndərib. Nəticədə, Tokio Baş nazirinin dəftərxanası yanında böhran qərargahı yaradılıb. Çinin Tokiodakı səfiri Yaponiya XİN-ə çağırılıb və ona Çin gəmilərinin demarşı ilə bağlı etiraz bildirilib.

Tayvan isə Yaponiya hökumətinin mübahisəli adaları "milliləşdirməsinə" etiraz olaraq oraya 75 balıqçı gəmisi göndərib. Çinin bir çox nəhəng şəhərlərində Yaponiya əleyhinə keçirilən etiraz aksiyaları da kifayət qədər nümayişkaranə xarakterli olub. Aksiya iştirakçıları Yaponiya bayraqlarını və avtomobillərini yandırıb, Yaponiya fabrikləri və restoranlarını dağıdıb, həmçinin, Gündoğar ölkənin səfirliyi və konsulluğuna hücum edilib.

İğtişaşlar nəticəsində Çində fəaliyyət göstərən Yaponiya korporasiyaları fəaliyyətini müvəqqəti olaraq dayandırmalı olub. Onların arasında elektrik avadanlıqları istehsalı ilə məşğul olan "Canon" və "Panasonic" şirkətləri, "Honda", "Nissan", "Mazda" avtomobil nəhəngləri də var. Baş verənlər nəticəsində Çin ərazisində fəaliyyət göstərən yapon şirkətlərinin hamısı istisnasız olaraq zərərlə üzləşib. Aviaşirkətlər on minlərlə sərnişindən məhrum olub. Yaponiyanın Çindəki maraqlarına əhəmiyyətli zərbələrdən birini isə ÇXR-in gömrük xidmətinin yapon məhsullarının ölkəyə sərbəst gətirilməsinə maneə yaratmaq qərarı vurub. Yaponiyanın Maliyyə Nazirliyi qarşı tərəfin bu qərarını "son dərəcə ciddi" adlandırıb. Çünki Çin Yaponiya üçün ən nəhəng ixrac bazarıdır.

Çin rəhbərliyinin siyasi təzyiq vasitəsi isə Pekində Yaponiya ilə diplomatik münasibətlərin bərpasının 40 illiyinə dair əvvəlcədən planlaşdırılmış tədbirin təxirə salınması olub. Bundan başqa, Çin gözətçi gəmilərinin adaların ətrafında daim fırlanacağını, həmçinin, 2015-ci ilə Dyaoyuydao arxipelağı da daxil olmaqla, ətraf dəniz hövzələrinə nəzarət məqsədilə pilotsuz uçuş aparatlarından istifadə olunacağını bəyan edib.

Yaponiya öz növbəsində mübahisəli arxipelağı sayıqlıqla qoruyur və Senkakunun müdafiəsinə istənilən vasitə ilə hazır olduğunu bildirir. Bu zaman o, tam əsaslı olaraq ABŞ-ın dəstəyinə də bel bağlayır. Axı bu iki ölkəni bir-birinə bağlayan təhlükəsizlik müqaviləsi amerikalıların üzərinə böhranlı məqamlarda müttəfiqlərinin köməyinə gəlmək öhdəliyi qoyur.

Pekində hesab edirlər ki, məhz Vaşinqtonun ABŞ-Yaponiya müqaviləsinin mübahisəli adalara da şamil olunması haqda bəyanatı məsələni daha da gərginləşdirib. Bu üzdən Çin tərəfi Pekin və Tokioya səfər etmiş Pentaqon rəhbəri Leon Panettadan bu qarşıdurmada Vaşinqtonun heç kimin tərəfini tutmayacağına dair təminat istəyib. Bu mövqeni Ağ Ev də təsdiqləyib. Qurumun mətbuat xidməti Vaşinqtonun əvvəlki mövqeyinə bir qədər düzəliş edərək bəyan edib ki, ABŞ-ın Çinlə Yaponiya arasındakı ərazi mübahisəsinə müdaxilə etmək niyyəti yoxdur. "Hesab edirik ki, Çinlə Yaponiya arasında yaxşı münasibətlər bütün region üçün sərfəlidir. Birləşmiş Ştatlar sözügedən adaların suverenliyinin kimə məxsus olduğuna dair mövqeyə malik deyil. Biz iddiaçıların məsələni öz aralarında sülh yolu ilə çözəcəklərini gözləyirik", - deyə prezident Barak Obamanın mətbuat katibi Cey Karni bildirib.

Pekinlə Tokio arasında münaqişənin qızışmasının ABŞ-ın maraqlarına uyğun olmadığı aydındır. Əgər Yaponiya Vaşinqton üçün etibarlı strateji müttəfiqdirsə, Çin Asiyanın aparıcı dövlətlərindən biri, Vaşinqtonun nəhəng iqtisadi tərəfdaşı, beynəlxalq siyasi və iqtsadi proseslərin önündə gedən bir dövlətdir. Odur ki, Birləşmiş Ştatlar hansısa adalara görə bu ölkə ilə problem yaşamaq istəmir. Vaşinqtonda hesab edirlər ki, amerikalıların Yaponiyanın təhlükəsizliyi ilə bağlı məsuliyyəti kontekstində ABŞ-ın Yaponiya üzərində "nüvə çətiri" saxlaması kifayətdir. Bu, əslində ÇXR-i Gündoğar ölkə qarşısında atom sahəsindəki üstünlüyü ilə öyünmək imkanından məhrum edir.

Uzaq Şərqdə baş verənlər bir sualı ən ciddi şəkildə ortaya qoyur: Çinlə Yaponiya arasında qarşıdurma nə qədər uzağa gedə bilər?

Hər şeydən əvvəl vacib bir məqam nəzərə alınmalıdır: Asiyanın nəhəng fövqəldövlətləri arasında illərlə tarixi olan ərazi mübahisəsinin qəflətən yenidən sərt şəkildə gündəmə gəlməsinin səbəbi nədir? Həm Yaponiya, həm də Çin insan yaşamayan 5 adanın taleyindən yalnız Senkakuda (Dyaoyuydao) neft və təbii qaz ehtiyatlarının varlığının tam təsdiqindən sonra narahat olmağa başlayıb. Karbohidrogen resurslarının az olduğu Çin və belə resurslara ümumiyyətlə malik olmayan, üstəlik, Fukusima AES-dəki faciədən sonra atom enerjisindən də məhrum olmuş Yaponiya üçün neft-qaz ehtiyatları ilə zəngin arxipelaq kifayət qədər ciddi maraq doğurur.

Eyni zamanda hər iki fövqəldövlətdəki millətçilik faktorunu da nəzərdən qaçırmaq olmaz. Bu faktor tərəflərdən hər hansının mübahisəli adalarla bağlı iddiasından imtina edəcəyini düşünməyə imkan vermir. Yaponiyalı siyasətçilər durmadan deyir ki, onların İkinci Dünya müharibəsi nəticəsində Koreya yarımadası, Mancuriya, Tayvan, həmçinin, Cənubi Saxalin və Kuril adalarındakı "qədim torpaq"larından məhrum olmaları kifayətdir.

Pekinə gəlincə, o, hələ çoxdan - Mao Tszedunun dövründən "Çin torpaqlarının bir araya toplanması" ilə məşğuldur. Lyuyşun (Port-Artur), Dalyan (Dalniy), Honkonq, Makao Çinin "ərazi bütövlüyünün bərpası" istiqamətindəki uğurlarının bir qismidir. İndi isə çinli siyasətçilər "Dyaouydaonun müdafiəsi"nin növbəti qələbəyə çevriləcəyinə ümid edirlər.

Bütün bunları nəzərə alsaq, Pekinlə Tokionun ərazi mübahisəsinin hərbi qarşıdurmaya gedib çıxmasına imkan verməyərək razılığa gələcəklərinə ümid etmək olarmı?

Rəsmi şəxslərin bəyanatları bunun mümkün olmadığını deməyə əsas verir. BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilmiş 67-ci sessiyasında iştirak edən Yaponiyanın baş naziri Yosixiko Noda deyib: "Bu adalar tarixən, həmçinin beynəlxalq hüquqa uyğun olaraq bizim ayrılmaz ərazimizdir. Odur ki, bu mövqedən geri çəkilməyimizi nəzərdə tutan heç bir kompromisdən söhbət gedə bilməz".

Yaponiya Baş nazirinin bəyanatını şərh edən Çin XİN-in rəsmisi Tsin Qan bildirib ki, "ayrı-ayrı ölkələr tarixi faktları və beynəlxalq hüquq normalarını nəzərə almır, digər dövlətlərin ərazi bütövlüyü və suverenliyini kobud şəkildə pozur, faşizm üzərindəki qələbənin nailiyyətlərindən imtina edərək, müharibədən sonrakı dünya düzənini dəyişmək haqda düşünür". Pekin "maraqlı dövlətləri tarixi faktları etiraf etməyə, beynəlxalq hüquqa hörmətlə yanaşmağa, digər ölkələrin suverenliyi və ərazi bütövlüyünün pozulmasına son qoymağa" çağırıb.

Nyu-Yorkda Yaponiya və Çin xarici işlər nazirləri Koitiro Qemba ilə Yan Tszeçinin görüşü də tərəflərin kompromisə getmək fikrində olmadığını təsdiqləyib. Görüşdə "mövqelərin tam fərqli olduğu" ifadə olunub. Yaponiya XİN başçısı Çin tərəfini Senkaku ilə bağlı ərazi iddialarında təmkinli olmağa çağırıb. Yan Tszeçi isə öz növbəsində Pekinin Dyaoyuydao adasını "qədim zamanlardan Çinin müqəddəs ərazisi" saydıqlarını bildirib və onların milliləşdirilməsini "ÇXR-in ərazi suverenliyinin ciddi şəkildə pozulması" kimi qiymətləndirib.

Tərəflərin mövqelərindəki ciddi ziddiyyətə baxmayaraq, böhranın sülh yolu ilə çözülməsinə imkanlar var. Onu hər şeydən əvvəl iqtisadi faktor diqtə edir.

Çinlə Yaponiya arasında ticarət dövriyyəsi 300 milyard dollardır. Çin Yaponiya məhsulları üçün əsas bazardır. ÇXR ilə mübahisədə Tokio yapon iqtisadiyyatının qlobal böhran və Yaponiyanın atom enerjisini məhv etmiş sunamidən sonra hələ də bərpa oluna bilmədiyini də nəzərə almalıdır.

Öz növbəsində Çin üçün də Yaponiya son dərəcə vacibdir. Yaponiya bazarı Çin istehsalçıları üçün əhəmiyyətinə görə dördüncü yerdədir. Tokio ilə ticari və ya investisiya münasibətlərinin pozulması Çinin ixrac imkanlarına ciddi zərbə vura, bir çox müəssisələrin bağlanmasına, ÇXR-də işsizliyin artmasına səbəb ola bilər.

Bundan başqa, Yaponiyaya qarşı güc tətbiqi Çinin regionda və dünyadakı geosiyasi mövqelərinə də zərbə vurardı. Üstəlik, Pekin hərbi uğursuzluqdan da sığortalanmayıb (ən azı ona görə ki, çinlilərin güc tətbiqinə əl atması ABŞ-ın Yaponiyanın müdafiəsinə qalxmaq məcburiyyətində qoyacaq).

Mübariz Pekin çətin ki, özünün etibarlı iqtisadi tərəfdaş imicini qoruyub saxlaya bilsin. Bu isə Çinin qlobal miqyasdakı ticari ekspansiyası şəraitində onun üçün çox vacibdir.

Beləliklə, həm Yaponiya, həm də Çin münasibətlərinin pozulmasının onlara baha başa gələcəyini anlayır. Bu, onların hər ikisi üçün yolverilməzdir. Odur ki, danışıqlar variantı daha çox ehtimal olunandır və bu, yəqin ki, daha bir il davam edəcək. Yaponiya ilə Çinin mübahisəli adaların hövzəsindəki resurslardan birgə istifadə edəcəklərini düşünmək olar. Üstəlik tərəflər bu haqda hələ 2008-ci ildə qərar qəbul etmişdilər. Amma o zaman danışıqlar iflasa uğramışdı. İndi qarşıdurmanın dərinləşməsindən qaçmaq üçün deyəsən Yaponiya və Çinin 4 il əvvəl dayandıqları nöqtəyə qayıtmaları yeganə imkandır.



MƏSLƏHƏT GÖR:

556