
SON HƏDD
Amerikalılar kimə üstünlük verəcək: yenə demokrata, yoxsa neomühafizəkara?
Müəllif: Sahil İSGƏNDƏROV Bakı
Təxminən, bir ay sonra amerikalılar ölkənin tarixi üçün vacib suala növbəti dəfə cavab verməlidirlər: ABŞ-ın növbəti prezidenti kim olacaq? Amerikanın 45-ci prezidenti respublikaçı mühafizəkar, Massaçusets ştatının sabiq qubernatoru Mitt Romni seçiləcək, yoxsa hazırkı dövlət başçısı, 2009-cu ilin Nobel sülh mükafatçısı, demokrat Barak Obama daha bir müddətə Ağ Evə rəhbərlik edəcək?
Maraqlıdır ki, seçkiqabağı gər-ginlik 2000-ci ilin payızında yaşananları çox xatırladır. Qeyd edək ki, həmin vaxt qazanılmış səslərin sayına görə seçkini uduzmuş respublikaçı oğul Corc Buş səslərin təkrar hesablanması və 5 həftəlik hüquqi təhqiqatdan sonra Demokratlar Partiyasından olan namizəd Albert Qoru üstələmişdi.
İstənilən halda, 12 il əvvəl yaşananlara oxşar vəziyyət yaranarsa, bu gün hazırkı prezident B.Obamanın mövqeləri daha üstün görünür. İlk növbədə, "Gallup" sosioloji xidmətinin apardığı sorğu Obamaya dəstək verənlərin sayının ləng də olsa, artdığını göstərir. Jurnalımız çapa hazırlandığı anda hazırkı prezidenti respondentlərin 51%-i dəstəkləyirdi. Obamanın əleyhinə olanlar 42% idi. Amma əksər ekspertlər hesab edir ki, statistik səhvləri nəzərə aldıqda, seçicilərin namizədlərə simpatiyasının bərabər olduğunu söyləmək mümkündür.
Hazırkı prezidentin reytinqindəki artım, əsasən, ABŞ-da iqtisadi vəziyyətin tədricən düzəlməkdə olması ilə izah edilir. Özünəinamı artırmağa çalışan B.Obama bu yaxınlarda seçki kampaniyasında orta sinfə aid seçiciləri tərəfinə çəkmək üçün aktual mövzunu qabardıb. Prezidentin sözlərinə görə, o, biznes dairələrini ölkədən kənara çıxmamağa, iş yerlərini Amerikada açmağa razı salmağa çalışacaq. Bəzi analitiklər və siyasi texnoloqlar hesab edir ki, Amerikanın əmək bazarının bu cür müdafiəsi hazırkı prezidentin iqtisadi siyasətindəki ümumi populist tendensiyaya uyğundur. Bundan başqa, belə taktika Obamaya həmkarlar ittifaqları təşkilatları üzvlərinin dəstəyini almaq imkanı da yaradır. Maraqlıdır ki, əmək bazarının vəziyyəti ilə bağlı açıqlanmış son məruzə ölkədə işsizliyin səviyyəsinin 8,5%-dək azaldığını, yəni, son 3 ildə ən aşağı həddə çatdığını göstərir.
Buna baxmayaraq, M.Romni və respublikaçılar B.Obamanın sosial və iqtisadi siyasətini sərt tənqid edir. Onların fikrincə, Ağ Evin iqtisadiyyatın tənzimlənməsi istiqamətindəki addımları, xüsusilə Uoll-strit üçün yeni qaydalar və səhiyyə sistemində islahatlar investisiyalar üçün zərərlidir. İqtisadi inkişafın stimullaşdırılması tədbirləri isə işsizliyin yüksək səviyyəyə qalxmasını əngəlləməyib. M. Romni bildirir ki, seçkidə qələbə qazanacağı təqdirdə, "orta sinif"in qeydinə qalacaq, kiçik biznesə kömək edəcək, ticarəti inkişaf etdirəcək, əhalinin hüquqları və sağlamlığının qeydinə qalacaq, innovasiyaları inkişaf etdirəcək, vergiləri azaldacaq və "Çini sıxışdıracaq". Yeri gəlmişkən, Harvard biznes və hüquq məktəbinin məzunu, biznesmen və siyasətçi-praktik olan Romni çox zəngin şəxsdir. O, nəhəng investisiya şirkəti olan "Bain Capital"ın rəhbəridir. O, uğurlu iş adamı və rəhbər, iqtisadiyyatı yaxşı bilən şəxs imicini hələ 2002-ci ildə Salt Lake City Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri və 2003-2007-ci illərdə Massaçusets ştatının qubernatoru olduğu dövrdə qazanıb. Zəngin sponsorlarla görüşündə isə Romni bildirib ki, amerikalıların 47%-i "hökumətdən asılı vəziyyətdədir, özlərini qurban sayır və hökumətin onların qeydinə qalmasını gözləyir". Təxminən, hər iki amerikalıdan biri hökumətin onu mənzil, tibbi xidmət və qida ilə təmin edəcəyinə ümidlidir. Bu üzdən də onlar Amerikada "Avropa tipində sosializm" yaratmaq istəyən Obamaya səs verir. Respublikaçı namizəd birmənalı şəkildə bildirib ki, o, seçicilərin bu qisminə bel bağlamır: "Mənim işim bu insanlarla bağlı narahatlıq keçirməməkdir. Onları həyatlarına görə məsuliyyəti öz üzərlərinə götürməli olduqlarına heç zaman inandıra bilmərəm. Bu insanlar vergi ödəmir, bu üzdən də bizim vergilərin azaldılması ilə bağlı çağırışlarımız onları maraqlandırmır".
B.Obamanın seçki qərargahının nümayəndələrisə dərhal bəyan ediblər ki, M.Romni "saymazyanalıqla xalqın yarısını hesabdan silir".
Təbii ki, seçkiyə qalmış müddətdə hər iki namizəd bütün resurslarından istifadə etməklə tərəfdarlarının sayını artırmağa çalışacaq. Bu zaman onlar eyni vaxtda ciddi əks-zərbələr endirmək üçün rəqibin səhvini də diqqətdən qaçırmamağa çalışacaqlar. Odur ki, namizədlər arasındakı kövrək balans hələ dəyişə bilər. Əlbəttə ki, prezident postunda olan Obama opponenti qarşısında mütləq üstünlüyə malikdir. Ən azı informasiya məkanında ona hazırkı dövlət başçısı kimi daha çox diqqət ayrılır. Digər tərəfdən, artıq ABŞ-a rəhbərlik etmiş Obama hələ ki "tünd at" olan Romni ilə müqayisədə daha tanınmış və hərəkətləri proqnozlaşdırıla bilən şəxsdir. Bu baxımdan mühafizəkar seçicilərin hazırkı prezidentə meyil etməsi daha çox ehtimal olunandır. Obama rəhbərliyi dövründə ölkədə baş vermiş bütün müsbət və populyar hadisələri (səhiyyə sahəsində islahatlar, İraqdan qoşunların çıxarılması, Ben Ladenin məhvi və sair) öz xidməti kimi təqdim edə bilər. Amma uğursuzluqlar da ilk növbədə bumeranq kimi əsas şəxs - prezidentin mövqelərini vurur. Bu, Romniyə Obamanı durmadan və uğurla tənqid etmək imkanı yaradır. Opponenti artıq prezidenti səhiyyə sahəsindəki islahatlar və eyni zamanda ondan imtinaya, sosial ehtiyacların ödənilməsinə xərclərin azaldılmasına, zənginlər üçün aşağı vergi dərəcələrinə görə tənqid atəşinə tutub. Bir sözlə, respublikaçılar prezidenti ardıcıl olmamaqda günahlandırır. Respublikaçıların ən sərt tənqid etdiyi sahə isə Obama administrasiyasının xarici siyasətidir.
Rusiyanı ABŞ-ın geosiyasi düşməni elan etmiş M.Romni B.Obamanı, ilk növbədə, Moskva ilə "yenilənmə" siyasətinə görə tənqid edir. Onun fikrincə, Rusiya ilə yaxınlaşma istiqamətində əvvəldən səhv olan addım V.Putinin yenidən prezident seçilməsi ilə tam iflasa uğrayıb. Respublikaçılar hesab edir ki, Rusiyanın postsovet məkanında Avrasiya İttifaqı yaratması, ABŞ-ın Ukrayna kimi vacib əməliyyat meydanını itirməsi məhz Obamanın həddindən artıq yumşaq siyasətinin nəticəsidir. B.Obamanın opponentləri onun Avropada Hava Hücumundan Müdafiə sistemlərinin yerləşdirilməsi məsələsində güzəştlərini də tənqid edir. Romninin tərəfdarları hesab edir ki, Dmitri Medvedevin prezidentliyi dövründə Rusiyaya qarşı liberal siyasətə müəyyən dərəcədə haqq qazandırmaq olardısa belə, Kremlə sərt və kompromissə getməyən Putinin qayıtması ilə belə "incəliklər"ə yer yoxdur. Bu fikrin təsdiqi kimi Rusiya XİN-in ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Rusiyadakı fəaliyyətinə bu il oktyabrın 1-dən son qoyulması qərarı göstərilir. Moskva isə bu qərarını agentlik əməkdaşlarının Rusiya ərazisindəki fəaliyyətinin ikitərəfli humanitar əməkdaşlığın inkişafına köməklik çərçivəsindən çıxması ilə izah edir. Moskvanın iddiasına görə, onlar qrantların paylanması yolu ilə ölkədə siyasi proseslərə, müxtəliv səviyyəli seçkilərə, vətəndaş cəmiyyəti institutlarına təsir göstərməyə çalışıb. Bu, açıq şəkildə göstərir ki, Kremldə yenidən Vaşinqtonla sərt ritorikaya üstünlük verən partiya mövqelərini möhkəmləndirib. Bu üzdən M.Romninin də təmsil etdiyi mühafizəkarlar hazırda Ağ Evə rəhbərliyin "qırğılar"ın əlinə keçməli olduğuna əmindirlər. Onların fikrincə, məhz "qırğılar" Moskvaya qarşı analoji sərt siyasət yürütmək iqtidarındadır.
Qeyd etmək lazımdır ki, Ağ Evə respublikaçıların, yaxud demokratların rəhbərlik etməsindən asılı olmayaraq, Vaşinqtonun strateji vəzifəsi Kremllə münasibətlərdə dominatlığa malik olmaqdır. Vaşinqtonla Moskva arasındakı geosiyasi rəqabətdə ABŞ mübarizə üsulları və alətlərindən asılı olmayaraq, qələbə qazanmalıdır. Bu mübarizədə demokratlar silah qismində "demokratik dəyərləri, insan haqlarını, söz və vicdan azadlığını" əsas götürürsə, respublikaçılar hərbi-siyasi qarşıdurmaya üstünlük verir.
B.Obama üçün daha bir zəif nöqtə Yaxın Şərq və Şimali Afrikadakı çətin vəziyyətdir. İlk baxışdan Vaşinqtonun məharətlə "ərəb baharı"nın təşkil olunduğu ölkələrdə taktiki qələbə əldə etdiyini düşünmək olardı. Amma son zamanlar məlum olur ki, müsəlman dünyası ilə münasibətlər heç də ən yaxşı dövrünü yaşamır. Misirdə hakimiyyətə "müsəlman qardaşlar"ın gəlişi, Amerikanın Liviyadakı səfirinin öldürülməsi və sair faktorlar bunu göstərir.
Vaşinqtonun Suriya məsələsində Rusiyanın müqavimətini qıra bilməməsi də respublikaçılar tərəfindən Ağ Evin xarici siyasətdəki zəifliyi kimi qiymətləndirilir. Bununla yanaşı, bütün bu çətinliklər fonunda Ağ Ev son zamanlar strateji müttəfiqi olan İsraillə də münasibətlərini ciddi şəkildə korlayıb. Doğrudur, bu məsələdə Vaşinqtondan israrla İrana qarşı əməliyyatların başlanmasını tələb edən Təl-Əvivin də "xidmətləri" az deyil. Amma respublikaçılar hesab edir ki, Ağ Ev İsraillə dialoqda belə sərt ton seçməməli idi. ABŞ-ın güclü yəhudi lobbisi çətin ki, Ağ Evin bu siyasətindən məmnun olsun. Bu baxımdan "Forbes"un versiyasına görə, dünyanın ən zən-gin yəhudisi olan oyun maqnatı və İsrailin "İsrael hayom" qəzetinin sahibi Şeldon Adelsonun (onun varidatı 26,5 milyard dollar qiymətləndirilir) 2012-ci ildə Respublikaçılar Partiyasının seçki kampaniyasına 70 milyon dollar vəsait ayırması təsadüf deyil. Bu məbləğin 37 milyonu birbaşa Romniyə verilib. Yeri gəlmişkən, bu, siyasi kampaniyaya ayrılmış məbləğlər sırasında rekorddur. Təbii ki, bütün bu məqamlar Romninin xeyrinədir. Bundan başqa, o, müxalifətə ölkənin kifayət qədər ağır iqtisadi problemlər içərisində olduğu dövrdə rəhbərlik edir. Nəticədə, heç nəyə görə məsuliyyət daşımayan Romni hər kəsi tənqid etmək üçün geniş imkanlara malikdir. Məhz böhran dövründə seçicilərin obrazlı desək, "tərs oğlan"a üstünlük verməsi mümkündür. Bu gün isə bu şəxs respublikaçı M.Romnidir. Benqazidəki qanlı hadisələrdən sonra onun hazırkı administrasiyanı zəiflikdə ittiham etməsi də təsadüf deyildi.
M.Romni üçün daha bir "kozır" iqtisadi məsələlərdir. O və tərəfdarları vergilərin daha 20% azaldılmasını (1931-ci ildən sonra ən aşağı həddə) təklif edir. Bundan başqa, M.Romni müdafiə xərclərinin artırılmasını, sosial proqramların əksəriyyətinin özəl sektora, yaxud hətta xeyriyyəçilik sektoruna verilməsini təklif edir. Obamadan fərqli olaraq, o, ümumi sevgi iddiasında olmadığını gizlətmir. Bununla yanaşı, ekspertlər Romninin proqram və imicinin zəif tərəflərinə də diqqət çəkir. Birincisi, bu, sosial proqramların yoxluğudur. Amerikalıların əksəriyyəti bunu bəyənməyə bilər.
İkincisi, Romni həddindən artıq aqressivdir. Onun tez-tez açıqlamaları zamanı ehtiyatsızlıq etməsi siyasətçinin əleyhinə işləyir. Əksər ekspertlərin fikrincə, bu, Romninin emosional baxımdan sıxıntılı olmasının, hətta ola bilsin ki, qeyri-peşəkarlığının, səriştəsizliyinin nəticəsi ola bilər.
Üçüncü mənfi məqam ABŞ-da artmaqda olan yoxsulluq fonunda multimilyonçu M.Romninin varidatıdır. Seçicilər onun adi insanların problemlərindən uzaq olduğunu düşünə bilər.
Dördüncüsü, ardıcıl olmamaq. Romni bir çox məsələlərlə bağlı mövqeyini siyasi konyukturaya əsaslanaraq çox tez-tez dəyişir.
Beşinci məqam M. Romninin dini baxışlarıdır. O, mormnodu, yəni itaət edənlərin həyatına yaxından müdaxilə edən kilsənin təmsilçisidir. Romni həyatının bu tərəfini geniş nümayiş etdirməyi sevmir. Amma rəqibləri durmadan seçiciləri inandırmağa çalışır ki, Romni qələbə qazanacağı təqdirdə, Ağ Evi onun məzhəbindən olan komanda tuta bilər.
Bu gün ABŞ-da seçkiqabağı yarışın reallıqları bunlardan ibarətdir. Hər iki namizədin artıq dəqiq müəyyənləşmiş tərəfdarları var. Amma simpatiya və antipatiyasını hələ dəqiqləşdirməmiş böyük bir elektorat da mövcuddur. Bu məsələdə onlara prezidentliyə namizədlərin özləri kömək etməyə çalışır. Onlar həmin elektoratı öz tərəflərinə çəkmək üçün aralarında təşkil olunacaq 3 teledebat zamanı (3, 16 və 22 oktyabr) yüksək siyasi məharət nümayiş etdirməlidir.
MƏSLƏHƏT GÖR: