
KİNO SONRA OLACAQ - BU HƏLƏ JURNALDIR
Təxribatçı "Müsəlmanların məsumluğu" filmi nəticəsində amerikaya qarşı yayılmış etiraz dalğası Şərqdə qüvvələr nisbətini dəyişə bilər
Müəllif: Fuad HİLALOV Bakı
İnternetdə qalmaqallı "Müsəlmanların məsumluğu" filminin peyda olması gözlənildiyi kimi, İslam dünyasında kəskin etirazla nəticələnib. Sonda, ciddi dövlətlərarası və dinlərarası nifrət meydana gəlib. Film ABŞ-da çəkildiyindən, müsəlmanların əsas qəzəbi məhz amerikalılara qarşıdır. Tezliklə ABŞ-ın diplomatik və konsulluq missiyalarının qarşısında etiraz aksiyaları bütün dünyanı bürüyüb. Bu zaman həm hücum edən, həm də müdafiə olunan tərəflər zorakılığa yol verib. Dünya KİV nümayişlərin dağıdılması zamanı çoxlu sayda yaralının və ölənlərin olduğunu xəbər verir.
"Müsəlmanların məsumluğu"nun ilk qurbanı ABŞ-ın Liviyadakı səfiri Kris Stivens və diplomatik missiyanın daha 3 əməkdaşı olub. Onlar naməlum şəraitdə səfirliyə hücum çəkmiş, oranı qarət etmiş və yandırmış radikal qrup tərəfindən qətlə yetiriliblər.
Məhəmməd Peyğəmbərin və İslamın müqəddəs kanonlarının təhqir olunduğu aşkar təxribatçı və aşağı səviyyəli filmin meydana çıxarıldığı vaxt, onun mənşəyi, həmçinin "şedevr"in yaradıcı heyəti, filmin yayılmasından sonra baş verənlər hələ də analitiklərdə bir sıra suallar yaradır. Qeyri-rəsmi məlumata görə, filmin arxasında hazırda ABŞ-da yaşayan komptlar (Misir xristianları) və ya israillilər dayanır. Filmin prodüseri marginal, Roma Papasının fikrincə, "düşüncəsiz keşiş" Terri Consdur. Xatırladaq ki, o, İslama qarşı Quranın yandırılması kimi təxribatçı əməli ilə məşhurdur.
Aktyorlara inansaq, onlara əvvəlcə "Səhra döyüşçüsü" kimi təsirli ad altında macəra filmində çəkilmək təklif olunub. Bu zaman Məhəmməd Peyğəmbər ssenaridə yox imiş. Büdcəsi 5 milyon dollar olan bu filmdə rollara qeyri-peşəkarlar cəlb olunubmuş. Aktyorların sözlərinə görə, onlar filmin süjetində antiislam məqamlarının olduğunu anlamayıblar, bəzi fikirlər isə dublyaj zamanı dəyişdirilib.
Təxribatın əvvəlcədən planlaşdırıldığına dair fərziyyəni gücləndirən məqamlardan biri də hələ bu ilin iyulunda İnternetdə "Müsəlmanların məsumluğu" filminin treylerinin peyda olmasıdır. O zaman treyler heç bir ciddi rezonansa səbəb olmamışdı. Qəribədir ki, film ərəb dilinə məhz bütün amerikalılar üçün faciəvi gün olan 11 Sentyabr ərəfəsində tərcümə olunub. Fakta müsəlman dünyasının hansı reaksiya verə biləcəyini anlamaq üçün uzaqgörən olmağa ehtiyac yox idi.
Niyə məhz 11 Sentyabr İslam dünyasında Amerika əleyhinə dini radikalların ən fəal və bilavasitə iştirak etdiyi təlatümlərin başladığı gün oldu? ABŞ diplomatik missiyalarının binaları qarşısında etirazlar və oraya hücumlar niyə, məsələn, Fars körfəzi ölkələrində yox, məhz "ərəb baharı" nəticəsində hakimiyyətin devrildiyi, köhnə rejimlərin əvəzinə ABŞ və Qərbin də köməkliyilə yeni qüvvələrin gəldiyi ölkələrdə baş verdi? Niyə videoçarxları bu və ya digər səbəbdən asanlıqla servisdən silən "Youtube və onun sahibi olan "Google" şirkəti bütün dünyada davam edən kütləvi etiraz aksiyalarına rəğmən filmi serverdən yığışdırmaqdan imtina edir? Qərb KİV-in tez-tez istinad etdiyi söz azadlığı prinsipi bu halda ən azı yersizdir.
ABŞ-ın Liviyadakı səfirinin qətli özü-özlüyündə bir sıra sual və gümanlar meydana çıxarır. İngiltərə KİV xəbər verir ki, ABŞ Dövlət Departamenti səfirə hücum ola biləcəyinə dair dəqiq məlumata hadisədən 2 sutka əvvəl malik olub. Səfir Stivens isə Liviyaya bir neçə gün əvvəl qayıdıbmış. Səfirin Benqaziyə səfərinin təfərrüatları nəzəri baxımdan məxvi məlumat idi. Daha bir maraqlı məqam diplomatların məskunlaşdığı məkan olan gizli mənzilin konsulluğa hücumdan sonra uzun-uzadı atəşə və peşəkar hücuma məruz qalmasıdır. Konsulluqdan isə yaraqlılar məxvi sənədləri oğurlayıb. Halbuki, diplomatik missiya yoxlanılmış obyekt idi və onun 11 Sentyabr ilə əlaqədar istənilən mümkün hücuma hazır olduğu bildirilirdi. Amma qəzəblənmiş kütlə hücuma başladıqdan cəmi 15 dəqiqə sonra konsulluğun ərazisinə girə bildi...
Belə çıxmırmı ki, "qəzəbli kütlə" səfirin öldürülməsi üçün yaxşı məlumatlandırılmış, peşəkar şəkildə hazırlanmış şəxslərdən ibarət olub? Xatırladaq ki, səfir Stivens Qəddafiyə qarşı inqilabın ilhamvericilərindən biri, NATO hücumlarının baş koordinatoru idi və Liviya inqilabçıları haqda çox müsbət fikirlər səsləndirirdi.
"Barışmazlar"
Daha maraqlı fakt təxribatın KİV-də islam terrorçularının ABŞ və Qərb dövlətlərinə barışıq təklif etdiyinə dair informasiyanın yayılmasından dərhal sonraya təsadüf etməsidir. Təşəbbüs isə ABŞ-ın iki qatı düşməni - "Əl-Qaidə" və "Taliban"dan gəlmişdi. Barışığın şərtləri isə kifayət qədər qəbul edilən idi. "Əl-Qaidə" islam ölkələrinin işlərinə müdaxilə olunmamasını, həbsdəki cihadçıların azad edilməsini istəyir və bunun əvəzində daha ABŞ-a qarşı terror aktlarının təşkil olunmayacağını bildirirdi. Eyni şərtləri irəli sürən "Taliban" da Amerikanın Əfqanıstandakı bazalarına qarşı hücumlar edilməyəcəyi vədini verirdi.
Radikal islamçılardan analoji barışıq təklifi ilk dəfə deyil. Belə cəhd hələ 2005-ci ildə şəxsən Ben Laden tərəfindən də edilmiş, lakin bundan dərhal sonra Londonda terror aktları törədilmişdi. Həmin terror aktlarının günahkarları hələ də müəyyənləşdirilməyib.
Cihadçılarla ABŞ arasında barışığa ikinci cəhd bu ilin əvvəlində irəli sürülmüşdü. Qətərdə "Taliban" nümayəndələri ilə danışıqların aparıldığını ABŞ Dövlət Departamenti də təsdiqləmişdi. Amma bu dəfə də danışıqlar başlamağa macal tapmamış iflasa uğradı: KİV-də ABŞ-ın Əfqanıstandakı bazalarının birində Quran kitabının yandırıldığına dair məlumat yayıldı. Nəticədə dərhal Qərbə qarşı onlarca insanın ölümü ilə nəticələnən nümayişlər başlandı.
Barışığa dair son təklifə gəlincə, mütəxəssislər onu Obama administrasiyası üçün on ildən artıqdır davam edən terror və müharibələrə birdəfəlik son qoymaq, İslam dünyasında özünə tərəfdarlar qazanmaq imkanı kimi qiymətləndirir. Prezident seçkisi ərəfəsində bu, ABŞ administrasiyası üçün xüsusilə vacib əhəmiyyət qazana bilərdi. Amma təxribatçı filmin ortaya çıxmasından sonra yaxın perspektivdə heç bir danışıqlardan, xüsusilə də barışıqdan söhbət gedə bilməz.
Müharibə gedir: məxvi
Ənənəvi olaraq səfirin öldürülməsinin onun təmsil etdiyi ölkəyə müharibə elan edilməsi kimi qiymətləndirildiyini nəzərə alsaq, ABŞ-a müharibə elan olunduğunu söyləyə bilərik. Bəs bu müharibəni kim elan edib? ABŞ-ın İslam dünyasında mövqelərinin zəifləməsində ən çox kimlər maraqlıdır? Yəqin ki, elə "Müsəlmanların məsumluğu" filminin peyda olmasında rolu olan qüvvələr. Çünki buna inanclı müsəlmanların, xüsusilə də onların radikal hissəsinin reaksiyasının necə olacağını təxmin etmək çətin deyildi. Demək, kimlərsə "ərəb baharı"nın baş verdiyi ölkələrin yeni hakimiyyətlərinin öz ölkələrinə vəziyyətə nəzarət edə bilmədiyini göstərməyə çalışır.
ABŞ-ın tarixində süjetinə və nəticəsinə görə hazırda baş verənlərə oxşar hadisələr əvvəllər də yaşanıb. Məsələn, 1979-cu ildə ABŞ-da növbəti iqtisadi böhran zamanı İran şahı Qərbin maraqlarından daha az asılı olan müstəqil siyasət yürütmək qərarına gəlmişdi. Birləşmiş Ştatlar isə nəhəng enerji ehtiyatlarına malik ölkəni nəzarətindən buraxa bilməzdi. Güman edilirdi ki, hakimiyyətə gəlməsinə dolayısı ilə Qərbin xüsusi xidmət orqanlarının kömək etdiyini Xomeyni Qərbin planlarının icraçısı olacaq və bunu sələfindən daha yaxşı həyata keçirəcək. Amma Xomeyni mövqelərini möhkəmləndirən kimi ABŞ onu özünün "bir nömrəli" düşməni elan etdi və Qərbin planları fiaskoya uğradı. Bu yerdə bir məqamı xatırlatmaq yerinə düşər: elə həmin 1979-cu ildə qonşu Əfqanıstanda ABŞ səfiri qətlə yetirildi və bu post 2002-ci ilədək boş qaldı.
Əksər analitikləri bir sual düşündürür: bu ölkələrdə demokratik cəmiyyətlərin qurulması üçün lazımi işlər görülübmü və regionda təhlükəsizliklə bağlı məsələlər yaxşı düşünülübmü?
Mütəxəssislərin fikrincə, "ərəb baharı"nın səbəblərindən biri ABŞ-ın artıq çıxmaq haqda düşündüyü Əfqanıstan və İraqda müharibə aparmaq və ordu saxlamağın getdikcə daha çətin olmasıdır. Bu, Ağ Evin yeni doktrinasında da təsdiqlənir. Orada ABŞ-ın əsas hərbi qüvvələrinin, ilk növbədə, Asiya-Sakit okean regionuna yerləşdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, həyati əhəmiyyəti olan regionu tərk edən ABŞ oranı nəzarətindən kənar da qoya bilməzdi. Çünki Mübarək və Qəddafinin diktator rejimlərinin devrilməsi ilə yaranmış vakuum digər dünya gücləri hesabına doldurula bilərdi. Məhz bu qüvvələrə qarşı durmaq məqsədilə Amerikanın Zbiqnev Bzejinski, Cin Şarp və Stiven Mann kimi mütəfəkkirləri tərəfindən "idarə olunan xaos doktrinası" hazırlandı. Amerikalılar yeni Şərq mülklərindən geri çəkilməklə onları "yumşaq qüvvə" (soft power) vasitəsilə nəzarətdə məhz idarə olunan xaos vasitəsilə saxlaya bilərdi.
İdarə olunan xaosun yaradılması üsullarından biri mülayim islamla radikalların qarşı-qarşıya gətirilməsi, yəni fundamentalistlərin Qəddafi və ya Əsəd kimi dünyəvi avtokratla qarşılaşdırılmasıdır. Burada "idarəetmə" termini ənənəvi mənasında yox, regional proseslərlə manipulyasiya etmək və ya xaos prosesinin idarə olunması kimi başa düşülməlidir.
2001-ci ildə əvvəlcə Şimali Afrikada başlanmış, daha sonra Yaxın Şərqdə davam edən qanlı hadisələr Somali, İraq və Əfqanıstandakı xaosun, son vaxtlara qədər nisbi sabitlik olan ölkələri də bürüməsinə təkan verir. Bu zaman nə qədər paradoksal səslənsə də, radikal islamçılarla ABŞ-ın maraqları üst-üstə düşür: onların bir ümumi düşməni var - regiondakı güclü milli dövlətlər. Aydındır ki, bu proseslərlə manipulyasiya etməklə, eyni zamanda onların reallaşması üçün cüzi səy göstərməklə öz geostrateji vəzifələrinin öhdəsindən əminliklə gəlmək mümkündür.
Məhz bu konteksdə "Müsəlmanların məsumluğu" filminin peyda olması və nəticədə Amerika əleyhinə nümayişlərin başlanması göstərir ki, Birləşmiş Ştatların regional rəqibləri elə amerikalıların özlərinə qarşı idarə olunan xaos silahından istifadə etmək qərarına gəlib.
İncə və çətin oyun
Nəzərə alınmalıdır ki, sözügedən film ərəb dilində ilk dəfə Misir kanalında nümayiş olunub. Bu, misirli kopt-xristianların filmə aidiyyətinin olduğunu təsdiqləyir. İlk kütləvi etirazlar isə məhz Misir, Liviya, Yəmən və Tunisdə, yəni, "ərəb baharı"nın baş verdiyi ölkələrdə keçirilib.
Mütəxəssislərin fikrincə, Misirin sabiq prezidenti Hüsnü Mübarəki, əsasən, neomühafizəkarlar - ABŞ-dan olan respublikaçılar, yəhudi diasporu və İsrail dəstəkləyirdi. Misirin yeni hakimiyyəti ilə İsrailin artıq müəyyən problemləri var. Sinay yarımadasında bir müddət əvvəl törədilmiş terror aktları, həmçinin, Misir hökumətinin birtərəfli qaydada İsraillə 1978-ci ildə imzalanmış Kempdevid sülh razılaşmasını pozmaq cəhdi buna misaldır.
Misirlə İran arasında diplomatik münasibətlər isə M.Mursinin hakimiyyətə gəlişindən sonra bərpa olunub və bu, İsraili qıcıqlandırmaya bilməz. 1978-ci ildən sonra ilk dəfə Misir prezidenti İrana səfər edib, orada ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə tərəfdar olduqlarını söyləyib.
Rəsmi Qahirə, hətta İrana qarşı iqtisadi sanksiyaların qüvvədə olmasına rəğmən, islam respublikasından neft almaq niyyətini də açıqlayıb.
İran məsələsi ABŞ və İsrail hökumətləri arasında da nifaqa səbəbdir. İsrail hökumətində baş nazir Netanyahunun və müdafiə naziri Barakın rəhbərlik etdiyi "qırğılar" fraksiyası İranın nüvə obyektlərinə birgə zərbələrin endirilməsi məsələsində ABŞ-dan heç cür zəmanət ala bilmir. Son zamanlar həmişə ən yaxın müttəfiqlər olmuş bu iki ölkə arasında münasibətlər o dərəcədə pisləşib ki, KİV-in məlumatına görə, prezident Obama "vaxtının azlığı" üzündən Netanyahunu qəbul etməkdən boyun qaçırıb.
İsrail KİV-də partiyanın son qurultayında Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanımaq istəməyən demokratların və Obamanın siyasəti tənqid olunur.
Obama administrasiyası sələflərindən fərqli olaraq İsrailə özünün regiondakı əsas tərəfdaşı kimi baxmır və təxribatçı filmlə bağlı son hadisələrədək o, yeni islampərəst qüvvələrə üstünlük verirdi. Görünən odur ki, ABŞ səfirliyinə hücum və Amerika əleyhinə nümayişlərdən sonra həm ABŞ-ın neomühafizəkarları və yəhudi diasorunun, həm də İsrailin Obamanın strategiyasını tənqid etməsi üçün əsasları olacaq.
Qeyd etmək lazımdır ki, son hadisələr İsraillə yanaşı İranın də xeyrinə işləyir. Çünki ABŞ-ın regionda mövqeyinin zəifləməsi, əlbəttə ki, ilk növbədə, İrana sərf edir. Bundan sonra ABŞ-ın istənilən həmləsi xristian dünyasının islama qarşı müharibəsinin davamı sayılacaq.
İslamçıların ABŞ və digər Qərb dövlətləri səfirliklərinə hücumları "Suryianın dostları"nı Suriyada şiə İranı və Rusiya tərəfindən dəstəklənən Əsədə qarşı mübarizə aparan islamçı qüvvələri silahlandırmazdan əvvəl yaxşıca düşünməyə vadar edə bilər. Rusiya Çinlə birlikdə "ərəb baharı"ndan heç də məmnun deyildi. Qəddafinin devrilməsindən sonra, Rusiya və Çinin Liviyadakı iqtisadi və enerji maraqlarına zərbə vurulub. Bu baxımdan, Amerikanın Liviyadakı səfirliyinin ələ keçirilməsindən sonra oradan ölkənin neft yataqlarının Qərb şirkətləri arasında bölüşdürülməsinə dair məxvi sənədlərin oğurlanması son dərəcə maraqlı məqamdır.
Analitiklərin fikrincə, hazırki vəziyyətdən Amerikanın indiki hökuməti də qazana bilər. İslam dünyasında anti-Qərb əhval-ruhiyyəsini artırmaqla, Avropada etirazlar və toqquşmalara yol açmaqla, ABŞ özünü "demokratik və liberal dəyərlər"in yeganə müdafiəçisi elan edə, bununla da dikbaş Qərb dövlətlərini "cihad təhlükəsi"nin mövcudluğu ilə qorxudaraq öz ətrafında cəmləyə bilər. Dünyanın belə guşələrinin birində - Avstraliyada bu yaxınlarda radikal müsəlmanların "Obama, Obama, biz hamımız Üsamayıq" şüarı ilə nümayiş keçirməsi də təsadüf deyil. Bu yerdə istər-istəməz Avstraliyanın Çinə yaxınlığı üzündən artan geosiyasi əhəmiyyəti yada düşür.
Görünür, bu oyunda qazananlar çox, uduzanlar isə yalnız müsəlmanlardır. Bəşəriyyətin tarixi ərzində dünyada saysız-hesabsız alim, böyük mütəfəkkir, incəsənət şedevrləri bəxş etmiş müsəlmanlar, İslam dininin daşıyıcılarının təhqir olunması, alçaldılması azmış kimi, üstəlik, Qərb xüsusi xidmət orqanlarının nəzarətində olan radikal qruplaşmaların bütün dünyada törətdikləri vəhşiliklərə görə rəhmsiz varvarlar və səfirlərin qatili kimi təqdim olunur.
DÜŞÜNMƏK ÜÇÜN SUALLAR
Niyə məhz 11 Sentyabr İslam dünyasında Amerika əleyhinə dini radikalların ən fəal və bilavasitə iştirak etdiyi təlatümlərin başlandığı gün oldu?
ABŞ diplomatik missiyalarının binaları qarşısında etirazlar və oraya hücumlar niyə, məsələn, Fars körfəzi ölkələrində yox, məhz "ərəb baharı" nəticəsində hakimiyyətin devrildiyi, köhnə rejimlərin əvəzinə ABŞ və Qərbin də köməkliyi ilə yeni qüvvələrin gəldiyi ölkələrdə baş verdi?
Niyə videoçarxları bu və ya digər səbəbdən asanlıqla servisdən silən "Youtube" və onun sahibi olan "Google" şirkəti bütün dünyada davam edən kütləvi etiraz aksiyalarına rəğmən filmi serverdən yığışdırmaqdan imtina edir?
MƏSLƏHƏT GÖR: