14 Mart 2025

Cümə, 21:47

"DİN ONLARIN ƏLİNDƏ SADƏCƏ ALƏTDİR…"

Ermənilik və qriqorian kilsəsi "xristian həmrəyliyi" hissi ilə necə manipulyasiya edir?

Müəllif:

01.10.2012

Dünyadakı dinlərin əsasını ilahi mənşə təşkil etsə də, onlar düşüncə tərzi və insanların mənəvi zən-ginliyinə xidmət edirlər. Onlar daim həm ayrıca götürülmüş individumun məişətinə, həm də bütöv sosiumun həyat fəaliyyətinə təsir göstərərək, mənəvi və tərbiyəvi normalar formalaşdırır.

Dinin beynəlxalq münasibətlər sistemində və  dünya düzənindəki vacib, hətta bəzən həlledici rolu isə heç kəs üçün sirr deyil.

Çox təəssüf ki, bəşəriyyət tarixinin istənilən dövründə dünyanın ən geniş yayılmış iki dini - xristianlıqla islam arasında sərt qarşıdurma, birbaşa toqquşma yaratmaqda maraqlı qüvvələr olub. Üstəlik, bu oyunda həm xristianlar, həm də müsəlmanlar arasında məddahlara hər zaman rast gəlinib. Bu kontekstdə, xristian dünyasının izaholunmaz laqeydliyi fonunda tarixi faktları saxtalaşdıraraq, xristianlığı (qriqorian məzhəbi) ilk qəbul etmiş dövlət və etnos statusunu mənimsəyən erməniliyin hərəkətləri xüsusi maraq doğurur. Halbuki ermənilərin xristianlığı b.e. 301-ci ildə qəbul etdiklərinə dair iddialara dünyanın bir çox nüfuzlu ilahiyyatçıları, hətta, erməni ilahiyyatçıların özləri də şübhə ilə yanaşır. Onlar hesab edir ki, bu, 314-cü ildən əvvəl baş verə bilməzdi. "Bu hadisənin tarixi ənənəvi olaraq 301-ci il sayılır. Amma son tədqiqatlara əsasən, bu, 314-cü ildən tez baş verməyib", - deyə erməni tarixçi S.Ter-Nersesyan bildirir.

Xristian dininin dövlət dini elan edildiyi tarixə gəlincə, bu məsələdə tarixi sənəd - Roma imperatoru Böyük Konstantinin b.e. 313-cü ildə imzaladığı Milan Fərmanı nəzərə alınmalıdır. Orada dövlətin xristianlığı himayəsi altına  götürdüyü və onun mövcudluğuna zəmanət verdiyi bildirilir. Sağlam düşündükdə aydın olur ki, bu Fərmanın imzalanmasınadək Romanın birbaşa vassalı olan erməni hökmdarı xristianlığı dövlət dini səviyyəsinə qaldıra bilməzdi. Üstəlik, tarixə çoxdan bəllidir ki, hələ II yüzilliyin sonlarında, yəni ermənilərdən təxminən 1 əsr əvvəl xristianlıq arami dilli Edess çarlığında  rəsmi din idi. Erməni kilsəsinə qarşı pravoslav ilahiyyatçıları da kifayət qədər əsaslı iddialar səsləndirib. Onların sözlərinə görə, ermənilər Qafqazda yalnız rus çarının deyil, həm də ərəb xilafətinin dəstəyindən yaralanmaqla gizli "qriqorlaşdırma" həyata keçiriblər. Erməni kilsəsinin saxtakarlığı hüquqi formaya salmasında apogey isə Rusiyadan Qarabağa köçürülmüş ermənilərin rus çarını 1836-cı ildə Alban kilsəsinin ləğv edilməsini nəzərdə tutan sənədi imzalamağa razı salmalarıdır. Həmin sənəd əsasında Alban kilsəsinin ibadətxanaları, mülkiyyəti və sənədləri erməni kilsəsinə verildi. Yeri gəlmişkən, erməni apostol kilsəsi də erməni kilsəsinin məhz rus çarı I Nikolay tərəfindən təsdiqlənmiş nizamnaməsinə əsasən, tez-tez qriqorian kilsəsi adlandırılır. Amma o, bunadək xristianlıqdakı böyük qardaşları (katolik və pravoslav kilsələri) ilə ciddi mübarizə aparmalı olub. Çünki onlar kiçik qardaşlarını küfr və hiyləgərlikdə şübhəli bilirdilər.

Məsələ ondadır ki, Xalkidon yığıncağı (451-ci ildə Bizans imperatoru Markianın Roma Papası I Levin razılığı ilə çağırdığı IV ümumdünya kilsə məclisi) xristianlıqda rəsmi istiqamətlər kimi yalnız katolisizmi, pravoslavlığı, anqlikanlığı və lüteranlığı qəbul edirdi. Monofizit erməni-qriqorian kilsəsi isə küfr elan edilib. Yığıncaqdan sonra imperator monofizitlərə dair sərt qanunlar çıxarıb: sürgün etmək və ya qovmaq; əlyazmalarını yandırmaq, onların yayılmasına görə edam etmək və s. 

1071-ci ildə  Mansikert yaxınlığında bizanslıları məğlub edən türk-səlcuqlar olmasaydı, erməni Qriqorian kilsəsinin taleyi çox acınacaqlı duruma düşəcəkdi. Erməni kilsəsinin üzləşdiyi təhlükə məhz bu döyüşdən sonra aradan qalxdı. Bundan sonra kinli erməni kilsəsi bicliyi hesabına Osmanlı İmperiyasında xristianlığın digər istiqamətlərinə qarşı mübarizədə hakimiyyətdən məharətlə istifadə etməyə başladı. XIX əsrin sonlarında fövqəldövlətlər arasında Osmanlı İmperiyasının ərazisi uğrunda qızğın mübarizə başladıqda isə ermənilik və erməni kilsəsi bu imkandan "böyük Ermənistan"ın yaradılması kimi cəfəng ideyalarının reallaşdırılması üçün istifadə etmək imkanını əldən vermədi.

"Xristian həmrəyliyi" hissi ilə manipulyasiya edən ermənilik və erməni kilsəsi Antanta  dövlətlərinə Osmanlı İmperiyasının parçalanması üçün əlindən gələn köməyi təklif etdi. Onların seçdikləri taktika öz abırsızlığı və primitivliyi  ilə adamı mat qoyurdu. Söhbət nədən gedir? Şərqi Anadolu əhalisi arasında qiyamlar, müsəlmanlar arasında isə onların kəndlərinə edilən hücumlar vasitəsilə ehtiraslar coşdurulurdu. Bu onları ermənilərə hücum etmək məcburiyyətində qoyurdu. Nəticədə bu bölgədə vətəndaş müharibəsi baş qaldırır. Osmanlı hökumətinin xristian və müsəlman əhali arasında qan tökülməsini önləmək üçün atdığı addımları isə Qərbdəki erməni inqilab komitələri xristin-ermənilərin "qətliamı" kimi təqdim edirdilər və Avropanın fövqəldövlətləri qətliama son qoymaq üçün baş verənlərə müdaxilə etməyə bəhanə tapırdılar. Başqa sözlə, xristian Qərbi tərəfindən baş verənlərə müdaxilə Şərqi Anadolunun "erməniləşdirilməsi" siyasətində vacib faktora çevrilir, terrora isə müdaxiləyə zərurət yaradacaq yeganə variant kimi baxılır.

Öz geosiyasi maraqlarını güdən Antanda dövlətləri və ABŞ ermənilik və erməni kilsəsinin ortaya atdığı bu "xristian həmrəyliyi" "tələsi"nə çox məmnunluqla "düşdülər". Məşhur fransız filosof-sosioloq Şarl Furye isə öz əsərində ermənilik və erməni kilsəsinin əsl mahiyyəti, dini hisslərinin iç üzü haqda xəbərdarlıq edirdi: "Ermənilərə niyyətlərini gizlin saxlamaq, məharətlə hiyləgərlik etmək çox xarakterikdir. Onların dəlilləri inandırıcı olduğu qədər də riyakardır. Despotizmə, təhqirə, xainliyə öyrəşmiş ermənilər məqsədlərinə nail olmaq üçün hər şeyə hazırdırlar: din onların əlində sadəcə hərisliyə və yalana xidmət edən vasitədir. Onlar Rusiyada yunan ayinlərinə, İranda - islam ayinlərinə və s. əməl edirlər".

Ermənilik, erməni kilsəsi və ekspertlər cəmiyyətinin üzvləri "xristian qardaşlığı" kartından məharətlə istifadə edir, siyasi proseslərə özünəməxsus qiymət verir, onların inkişafı ilə bağlı ciddi dividentlər gətirəcək müxtəlif variantlar təklif edirdilər. Onların özlərini xristian dünyasının maraqlarının müdafiəçisi kimi təqdim etmək cəhdlərisə çox vaxt absurd həddə çatırdı. Onlar xüsusilə iddia edirdi ki, islam dünyasındakı müasir münaqişələr həm də həmin ərazilərdən xristian əhalinin çıxarılması məqsədini güdür. Məsələn, Suriya və Livandakı hadisələr, ilk növbədə, Yaxın Şərqdə ermənilərin məhvi və onların bu regiondan qovulması məqsədi güdür, çünki məhz bu ermənilər Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasının əsas əleyhidarlarıdır.

Erməni ekspert Suren Saryan isə Köhnə dünyanın sivil problemlərini şərh edərkən orada baş verən bəzi hadisələri Avropaya qarşı cihad (?!) kimi qiymətləndirir. O, avropalıları üstüörtülü şəkildə nə az, nə çox - İslam dünyasına qarşı yeni xaç yürüşünə çağırır. Bu zaman Saryan bildirir ki, Avropanın yeganə sivill məkan kimi birləşməsinə məhz xaç yürüşləri kömək edib.

Məqsəd tam aydındır - xristian və müsəlman dünyasını qarşı-qarşıya qoymaq üçün istənilən imkandan istifadə etmək və beləliklə, ermənilik üçün maksimum dividentlər qazanmaq. Bunu Dağlıq Qarabağın (DQ) separatçı rejiminin liderlərindən olan A.Qulyanın bəyanatı da açıq şəkildə təsdiqləyir. O, bu il iyunun sonlarında "Gənc xristianlar assosiasiyası" ümumdünya dini təşkilatının nümayəndə heyətinin üzvlərilə görüşündə bəyan edib ki, DQ-nin erməni icmasının üzvləri heç zaman Qarabağ münaqişəsinə dini nöqteyi-nəzərdən yanaşmayıb. Amma onlar nəinki xristian ölkələrinin DQ-də yaşayan xristianların taleyinə etinasız qalmasını, hətta bəzən bəyanatları ilə qarşı tərəfin mövqeyini dəstəklədiyini anlamırlar. "Məsələn, demokratiyanın müdafiəçisi olan xristian Avropasının DQ-dəki istənilən seçki prosesinə münasibəti seçkinin keçirilməməsinə çağırışdan ibarətdir. Xristian Avropasının xristian Qarabağını itirməkdən nəsə qazanacağını düşünmürəm", - deyə A.Qulyan bildirib.

Ermənilik tərəfindən "xristian həmrəyliyi"nə növbəti və daha yeni çağırış Macarıstan erməni milli muxtariyyətinin bəyanatıdır. R.Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar Ermənistanla Macarıstan arasında dövlətlərarası əlaqələrin gözlənilmədən kəsilməsindən "ağrı və sarsıntısını" dilə gətirən təşkilatın rəhbəri N.Akopyan deyib: "Dünyaya izah etməyin vaxtıdır ki, 5 min illik tarixi olan xristian xalqını qorxaq, üz-üzə mübarizə aparmağı bacarmayan, gecə yatan adamı öldürmüş qatili qəhrəmana çevirən vəhşi bir xalq və cəmiyyətin ümidinə qoymaq olmaz".

Ermənilərin belə təxribat xarakterli bəyanatları təəccüblü deyil. Təəccüblü olan bəzi avropalı siyasətçilərin belə təxribatlara necə sürətlə uyması, "xristian həmrəyliyi" ilə bağlı absurd təkliflərlə çıxış etməsidir. Belə siyasətçilərdən biri slovakiyalı "siyasi xadim", Slovakiyanın hazırkı prezidentinin yaxın silahdaşlarından olan Frantişek Mikloşkodur. O, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərindən sonra xristian Avropasının "abrını verməyə" çalışıb: "Dağlıq Qarabağa bir dəfə baş çəkmək kifayətdir ki, onun müstəqillikdən imtina edə biləcəyinə dair bəyanatların absurdluğunu anlayasan. Təəssüf edirəm ki, Aİ bu fikirlə razılaşmayıb və Dağlıq Qarabağda keçirilmiş seçkini tanımayıb. Xristian Avropasının xristianlığın əsaslarını unutması paradoksaldır. Bu mənada Dağlıq Qarabağ Avropaya əlcək atır".

Güman ki, Arkanzasdan olan hüquqşünas, sabiq hakim, mömin xristian Samuel Viimsin "Ermənistan: "xristian" terror dövlətinin sirləri" kitabı F.Mikloşko və digər nadanların maariflənməsi üçün yaxşı vəsait olardı. S.Viims fundamental əsərində yazır: "Balaca Ermənistan dövləti bütün dünyaya səpələnmiş həmtayfalarından istifadə etməklə uzun illər ərzində xristian dünyasını islama və müsəlmanlara qarşı qoymaq üçün müxtəlif cəhdlər göstərib". Amerikalı hüquqşünasın gətirdiyi təkzibolunmaz sübutlar hər bir xristiana "ermənilərin kilsələrindən terror siyasətinin reallaşdırılması üçün necə istifadə etdiklərini", "ermənilərin Qarabağ müsəlmanlarına qarşı necə soyqırım törətdiklərini" və "bugünkü Ermənistanın Hitlerin tərəfində döyüşmüş şəxslərə necə ehtiramla yanaşdığını" şəxsən başa düşmək imkanı verir. Ən maraqlısı isə S.Viimsin sənədli tədqiqatının cildində yazılmış fikirdir: "Bu kitabı hər bir xristianın və Amerikada vergi ödəyən hər bir şəxsin oxuması vacibdir!". Bu çağırışı xüsusilə ermənilik və erməni ruhanilərinin "ötürmə"silə dini faktoru siyasi spekulyasiya alətinə çevirməyə cəhd edənlər dinləməlidir. Yəni, bəşəriyyət üçün həddindən artıq təhlükəli olanlar. "Günahsız müsəlmanlar" adlı təxribatçı filmdən sonra yaşananlar isə bu təhlükənin nə qədər real olduğunu bir daha sübut edir.

 

 

SİTAT

 

"Ermənilərə niyyətlərini gizlin saxlamaq, məharətlə hiyləgərlik etmək çox xarakterikdir. Onların dəlilləri inandırıcı olduğu qədər də riyakardır. Despotizmə, təhqirə, xainliyə öyrəşmiş ermənilər məqsədlərinə nail olmaq üçün hər şeyə hazırdırlar: din onların əlində sadəcə hərisliyə və yalana xidmət edən vasitədir. Onlar Rusiyada yunan ayinlərinə, İranda - islam ayinlərinə və s. əməl edirlər". 

Şarl FURYE, fransalı filosof-sosioloq

 

"Balaca Ermənistan dövləti bütün dünyaya səpələnmiş həmtayfalarından istifadə etməklə uzun illər ərzində xristian dünyasını islama və müsəlmanlara qarşı qoymaq üçün müxtəlif cəhdlər göstərib"

Samuel VİİMS, Arkanzasdan olan hüquqşünas ("Ermənistan: "xristian" terror dövlətinin sirləri")



MƏSLƏHƏT GÖR:

394