
"HAY-KÜY"ÜN İFLASI
Ermənilərin Azərbaycanı nüfuzdan salmağa və beynəlxalq aləmdən təcrid etməyə yönəlmiş səyləri əbəsdir
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatı Bakı
Sentyabrın ikinci yarısında Prezident İlham Əliyevin Fransaya səfəri baş tutdu. Səfər işgüzar xarakter daşısa da, onun həm Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin inkişafı, həm də regional geosiyasi vəziyyət baxımından böyük əhəmiyyəti var idi. Çünki Fransada əvvəlcə Jak Şirakın, daha sonra Nikola Sarkozinin uzun illər davam etmiş sağ-mərkəzçi hakimiyyətindən sonra, bu ilin yazında keçirilmiş prezident seçkisində sosialist Fransua Olland qələbə qazandı. Fransanın dünyada, xüsusilə Avropadakı iqtisadi və siyasi çəkisinin, bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupuna həmsədrlik etməsini nəzərə alsaq, bu fövqəldövlətin yeni liderilə işgüzar əlaqələrin qurulması son dərəcə vacib əhəmiyyət daşıyır.
Yelisey sarayına səfərin ilk günündə prezidentlər İlham Əliyev və Fransua Olland arasında görüş olub. Görüşdə Azərbaycanla Fransa arasında əməkdaşlığın müxtəlif sahələrinə aid səmərəli fikir mübadiləsi aparılıb. Bu əlaqələrin siyasi, iqtisadi, mədəni sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatındakı fəal rolu vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin gedişinə dair də fikir mübadiləsi aparılıb, bu istiqamətdə atılmalı olan addımlar haqda danışılıb. Prezidentlər Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsinə, iqtisadi və mədəni əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiq olduqlarını qeyd ediblər.
Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Fransanın sabiq dövlət başçısı, siyasətdən getdiyini elan etməsinə rəğmən Fransanın dövlət və siyasi səhnəsində kifayət qədər nüfuzlu şəxsiyyət olaraq qalan Nikolya Sarkozi arasında da görüş olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Parisin Luvr muzeyinin islam incəsənətinə həsr olunmuş yeni zallarının açılışına da qatılıblar. Bu layihənin reallaşmasında Azərbaycan, Küveyt, Oman və Mərakeş vacib rol oynayıblar. Prezident Fransua Olland öz çıxışında bildirib ki, reallaşdırılmasına 2008-ci ildə başlanılmış bu layihənin əsas məqsədi Luvrun universallığının, ümumbəşəri əhəmiyyətini nümayiş etdirmək, Fransanın islam sivilizasiyasına münasibətini göstərməkdir: "Mən xeyirxahlıq, lazımi anda bizə yardım göstərmiş şəxslərə, xüsusilə Azərbaycan Respublikasının prezidenti və digər ali qonaqlara təşəkkürümü bildirmək istəyirəm. Onlar bizim çoxsaylı tərəfdaşlarımızdandırlar. Onlar Fransanın dostlarıdırlar. Onlar bu layihəyə çox böyük köməklik göstəriblər. Ümid edirəm ki, bu xe-yirxahlıq gələcəkdə də davam etdiriləcək".
Səfər zamanı Azərbaycan-Fransa münasibətlərində daha bir vacib hadisə baş verib. Söhbət Heydər Əliyev Fondu və Fransadakı səfirliyimizin dəstəyilə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışından gedir. Parisin mərkəzində - Eyfel qülləsi yaxınlığında, ötən əsrin əvvəllərinə aid gözəl memarlıq binasında yerləşən mərkəzin ərazisi 3 min kvadrat metrdir. Orada Azərbaycanla bağlı müxtəlif humanitar tədbirlərin keçirilməsi üçün bütün imkanlar var. Mərkəzdə kitabxana fəaliyyət göstərir, binaya baş çəkənləri Azərbaycanın zəngin tarixi və mədəniyyətilə tanış edəcək ekspozisiyalar yerləşdirilib. Mərkəzdə tədbirlərin keçirilməsi üçün konfrans zalı və sair də var.
Tədbirdə çıxış edən prezident İlham Əliyev deyib: "Bu gün Fransa-Azərbaycan əlaqələri tarixində əhəmiyyətli gündür. Parisin mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayır. Ölkəmizin xarici ölkələrdəki ilk Mədəniyyət mərkəzinin məhz Fransa paytaxtında açılması təsadüf deyil. Fransa-Azərbaycan münasibətləri çox uğurla və sürətlə inkişaf edir". İlham Əliyev Fransa-Azərbaycan mədəni əlaqələrinin inkişafında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib.
Fransaya işgüzar səfərinin sonunda İlham Əliyev Fransa Sahibkarlar Təşkilatı - MEDEF-də cəmləşmiş iş adamları ilə də görüşüb. Bu görüşlər ənənəvi xarakter alıb. İlham Əliyevin görüşdəki çıxışında dediyi kimi, "MEDEF üzvü olan biznesmenlərlə əvvəlki görüşlər Azərbaycanla Fransanın aparıcı təşkilatları arasında iqtisadi sahədə effektiv tərəfdaş münasibətlərinin qurulmasına böyük töhfə verib. Fransa Azərbaycanın ikinci ticarət tərəfdaşıdır və iki ölkə arasında ticarət dövriyyəsi hər il artır".
Prezident Fransa şirkətlərinin Azərbaycanda reallaşdırılan infrastruktur layihələrində (su təchizatı, məişət tullantılarının toplanması və istifadəsi, Bakı Metropoliteninin inkişafı) aparıcı rolunu, rabitə və kosmik texnika, kəşfiyyat, Xəzərin enerji resurslarının hasilatı və nəqli sahəsindəki rolunu qeyd edib. Onların arasında Fransanın TOTAL və Frans Gaz şirkətlərilə birlikdə Xəzərdə işlənən "Abşeron" qaz-kondensat yatağı da var. Yatağın qaz ehtiyatı, təxminən, 1 trilyon kubmetr, neft və kondensat ehtiyatı isə 150 milyon ton qiymətləndirilir. Prezident Əliyev bildirib ki, Azərbaycan Fransa şirkətlərinin regionun və Avropanın enerji xəritəsini dəyişəcək TANAP strateji qaz kəməri layihəsinin reallaşdırılmasına cəlb olunmasına da tərəfdardır.
Baş tutmuş siyasi görüşləri və danışıqları, Fransanın işgüzar elitası ilə dialoqu, mədəni xarakterli vacib, ictimaiyyətin geniş diqqətinə səbəb olmuş tədbirləri nəzərə alsaq, İlham Əliyevin Fransaya işgüza səfərini kifayət qədər uğurlu saymaq olar.
Bu, xüsusilə ermənilərin bir müddət əvvəl Ramil Səfərovun Macarıstandan vətənə ekstradisiyası və burada əfv olunmasından sonra Azərbaycanı nüfuzdan salmaq, onu beynəlxalq aləmdən təcrid etmək istiqamətindəki geniş səyləri fonunda vacibdir. Ermənilərin bəzi hallarda isterikanı xatırladan və onların himayəçiləri tərəfindən dəstəklənən səs-küylü kampaniyası real nəticələr vermir. Müxtəlif beynəlxalq təşkilatlar və siyasətçilər tərəfindən bu məsələ ilə bağlı təəccüb və ya təəssüfdən ibarət səsləndirilən anlaşılmaz bəyanatlar Azərbaycanı özünə bəraət qazandırmağa, xüsusilə geri çəkilməyə məcbur edə bilməz. Ayrı-ayrı dövlətlərə gəlincə, onlar Ramil Səfərovla bağlı məsələnin ermənilər tərəfindən birtərəfli şəkildə interpretasiyasına deyil, öz real maraqlarına əsaslanır. Cənubi Qafqazda bu maraqlar isə xüsusilə iqtisadi konteksdə birmənalı olaraq Azərbaycanla bağlıdır.
Prezident İlham Əliyevin çox böyük və nüfuzlu erməni diasporunun olduğu, Avropada məhz Ermənistanın ən çox dəstək gözlədiyi ölkəyə - Fransaya səfəri Azərbaycana qarşı yönəlmiş səylərin əbəs olduğunu təsdiqlədi. Ermənilərə görə heç kəs bizimlə mübahisə etmək fikrində deyil. Prezident Əliyev bunu Fransaya səfərilə açıq şəkildə nümayiş etdirdi. Fransalıların ermənilərə olan ənənəvi simpatiyası davam edir. Amma hətta hazırda ölkəyə rəhbərlik edən, kor-koranə şəkildə biznesi dəstəkləməyin tərəfdarı olmayan sosialist Olland üçün belə, iqtisadi maraqlar daha yüksəkdə durur. Hər halda, ötən il Azərbaycanla Fransa arasında xarici ticarət dövriyyəsi 2 milyard 246 milyon dollar olub. Ermənistanla Fransa arasında isə bu rəqəm təxminən 30-35 milyon dollardır, yəni, Azərbaycanla müqayisəolunmaz dərəcədə az.
Mədəniyyət sahəsində Luvr muzeyində islam mədəniyyəti ekspozisiyasının nümayişi, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması da ermənilərin dominatlığının keçmişdə qaldığını nümayiş etdirir.
Ramil Səfərovun əfv olunmasının guya "ciddi zərər vurduğu" Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə gəlincə, bu proses onsuz da bir ildən artıqdır ki, imitasiya xarakteri daşıyır və yerində sayır. Qərbə, Rusiyaya və Ermənistana münaqişə tərəfləri arasında dialoqun getdiyinə dair görüntü yaratmaq və nikbin gözləntilər doğurmaq sərf edir. Bu, xüsusilə çox yaxın zamanlarda "əliboş" şəkildə prezident seçkisinə qatılacaq Sarqsyan üçün vacibdir. Son 4 ildə Ermənistan hələ də 2008-ci ilin 15%-lik iqtisadi tənəzzülündən yaxa qurtara bilməyib. Onun xarici borcu artaraq kritik həddi - ÜDM-in 40%-ni ötüb. İnflyasiyanın artımı şəraitində, əhalinin yaşayış səviyyəsində durğunluq yaşanır, bir çox erməni və əcnəbi iqtisadçıların fikrincə isə, ölkə hətta geri gedir. Özləri üçün heç bir müsbət perspektiv görməyən insanlar Ermənistanı kütləvi şəkildə tərk edir. Azərbaycanla danışıqlarda yaranmış pauza və hərbi əməliyyatların bərpası riskinin artması da sıravi ermənilərdə nikbinlik və hazırki hakimiyyətə inam yaratmır. Aydındır ki, bu vəziyyətdə Serj Sarkisyan və komandası özünü çox narahat hiss edir.
Ramil Səfərovun əfv olunması ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllini istəməyən, "nə sülh, nə hərb" vəziyyətinin davam etməsilə zaman keçdikcə Azərbaycanın ərazilərini itirməyə razı salınacağına, Ermənistanın tələblərilə barışacağına ümid edənlərdə çaşqınlıq yaradıb.
Ramilin əfv olunması Azərbaycanın ermənilərlə ən sərt qarşıdurmaya, bütün işğal altındakı torpaqlarımızı azad etməyə hazır olduğunu göstərdi. Ermənilərin beynəlxalq təbliğat kampaniyaları vasitəsilə bizə təsir etmək cəhdləri iflasa məhkumdur. Səfirlərin bu yaxınlarda keçirilmiş konfransında İlham Əliyevin dediyi kimi: "Azərbaycan elə bir dövlətə çevrilib ki, bizə təzyiq göstərmək, bizi şantaj etmək mümkün deyil".
MƏSLƏHƏT GÖR: