Müəllif: Zeynal ƏLİ Bakı
Hər şey 1987-ci ildə Yer kürəsi əhalisinin 5 milyard nəfərə çatması ilə başlandı. Həmin günə 5 Milyard Günü (Five Billion Day) adı verildi. Artıq 2 il sonra BMT beynəlxalq bayram da təsis etdi - Ümumdünya Əhali Günü (World Population Day). İndi dünya hər il iyulun 11-də həmin günü qeyd edir.
Kimsə bu günə ehtiyacın olmadığına dair mübahisə edə bilər. Məsələ ondadır ki, dünyada insanların sayının artması bəşəriyyəti tibbi preparatların çatışmazlığı, içməli su, urbanizasiya, ərzaqların və içməli suyun keyfiyyəti, gənclər üçün iş yerləri və s. kimi problemlərlə qarşı-qarşıya qoyur. 2011-ci ildə Yer kürəsində əhalinin sayı 7 milyard nəfərə çatıb. Halbuki, hələ 1950-ci ildə dünyada cəmi 2,5 milyard insan yaşayırdı. Yəni, cəmi 60 ildə dünya əhalisinin sayı, təxminən, 3 dəfə artıb! Hər il iyunun 11-də BMT demoqrafiya ilə bağlı problemlərdən danışmağa başlayır. Bu ilin açıqlamasında bildirilir ki, hər il dünyada 18 yaşına çatmış, təxminən, 16 milyon qız ana olur. Daha 3,2 milyon qız təhlükəsiz olmayan aborta gedir. İnkişaf etməkdə olan ölkələrdə hamilə yeniyetmə qızların 90%-i rəsmi nikahdadır. Lakin belə qızların böyük əksəriyyəti hamiləliyə qarşı dərmanlardan istifadə və ümumiyyətlə, cinsi əlaqəyə girib-girməmək kimi məsələlərin həllinə təsir göstərə bilmirlər. Çox tez-tez hamiləlik ayrı-seçkiliyin, hüquq pozuntularının (azyaşlıların nikahı da daxil olmaqla), savadsızlığın və ya seksual zorakılığın nəticəsi olaraq baş verir. BMT eksperti, Qlobal Səhiyyə Məktəbinin müəllimi, doktor Nensi Uilyamson bu mövzuda ötən il hazırladığı məruzəsində deyirdi: "Hamiləlik qızların indiki həyatını və gələcəyini kökündən dəyişir. Və bu dəyişiklik heç də həmişə müsbət tərəfə olmur. O, qızın təhsilinin sonu, işə düzəlmə perspektivinin məhvi ola, qadını yoxsulluğa, təcrid durumuna və asılılığa dəfələrlə yaxınlaşdıra bilər".
BMT-də hesab edirlər ki, əsas məqsədlərdən biri insanların əhalinin sayının artması ilə əlaqədar problemlər haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi olmalıdır. Ümumdünya Əhali Gününün mövcud olduğu illərdə "Reproduktiv sağlamlıq sahəsində xidmətlər", "Yoxsulluqla mübarizə", "Qızlar üçün təhsil", "Ailəni planlaşdırmaqla, gələcəyinizi planlaşdırırsınız", "Anaların sağlamlığının qorunması işində kişilər tərəfdaş kimi", "Gənc insanların işlə təminatı", "Cinsi bərabərlik" kimi mövzular müzakirə olunub. Sosioloqlar isə bu mövzuların ildən-ilə daha da aktuallıq qazandığını bildirirlər.
Demoqrafiya sahəsində hər şey qaydasındadır
2013-cü ilin yekunlarına görə, Azərbaycan Dövlət Statistika Komitəsi ölkədə 9 milyon 356 min əhalinin olduğunu bəyan edib. Azərbaycan əhalinin kəmiyyət artımına görə dünyanın 224 ölkəsi arasında 130-cu yeri tutur. Bu, faktiki olaraq, orta göstəricidir.
Məsələn, Afrika ölkələrində əhalinin artımı o qədər sürətlə gedir ki, meydana ekoloji fəlakətlər çıxır. Şərqi Avropa ölkələrində isə əksinə, əhali ildən-ilə azalır. Azərbaycana gəlincə, burada ailəbaşına 2-3 uşaq düşür və bu, ideal artım səviyyəsindən bir qədər yüksəkdir. Beləliklə, bu dinamika ilə Azərbaycanı heç bir demoqrafik problem gözləmir.
Cəmi bir neçə gün əvvəl Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı" layihəsi hazırlanıb. Bu vacib proqram layihəsi Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci il dekabrın 29-da təsdiqlənmiş "Azərbaycan-2020: gələcəyə baxış" inkişaf konsepsiyası əsasında hazırlanıb. Dövlət Proqramında mövcud demoqrafik proseslərlə bağlı aparılmış araşdırmalar nəticəsində, 2025-ci ilədək prioritet inkişaf istiqamətləri əksini tapıb.
Demoqrafiyada ən vacib amillərdən biri İnsan İnkişafı İndeksidir (İİİ). O, 2013-cü ilədək insan potensialının inkişaf indeksi adlanırdı. Bu, hər il ölkələr arasında tədqiq olunan ərazidəki əsas insan potensialı kimi yaşayış səviyyəsi, savad və uzunömürlül?yün müqayisəsi nəticəsində yaranan inteqral göstəricidir. Azərbaycan İİİ (Insan Inkiifası İndeksi) indeksinə görə yüksək ölklər sırasına daxildir və 82-ci pillədə qərarlaşıb.
Maraqlı futurologiya
Rusiyalı fizik və demoqraf, məşhur akademik Pyotr Kapisanın oğlu Sergey Kapisa hələ 1995-ci ildə Yer kürəsində əhalinin artım səviyyəsinin gözlənilmədən, hətta demək olar ki, müəmmalı şəkildə azalmağa başladığını bildirirdi. Hər zaman əhali artımının yüksək olduğu Asiya ölkələri demoqrafik baxımdan "sabitləşib", hələlik yüksək artım yalnız Afrikada müşayiət olunur. Amma bütün dünyada olduğu kimi, orada da ümumilikdə əhalinin artım tempində zəifləmə tendensiyası var.
Alimin proqnozuna görə, hazırkı dinamika davam edərsə, 2030-cu ilə dünyada əhalinin sayı 10 milyard nəfərə çatacaq.
Ümumilikdə, klassik demoqrafiya son illərədək dünya əhalisinin artım dinamikasını araşdırmırdı, çünki həm miqyas, həm də xəta riski kifayət qədər böyükdür. Bu istiqamətdə ilk addımı tarixçilər atıb. XX əsrdə bir çox böyük tarixçilər - fransız Brodel, Konrad, sovet alimi Dyakonov tarixin öyrənilməsində məhz bu qlobal yanaşmanı əsas götürüblər. Sonralar onu bütün dünyadan olan tarixçilər və demoqraflar əsas götürməyə başlayıblar. Bu məqamda aydın olub ki, bəşəriyyət bütün tarixi boyunca hiperbolik əyri şəkildə inkişaf edir. Yəni, dünya əhalisinin sayı kvadratlarla artır. Kapisanın yazdığına görə, bununla eyni zamanda tarixi dövrlər çox sürətlə qısalıb. Nəticədə, bu gün dünya sürətlə dəyişir və tarix sanki bir nəslin gözləri qarşısında yazılır. Beləliklə, hazırda baş verən bəşəriyyətin keyfiyyətcə yeni vəziyyətə keçididir. Onun xarakterik cəhəti isə qlobal demoqrafik keçid və Yer kürəsində əhalinin artımının azalmasıdır. Alimlər, demoqraflar, fiziklər, futuroloqlar, sosioloqlar bu dövrü "Texnolji qeyri-adilik" adlandırırlar.
Hazırkı dövrün əsas problemlərindən biri də keyfiyyətli qidadır. Bu gün, demək olar ki, əsas meyvələrin hamısı genetik modifikasiya olunmuş meyvələrdir. Alimlər bununla bağlı həyəcan təbili çalsalar da, bu cür məhsulların orqanizmə zərəri hələ ki, birmənalı şəkildə sübuta yetirilməyib. Üstəlik, bu qədər insanın başqa cür qidalandırılması da mümkünsüz görünür. Həyatımızın digər sahələri də elmlə bağlıdır. Bizim, bütünlükdə insan sivilizasiyasının layiqli gələcəyə çıxması isə məhz elm, təhsil və elmi-texniki irəliləyişlə bağlıdır.
MƏSLƏHƏT GÖR: