24 Noyabr 2024

Bazar, 23:30

ŞİSTLƏ BAĞLI QAYNAR TƏKLİF

Xarici şirkətlər Azərbaycanda şist qazının hasilatı sahəsində SOCAR-la əməkdaşlığa hazırdır

Müəllif:

08.07.2014

Dünyada  bütün mümkün elmi institutların və ekspertlərin "şist inqilabı"nın baş verib-vermədiyinə, onun "klassik" yanacaq növü hasilatçılarına nə vəd etdiyinə dair mübahisə  apardığı bir vaxtda, ABŞ və digər şist neft, qaz ehtiyatları aşkarlanan əksər  ölkələr  onların işlənilməsi  layihələri üzərində var qüvvələri ilə iş aparırlar. Və  bu sahədəki ümumi təşəbbüslər  fonunda, artıq Azərbaycanda da ölkədə mövcud olan şist yataqlarında tədqiqatların məqsədəuyğunluluğu haqqında düşünməyə başlayıblar.

 

İrəliləyiş, yoxsa iflas? 

KİV-də yer alan statistikaya əsasən, bəşəriyyətin yanacağa olan ümumi tələbatının 87%-i karbohidrogen "üçlük"ün (neft, qaz kömür) payına düşür. İstifadə olunan enerji növlərinin şaxələndirilməsinə edilən bütün cəhdlərə rəğmən, "atom", hidroenerji və bərpaolunan enerji mənbələri (BEM) yalnız yerdə qalan 13%-i təşkil edir. Bununla yanaşı, karbohidrogenlərin hasilatı getdikcə daha baha başa gəlir və bu, onları alan ölkələri bir tərəfdən qane etmir, digər yandan "klassik" yanacaq ehtiyatlarının tezliklə tükənməsi riskini yaradır.

Bütün bunların fonunda "şist inqilabı" ətrafında yaranan səs-küy sanki lap yerinə düşüb. Məsələ ondadır ki, dünyada şist nefti və şist qazı ehtiyatı həqiqətən nəhəng həcmdədir. ABŞ-ın Enerji İnformasiyası İdarəsinin (Energy Information Administration, EIA) bu yaxınlarda açıqladığı məruzədə bildirilir ki, dünyada texniki baxımdan çıxarılan şist neftinin ən böyük ehtiyatlarına Rusiya malikdir (75 milyard barel). Çin, Argentina və Əlcəzair ən böyük şist qazı ehtiyatına malik ölkələrdir (Rusiya bu göstəriciyə görə 9-cu yerdədir).

Şist yanacağı yataqlarında böyük həcmdə neft və qazın olduğu geoloqlara çoxdan məlum idi. Amma onların işlənilməsi yalnız son dövrlərdə, layların hidropartlayış və horizontal qazma texnologiyaları meydana çıxdıqdan sonra mümkün olub. Bundan ilk dəfə geniş şəkildə ABŞ-da istifadə edilib. "Şist inqilabı" anlayışı da bundan sonra meydana çıxıb.

Bir sıra ölkələrin ABŞ-la müqayisədə daha böyük şist yanacağı ehtiyatına malik olmasına baxmayaraq, genişmiqyaslı və sürətli "şist inqilabı" yaxın zamanlarda heç də hər yerdə gözlənilmir. ABŞ-da istifadə olunan texnologiyalar geoloji fərqlilik üzündən heç də bütün yataqlarda işlədilməsi üçün əlverişli deyil. Bir çox ölkələrdə hələ yataqların lazımi texnoloji ekspertizası həyata keçirilməyib. Onların bəzilərində, məsələn, Çində özəl şirkətlərin təbii resursların hasilatına girişməsinə məhdudiyyətlər var. Avropada isə şist qazının, ən azı, yaxın 2 onillikdə kütləvi şəkildə hasilatı ehtimalı azdır. Birincisi, ətraf mühitin müdafiəsinə əsaslanan kifayət qədər güclü sosial müqavimət var. İkincisi, Avropa hələ şist yanacağı yataqlarının öyrənilməsi və işlənilməsi işində ilkin mərhələdədir. Onların sənaye ehtiyatlarının olması və bu ehtiyatların həcmi məsələləri hələ də açıq qalır. Bundan başqa, Aİ-də qazma sənayesi hələ kifayət qədər inkişaf etməyib, qaz hasilatını tənzimləyən normativ-hüquqi baza isə güman ki, Birləşmiş Ştatlardakından daha sərt olacaq.

Bundan başqa, ABŞ-da təbii qazdan istifadə etməklə elektrik enerjisinin istehsalı üzrə böyük ehtiyat güclər var və bu, elektroenerjinin kömürdən qaza keçidini yüngülləşdirib. Elektrik enerjisinə tələbatın sürətlə artdığı Çin kimi ölkələrdə ehtiyat qüvvə, demək olar ki, yoxdur və təbii qaz hasilatının artırılması yalnız kömürdən elektrik enerjisi alınmasının həcmini azaldacaq, lakin bu, istehsalı azaltmayacaq.

Tədqiqatçıların fikrincə, şist qazı hasilatında ən böyük çatışmazlıqlar onun maya dəyərinin baha olması, uzun məsafələrə nəqlinin mümkün olmaması, yataqların tez tükənməsi, ümumi strukturda sübuta yetirilmiş ehtiyatların həcminin azlığı, hasilat zamanı ciddi ekoloji risklərin olmasıdır. Məsələn, bu zaman Yer səthinin və əhali üçün içməli su mənbəyi olan qrunt sularının çirklənmə riski var.

Hər halda, rusiyalı ekspertlərin dili ilə desək, "şist irəliləyişi" enerji resursları ehtiyatlarının tükənməsini 20-30 il təxirə salıb. Bununla yanaşı, onların fikrincə, şist yanacağı ilə bağlı ən nikbin proqnozlar doğrularsa belə, onun hasilatı neft və qazın qiymətində ciddi ucuzlaşmaya səbəb olmayacaq. Bu halda neftin 1 barrelinin qiyməti maksimum 5 dollar, təbii qazın min kubmetrinin qiyməti isə uzağı, 50-60 dollar ucuzlaşa bilər. Amma bununla yanaşı, ekspertlər "şist iflası"nın yaşana biləcəyini də istisna etmirlər. Onların fikrincə, yeni hasilat layihələrinin qiymətində ciddi bahalaşma olarsa, ehtiyatların həcmi ilə bağlı proqnozlar özünü doğrultmasa, ucuz texnologiyalar nizamlayıcılar tərəfindən qəbul olunmasa, ölkələr isə bir-birinin ardınca karbohidrogen hasilatı ilə bağlı sərt ekoloji məhdudiyyətlər tətbiq edərsə, sözügedən iflas yaşana bilər.

Beynəlxalq Enerji Agentliyinin (BEA) bu yaxınlarda açıqladığı məlumata görə, ABŞ-ın neft sahəsində dəyişikliklərə səbəb olacaq şist bumu Şimali Amerika hüdudlarından kənara onilliyin sonunda, yəni gözlənildiyindən daha tez çıxacaq. Qurumda hesab edirlər ki, bunun sayəsində ABŞ 2020-ci ilə dünyanın ən nəhəng neft hasilatı ölkəsinə çevrilə bilər. BEA-nın son 5 ilin neft bazarının təhlil olunduğu son hesabatına görə, 2019-cu ilə ABŞ-dan kənarda iz nizkoproniüaemıx porod neft hasilatı ümumi neft təklifi arasında gündə 650 min barrel təşkil edəcək. Bu, ABŞ-da hasil olunacaq şist nefti ilə müqayisədə çox azdır. 2019-cu ildə Birləşmiş Ştatlarda gündə 5 milyon barrel şist neftinin hasil olunacağı proqnozlaşdırılır.

Bununla yanaşı, uzun illər neft bazarında hökmranlıq edən neft hasilatı ölkələri ikinci plana keçə bilər. Çünki investisiya çatışmazlığı və bu ölkələrin bəzilərindəki siyasi qeyri-sabitlik neft təklifinin artımını təhlükə altında qoyur. "OPEK ölkələri bazarda əsas neft tədarükçüsü olaraq qalsalar da, onların hasilat gücünü artırmaları getdikcə çətinləşir", - deyə BEA-nın icraçı direktoru Mariya van der Huven bildirib.

 

Azərbaycan adlı alternativ

Əlbəttə, Azərbaycanda neft resurslarının tükənməsi haqqında danışmaq hələ tezdir. Təbii qaz ehtiyatları isə daha çoxdur. Amma yenə də baş verənlər fonunda ortaya hipotetik sual çıxır - Azərbaycanda şist yanacağı yataqları var və ölkədə bu yanacaq növünün hasilatı nə qədər realdır? Hər halda, ölkədə "klassik" yanacaq növlərinin həcminə dair proqnozlar kifayət qədər nikbin olsa da, artıq alternativ mənbələrdən, o cümlədən atom enerjisinin əldə olunması istiqamətində işlər aparılır. Belə olan təqdirdə, şist yanacağı nədən diqqətdən kənarda qalsın?

KİV azərbaycanlı alimlərin hesablamalarına istinadən Azərbaycanda, təxminən, 600 milyon ton şist yanacağının və 200 milyon ton təbii bitumun olduğunu xəbər verir. Onlar keyfiyyətinə görə dünyadakı nümunələri üstələyir və yerin səthində yerləşir. Bu da həmin ehtiyatların hasilatı üçün ciddi xərclərə ehtiyacın olmadığını göstərir.

SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti Xoşbəxt Yusifzadə hələ bir müddət əvvəl Azərbaycanda şist yanacağının olduğu 50 yatağın mövcudluğunu bildirmişdi. Onun sözlərinə görə, belə yataqlara Şamaxı, Qobustan, Aşağı Kür çökəkliyi və digər regionlarda rast gəlinir. "Neftin qiymətinin baha olması dünyanın alternativ karbohidrogen xammalları mənbələrinə diqqətini artırıb. Söhbət xüsusilə bitumdan və şist yanacaqlarından gedir. Onların işlənməsinə "ExxonMobil" və "Total" kimi şirkətlər maraq göstərir", - deyə X.Yusifzadə bildirib. O, ümid edir ki, müasir texnologiyaların tətbiqi belə yataqların işlənməsini effektiv edəcək.

Hələ 2011-ci ilin iyulunda SOCAR və "ConocoPhillips Exploration Azerbaijan Ltd" arasında Azərbaycanın quru ərazilərində kəşfiyyat fəaliyyətinə dair tədqiqat razılaşması imzalanıb. Layihənin məqsədi quruda yeni perspektiv neft-qaz yataqlarının üzə çıxarılması, gələcəkdə aparılacaq kəşfiyyat-axtarış işlərinə köməklik göstərilməsi, o cümlədən regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərilməsidir. Düz 1 il sonra - 2012-ci ilin iyulunda isə SOCAR və "Statoil" arasında Abşeron yarımadasının dayaz sulu şimal-qərb hissəsində geoloji-geofiziki informasyianın qiymətləndirilməsinə dair razılaşma imzalanıb. Sənədə əsasən, "Statoil" mövcud geoloji-geofiziki məlumatların müasir texnologiyaların tətbiqi ilə yenidən qiymətləndirilməsini həyata keçirməlidir.

SOCAR xarici şirkətlərlə birlikdə Azərbaycanın quru hissəsində mezozoy çöküntülərinin tədqiqi ilə də məşğul olub. "ConocoPhillips" ilə birlikdə Böyük Qafqaz yamaclarında 2D seysmik araşdırma aparılıb. SOCAR-ın Geologiya və Geofizika İdarəsi Norveçin "Statoil" şirkəti ilə birlikdə Abşeron yarımadasının şimal-qərb hissəsində seysmoloji kəşfiyyat məlumatlarının işlənməsi və təsfirini həyata keçirib. Tədqiq edilmiş ərazilər ümumilikdə 14 min kvadratkilometr təşkil edir. "Mezozoy çökmələrində neftin tapılması bizim üçün neft hasilatının sabitləşdirilməsi baxımından vacib əhəmiyyət daşıyır", - deyə Xoşbəxt Yusifzadə bildirib.

Aparılmış tədqiqatların nəticələri haqqında dəqiq məlumat olmasa da, X.Yusifzadənin açıqlamaları işlərin əbəs yerə aparılmadığını aydın şəkildə göstərir. "SOCAR tezliklə ölkə ərazisində şist qazının hasilatına başlamağı planlaşdırır. "ConocoPhillips", "Statoil" və digər şirkətlər artıq bu sahədə birgə işləmək üçün bizə müraciət ediblər. Hazırda daxil olmuş təkliflərin qiymətləndirilməsi ilə məşğuluq", - deyə ölkənin qocaman geoloqlarından biri bildirib.

Hələlik bu layihələr ilkin mərhələdə olsa da, X.Yusifzadənin fikirlərini tirajlayan xarici KİV Azərbaycanda "şist inqilabı" haqqında yazmağa da macal tapıb. Ölkənin yeni texnologiyaların köməyi ilə yeni yanacaq növlərinin hasilatına başlaması, əlbəttə ki, qürurverici haldır. Amma bu prosesin miqyası və "inqilab" olub-olmadığı haqqında yalnız ehtiyatların dəqiqliklə öyrənilməsi və onların hasilatının məqsədəuyğun olub-olmadığının müəyyənləşdirilməsindən sonra danışıla bilər. Odur ki, yekun nəticəyə gəlmək üçün tədqiqatların bütün nəticələrinin açıqlanmasını gözləmək gərəkdir...



MƏSLƏHƏT GÖR:

630