24 Noyabr 2024

Bazar, 23:39

EKOLOJİ VƏ KEYFİYYƏTLİ

Azərbaycanda istehlakçıların yüksək keyfiyyətli benzin ilə təmin edilməsi problemi kompleks şəkildə həll olunur

Müəllif:

08.07.2014

Neft emalı prosesinə olan müasir tələblər həm müəssisələrin işini, həm də istehsal olunan məhsulların ekologiyaya və ətraf mühitə təsir problemini ön plana çıxarır. Bundan əlavə, istehsal fəaliyyətinin enerji tutumluluğu ciddi göstərici kimi ortaya çıxır.

Azərbaycan digər inkişaf edən ölkələr arasında neft məhsullarının istehsalı və istifadəsi zamanı ekoloji ziyanın minimallaşdırılması kimi qlobal problemin həllində fəal şəkildə iştirak etməyə çalışır. Halbuki  ölkədə təxminən, 40 illik tarixə malik olan və bu gündə fəaliyyət göstərən neft emalı zavodu mövcuddur. Və 2018-ci ildən başlayaraq SOCAR şirkəti Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) Avro-5 ekoloji standartları üzrə avtomobil benzini və dizel yanacağını istehsal etməyə hazır olacaq. 

SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədovun sözlərinə görə, Bakı NEZ-də emalın dərinliyi 92%-i üstələyir, bu da kifayət qədər yaxşı nəticədir. "Bizim müəssisələrdə istehsal olunan avtomobil benzini və dizel yanacağının həcmi daxili tələbatı tam ödəyir. Amma təəssüf ki, müasir standartlara cavab vermir", - deyə o, qeyd edib. Və Prezident İlham Əliyevin yerli zavodlarda istehsal olunan yanacağın keyfiyyətinin artırılması ilə bağlı tapşırığını nəzərə alaraq, SOCAR hazırda neft emalı və qaz emalı, neft-kimya sektorlarının inkişaf proqramını hazırlayır. Onun əsas məqsədi istehsalat prosesinin avrostandartlara cavab verməsi, əməliyyat xərclərinin azalması, elektrik enerjisinə qənaətin artırılması və ekologiyaya təsirinin azalmasıdır. 

 "Bizim məsləhətçilərin fikrincə, qeyd olunan məqsədlər üçün zavodun yenidən qurulması 42-48 ay aparacaq. Bu, avtomobil benzini və dizel yanacağının 2018 -2030-cu illər ərzində Avro-5 standartlara uyğun olaraq buraxılımasını təmin edəcək", - deyə D.  Məmmədov bildirib. 

Vitse-prezident qeyd edib ki, BNEZ-də yenidənqurma işlərinin nəticəsi olaraq, ildə 7,5 mln.  ton neft emalı və ildə 3 mln. ton dizel yanacağı, 2,5 mln. ton avtomobil benzini, 630-650 min ton reaktiv yanacaq, 350 min ton bitum və 100 min ton maye qazın istehsalı təmin olunacaq. "Bu, həmin dövrdə ölkənin daxili tələbatını tam olaraq təmin etməyə və bəzi həcmləri ixraca göndərməyə imkan yaradacaq", - deyə o, bildirib.

Xatırladaq ki, bundan əvvəl SOCAR-a istinadla məlumat verilib ki, Avstriyanın "EDL/Porner" şirkəti "Azerneftyağ" NEZ-dən iki qurğunun H.Əliyev adına Bakı NEZ-ə köçürülməsinin texniki-iqtisadi əsaslandırılmasını (TİƏ) hazırlayır. Söhbət "Azerneftyağ"dan BNEZ-ə "ELOU-AVT-2" və bitumun istehsalı üzrə qurğuların köçürülməsindən gedir. Şirkətin vitse-prezidenti Tofiq Qəhrəmanovun dediyinə görə, burada yenidənqurma və stabilizasiya işlərinin aparılması gözlənilir. Onlar 2023-cü ildə yeni kompleksin neft emalı obyektlərinin istismara verilməsi anına kimi 10-12 il ərzində stabil işləyə bilmələri üçündür. "Azerneftyağ" NEZ-ə gəlincə, T. Qəhrəmanov qeyd edib ki, növbəti iki ildə onun demontajı nəzərdə tutulur. 

Ətraf mühitin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün H. Əliyev adına BNEZ-də maye qazların və yüngül benzin fraksiyaların Amerikanın "UOP" şirkətinin texnologiyası üzrə kükürd birləşmələrdən təmizlənməsi üçün "Meroks" qurğusunun tikintisi planlaşdırılır. Hazırda bu qurğunun layihələndirilməsi üzrə işlər aparılır. Bundan başqa, "UOP" şirkəti tərəfindən BNEZ-də katalitik krekinq qurğusunun istehsal gücünün ildə 3 mln. tona qədər artırılması üzrə layihə işləri də aparılır. "Foster Wheller" şirkətinin hazırladığı TİƏ əsasında BNEZ-də ELOU-AVT-6 qurğusunun istehsal gücünün ildə 7,5 mln. tona qədər artırılması layihəsi həyata keçirilir. 

Qeyd edək ki, Azərbaycandə mövcud  NEZ-in neftin ilkin emal gücü, təxminən, 10 mln. ton təşkil edirdi, 92%-lik dərinlikdə emalın maksimal həcmi 7 mln. ton səviyyəsindədir. "Emal həcminin artırılması zamanı bu dərinliyi saxlamaq mümkün olmayacaq. Müvafiq olaraq, şəffaf neft məhsullarına olan tələbatı təmin etmək üçün Heydər Əliyev adına Neft Emalı Zavodunda təkmilləşdirilmə və yenilənmə işləri aparılıb və aparılacaq", - deyə bundan əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib. 

Bununla bərabər, ölkədə neft və qazın emalı və neft-kimya məhsullarının istehsalı (OGPC) üzrə yeni kompleksin tikintisi planlaşdırılır. Bundan əvvəl isə planlaşdırılırdı ki, bu kompleksin tikintisinin tamamlanması ilə Dövlət Neft Şirkətinin balansında olan hər iki köhnə NEZ söküləcək. "2023-cü ilə qədər mərhələli şəkildə istismara verilməsi nəzərdə tutulan yeni emal kompleksinin yaradılması ilə bağlı prosesi sürətləndirmək lazımdır", - deyə R. Abdullayev qeyd edib.

SOCAR rəhbərinin sözlərinə əsasən, Azərbaycan neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin yaradılması ilə əlaqədar konfiqurasiyanın, təxminən, 200 variantı nəzərdə keçirilib. "Bu vəziyyətdə ən əsası düzgün konfiqurasiyanın seçilməsidir", - deyə R.  Abdullayev bildirib. OGPC Bakıdan 60 km aralıda yerləşəcək və üç emal müəssisə və istilik elektrik stansiyasından (TES) ibarət olacaq. OGPC tərkibində neft-emalı zavodunun illik gücü 8,5 - 9 mln. ton, qaz emalı zavodunun gücü - 12 mlrd. kubmetr, neft-kimya müəssisənin gücü isə 1 mln. ton təşkil edəcək. Ümumilikdə, layihə 14,4 mlrd. dollar səviyyəsində qiymətləndirilir, xərclərin çıxarılması müddəti 4,5 il təşkil edəcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin 1 aprel tarixli qərarına əsasən, idxal olunan və Azərbaycanda istehsal edilən avtomobillərə “Avro-4” ekoloji standartı tətbiq olunur. Ölkə atmosferə nəqliyyatın vasitələrinin atılan zərərli tullantıları ilə mübarizəyə - Avro-2 standartının tətbiq edildiyi 2010-cu ildə qoşulub. 

Bu gün Azərbaycanda keyfiyyətli benzin ehtiyatlarının təmini  problemi, onun xaricdən ixracı ilə həll olunur və dövlət strukturlarının inandırdığı kimi, kifayət qədər uğurla həll edilir. Belə ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun sözlərinə görə, "Azərbaycana ixrac olunan benzin ən yüksək keyfiyyətə malikdir və ən yüksək tələblərə cavab verir. İxracatçıların qarşısında şərt qoyulub ki, ölkəyə idxal olunan yanacaq Avro-5 ekoloji standartına cavab versin".

Burada qeyd edək ki, bundan əvvəl ölkədə istehsal olunan Aİ-92 və Aİ-95 markalı benzinlərin  qiyməti Tarif (qiymət) Şurası ilə tənzimlənirdi. Lakin Aİ-95 markalı benzinin istehsalı dayandırıldıqdan sonra, onun ölkəyə idxalı başlayıb. Paralel olaraq, Nazirlər Kabineti yüksək ekoloji standartlara cavab verən benzinlərə gömrük rüsumunun və aksiz vergisinin dərəcəsi azaldıb. Bu da "Premium Avro-95" və "Super Avro-98" benzininin aşağı qiymətlə idxal olunmasını və sərbəst qiymətlə satışını mümkün edib. 95 oktanlı benzinin idxalının başlaması ilə bu markalı yanacağın qiyməti bir litr üçün 0,8 manatdan (Tarif Şurası tərəfindən ölkədə istehsal olunan Aİ-95 markalı benzinə müəyyən olunub) 0,93 manatadək qalxıb. Öz növbəsində, 98 oktanlı benzinin qiyməti bir litr üçün 1,5 manatdan 1,03 manatadək düşüb.

Neft emalı ilə bağlı mövcud  daxili və yeni resursların yaradılması, nəticədə, yerli istehlakçılar üçün kompleks və sərfəli şəkildə avtomobil yanacağı ilə təmin edilməsi məsələsini həll etməyə şərait yaradacaq. 


MƏSLƏHƏT GÖR:

545