16 Mart 2025

Bazar, 00:11

HƏLƏ Kİ, GEC DEYİL...

ATƏT-ə üzv olan dövlətlər bədnam ikili standartlardan imtina etməyə hazırdırlarmı?

Müəllif:

08.07.2014

Ukraynanın şərqində  hadisələrin dramatik inkişafı, daha dəqiq, ölkədə qanlı vətəndaş müharibəsinin yaşanması Avrasiyanın bu hissəsinin gündəmində olan əsas məsələdir. Rusiyanın ABŞ və digər Qərb ölkələri ilə münasibətlərini gərginləşdirən Ukrayna böhranı bu gün bütünlükdə beynəlxalq birliyin, ilk növbədə, Avropa məkanında əməkdaşlıq və təhlükəsizlik məsələlərini tənzimləməli olan ATƏT-in diqqət mərkəzindədir. Bu dəfə mövzunun qızğın müzakirə meydanı Bakı oldu. Söhbət ATƏT Parlament Assambleyasının iyunun 28-dən iyulun 2-dək Bakıda keçirilən sessiyasından gedir.

Şübhəsiz, toplantıda əsas mübahisələr Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş verib. Sessiyanın yekun qətnamə layihəsinə müxtəlif nümayəndə heyətləri  tərəfindən onlarca düzəliş edilib. Rusiyanın Ukrayna və Gürcüstanın (Moskva Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət hesab edir) suverenliklərinin müdafiəsi məsələsinə bu və ya digər dərəcədə təsir edəcək dəyişik təklifləri əksər deputatlar tərəfindən rədd olunub. Ukrayna tərəfinin Krımın və Sevastopol şəhərinin işğalının pislənilməsi ilə bağlı düzəliş təklifi isə qəbul edilib. Beş gün davam edən diplomatik döyüşün sonunda, nəhayət,  "Helsinki + 40: Hər kəs üçün təhlükəsizliyə doğru" adlı qətnamə qəbul olunub (Rusiya nümayəndə heyəti etiraz əlaməti olaraq, səsvermədə iştirak etməyib).

Bakı  bəyannaməsini imzalayanlar Helsinki Yekun Aktında yer almış sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığı prinsiplərinə əməl olunmasının, mübahisəlrin dinc yolla çözülməsinin, xalqların hüquq və müqəddəratını təyinetmə bərabərliyinin vacibliyini vurğulayıb, Rusiyanı Krım Muxtar Respublikasının və Sevastopolun işğalına son qoymağa çağırıblar.

Sessiyada digər regionlardakı problemlərə nəzərəçarpacaq dərəcədə az diqqət yetirilib. Söhbət Yaxın Şərqdəki gərginlikdən, terrorla mübarizədən, hətta Arktikanın hərbiləşdirilməsi cəhdlərindən və s. gedir. Amma bu məsələlərin əksəriyyəti sessiyanın yekununda Bakı bəyannaməsi ilə yanaşı qəbul olunmuş qətnamələrdə öz əksini tapıb.

Şübhəsiz, sessiyaya ev sahibliyi edən Azərbaycanı ən çox narahat edən də ATƏT üzvlərinin Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən işğalına, məsələnin həlli üçün beynəlxalq mexanizmlərin işləməməsinə münasibəti idi. "BMT Təhlükəsizlik Şurasında işğal edilmiş ərazilərlə bağlı qəbul edilmiş qətnamələrin yerinə yetirilməsi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması üçün mexanizmlərin işlənib hazırlanması vacibdir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev ATƏT PA-nın sessiyasının açılışındakı çıxışında bildirib.

Bununla yanaşı, dövlət başçısı bu məsələyə yanaşmadakı ayrı-seçkilikdən təəssüfləndiyini də deyib: "Azərbaycan xalqı bəzi qətnamələrin bir neçə saat ərzində icra olunduğu halda, digərlərinin tələblərinə 20 il müddətində əməl edilməməsindən narahatdır. Qəbul olunmuş qərarların vaxtında icra edilməsi vacibdir". 

İlham Əliyev Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamə və qərarların kağız  üzərində qaldığını xatırladıb. O, Ermənistanın bütün bu beynəlxalq sənədlərə etinasız yanaşdığını, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlət başçılarının bəyanatlarına məhəl qoymadığını qeyd edib. Həmsədr ölkələrin prezidentləri hazırkı status-kvonun dəyişməli olduğunu dəfələrlə dilə gətirsələr də, Ermənistan işğal etdiyi əraziləri boşaltmağı düşünmür. Bütün bunlar isə beynəlxalq münaqişələrin, ilk növbədə, Qarabağ probleminin həlli üçün işlək mexanizmlərin yaradılmasının vacibliyindən xəbər verir.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə Ukraynanın ərazi bütövlüyünün bərpasına alovlu çağırışlar edən assambleya üzvlərini eyni həmrəyliyi artıq 20 ildən artıqdır davam edən Dağlıq Qarabağ problemi ilə də bağlı nümayiş etdirməyə çağırıb. O, təşkilatı Qarabağ münaqişəsinin həllində passivlik nümayiş etdirməkdə günahlandırıb və Parlament Assambleyasının rəhbərliyini ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsi Joao Suareşə regional münaqişələrin həllinə təsir edə bilməsi üçün daha geniş səlahiyyətlər verməyə dəvət  edib. Bunun cavabında ATƏT PA-nın sədri, Çernoqoriya parlamentinin spikeri Ranko Krivokapiç bu məsələ ilə "daha ciddi" məşğul olacağına söz verib. O, "bu planda potensialın genişləndirilməsi üçün bir çox təkliflərin olduğunu" bildirib. ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter isə rəhbərlik etdiyi təşkilatın Ermənistan-Azərbaycan münaqişəsinin həllindəki vasitəçiliyini intensivləşdirmək fikrində  olduğunu açıqlayıb.

Qeyd edək ki, toplantıda xarici natiqlər Qarabağ münaqişəsi haqqında danışsalar da, bu, ya Azərbaycan tərəfinin bəyanatlarına cavab olub, ya da Ukrayna hadisələrinin kontekstində baş verib. Məsələn, amerikalı senator Benjamin Kardin Rusiyanı Abxaziya, Cənubi Osetiya, Qarabağ və Dnestryanı bölgədə münaqişələri dondurmaqda günahlandırıb. Hazırda  Moskvanın eyni vəziyyəti Ukraynada da yaratmaq istədiyini bildirib.

ATƏT  PA-nın Bakıda keçirilən 23-cü sessiyasının nəticələrinə gəlincə, bir sıra məqamlar qeyd olunmalıdır. Birincisi, Bakıda  Ukrayna böhranının dinc yolla həlli üçün daha bir əsas yaranıb - ATƏT PA çərçivəsində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutmuş görüşün yekununda Bakı qrupunun yaradıldığı  bəyan olunub. Qrupda Rusiya, Ukrayna və digər ölkələrdən olan deputatlar yer alıblar və onların məqsədi böhrandan çıxış yollarının axtarılmasıdır. 

Yeri gəlmişkən, Bahar Muradova Bakı qrupunun artıq 20 ildən artıqdır Qarabağ münaqişəsinin həll yollarını axtaran Minsk qrupunun kədərli taleyini yaşamayacağına ümid etdiyini  bildirib.

İkincisi, Azərbaycanın bu miqyaslı  tədbirdən öz maraqları  üçün istifadə etməyə çalışmayacağını düşünmək sadəlövhlük olardı. Üstəlik,  Bakı sessiyasına erməni parlamentarilərdən ibarət nümayəndə heyətinin gəlişi onların vasitəsilə Ermənistan rəhbərliyinə lazımi mesajların göndərilməsi üçün əlverişli  şərait yaradırdı. Söhbət Azərbaycan ərazilərinin işğalına ən qısa zamanda son qoyulmasının vacibliyinə dair mesajlardan gedir.

Ukraynadakı vəziyyət dolayısı ilə beynəlxalq birliyin regiondakı digər təhlükəli məsələlərə də marağının artmasına səbəb olmalıdır. Müasir dünyanın həyasızlığı ondadır ki, beynəlxalq birlik bilavasitə maraq dairəsinə aid regiondakı münaqişənin (Azərbaycanın yerləşdiyi regionun da belələrindən olduğuna  şübhə yoxdur) həlli üçün sülhməramlılıq potensialını yalnız onun "dondurulmuş" mərhələdən açıq müharibəyə keçdiyi vaxt  artırır. Məşhur rus məsəlində deyildiyi kimi, "Şimşək çaxmamış, kişi xaç çəkmir". Bu mənada, Ukraynadakı qanlı müharibədən sonra dünyanın digər münaqişə ocaqlarında da eyni şeylərin yaşanmasını gözləməyəcəyinə, yeni  hərbi əməliyyatların qarşısının alınmasına olan şanslardan vaxtında istifadə edəcəyinə ümid yaranıb.

ATƏT  ölkələrinin Ukrayna məsələsində qüvvələrini birləşdirməsi göstərir ki, artıq dünya ölkələri ərazi bütövlüyünün pozulması  probleminə ciddi yanaşmağa başlayıb. Bu mənada bir məsələyə də ümid yaranıb: əgər ATƏT təmsilçiləri Ukrayna tərəfinin "krımlılar ayrıca xalq deyil və bu üzdən onların müqəddəratı təyinetmə hüququna malik olmaları mümkün deyil" fikrini yekdilliklə dəstəkləyirlərsə, nəhayət, Bakının illərdir Azərbaycandan müstəqillik tələb edəcək Qarabağ xalqının olmadığına, bunun sadəcə ermənilərin uydurması olduğuna dair bəyanatlarına da analoji yanaşma ortaya qoyula bilər.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev sessiyanın gedişində təşkilat rəhbərliyinə və assambleya iştirakçılarına 2015-ci ilə Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüklərinin pozulmasına dair hesabatın hazırlanmasını və bu məsələ ilə bağlı qətnamə layihəsi üzərində işlənilməsini təklif edib. Söhbət Ukrayna ilə bağlı qəbul edilmiş qətnamənin analoqundan gedir. Çünki bu halların hər birində eyni Helsinki prinsipləri pozulur. 

Deputat  Gürcüstan və Moldovadan olan və onunla həmrəylik nümayiş etdirən həmkarlarının da adından sözügedən qətnamə layihəsinin hazırlanmasına amerikalı parlamentari Kristofer Smitin və ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsi Joao Suareşin cəlb olunmalarını təklif edib.

Artıq  ATƏT  PA-nın Helsinkidə keçiriləcək növbəti sessiyasında ATƏT üzvü olan ölkələrin məşhur ikili standartlardan imtina etməyə, məsuliyyət zonalarına aid bölgələrdəki eyni problemlərə eyni yanaşma ortaya qoymağa hazır olub-olmadıqlarına aydınlıq gələcək. 



MƏSLƏHƏT GÖR:

668