24 Noyabr 2024

Bazar, 12:58

QADAĞANDAN QADAĞANA FƏRQ VAR

"R+"un müxbiri Azərbaycanda qazon üzərində gəzməyin niyə qadağan edilməsini araşdırmağa çalışıb

Müəllif:

15.09.2012

Qadağanların nəyə gətirdiyi barədə müzakirələr bir hadisəni xatırlamağa məcbur etdi. Bakıya işgüzar səfərə gəlmiş bulvar ilə gəzişən bir ingilisə başa salmaq çətin idi ki, bizdə ağır iş günündən sonra qazonların üzərində uzanaraq istirahət etmək qəbul edilmir. "Dumanlı Albion"dan olan qonaq heç nə anlamayaraq, "Niyə?" - deyə sual verirdi. Belə görünürdü ki, xarici qonaq çox əsəbiləşmək istəyir, amma iniglislərə məxsus tədbirliliyi buna imkan vermirdi. O, sadəcə əllərini yelləyərək bildirdi ki, onun ölkəsində bu adi bir şeydir, çünki onun işi ağırdır və yaz, yay aylarında işdən sonra ağaclar altında, ot üzərində vaxt keçirməyi çox sevir. İş adamı bunun üçün çantasında, hətta xüsusi örtük də gəzdirir ki, ot üstünə sərərək bir-iki saat yata bilsin. 

"Bizdə çoxu belə edir, çünki bu, park mədəniyyətinin bir hissəsidir. Bazar günləri isə ailələrin çoxu şəhər və universitet parklarının qazonlarında piknik keçirir, çünki vaxt azlığı çoxlarına şəhər ətrafına, təbiətin qoynuna ailə ilə birlikdə çıxmağa imkan vermir. Biz də təbiəti özümüz üçün parklarda düzəldirik. Bir çox ingilis parklarında, hətta icazə verən lövhələr də yerləşdirilir və tərcüməsi belədir: "Buyurun, otların üzərində gəzinin". Bizdə yalnız özəl mülkiyyət olan qazonların üzərində gəzmək qadağandır", - deyə xarici qonaq vurğulayıb. Bu zaman Bakıda "icazə" lövhəsinin niyə olmaması barədə fikirlər meydana çıxdı və burada böyük ehtimalla lövhəni "Qazon üzərində gəzməyə icazə verilir" kimi yazmaq lazım gələrdi, yəni insanları bu işi bir növ görməyə çağırışa bənzəyərdi. 

Nə gizlədək ki, qonağa dəxilsiz şəkildə izah etməyə başladıq ki, bəs, Bakı quraqlıq şəhərdir və burada qazonu göyərtmək çətin məsələdir, çünki bu, diqqətli qayğı, çoxlu su və gübrə tələb edir. "Onda qazon əkməyə nə ehtiyac var? Şəhəri daha az qayğı tələb edən dekorativ bitkilərlə də bəzəmək olar", - deyə təcrübəli ingilis bildirdi və vurğuladı ki, qazonların əsas funksiyasi bəzək deyil, üzərində istirahət etməyin mümkünlüyü ilə bağlıdır. Əgər onlar bu məqsədə xidmət etmirsə, deməli, onları əkməyə dəyməz. 

Təbii ki, məsələnin bu cür kəskin qoyulması ilə razılaşmaq çətindir, çünki estetik baxımdan qazonlar şəhər üçün çox önəmlidir, amma onların üzərində istirahət etmək mümkün olsa idi, qazonların sadəcə əvəzi olmazdı. Doğrudan axı, görəsən, Bakıda niyə qazonların üzərində gəzmək olmaz? 

Bu məsələ ilə bağlı biz Bakı Şəhər İcra Hakimiyyətinin yaşıllaşdırma üzrə təsərrüfat birliyinə müraciət elədik. Oradan "R+"a bildirdilər ki, paytaxtda qazonların üzərində gəzməyə icazə verilmir, çünki onları əkmək və lazımi səviyyəyə gətirmək üçün bu qurumun işçiləri böyük güc və enerji sərf edirlər, yəni qazonun hər kvadratmetrinin, təxminən, 15 manata başa gəldiyindən isə danışmağa dəyməz.

"Bakıda qazonlara qulluq etmək çox çətin işdir, çünki bizdə hava isti keçir. Məsələn, onu axşam suvarsan, bütün gecəni nəm qalacaq. Artıq nəmlik bitkilərdə xəstəliyə səbəb olur. Buna görə də onu erkən axşamdan və ya səhər suvarmaq lazımdır ki, otlar quruya bilsin. Gündüz vaxtı isə suvarmaq ona səbəb olacaq ki, su buxarlanacaq və bitkinin kökünə çatmayacaq. Hər şeyin öz nüansları var. İndi siz necə düşünürsünüz, bundan sonra insanlara qazonun üzərində gəzməyə icazə vermək olarmı? Belə olan halda onlar çox tez xarab ola bilərlər". 

Bu işləri elə də ağır zəhmət saymağın düzgün olmadığı, yaşıllaşdırma işçilərinin məhz öz işlərini görmələri və hər şeyi ilk növbədə əhali üçün eləməli olmaları barədə etirazlara isə qurumun işçisi cavab verdi ki, İngiltərənin iqlimini Abşeronun iqlimi ilə eyni tutmaq olmaz. "Amma Dubayda qazon üzərində gəzməyə icazə verirlər!". Bununla bağlı isə təsərrüfat birliyinin təmsilçisi heç bir cavab vermədi və daha sonra qazonların üzərində gəzməyin qadağan edilməsinin vacibliyi barədə ayrı tutarlı bir dəlil də gətirmədi. 

Düzdür, biz də xarici qonağa Bakıda qazonların üzərində gəzməyin qadağan edilməsinin səbəbləri barədə danışanda gerçəklikdən o qədər də uzaqda deyildik, amma bu həqiqətin özünü də inandırıcı saymaq mümkün deyil. Əgər qazonları əkirlərsə və ona mütəmadi qulluq göstərirlərsə, onda burada qorxulu heç nə yoxdur. Çünki ilk növbədə insanlara xidmət göstərəcək. Axı bunsuz da müvafiq qurumlar onların üzərində gəzilib-gəzilməməsindən asılı olmayaraq qüvvə və enerji sərf edirlər. 

Əslində, bu qadağan sovet keçmişinin qalığıdır, bu qalıqlar öz ətaləti ilə demək olar ki, bütün postsovet məkanında özünü göstərir. Bu kimi çox sayda başqa qadağanlar da var ki, onlar üçün sadəcə heç bir izah yoxdur. Məsələn muzeylərdəki yasaqlar  kimi: "Əllə toxunmaq olmaz"! Çox qədim eksponat və rəsmlər barədə bu qadağanı izah etmək mümkündür. Bəs demək olar ki, zamanın təsir göstərmədiyi əşyalarla bağlı nə olsun? Təbii ki, muzey işçiləri bununla bağlı da cavab tapacaqlar. Amma bu qadağanları bu cür yerlərə bir dəfə gəziintidən sonra bir daha qayıtmaq istəməyən  uşağa necə izah edəsən? Halbuki, muzeylər uşağın ictimailəşməsi üçün böyük maarifləndirici rol oynayır. 

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bizə bildirdilər ki, bu qadağanı heç müzakirə etməyə dəyməz, çünki qayda belə qoyulub. Bütün bunlar eksponatların qorunmsına xidmət edir. Amma niyə interaktiv muzeylər yaradılmır ki, izləyicilər, xüsusilə də uşaqlar eksponatlara əlləri ilə toxuna bilsinlər? Bu yaranmış durumdan əlverişli çıxış yolu ola bilərdi. Qeyd edək ki, hazırda dünyada çox sayda interaktiv muzeylər fəaliyyət göstərir. Onların sırasında Münhen təbiət bilikləri və texnika muzeyini, Vaşinqtondakı xəbərlər muzeyini, Barselonadakı "Cosmo Saixa" elm-yenilik muzeyini, San-Xosedəki "The Tech Museum"i, Finlandiyadkı "Evrika" elmi-populyar mərkəzi, Londondakı elm muzeyini, elm, incəsənət və insan qavrayışı muzeyi "Exploratorium"i göstərmək olar. 

Məsələn, dünyada ən iri dekorativ tətbiqi incəsənət və dizayn muzeyi olan Viktoriya və Albert Muzeyi nümayiş etməklə yanaşı, həm də öyrədir. Bütün maraqlanan şəxslər fotoşopun əsaslarından tutmuş, hesablama dizaynına qədər istənilən "rəqəmsal kurslar"dan birindən keçə bilərlər. Sonuncuda yaradıcı mühitdə şifrlərin istifadə edilməsinin əsas metodlarını tədris edirlər. Bütün bunlar vizual göstəricilər, həndəsə və rəqəmsal quraşdırma əsasında gerçəkləşdirilir. Həmçinin izləyicilər "Kulis arxasında" ekskursiyaya qoşula bilərlər. Orada eksponatların qorunması üçün hansı texnologiyalardan istifadə edildiyi və bunun nəyə başa gəldiyi izah edilir. Heykəlləri qoruyanlar müxtəlif "müalicə" üsullarından, heykəllərə baxarkən nələri dərk etməyin mümkün olduğundan, peşəkarın işində ortaya çıxan etik məsələlərdən danışır. 

"Exploratorium"un əməkdaşları isə inanırlar ki, elmi şən oyun yanaşması olmadan öyrənmək mümkün deyil. San-Fransisko muzeyində isə ilk görüş üçün xüsusi proqramm təklif edirlər: xüsusi "soba"da bir-birinə toxunmaq və kimin daha qaynar olduğunu öyrənmək, boy-frendi yalan detektorunda sınamaq və gələcək körpənin cizgilərini öyrənmək mümkündür. Başqa proqram - "Gik gəzintisi" kosmos çəkisizliyində gəzməyi: qüvvələri düzgün paylaşdırmağı, peyki geostasionar orbitə endirməyi təklif edir. Musiqi üçün saundtreklər yazan, onları işıq şəfəqləri ilə çuğlaşdıran monitorlardan danışmağa isə dəyməz, bunlar sözün birbaşa mənasında izləyicilərin başını gicəlləndirir. 

Çox istərdik ki, Azərbaycanda da bu cür yüksək texnologiyalı muzeylər fəaliyyət göstərsinlər. Amma nə qədər qeyri-real görünsə də, bəlkə nə vaxsa olacaq. Amma hələ ki reallıqda biz çalışmalıyıq ki,  bizim ölkədə əsassız qadağanlar az olsun. Axı onda anlamağa başlayırsan ki, insanların hansı sahədə işləməsindən asılı olmayaraq, onlar göstərdikləri xidməti buna ehtiyacı olanlar üçün edirlər. 



MƏSLƏHƏT GÖR:

473