24 Noyabr 2024

Bazar, 11:45

QAFQAZ FİNLƏRİ

Qonaqpərvərliyi və tolerantlığı həmişə Azərbaycanlıların başına bəla gətirib

Müəllif:

15.09.2012

Mən Azərbaycana təsadüfən - Rusiya televiziyasının y-ci kanalının kinoçəkiliş qrupu ilə gəlmişdim. Elə oldu ki, bu ölkə mənim evimə çevrildi. Deməli, bu evin problemləri də elə mənim öz problemlərimdir. 

Azərbaycanın əsas problemi isə Qarabağ münaqişəsidir. Azərbaycana gələnə qədər Qarabağ problemi barədə Rusiya KİV-in imkan verdiyi qədər bilirdim. Onların haqqında pis bir şey demək istəmirəm, amma bir jurnalist kimi KİV-in necə işlədiyini, bu məsələdə hansı sualtı daşların olduğunu artıq bilirəm. Əslində, "lazımi kəs"lərə, yəni siyasətçilərə gərək olan mövqeyi əks etdirən ictimai rəyi formalaşdırmaq üçün sadəcə vurğunu bir az fərqli qoymaq yetərlidir. Azacıq fərqli qoydun, artıq həqiqət həqiqətliyindən çıxır, nəsə başqa şeyə çevrilir///...

Azərbaycanda bir neçə il yaşayandan sonra, içəridən, hadisənin şahidlərindən Dağlıq Qarabağ münaqişəsinin məğzini öyrəndim. Mənim əvvəlki kimi yaxşı erməni tanışlarım var. Bir xalqı yaxşı, o biri xalqı pis saymaq fikrindən uzağam. Yəni sadəcə olaraq siyasətlə sadə adamlar deyil, siyasətçilər məşğul olar. Siyasət də ki bəlli olduğu kimi, çirkli məsələdir. 

Bir az uzaqdan başlayacağam. O vaxt hələ Bakıda yaşamırdım, sadəcə, tez-tez bura gəlirdim, moskvalı dostlarım isə sadəcə maraqlanırdılar: azərbaycanlılar necədirlər? Bir bakılı tanışım öz xalqını "Qafqaz finləri" adlandırır. Əvvəl başa düşmürdüm ki, o, nəyi nəzərdə tutur, sonra çatdı mənə: dəqiq findirlər!

Onlar kimi kinsiz, onlar kimi sakitdirlər. Həddindən sakitdirlər.  Kaş bir az çılğın olaydılar! Görünür, bu, milli xüsusiyyət başqa milli xüsusiyyətdən - qonaqpərvərlikdən, inanc və milli məsələdə tolerantlıqdan qaynaqlanır. 

Azərbaycanda ümumiyyətlə heç kim heç zaman düşünməyib ki, mənim qonşum hansı millətin təmsilçisidir? Qonşudur, vəssalam; ya yaxşı adamdır, ya da pis adam. Etnik tərkibi keçmiş SSRİ kimi zəngin olan bir ölkə üçün bu, çox önəmli cəhətdir. Əslində, əsas cəhətdir. Azərbaycan həmişə qonaqlarını sevgi ilə qarşılyab, özü də nə müddətə gəlməsi önəmli deyil. Bura xoşuna gəlirsə, yaşa! Təəssüf ki, bu keyfiyyəti xalqın başına bəla olub. Sakit və kinsiz xalq qonşu ölkənin siyasətçilərinin ağlasığmaz iddialarının qarşısında müdafiəsiz qalıb. 

Bu, Qarabağ problemində də özünü göstərib, Azərbaycanın tarixi torpaqlarının iyirmi faizi Ermənistan tərəfindən işğal edilib və bu ölkənin hakimiyyəti bütün dünyanın tarixçiləri üçün aydın olan bir faktı etiraf etmək istəmirlər: ermənilər bu torpaqlara 1928-ci ildə bağlanmış Türkmənçay müqaviləsinin şərtləri əsasında təqib olunduqları İrandan köçürülüblər. Köçürülmədən sonra A.Qriboyedov "Ermənilərin bizim vilayətlərə köçürülməsi barədə qeydlər"ində yazırdı: "Ermənilərin böyük hissəsi müsəlman mülkədarların torpaqlarına yerləşdirilir. Köçkünlər. müsəlmanları sıxışdırırlar, onlar da şikayət edirlər və bu, əsaslıdır. Yenə də diqqətimi köçkünlərə yönəldib deyirəm ki, onlar bizim alverçi və xəzinəyə bir quruş da ödəməyən Gürcüstan erməniləri ilə müqayisədə çox yararlıdırlar (diqqət yetirin: "Ermənistan erməniləri" o vaxt ümumiyyətlə olmayıb, Ermənistan bir respublika kimi bolşeviklərin əl işidir. - O.B.)".

Ermənistan siyasətçiləri Qarabağın qanunsuz işğalı və bu işğalın dayandırılması barədə BMT-nin qəbul etdiyi dörd qətnaməni də tanımaq istəmirlər. Belə alınıb ki,  İran ermənilərini köçürən zaman onlar yerləşiblər və… bu torpaqları özləri üçün istəyiblər. Rus xalq nağılında deyildiyi kimi: dovşanın daxması ağac qabığından idi, tülkününkü isə buzdan. Yaz gəldi və tülkünün daxması əridi, qonaqpərvər dovşan ona birlikdə yaşamağı təklif elədi. Ora hiyləgər tülkünün xoşuna gəldi və sadəlövh dovşanı daxmasından  qovdu. Sadəcə qovmaqla kifayətlənmədi, həm də onun daxmasının özününkü olduğunu bildirdi. 

1978-ci ildə Qarabağın (sovet illərində erməni üslubu ilə Mardakert adlandırılmış) Ağdərə qəsəbəsində ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi ilə bağlı abidə qoyulub. Şənliklər təşkil edilib. Ancaq 90-cı illərdə o söküldü və mövcudluğu barədə məlumatı yazılı mənbələrdən də silməyə çalışdılar. Xəbərsiz insan soruşa bilər ki, abidəni kim qoymuşdu? Qarabağ ermənilərinin özləri qoymuşdular. Bəs kim sökdü? Elə həmin ermənilər dağıtdı. İstəmədilər ki, onların yerli adam olmadığını bilsinlər. Düşünürəm, faktı şərh etməyə ehtiyac yoxdur. 

Qarabağın Azərbaycana məxsusluğunu toponimin özü də göstərir. O, türkcə "qara" - "böyük" və "bağ" sözlərindən ibarətdir. Azərbaycan dilində "qara" sözünün başqa mənaları da var: "sıx", "keçilməz", "böyük". Bəs niyə bağ? Çünki bu vilayət qeyri-adi şəkildə məhsuldardır, nə əkirlər, bitir. Qarabağın bağları qədimlərdən bir cənnət guşəsi kimi ona şöhrət gətirib, yalnız Azərbaycanı deyil, həm də SSRİ-ni kənd təsərrüfatı məhsulları ilə təchiz edib. Yəni ac gözlər üçün yağlı tikədir. Mənzərəli dağların  fonunda çiçəyə və yaşıllığa bürünmüş bu diyarın inanılmaz, rəssamlar üçün arzuedilən gözəlliyini də buna əlavə etdikdə ermənilərin bu cənnət guşəyə can atmasının səbəbləri aydın olur - axı indiki Ermənistanın təbiəti elə də zəngin və məhsuldar deyil.  Təbii ki, burda kiminsə günahı yoxdur, Allah  belə istəyib, amma bu, başqa mövzudur. Əsas məsələ ondadır ki, tarixboyu Qarabağı çoxları işğal etmək istəyiblər. 

Tarixçilərin məlumatına ğörə, "Qarabağ" toponimi salnamələrdə bizim eranın VII əsrlərindən bəllidir. Amma ermənilər buna fikir vermirlər və regiona iddialarını etimologiya ilə də irəli sürürlər. Onlar bu diyarı "Artsax" adlandırırlar. Amma Qərb və Rusiya alimlərinin mötəbər mənbələrinin məlumatına, həmçinin antik tarixçilər Ptolemey və Strabonun yazdıqlarına görə, bu toponim heç cür qədim erməni dili ilə bağlı deyil, əksinə, qədim erməni dilinə heç bir dəxli olmayan və unikal dilə malik 26 xalqın yaşadığı Qafqaz Albaniyasının irsi ilə əlaqəlidir.  Azərbaycanda indiyə kimi albanların birbaşa törəmələri - udinlər yaşayır. Artsax isə Qafqaz Albaniyasının əyalətlərindən biri olub. 

Qafqaz Albaniyası bizim eradan əvvəl IV əsrdən bizim eranın VIII əsrinə kimi çağdaş Azərbaycan ərazisində yerləşib, 1200 il kiçik müddət deyil. Qafqazın başqa regionlarına baxanda xristianlığı burada daha tez qəbul edirlər. Doğrudur, ermənilər bunun əksini bildirirlər. İstənilən şeyi iddia etmək mümkündür, amma tarixi faktları dəyişmək isə mümkün deyil.

Əlbəttə, heç bir etimoloq və ya tarixçi olmaq gərək deyil, sadəcə, məntiqi işə salmaq yetərlidir: eyni yeri hərənin bir cür adlandırması azdır ki?! Rus dilində, məsələn, Fransanın paytaxtı Parisi Parij, Misir ölkəsini Yegipet adlandırırlar. Nə olsun ki? Əgər hansısa bir dildə hansısa vilayət bir cür, onun sakinləri isə onun adını öz dillərində başqa cür adlandırırlarsa, yadelli bu əsasda həmin vilayəti "özəlləşdirməlidir"? 

Qarabağın "ürəyi"  Şuşa şəhəridir. Şuşanı haqlı olaraq Azərbaycan mədəniyyətinin beşiyi adlandırırlar. Bu diyar çox sayda rəssamlar, şairlər, müğənnilər və musiqiçilər yetirib. Azərbaycan xalqının yüzlərlə qədim və nadir folklor nümunələri, musiqi inciləri məhz burda yaranıb. Burda təəccüblü heç nə yoxdur - ətrafda bu qədər gözəllik görəndən sonra gözəlliklərə can atmamaq mümkün deyil. Hesab edilir ki, Avropanın ən yaxşı səsləri və bəstəkarları İtaliyada doğulub. Şuşanı cürətlə Azərbaycanın İtaliyası adlandırmaq olar - bu diyardan o qədər gözəl musiqiçilər çıxıblar və öz ölkələrinə şöhrət gətiriblər! 

Şəhəri əhatələyən sərt qayaların bu yeri əvvəl başdan "şişə", yəni "mızraq" adlandırılmasına səbəb olur. Sonradan bu söz dəyişib və bu söz "Şuşa"ya çevrilib. Azərbaycan dilində oxşar söz də var, "şüşə" deməkdir. Bəllidir ki, şüşənin səthinin güzgü xüsusiyyəti də var. 

Cürət edərək Şuşanı güzgü ilə müqayisə edirəm. Azərbaycanlılar üçün müqəddəs şüşəyə. Yüksək dağlarda yerləşən şöhrətli Şuşaya baxan azərbaycanlılar onda yüksək mədəniyyət işığı görüblər ki, bu da həyatın ən müxtəlif sahələrində yaradıcılıq üçün ilham mənbəyi kimi xidmət edir. 

İndi Şuşa yenə güzgüdür. Azərbaycanın bütün problemlərinin güzgüsü və onda xalqın sağalmayan yarası əks etdirilir. Qarabağ və onun ətrafındakı işğal edilmiş rayonlarda memarlıq abidələri dağıdılıb, ərazilər barbarcasına talanıb, ekoloji durum pozulub - bağlar qırılıb, torpaqlar susuzluqdan çatlayıb. Amerikalı publisist Tomas de Vaal "Qara bağ" (2005) kitabında yazır: "Şəhəri tutan ermənilər qisas naminə Şuşada böyümüş üç azərbaycanlı musiqiçinin və şairin büstünü söküb satıblar. Özü də bu abidələr möcüzə nəticəsində - Tiflisdəki metal qırıntısı alverçilərinin sayəsində xilas edilib. Bu üç bürünc büst üzərindəki güllə izlərindən acınacaqlı vəziyyətə düşüb və Bakıdakı Qırmızı Xaç qərargahının həyətində atılıb qalmışdı".

Tülküdənsoruşmaq istərdim ki, əgər sən daxmanı özününkü sayırsansa, niyə onu dağıdırsan və bulayırsan? Axı biz adətən, özümüzünkü olan şeyləri qoruyuruq. Yad əşyaları niyə qoruyasan ki? Öz mənzilimizdə hər şey təmizdir, amma pilləkən meydanı zibillidir və pis qoxuyur. Çünki bizim deyil. 

Bütün bunlar sadəcə kədərli deyil, həm də fəlakətlidir. Öz gündəlik problemlərini həll etmək əvəzinə, azərbaycanlılar öz torpaqlarına hüquqlarını sübut etmək məcburiyyətində  qalıblar. Bəli, BMT bu hüququ tanıyır, ancaq hələ ki bu təşkilat məsələni ədalətlə həll etmək iqtidarında deyil. Təəssüf ki, dünya birliyi üçün Azərbaycan nefti və qazı ədalətin bərpasından və bu dövlətin işğal edilmiş torpaqlarının geri qaytarılmasından daha önəmlidir. 

Qarabağın işğalı azərbaycanlıların həyatında silinməz izlər qoyub. Böyük Vətən müharibəsi altmış yeddi il qabaq başa çatıb və biz dinc səma altında yaşayırıq, amma kimlərəsə dinc həyat o qədər də xoş gəlmir. Və beləliklə, yeni müharibə çağırılmamış qonaq kimi minlərlə ailənin həyatına girdi, onları atasız, oğulsuz, qardaşsız, ərsiz qoydu. Ev-eşiyindən məhrum etdi. Yalnız Qarabağdan deyil, azərbaycanlıların əsrlərboyu yaşadıqları Ermənistandan qovulmuş qaçqınlar şəhər və kəndlərin küçələrini doldurdu. Yalnız bunu demək yetərlidir ki, XIX əsrə qədər mərkəzi İrəvan (indiki Yerevan) şəhəri İrəvan (Azərbaycan) xanlığı vardı ki, sonradan o, Rusiya tərəfindən Ermənistana "bağışlandı" (bu addım bolşeviklər tərəfindən də dəstəkləndi). Bu da tarixi faktdır, bu, gizli məlumat deyil. Amma biz təəssüf ki, daha çox "televizorda" deyilənlərə və ya "sarı" qəzetlərdə  yazılanlara inanırıq. Mən Vikipediyadan sitat gətirirəm (yeri gəlmişkən, o da çox ermənipərəstliyə meyillidir): "Ermənistan-Azərbaycan münaqişəsi başlayana qədər azərbaycanlı əhalinin yaşadığı yaşayış məntəqələri, demək olar ki, Ermənistanın  bütün regionlarını əhatə edirdi. Oktyabr inqilabına qədər azərbaycanlıların sayca erməniləri arxada qoyaraq ən iri etnik qrup təşkil  etdiyi İrəvan da bura daxil idi. XIX əsrin sonlarında İrəvan uezdində Azərbaycan dilini ana dili sayan 77 min adam yaşayırdı". Bu sitat əsasında dərhal sual əmələ gəlir: niyə azərbaycanlılar Ermənistanda böyük çoxluq təşkil edirdilər? Buraların onların ata-baba torpağı olması səbəbindən irəli gəlmirdimi? Axı təsəvvür etmək mümkün deyil ki, İngiltərədə əhalinin çoxunu, məsələn, avstraliyalılar təşkil edir, onda ora İngiltərə olmazdı. 

İnanmaq istəyirik ki, gec-tez ədalət qələbə çalacaq. Gün gələcək ki, Azərbaycanın işğal olunmuş əraziləri azad ediləcək, qaçqınlar isə bir daha heç yana tərk etməmək məqsədi ilə doğma yerlərinə qayıdacaqlar. Və Azərbaycanın müqəddəs güzgüsü yenidən gözəl bağları, dinc dağları əks etdirəcək və öz əbədi torpağında qanuni olaraq yaşayan insanlar yenidən buralara dönəcəklər.



MƏSLƏHƏT GÖR:

564