Müəllif: Nigar QULİYEVA Bakı
"Azbentonit" MMC öz fəaliyyətinə 2004-cü ildə dövlət başçısı cənab Prezident İlham Əliyevin də iştirak etdiyi rəsmi açılış mərasimindən sonra başlayıb. Şirkət quru inşaat materialları sektorunda keyfiyyətinə görə hər zaman seçilən bentonit tozunun, müxtəlif markalı portland sementinin, gipsin, kalsitin, 40-dan çox boya məhsullarının, quru inşaat qarışıqlarının, o cümlədən, gips məhsullarının, kafel-metlax yapışdırıcılarının, hörgü və suvaq qarışıqlarının, dekorativ suvaq qarışıqlarının, əhəngin və söndürülmüş əhəngin istehsalı və yüksək səviyyədə qablaşdırılması ilə məşğul olur.
Şirkətdə, ilk növbədə, çevik idarəetmə strukturu yaradılıb, bütün aparıcı sahələr üzrə yüksək ixtisaslı kadrlar seçilərək yerləşdirilib. Zavodun strukturunda elm-istehsalat şöbəsi və onun elmi-tədqiqat bazası olaraq güclü müasir və demək olar ki, kifayət qədər universal mərkəzi-sınaq laboratoriyası da yaradılıb.
İstehsalın yerli xammallara əsaslanması səbəbindən istehlakçılara təklif olunan bütün məhsul çeşidləri sərfəli qiymətinə görə bazarda seçilir. Keyfiyyət və sərfəli qiymət amilinin vəhdət təşkil etməsi alıcılar arasında azbentonit məhsullarına rəğbət qazandırıb. Şirkət hər zaman öz alıcılarını diqqət mərkəzində saxlayaraq müştəri məmnuniyyətinə daim önəm verir.
Bütün bunlarla yanaşı, müəssisədə işləyən işçilərin sosial problemlərinin həlli, istirahətlərinin səmərəli təşkili, eləcə də əməyin təhlükəsizliyi və mühafizəsi, ətraf mühitin qorunması ilə əlaqədar kompleks tədbirlər planı hazırlanıb həyata keçirilir. Müəssisə yeməkxana və bufet, mükəmməl idman kompleksi, trenajor zalı ilə təmin olunub, işçilərin xüsusi ayrılmış nəqliyyat vasitələri ilə daşınması da təşkil edilib.
Yeni iş yerlərinin açılması ilə bağlı Dövlət Proqramına uyğun olaraq, müəssisədə yeni istehsal sahələrinin təşkili işi mütəmadi olaraq davam etdirilir.
2012-ci il iyul ayının 20-də "Azbentonit" MMC-də yeni texnoloji xətlərin istifadəyə verilməsi mərasimi keçirilib. Açılış mərasimində KİV nümayəndələri də iştirak ediblər. 2011-ci ildən "Azbentonit" MMC-nin Türkiyənin "Erişim makina" şirkəti ilə əməkdaşlığa başlaması yeni texnoloji xətlərin qurulmasına zəmin yaradıb. Qeyd olunan texnologiyanın sayəsində zavod yüksək keyfiyyətə malik astar və üzlük yaxma, Birbaşa astar, makina suvağı, inşaat gipsi (astar, üz), ultra gips, kartonpyer gipsi (lepka işləri üçün), və profipan (alçipan üçün aralıq doldurucu) istehsal edəcək.
Tədbirə qatılanlar arasında ZQAN holdinqin Direktorlar Şurasının üzvü Xəyal Şərifzadə, ZQAN holdinqin İdarə Heyətinin sədri Vaqif Həsənov və "Azbentonit" MMC-nin idarə heyətinin sədri Aydın Məmmədov da olub. Açılış mərasimində iştirak edən ZQAN holdinqin idarə heyətinin sədri Vaqif Həsənov zavodun fəaliyyəti və yeni məhsullar haqqında məlumat verib. "Sevinc hissi ilə bildirirəm ki, "Azbentonit" zavodunda yeni texnoloji xətlərin qurulması başa çatıb. Bu isə o deməkdir ki, zavod bundan sonra da yüksək keyfiyyətli yeni məhsullar istehsal edəcək. Əminəm ki, yeni texnologiyalarımız ölkəmizdə suvaq işlərində yeni standartlar tətbiq etməyə imkan verəcək", - deyə Vaqif Həsənov bildirib.
Daha sonra Aydın Məmmədov tədbirdə çıxış edərək texnoloji xətt haqqında, "Azbentonit" şirkətinin istehsal etdiyi tikinti materialları və gözlənilən yeniliklər barədə qonaqlara və KİV nümayəndələrinə geniş məlumat verib. Şirkət rəhbəri xəttin yaradılmasında əməyi olan hər bir şəxsə öz dərin minnətdarlığını bildirib. Bundan başqa, cənab Aydın Məmmədov işçilərdən bir neçəsini yaradılmış yeni xətdə göstərdiyi fərqlənməyə görə şirkət tərəfindən fərman və pul mükafatı ilə təltif edib. Tədbirdə KİV nümayəndələrinə müsahibə verən "Azbentonit" MMC-nin direktoru Yasin Xəlilov yeni texnoloji xətdən, onun istehsal edəcəyi məhsullardan, şirkətin istehsal gücü və s. haqqında danışıb, jurnalistləri maraqlandıran digər suallara da cavab verib.
MƏSLƏHƏT GÖR: