Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
"Baltika-Bakı" pivə müəssisəsini bu gün Azərbaycan-Rusiya işgüzar əməkdaşlığının uğurlu parlaq nümunələrindən biri və hətta ölkənin yeyinti sahəsinə uğurlu xarici sərmayə yatırımının bariz örnəyi kimi göstərmək olar. Önəmlisi odur ki, Azərbaycanın tanınmış brendlərindən olan "Xırdalan"ı öz "qanadı altına" alan Rusiya "Baltika"sı onu heç də öz məşhur brendləri ilə əvəz etməyə cəhd etmədi, hətta yerli brendi inkişaf etdirdi və onun populyarlığını nəzərəçarpacaq dərəcədə artırdı da. "Avroviziya - 2012"nin rəsmi pivəsi məhz "Xırdalan" olub ki, bunun hesabına həssas Avropa istehlakçıları da onun dəyərini qiymətləndirə biliblər.
"Baltika-Baku" MMC-nin baş direktoru Aleksey SKATİN "Region plus"a müsahibəsində pivə brendlərinin uğurlu reklam kampaniyasının gətirdiyi dividendlərdən və şirkətin gələcək planlarından danışıb.
- Bu yaxınlarda Azərbaycanda "Avroviziya-2012" müsabiqəsi keçirildi və "Baltika-Bakı" şirkəti onun rəsmi tərəfdaşı idi. Biz həm də bilirik ki, Avropa futbol çempionatı "AVRO-2012"nin sponsoru kimi "Carlsberg" şirkəti çıxış edib ki, "Baltika-Bakı" da onun bir hissəsidir. Bu hadisə şirkətin bu- ilki inkişafına, məhsul istehsalı həcminə, satışların artım səviyyəsinə necə təsir göstərib?
- Bakıda "Avroviziya" müsabiqəsinin keçirilməsini son aylarda Azərbaycan üçün unikal hadisə saymaq olar və "Baltika" şirkəti, xüsusilə də azərbaycanlılar üçün "doğma" olan "Xırdalan" brendi bu hadisədən kənarda qala bilməzdi. Fürsətdən istifadə edərək bütünlükdə bizim Azərbaycanda işləməyimizə yardımçı olanların hamısına, o cümlədən, Rusiya Federasiyasının (RF) Azərbaycandakı səfirliyinə, həm də RF-in Azərbaycandakı Ticarət Nümayəndəliyinə təşəkkür etmək istərdim. Bu gerçək milli layihəyə tərəfdaş olmaqda bizə yardım etmiş hər bir kəsə minnətdarlığımızı bildiririk. Biz qürur duyuruq ki, Azərbaycan üçün önəmli olan bu hadisəni dəstəkləyə bildik. Gizlətmirəm, bizim iştirakımız müəyyən ticarət effektinə malik idi və nəticələr də verdi. İlk öncə, bu onunla bağlıdır ki, "Xırdalan" brendi indi bütün dünyada tanınmış oldu. Bizə məlumdur ki, hətta xaricilər supermarketlərdə, restoranlarda onlara məhz "həmin Xırdalan"dan verməyi xahiş edirmişlər. Özü də xaricilər üçün bu sözü tələffüz etmək çətindir, amma onlar onu əzbərləyiblər və dəqiq söyləyiblər. Mən düşünürəm ki, bütün bunlar Azərbaycanın qida sənayesi üçün böyük uğurdur.
Futbol üzrə Avropa çempionatına gəldikdə isə "Carlsberg" həmişə bu cür tədbirləri dəstəkləyir, amma biz Azərbaycanda işləyən bir şirkət kimi ilk növbədə diqqətimizi "Avroviziya" müsabiqəsinə yönəltdik. Sirr deyil ki, biz futbolla bağlı böyük reklam kampaniyası keçirdik. Amma çarxlarda "Carlsberg"dən yox, "Xırdalan" brendindən söhbət gedir. Ola bilər ki, biz nə vaxtsa Azərbaycan bazarında "Carlsberg" pivəsini də buraxacağıq, amma bu il və gələn il biz əsas ümidlərimizi yerli brend olan "Xırdalan"a bağlayırıq və Azərbaycanın da onunla fəxr etməyə tam haqqı çatır.
- Sizcə, bu hadisələrin fonunda bu il məhsulun xaricə ixracı ilə bağlı vəziyyət necə olacaq, başqa ölkələrin ona marağı artıbmı?
- Bizim məhsula maraq olub və həmişə də olacaq, çünki bizim şirkət region üzrə sahə lideridir. İxrac məsələsinə gəldikdə isə, maraq dairəsində həmişə Azərbaycanla sərhədi olan qonşu ölkələr və ilk növdə Gürcüstan durur. Biz məhsulumuzu bu respublikaya artıq gələn ildən göndərməyə başlayırıq, özü də diqqətimizi əsasən Azərbaycandakı müəssisədə istehsal edilən markaların ixrac potensialını yüksəltməyə yönəldəcəyik.
- Azərbaycanın pivə bazarında "Baltika" şirkətinin payı necə dəyişib?
- Bizim payımız bazarın 70%-dən çoxunu tutur və sabit qalır, bu onu göstərir ki, istehlakçılar bizim məhsulu sevməkdə davam edirlər. Mövqelərimizin dəstəklənməsi üçün biz Azərbaycan bazarında yeni məhsulların buraxılmasını da planlaşdırırıq. Bunun nə olacağı hələlik sirrdir. Yalnız onu deyə bilərəm ki, yeni məhsullarımız bazara çıxan zaman, şübhəsiz bizim əziz istehlakçılarımızın zövqüncə olacaq.
- Azərbaycanda pivədən kənar portfelin inkişaf etdirilməsini planlaşdırırsınızmı?
- Açığını deyim, biz hər şeydən öncə pivə bişirənik və hamıdan yaxşı bildiyimiz bu işlə məşğul olmaq bizə xoşdur. Əgər alkoqolsuz istiqamət barədə danışırsınızsa, bəli, biz alkoqolsuz pivə istehsalını inkişaf etdirmək barədə düşünürük. Bu seqmentdə bütün qalan bazar imkanları həmişə bizim tərəfimizdən öyrənilir.
- Azərbaycanda "Baltika-Bakı" məhsullarının çeşidinin genişləndirilməsi planlaşdırılırmı?
- Desəm ki, istehsal üçün çeşid seçimi zamanı bizim əsas istiqamətimizi istehlakçının fikri müəyyənləşdirir, böyük sirr açmış olmaram. "Xırdalan", "Əfsanə" kimi yerli markalarla yanaşı biz Azərbaycanda "Baltika-7" markasını da istehsal edirik - mənim fikrimcə, respublika bazarında ən yaxşı premium pivədir. "Baltika-9" tünd pivədir və "Baltika Kuler" brendi isə dəbli və proqressiv şeyləri sevənlər üçündür. Əlbəttə, gələcəkdə bu siyahını genişləndirməyi düşünürük.
- "Baltika-Bakı" pivə zavodunun maliyyə baxımından inkişafını bu il necə qiymətləndirirsiniz?
- "Xırdalan"ın səhmdarlarının bizim qarşımızda qoyduğu planlara uyğun şəkildə inkişaf edirik. Başqa sözlə, biz bu ilin əvvəlində gözlənilən çərçivədəyik.
- "Baltika-Bakı"nın istehsal güclərini genişləndirməyə ehtiyac varmı?
- Bəllidir ki, bizim zavodun istehsal gücü ildə 10 mln dekalitr təşkil edir, amma nəzərə alırıq ki, Azərbaycanda pivə bazarının inkişaf templəri ümidvericidir və istehsalın daha da genişləndirilməsi barədə düşünürük. Ancaq bizim investisiyalar əsasən buraxılan məhsulun keyfiyyətinin təkmilləşdirilməsinin artırılmasına yönəldiləcək, çünki əminik ki, Azərbaycan istehlakçısı dünyanın ən yaxşı pivəsinə layiqdir.
- Yaxın illərə hansı investisiya planlarınız var?
- Bu il və gələn il bizim 3 tip sərmayəmiz olacaq. Mən yuxarıda artıq qeyd etdim, birincisi, bu, məhsulun keyfiyyətinin dəstəklənməsinə və yüksəldilməsinə sərmayələrdir, bunun üçün biz pivə istehsalında ən çağdaş texnologiyaları tətbiq etməyə hazırlaşırıq. Bəli, bizim müəssisəni bu gün haqlı olaraq Azərbaycan bazarında ən çağdaş saymaq olar, amma pivəbişirmə sahəsində dünya istehsalçılarının maraqlı nailiyyətləri var və mən əmin edirəm ki, Azərbaycan istehlakçısı mütləq onlarla tanış olacaq.
Sərmayələrin ikinci tipi bizim məhsulun satış şəbəkəsinin inkişafına xərcləri əhatə edir - biz bilirik ki, elə ticarət məntəqələri və ictimai iaşə obyektləri (kafelər, restoranlar, barlar) var ki, bizim məhsul istehlakçılara təklif edilmir və biz bu istiqamətdə durumun yaxşılaşdırılması üçün işləyəcəyik.
Sərmayələrin üçüncü qrupuna gəldikdə isə, o, bizim fəaliyyətimizin yeni istiqamətlərini əhatə edir. Məsələn, biz əsl pivə restoranı açmağı düşünürük ki, istehlakçılar sevimli pivələrini almaqla yanaşı, həm də əsl pivə qəlyanaltılarının dadına baxa bilsinlər.
Həmçinin, hazırda bizim müəssisənin ehtiyacları üçün arpanın Azərbaycanda becərilməsi layihəsi üzərində də düşünürük. Hazırda biz idxal arpasından istifadə edirik. Amma Azərbaycanın kənd təsərrüfatının ənənələri elə zəngindir ki, pivə bişirənlər üçün də keyfiyyətli məhsul becərilə bilər.
Sərmayə mövzusunu bitirərkən qeyd etmək istərdim ki, biz Azərbaycanda tədrisin keyfiyyətini yüksək qiymətləndiririk və bizim yüksək texnologiyalı şirkətimiz üçün yerli mütəxəssislərin inkişafına vəsait yatırmaq istərdik. Bu həm də bizim müəssisənin sabit çiçəklənməsini təmin edəcək.
BİZİM MƏLUMAT:
Rusiyanın "Baltika pivəbişirmə şirkəti" ASC 1990-cı ildə Sankt-Peterburqda yaradılıb. Çağdaş avadanlıq və qabaqcıl texnologiya şirkətə Rusiyanın iri xalq istehlakı malları istehsalçısına çevrilməyə, 1996-cı ildə isə Rusiya pivə bazarının lideri olmağa imkan yaratdı.
Xırdalandakı Azərbaycan pivə zavodu istismara 1969-cu ildə başlayıb. Bir vaxtlar o, "Bakı Pivə" İstehsalat Birliyinə məxsus idi. "Xırdalan" həmin illərdə SSRİ-ni ən iri altı pivəbişirmə müəssisəsindən biri olub. 1997-ci ildən zavod Fransanın "Group Castel" konserninin idarəsinə keçib və iki ildən sonra zavodun iri miqyaslı təmiri başa çatıb. 2000-ci ildə yeniləşdirilmiş müəssisənin rəsmi açılış mərasimində Azərbaycanın ümumimilli lideri Heydər Əliyev də iştirak edib. Həmin vaxtdan da "Xırdalan" pivəsinin istehsalına başlanıb.
"Baltika pivəbişirmə şirkəti" ASC öz məhsulunu Azərbaycan Respublikasına 2000-ci ildə yollayıb. Respublikada pivə bazarının əlverişli artım perspektivləri və "Baku-Kastel"in aparıcı oyunçu statusu "Baltika" şirkəti tərəfindən Xırdalandakı pivəbişirmə zavodunun alınmasına imkan yaradıb.
2008-ci ilin may ayından "Baltika" şirkəti və "Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern) Xırdalandakı zavodun satın alınması üzrə sazişə qol çəkiblər. 2009-cu ildən zavod "Baltika-Bakı" adlandırılıb.
"Baltika-Bakı"nın modernləşdirilməsi son zamanlarda Azərbaycan Respublikasının yeyinti sənayesində ən iri investisiya layihəsi olub. İnvestisiya proqramının başa çatması ilə yatırımların ümumi həcmi $20 mln.-a yaxın təşkil edib.
MƏSLƏHƏT GÖR: