25 Noyabr 2024

Bazar ertəsi, 14:52

İNVESTİSİYA AXINI

İnformasiya texnologiyalarının inkişafı üzrə dövlət fondu vençur maliyyələşdirmə hesabına innovasiya sektorunu dəstəkləyəcək

Müəllif:

15.09.2012

Telekommunikasiya və informasiya texnologiyaları sahəsinin stimullaşdırılması Azərbaycanın yaxın gələcək üçün inkişafının önəmli prioriteti kimi nəzərdə tutulub. IT-sektorda fəaliyyət göstərən özəl şirkətlərin niyyətlərinin maliyyə və texniki dəstəklənməsi məqsədi ilə ölkədə  İnformasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondu yaradılır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) artıq fondun gələn il üçün prioritet tapşırıqlarını müəyyən edib, yaxın zamanda onun strukturunun və nizamnaməsinin formalaşdırılması üzrə işlər başa çatacaq. 

 

İstehsalçıdan istehlakçıya 

Azərbaycan artıq xeyli müddətdir ki, postsovet məkanında informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı  üzrə birinci yerlərdən birini tutur. Ötən on il ərzində dövlətin telekommunikasiya xidmətlərinin göstərilməsindən əldə  etdiyi gəlir 100 dəfəyə qədər artıb və ilkin hesablamalara görə, $1,5 mlrd-a çatıb. O cümlədən, keçən ilin yekunlarına görə, telekommunikasiya sahəsi və poçt xidməti demək olar ki, on iki faizlik gəlir artımı təmin ediblər, bu sektora yatırılan sərmayələr isə  $412 mln.-a çatıb.  

"Yaxın on il ərzində Azərbaycan hökuməti müxtəlif İKT layihələrinə $3,5 mlrd.-a yaxın sərmayə yatırmağı planlaşdırır. Ölkədə  "Fiber to Home" texnologiyasının, kosmik texnologiyanın, kibertəhlükəsiz     e-government proqramının, rəqəmsal radioyayımın inkişafı üçün dövlət proqramları işlənib və hazırda gerçəkləşdirilir.  Həmçinin regionlarda geniş zolaqlı infrastruktur yaradılır və s.", - deyə rabitə və informasiya texnologiyaları naziri   Əli Abbasov bildirir. 

Yalnız informasiya təhlükəsizliyi üzrə tədbirlərin gerçəkləşdirilməsinə, kibercinayətlərlə mübarizəyə və elektron hökumətin inkişafına yaxın on il ərzində 

$1 mlrd.-dan çox sərmayə yatırılacaq. Təxminən elə o qədər də peyklərin buraxılmasına və kosmik sənayenin inkişafına xərclənəcək. Regional innovasiya zonalarının (RİZ) yaradılmasına dövlət xərcləri isə $500 mln nəzərdə tutulub, rəqəmsal televiziyanın yaradılmasına isə daha $100 mln tələb edilir. 

Təxminən $1 mlrd "Fiber to Home" texnologiyasının inkişafı üzrə Dövlət Proqramının gerçəkləşdirilməsi, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, regionlarda geniş zolaqlı infrastrukturun yaradılması və s. üçün rezervləşdirilib. O cümlədən, "Fiber to Home" texnologiyasının tətbiqi optik-lifli rabitə şəbəkəsinin çəkilməsi vastiəsilə hər bir evdə və ya ictimai binada geniş zolaqlı internetə girişi təmin etməyi nəzərdə tutur. Bu proqrama sərmayələr $342 mln təşkil edəcək, özü də yatırımların 40%-i təkrar sərmayələşməyə yönələcək. Uyğun sərmayə həcmi özəl bölmədən də gəlməlidir. Bununla da 2020-ci ilə kimi İKT sektorunun sərmayələşmə həcmi  illik $800 mln səviyyəsinə qalxmalıdır.  

Maraqlıdır ki, gözlənilən sərmayə artımının bir əsas məqsədi var - bu, ölkənin İKT sektorunun keyfiyyətcə dəyişdirilməsidir. Yəni yaxın illərdə ölkənin indi əsasən informasiya texnologiyaları istifadəçisi olan yerli bazar  IT avadanlıqlarının, proqram həllərinin və xidmətlərinin ixracatçısına çevrilməlidir. Özü də İKT-sektorun inkişafında önəmli rol elmi-tədqiqat işləri və innovasiya texnologiyalarının praktiki tətbiqi ilə məşğul olan nisbətən kiçik özəl müəssisələrə, həmçinin proqram təminatı strukturlarına, sistem inteqratorlarına və s. ayrılıb. 

İKT sektorda fəaliyyət göstərən özəl və dövlət sektoru təmsilçilərini səmərəli dəstəkləmək məqsədi ilə bu il martın 15-də prezident İlham Əliyev xüsusi qurumun - RİTN-nin yanında İnformasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondu yaradılmasına sərəncam verib. Qurum tərəfindən IT layihələrinin inkişafına maliyyə, texniki və təşkilati dəstəyin təmin edilməsi nəzərdə tutulur. "İnformasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondu yaradılması üzrə işlər, demək olar ki, başa çatıb və hazırda fondun nizamnaməsinin işlənməsi başa çatır. Biz gözləyirik ki, onun təsdiq edilməsi üzrə qərar yaxın zamanlarda qəbul ediləcək", - rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə vurğulayıb. 

 

Güzəştlər lazımdır 

Gözlənilir ki, fond artıq gələn ilin yanvar ayından iri layihələrin maliyyələşdirilməsinə başlayacaq. İlin sonuna kimi isə Nazirlər Kabinetində RİTN  tərəfindən yerli IT şirkətlərə vergi və gömrük sahələrində xüsusi güzəştlərin verilməsi haqqında edilmiş təklif barədə müsbət qərar veriləcəyi gözlənilir. 

Azərbaycanda İKT sektorunun dinamik inkişaf etməsinə baxmayaraq, elm tutarlı məhsulların ixracatı onun idxalından xeyli geri qalır. Bu uyğunsuzluğu azaltmağa mane olan səbəblərdən biri  yerli IT istehsalçılarının ixracını stimullaşdıran xüsusi güzəştlər rejiminin olmamasıdır.  Bu gün ölkəyə gətirilən kompüterlər üçün idxal rüsumu 3% təşkil edir, halbuki onların yığılması üçün gətirilən komponentlərin idxal rüsumu isə 10%-dən  15%-ə qədər dəyişir", - RİTN başçısı Əli Abbasov vurğulayır. Bu vəziyyət ölkədə istehsalın oturuşmasına az imkan yaradır. RİTN ölkəyə gətirilən yüksək texnoloji məhsulların yığma hissələri üçün idxal rüsumlarını azaltmağı, həmçinin innovasiya biznesinin inkişafı və xarici sərmayənin cəlbi üzrə vergi qanunvericiliyini təkmilləşdirməyi təklif edir.  Nəhayət, İnformasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondundan ayırmalar hesabına IT şirkətlərinin aşağı faizli və uzun müddətli kredit resurslarına, həmçinin elmi tədqiqat qrantlarına olan tələbatı tamamilə təmin ediləcək. 

Başqa işlərlə yanaşı, fond elmi texniki sahədə perspektivli "start-ap" layihələrə birbaşa maliyyə dəstəyi göstərəcək (startup - sürətli gerçəkləşdirilməyə hesablanmış biznes ideyasıdır). Dünya praktikasında kiçik innovasiya müəssisələrinin bu cür fondların proqramlarına qatılması layihəni elmi ideyadan xarici  və daxili sərmayəçilər üçün də cəlbedici olan dayanıqlı biznes yaradılmasına qədər inkişaf etdirməyə imkan yaradır. Böyük ehtimalla, 

Azərbaycan fondu İKT sahəsində yenilikləri vençur maliyyələşdirilməsi vasitəsi ilə dəstəkləyəcək, başqa sözlə, elmtutarlı məhsulların layihələşdirilməsi və istehsalı üçün başlanğıc bazasının yaradılması yolu ilə bunu gerçəkləşdirəcək.  Bu məqsədlə fondun idarə edilməsinə İKT layihələrinin vençur maliyyələşdirilməsində böyük təcrübəyə malik beynəlxalq mütəxəssislər cəlb ediləcək. 

Dünya praktikası göstərir ki, vençur maliyyələşdirməsi İKT sektorunun ən geniş yayılmış və effektiv inkişaf formalarındandır. Maraqlıdır ki, iki il bundan qabaq vençur fondları Şimali Amerikada, Avropada, Hindistanda və Çində İKT sektoru şirkətlərinin inkişafına $7,8 mlrd yatırıblar ki, cari ildə bu ölkələrdə maliyyələşdirmə həcmlərinin 20 faizlik artımı gözlənilir. Postsovet dövlətlərində sərmayəçilərin "IT-start up"a həvəslə sərmayə yatırmalarının bir neçə səbəbi var: informasiya texnologiyaları sənayesi 1990-cı illərdə yaranıb və keçən iyirmi il müddət ərzində yaxşı baza formalaşdırıb ki, hazırda bu, yerli və xarici portfel investorlarına cəlbedici görünə bilər.

Bundan başqa, vençur sərmayələri alanlar arasında internet layihələrin təşkilatçıları, həmçinin proqram təminatı işlənməsində ixtisaslaşmış şirkətlər aparıcıdır. Bu, onların bazara girməsi üçün ilkin sərmayə həcminin nisbətən aşağı olması (çox vaxt on minlərlə dollarla ölçülməsi), həmçinin bu cür layihələrin biznes modellərinin şəffaf olması  ilə bağlıdır. Böyük ehtimalla, İnformasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondu informasiya texnologiyaları sahəsində daha irimiqyaslı istehsal fəaliyyətinin maliyyələşdirilməsi ilə yanaşı yerli proqramm təminatı şirkətlərini də diqqətsiz qoymayacaq. 

Fondun daha bir öhdəliyi elmi araşdırmaların miqyasının artırılması və kadr potensialının hazırlanması olacaq. Fondun funksiyalarının bu cür genişləndirilməsi bizim ölkənin işgüzar dairələri ilə yanaşı, elmi çevrələri tərəfindən də alqışlanılır. "Biz ölkəmizdə ixtisaslaşdırılmış dövlət fondu yaradılması haqqında qərarı hərtərəfli alqışlayırıq. Ehtimal edirəm ki, bu vəsaitlər İKT bazarı iştirakçılarının hamısı üçün əlçatar olacaq ki, bu da innovasiya yönümlü layihələrə operativ dəstək verməyə və ölkəyə xarici kapitalın cəlb edilməsi üçün əlverişli mühit yaratmağa imkan verəcək. IT sektoru dinamik dəyişir və bu yeniləşmə prosesi maliyyə dəstəyi tələb edir. Özü də söhbət yalnız texnologiyalardan deyil, həm də kadr potensialının inkişafından gedir. Çünki bu istiqamətdə hələ ki, müəyyən boşluqlar mövcuddur", - deyə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirir.

Bir sox ekspertlərin fikrincə, İnformasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondunun yaradılması və RİTN tərəfindən düşünülmüş niyyətlərin uğurlu maliyyələşdirilməsi yerli telekommunikasiya sektorunun inkişafında dönüş nöqtəsi olacaq. 


MƏSLƏHƏT GÖR:

524