25 Noyabr 2024

Bazar ertəsi, 14:52

ƏSRLƏRƏ HESABLANMIŞ MÜQAVİLƏ

18 il əvvəl azərbaycanın iqtisadi inkişafının bünövrəsi qoyuldu

Müəllif:

15.09.2012

Sentyabrın 20-də müstəqil Azərbaycanın inkişafının bünövrəsini qoymuş, öz əhəmiyyəti və dəyərinə görə möhtəşəm bir sənəd olan "Əsrin müqaviləsi"nin imzalanmasının 18 ili tamam olur. "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları layihəsinin işlənməsindən əldə etdiyi gəlirlərdən əlavə, Azərbaycan başqa üstünlüklər də qazandı. Xüsusilə də nəzərə alsaq ki, "Əsrin müqaviləsi"ndən əldə olunan dividendlər haqda gələcək zamanda da danışmaq olar.  

 

İkinci nəfəs

18 il - az müddət deyil. Deməli, artıq yekunlardan danışmaq olar. Və açıq söyləyək ki, bu yekunlar kifayət qədər əzəmətlidir. İlk olaraq onu deyək ki, bp və onun partnyorlarının "AÇG", "Şahdəniz" (I mərhələ), "Bakı-Tiflis-Ceyhan" və Cənubi-Qafqaz boru xətti layihələrinə qoyduğu ümumi sərmayənin həcmi 35 milyard dollar təşkil edir. 

"AÇG" yataqlarının istismarına dair layihə üzrə indiyədək 280 milyon ton neft hasil edilib ki, bunun da 140 milyon tonu Azərbaycanın gəlir neftidir. Və bu, hələ son deyil, hərçənd, bəzi "ekspertlər" "AÇG" yataqlarında neft ehtiyatlarının guya azalması haqda fərziyyələr söyləyirlər. Halbuki, bunun əksini sübut edən çoxsaylı faktlar gətirmək olar.

Hazırda bp və onun partnyorları, blokda hasilatı artırmağa yönəlmiş "Çıraq" (Chirag oil project, COP) layihəsi üzrə işləri davam etdirirlər. COP - əslində "Azəri-Çıraq-Günəşli"nin işlənməsinin növbəti mərhələsidir və "AÇG" yataqlar blokunda hasilatın artırılması məqsədilə "Çıraq" yatağının qərb hissəsində yeni qazma işlərinin və "Qərbi Çıraq" platformasının qurulmasını nəzərdə tutur. O, artıq mövcud olan "Ç?raq-1" və "Dərinsulu Günəşli" platformaları arasında yerləşəcək və 170 metr dərinlikdə quraşdırılacaq. Neft ehtiyatları, təxminən, 360 milyon barrel (50 milyon tona yaxın) olan "Qərbi Çıraq"dan gündəlik olaraq 160-185 min barrel neft hasil etmək nəzərdə tutulub.

"Qərbi Çıraq" "AÇG"də ən böyük platforma olacaq.  Platformadan ilk neftin 2012-ci ilin IV kvartalında çıxarılması nəzərdə tutulur. Qeyd edək ki, SOR-a ümumilikdə 6 milyard dollar (2 milyard dollarlıq əməliyyat xərcləri ilə birlikdə)  sərmayə qoyulacaq.

Layihənin meneceri İlqar Məmmədovun sözlərinə görə, "Qərbi Çıraq" platformasından neftin daşınması üçün yeni neft kəmərlərinin çəkilməsi nəzərdə tutulmayıb. Platforma artıq fəaliyyətdə olan kəmər-boru infrastrukturuna qoşulacaq ki, bu da neftin Səngəçal terminalına çatdırılmasını təmin edəcək.

"bp-Azerbaijan"ın hesabatına görə, "Shirag oil" çərçivəsində artıq tikinti-montaj işlərinin 62%-i  yerinə yetirilib. Hazırda bu işə 5,5 min nəfər cəlb edilib ki, bunların da 90%-i Azərbaycan vətəndaşlarıdır.

Maraqlıdır ki, 1997-ci ildə xarici şirkətlərin Xəzərdə hasil etdikləri ilk neft, məhz "Çıraq" neftidir.

Amma bu da hələ son deyil. "AÇG"nin "uzunömürlülüyü"nə dəlalət edən daha bir amil bu yataqda böyük həcmdə qaz ehtiyatlarının olmasıdır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına əsasın, "AÇG" ümumilikdə 1 milyard ton neft və 350 milyard kubmetr qaz ehtiyatlarına malikdir. Və "AÇG" üzrə imzalanacaq növbəti böyük müqavilənin predmeti də məhz qaz olacaq.   

Xatırladaq ki, "Əsrin müqaviləsi"nə əsasən, bp öz partnyorları ilə birlikdə "AÇG" layihəsi üzrə yalnız "Fasilə layı"na (qalınlığı 100 metrdən artıqdır) qədərki neft yataqlarının işlənməsinə hüquq əldə edib. "Fasilə layı"ndan dərinlikdə isə öz qalınlığına görə ondan üstün olan Nadmirmakin və Podkirmakin layları (hərəsi 140-160 metr) yerləşirlər. 

bp şirkətinin rəhbərliyi hələ 2007-ci ildə "AÇG"nin aşağı laylarının işlənməsinə dair yeni müqavilə ətrafında danışıqlara başlamaq təklifilə Azərbaycan hökumətinə müraciət edib və hazırda bu məsələ ilə SOCAR məşğul olur. Bundan əvvəl Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirmişdi ki, "Azərbaycan "AÇG"in dərində yerləşən laylarına dair öz şəxsi strategiyasını hazırlamalıdır". "Bunun üçün bir sıra məsələlər həllini tapmalıdır - kapital və istismar xərcləri, texniki aspekt, maliyyə dəstəyi, bp və ya hər hansı digər şirkətlə əməkdaşlıq şərtləri və s. Yəni,  Dövlət Neft Şirkəti müqavilənin bir neçə variantını analizdən keçirəcək", - deyə N.Əliyev vurğulayıb.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə isə bildirib ki, "bp bu layihənin operatoru kimi çıxış etmək istədiyindən, biz danışıqları onlarla aparırıq". Onun sözlərinə görə, çox guman ki, bp layihə operatoru olacaq, "amma səhmdarların tərkibi "AÇG" üzrə müqavilədəki tərkibdən fərqlənəcək". "Hər şey plan üzrə getsə, "AÇG"in dərin qaz yataqlarının hasilatına 2017-ci ildən başlanacaq", - deyə X.Yusifzadə qeyd edib.

SOCAR-ın İnvestisiya İdarəsinin rəisi Vaqif Əliyevin sözlərinə görə isə müqavilə RSA tipli olacaq (Risk Service Agreement, minimal əvəz təminatı. - müəllif).

Əvvəl belə anons olunmuşdu ki, sənəd artıq 2012-ci ildə imzalana bilər. Ona görə bu gün hamı "AÇG"nin dərin laylarına dair yeni müqaviləni gözləyir. Yeri gəlmişkən, birinci mərhələdə "Çıraq" və "Günəşli" blokları altındakı laylar işlənəcək, ikinci mərhələdə isə, "Azəri".

    

Qaz

Amma "Azəri-Çıraq-Günəşli" Azərbaycanın neft strategiyasının yeganə uğuru deyil. "Əsrin müqaviləsi"  həm də "Bakı-Tiflis-Ceyhan", "Bakı-Tiflis-Ərzurum", "Şahdəniz", nəhayət, Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin Avropa ilə sərhədlərinədək nəqli üçün nəzərdə tutulmuş  Transanadolu qaz kəməri (TANAP) kimi nəhəng layihələrə start verdi. SOCAR prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, tikintisinə 2013-cü ildə başlamaq nəzərdə tutulan TANAP "Azərbaycanın ən böyük layihələrindən biri, Türkiyəninsə, ən böyük layihəsidir". 

TANAP-ın uzunluğu 2000 km, ötürmə gücü isə, sonradan artırılma imkanı ilə ildə 16 milyard kubmetr qaz təşkil edəcək. 

Qeyd edək ki, hazırda layihədə iştirak payları aşağıdakı kimi bölünüb:

SOCAR - 80%,  Türkiyənin Botaş və TPAO şirkətləri isə - 20%.  Amma bu yaxınlarda məlum oldu ki, "Şahdəniz" konsorsiumunun birdən-birə üç üzvü - Britaniyanın bp, Fransanın TOTAL və Norveçin "Statoil" şirkətləri də layihədə iştirak etmək niyyətlərini açıqlayıblar. SOCAR öz payının 29%-ni onlara satmaq və 51%-i özündə saxlamaq niyyətindədir. Bu isə o deməkdir ki, layihənin operatoru Azərbaycan şirkəti olacaq. 

1994-cü ildə "Əsrin Müqaviləsi" imzalanarkən, cəmi 18 il sonra SOCAR-ın bu cür nəhəng layihənin operatorluğunu üzərinə götürə biləcəyini heç təsəvvür edə bilərdikmi? 18 il əvvəl qoyulan bünövrə hesabına işlənən "Şahdəniz" yatağının dünya miqyaslı bir yatağa çevriləcəyinə və Azərbaycanın yalnız "Şahdəniz"lə deyil, "Ümid", "Babək", "Abşeron", "Naxçıvan", "Zəfər-Məşəl" kimi yataqları ilə ciddi qaz ixracatçısı kimi dünya birliyinin diqqətini özünə cəlb edəcəyini ağlımıza gətirərdikmi?

Bu gün SOCAR öz tarixi ərzində ilk dəfə ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat təşkil edən "Ümid" kimi yatağın təkbaşına istismarı ilə məşğuldur. 

"Ümid"də kəşfiyyat yataqlarının qazılması zamanı müəyyən olundu ki, yaxınlıqda yerləşən perspektivli "Babək" yatağında 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində ehtiyatlar var. "Abşeron" və "Naxçıvan" yataqlarının birgə ehtiyatları isə 600 milyard kubmetr qazdır. Bu yataqların işlənməsi çərçivəsində SOCAR tanınmış beynəlxalq şirkətlərlə əməkdaşlıq edir.

Amma məhz "Şahdəniz"in sayəsində bu gün Azərbaycan qaz idxal edən ölkədən, qaz ixrac edən dövlətə çevrildi. Buna inanmaq çətindir, amma 2004-cü ildən 2010-cu ilə qədər Azərbaycanda qaz hasilatı 5,2 dəfə - ildə 5 milyard kubmetrdən, 26 milyard kubmetrədək artıb.

Bu gün artıq "Şahdəniz"in işlənməsinin ikinci mərhələsinə hazırlıq gedir. Onun dəyəri 28 milyard dollardır (!). "Şahdəniz-2" çərçivəsində ildə minimum 16 milyard kubmetr qaz hasil olunacaq. Bundan 6 milyardı Türki-yəyə satılacaq, 10 milyardını isə Azərbaycan Avropaya ixrac etməyə hazırdır.

Beləliklə, artıq az qalıb - "Şahdəniz-2"də qaz hasilatına 2017-ci ildən başlanılacaq.

SOCAR-ın proqnozlarına görə, 2015-ci ildə Azərbaycanda qaz hasilatı 20 milyard kubmetr olacaq, 2025-ci ildə isə bu göstərici 40 milyard kubmetrə çatacaq. "Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında daha böyük rol oynayacağından xəbər verir", - deyə R.Abdullayev bildirib.

Ümumilikdə, SOCAR-ın məlumatına əsasən, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 4,2 milyard ton, proqnozlaşdııırılan isə -10 mlrd ton şərti yanacaq təşkil edir. SOCAR-ın prezidentinin sözlərinə görə, "quruda və dənizdə qazmaya hazır olan 40-a yaxın perspektivli struktur mövcuddur". 

 

Qorumaq və artırmaq 

Göründüyü kimi, "Əsrin müqaviləsi" sayəsində Azərbaycan neft dövləti imicini özünə qaytardı, qaz hasilatçısı və ixracatçısına çevrilərək, özünün gələcəyini təmin etdi. Amma ən əsası odur ki, "Əsrin müqaviləsi" yalnız Azərbaycanın neft strategiyasınının və ümumilikdə iqtisadiyyatının inkişafı üçün özül olmadı. Bu gün neft-qaz müqavilələrindən əldə olunan gəlirlər hesabına ölkədə digər nəhəng miqyaslı layihələr də reallaşdırılır.

 Azərbaycanda yaradılmış Dövlət Neft Fondunun (ARDNF) qarşısında neft və qazdan əldə olunan gəlirlərin yalnız qorunması deyil, həm də artırılması vəzifəsi qoyulub. Bu fond, ölkə iqtisadiyyatı üçün, bir növ, "təhlükəsizlik yastığı" rolunu oynayır, çünki gəlirlərdən rasional istifadə, sabit iqtisadi inkişafın faktorudur. Məlumat üçün bildirək ki, 2001-ci ildən 2012-ci ilin 30 iyununa qədər ARDNF-ə 75,8 milyard dollar vəsait daxil olub. Bu dövr ərzində fondun xərcləri isə 41,3 milyard dollar təşkil edib.

2003-2011-ci illərdə ARDNF-in dövlət büdcəsinə transfertlərinin həcmi 8,2%-dən 57,3%-ə yüksəlib.  Fondun məlumatına əsasən, 2012-ci ilin ilk yarımilliyinin sonunda bu göstərici 60,3% təşkil edib. Hesabat dövrü ərzində ARDNF-in aktivləri isə 0,5 milyard dollar artaraq, 32,8 milyard dollara çatıb.

Möhtəşəm göstəricilərdir! Və təbii ki, ölkənin neft və qaz layihələrindən gəlirləri getdikcə yalnız artacaq.

Bu gün nəhəng infrastruktur layihələrinin (misal üçün, Bakı-Tiflis-Qars dəmir yolunun çəkilməsi) reallaşdırılması, strateji əhəmiyyətli obyektlərin tikintisi, sosialyönümlü proqramların maliyyələşdirilməsi üçün fondun vəsaitlərindən istifadə edilir. ARDNF-in 2001-ci ildən əldə etdiyi vəsaitin 3 milyard 249,4 milyon manatı sosial və infrastruktur layihələrin maliyyələşdirilməsinə yönəldilib. 

Sirr deyil ki, dövlət büdcəsinin gəlirlərinin xeyli hissəsini məhz ARNDF-in vəsaitləri təşkil edir. Artıq qeyd etdiyimiz kimi, 2012-ci ildə büdcənin 60,3%-i ARDNF-in trasfertləri olacaq.  Bu zaman, dövlət büdcəsinin 73,2%-i neft sektorunun hesabına formalaşdırılacaq. Ümumilikdə, 2001-ci ildən 2012-ci ilin 1 iyuluna qədər fonddan dövlət büdcəsinə transfertlər 29,7 milyard manatdan çox olub. 

Azərbaycandan sərmayədar ölkə kimi danışarkən TANAP layihəsinin maliyyələşdirilməsi yollarını, o cümlədən, buna ARDNF-in vəsaitlərinin də cəlb olunmasına dair müzakirələrin aparıldığını da qeyd etmək lazımdır.

Amma hələ bu da ən vacib məsələ deyil. Əsas odur ki, neft-qaz, bonuslar, dividendlər, neft və qazın nəqlindən gələn ödənişlər, aktivlərin satışından əldə olunan gəlirlər və s. vətəndaşların  rifahının yüksəlməsinə yönəlib.  

Məsələyə daha qlobal yanaşsaq, qeyd etmək lazımdır ki, Azərbaycanın strateji valyuta ehtiyatları 41 milyard dollardan artıqdır və bu, 3 illik mal və xidmət idxalından böyük rəqəmdir.  Bu, Azərbaycanın bütün vətəndaşlarının marağında olan, iqtisadi sabitliyin əsas faktorlarındandır. 

Bundan başqa, respublikada ÜDM artır, özü də, beynəlxalq iqtisadi böhran illərində belə. İrimiqyaslı xarici layihələri reallaşdırmaq gücündə olan və bir sıra transmilli əhəmiyyətli layihələrin müəllifi kimi  Azərbaycana xarici sərmayədarların diqqəti daha da artır.

Neft-qaz sektorundan əlavə, ölkədə qeyri-neft sektoru da inkişaf edir və bu, Azərbaycan hökumətinin prioritet məqsədidir. Ölkədə yeni müəssisələr açılır, iş yerləri yaradılır, əhalinin pul gəlirləri artır. Bu gün Azərbaycan - qeyri-sabit dünyada sabit bir adaya bənzəyir. Bütün bunların bünövrəsini isə,  əfsanəvi "Əsrin müqaviləsi" və bununla başlamış yeni Neft strategiyası qoyub/.



MƏSLƏHƏT GÖR:

376