13 Mart 2025

Cümə axşamı, 20:31

AVROPA "XƏYALİ DÜNYA"YA QARŞI

Aİ-də borc böhranının əhatə etdiyi ölkələrin sayı artmaqdadır

Müəllif:

15.09.2012

İki il əvvəl Avropada başlamış böhran getdikcə daha çox ölkəni əhatə etməyə başlayır. Avrokomissiyanın və Aİ-nin digər institutlarının antiböhran tədbirlərinə baxmayaraq,  Yunanıstan, İrlandiya və Portuqaliyanın ardınca, daha nəhəng Avropa iqtisadiyyatları, o cümlədən, İspaniya da defolt təhlükəsilə üz-üzə qalıb.  Vəziyyət o həddə çatıb ki, əksər avropalıların yaşayış səviyyəsinin aşağı düşməsi fonunda, Köhnə Qitənin strateji inkişafı perspektivləri getdikcə daha çox sosial mahiyyət daşımağa başlayır.

 

"Belə bir şəraitdə vətənpərvərlik nümayiş etdirmək lazımdır" 

"Moody's" beynəlxalq reytinq agentliyi Avropa İttifaqına "neqativ" proqnozu verib. Beləliklə də agentlik Aİ-ni yaxın gələcəkdə "Aaa" maksimal reytinqi itirmək təhlükəsi haqda xəbərdar edib. Proqnozun pisləşməsi agentliyin Almaniya, Fransa, Niderland və Böyük Britaniyada büdcə ilə bağlı problemlərin ola biləcəyindən narahatlığı ilə bağlıdır. Bu ölkələr ümumilikdə Aİ büdcəsinin 45%-ni təşkil edirlər. Reytinqin aşağı salınmasının əsas səbəblərindən biri  Avropa ölkələri liderlərinin Avropa Mərkəzi Bankının (AMB) borclu  dövlətlərin istiqraz vərəqələrini almağa dair proqrama dəstək verməkdə tərəddüd etməsidir. Bu arada isə digər ölkələr də (ilk növbədə də İspaniya) maliyyə böhranının artması kontekstində diqqəti özlərinə cəlb edirlər.  2001-2012-cu illərdə "Aaa" reytinqinə malik olan, indii isə resessiya yaşayan İspaniyaya hazırda ən aşağı investisiya reytinqlərindən olan "Vaaz" reytinqi verilib.  İspaniyanın dövlət borcu sürətlə artmaqdadır. Ekspertlərin rəyinə görə, İspaniyanın borcunu almaq üçün Avropa Sabitləşdirmə Fondunun vəsaitlərindən istifadə olunacaq. İspaniyanın maliyyə naziri Luis de Qindos bildirib ki, əgər AMB istiqraz vərəqələrinin satışı üçün məqbul qiymət təmin etsə, rəsmi Madrid dövlət xərclərinin azaldılması üzrə proqramı yerinə yetirə biləcək. 

Bu arada isə avrozonanın iki nəhəng iqtisadiyyatı - Fransa və İtaliya da ÜDM-in azaldığını bəyan ediblər. İtaliyanın İstat statistika xidmətinin məlumatına  əsasən, ikinci kvartalda ölkənin ÜDM birinci kvartalla müqayisədə 0,8 faiz azalıb. İllik hesablamada isə, İtaliyanın ÜDM-də azalması  2,6 faiz təşkil edib. İtaliya iqtisadiyyatı ötən ilin ortalarından resessiyadadır və proqnozlara görə, ÜDM dördüncü kvartalda da aşağı düşməkdə davam edəcək. 

İtaliyadan fərqli olaraq, Fransa resessiyadan qaça bilib. Amma onun ÜDM də artıq iki kvartaldı durğunluq yaşayır. Fransanın üzləşdiyi daha bir neqativ göstərici işsizlikdir - bu rəqəm artıq psixoloji 10%-i ötüb.

Ümumiyyətlə, son 3-4 ildə işsizlik Avropanın əksər ölkələri üçün adi hala çevrilib. Bu sahədə daha yüksək göstəricilər Portuqaliya (21%) və İspaniyadadır (23,6%). Fransanın da bu həddə yaxınlaşması onunla bağlıdır ki, sosial qanunvericiliyə rəğmən, şirkətlər iqtisadi durumun pisləşdiyini əsas gətirərək, işçilərin ixtisarını davam etdirirlər. Fransa Prezidenti Fransua Olland etiraf edib ki, hazırda ölkədə vəziyyət ürəkaçan deyil. Amma onun sözlərinə görə, durumun normallaşması üçün lazımi tədbirlər görüləcək, məsələn, Fransanın rəqabətədavamlılığının artırılması proqramı hazırlanır və artıq bir ildən sonra ölkədə işsizliyin səviyyəsi aşağı düşməyə başlayacaq. Olland həmçinin vergiləri artırmaq yolu ilə, varlı fransızların gəlirlərinin 3/4 hissəsini tutmaq haqda qərarını bir daha təsdiqləyib. Söhbət ildə 1 milyon avro və daha artıq qazananların gəlirlərindən gedir.  Sıravi seçicilər sosialist-prezidentin bu qərarını dəstəkləyirlər. Bu qərar dövlət başçısının solçu kursuna, həm də, vətənpərvərlik ştrixləri əlavə edir. Məsələn, Fransanın ən varlı adamı olan LVMH şirkətinin rəhbəri Bernara Arnonun Belçika vətəndaşlığı almaq istəyinə qarşı çıxan Olland bildirib: "O, vətəndaşlığı dəyişməzdən əvvəl yüz ölçüb, bir biçməlidir. Çünki biz hamımız fransız olmağımızla fəxr edirik.  Belə bir şəraitdə vətənpərvərlik nümayiş etdirmək lazımdır".

Qeyd etmək lazımdır ki, Avropa ölkələrinin əhalisi daha inadkarlıqla iqtisadi böhranla mübarizə zamanı sosial ədalət prinsiplərinin əsas götürülməsini tələb edir. Beynəlxalq maliyyə böhranından ən çox əziyyət çəkən Yunanıstanda da məsələnin sosial aspekti xüsusi olaraq qabardılır. Son illər ərzində Yunanıstanda yaşayış səviyyəsi 35% aşağı düşüb. Yunanıstanın avrozonadan çıxarılacağı təqdirdə, bu göstərici daha 70% düşəcək. Ölkənin ÜDM-i 20% azalıb, işsizliyin rəsmi göstəricisi isə 23%-ə çatıb.

Dövlət xərclərini azaltmaq məqsədilə Afina bir sıra tədbirlər görməyə hazırlaşır. Prezident Karolos Papulyas özünün maaşını və təqaüdünü azaltmaq niyyətindədir.  Dövlət başçısı həmçinin ölkənin bütün sabiq prezidentlərinin təqaüdlərini azaltmağı təklif edir və Maliyyə Nazirliyinin hesablamalarına görə, bununla dövlət büdcəsi ildə 350 min avroya yaxın vəsaitə qənaət etmiş olacaq.

Baş nazir Antonios Samara isə hökumət nəzdindəki bütün xüsusi komissiya və katiblikləri ləğv edib, nazirlərin xidməti avtomobillərdən istifadəsini maksimum məhdudlaşdırıb. Bundan başqa, Yunanıstan böhrandan çıxmaq üçün hazırladığı özəlləşdirmə proqrammı çərçivəsində bir neçə adanı satmaq və ya icarəyə verməyə hazır olduğunu da bəyan edib.  Baş nazir xüsusi olaraq vurğulayıb ki, hökumət bu adaları "su qiymətinə" satmaq fikrində deyil. Söhbət bu əhali yaşamayan adaların ərazilərinin gələcəkdə gəlir gətirə biləcək obyektlərə çevrilməsindən gedir.

Əlavə gəlir yeri axtaran Yunanıstan hökuməti, həmçinin, 19 dövlət müəssisəsini - 7 şirkət və 12 dəniz limanını da özəlləşdirmə proqramına daxil edib. Özünün Hellenic Petroleum neft şirkətindəki və DEI elektroenerji konsernindəki kapitalından imtina etməyə hazır olan Yunanıstan, ELTA dövlət poçt xidməti və lotereyalar təşkil edən OPAP korporasiyasını da özəlləşdirməyə çıxarır. Bundan başqa, Saloniki, Volos, Aleksandropolis, İraklion və Pirey kimi böyük limanlar da satışa çıxarılacaq.

Amma Afinanın əsas ümidi Aİ, Beynəlxalq Valyuta Fondu və AMB ilə maliyyə dəstəyinə dair danışıqların uğurla başa çatacağınadır. Kreditor "üçlük" Yunanıstan rəhbərliyindən büdcə təşkilatlarında maaşların azaldılması və əmək bazarının liberallaşdırılması kimi struktur islahatlarının həyata keçirilməsini tələb edir. Avropa İttifaqının prezidenti Herman vann Romney bildirib ki, Aİ Yunanıstana yalnız o halda yardım göstərəck ki, Afina islahatların real nəticələrini nümayiş etdirsin.  Öz növbəsində, Yunanıstan hökuməti də sosial yardımları və pensiyaları, həmçinin dövlət qulluqçularının ştatı və əmək haqlarını azaltmaqla qənaət siyasəti yürütmək haqda öhdəlik götürüb. Bu addım isə ölkədə yeni kütləvi tətillərə səbəb olub. 

 

Xalqlar öz sözlərini deməlidir

Böhranla üzləşmiş yunanların və digər xalqların etirazları fonunda belə bir sual yaranır:  əhalinin böyük əksəriyyəti sərt qənaət siyasətinə qarşı çıxdığı bir şəraitdə Aİ, BVF və AMB-in antiböhran reseptini reallaşdırmaq mümkündürmü? Bu çətin suala dəqiq cavab tapmaq üçün Aİ ölkələrindəki antiböhran tədbirlərinin nəticəsiz qalmasının səbəblərinə diqqət yetirmək lazımdır. 

Parisdəki Ali Sosial Elmlər Məktəbinin rəhbəri Jak Sapir hesab edir ki, problemin kökündə Avropa liderlərinin bir-birini böhranın borclar və onun yaratdığı pula çevrilə bilmə qabiliyyətindəki problemlərlə bağlı olduğuna inandırmasıdır.  Ona görə də liderlər problemdən çıxış yolu kimi sərt qənaət yolu ilə borclardan yaxa qurtarmağı göstərirlər. Amma Sapirin fikrincə, sərt iqtisadi qənaət siyasəti fiskal gəlirlərin qəfil azalmasına gətirib çıxarır və bu gün defisiti və borcu artıran Yunanıstan, İspaniya və İtaliyanın durumu bunu bir daha sübut edir. Əmək haqlarına xərclərin azaldılması onunla nəticələnib ki, Yunanıstan və Portuqaliya kimi ölkələr öz sənayelərinin müxtəlif sahələrini itirməkdədirlər.

Böhrandan çıxmağın yollarından biri kimi Sapir avrozonanın razılaşdırılmış qaydada buraxılmasını görür. "Avrozona ölkələri avronun fəaliyyətinin dayandırılması və milli valyutalara qayıtmaq haqda razılığa gəlməlidirlər. Bu, əmək haqlarına xərclərin ən sadə, tez və az ağrılı azaldılması metodu olan devalvasiyaya şərait yaradardı", - deyə fransız ekspert qeyd edib. Onun fikrincə, vahid valyutanın fəaliyyətinin dayandırılmasına dair razılaşdırılmış qərar  getdikcə daha real görünən avrozonanın nizamsız şəkildə dağılması və millətçi siyasətə qayıdış yox, Avropanın yekdil qərarı kimi qəbul edilərdi: "Biz artıq görürük ki, bir çox ölkələrdə eynilik, işsizlik və ümumi kasıbçılıqla bağlı əsəbililik yaşanır. Avro Avropanı məhv edir".

Son tezislər Avropa böhranının ideya ilə bağlılığını sübut edir. Nüfuzlu İsveçrə nəşri olan "Le Temps" yazır ki, "avronun böhranı Avropa siyasətinin perpspektivsizliyini nümayiş etdirdi". 

Amma fərqli düşünənlər də var. Avropa İttifaqına daxil olmayan ölkələrin bəzi ekspertləri əmindirlər ki, daha sıx inteqrasiya yolunu seçmək lazımdır, çünki bu "avrozonaya investisiya bankları və spekulyasiyalarla məşğul olan fondlar tərəfindən yaradılmış xəyali dünyaya qarşı duruş gətirmək üçün resurslar tapmaqa imkan verərdi".

Le Temps iddia edir ki, "Yalnız inteqrasiyanın gücləndirilməsi saysız-hesabsız yardımlar olmadan vahid valyutanı qoruyub saxlamağa imkan verərdi. Çünki bu yardımlar gələcəkdə Avropa xalqlarının həmrəyliyi üçün ciddi sınaq ola bilər. Xalqlar öz sözlərini deməlidirlər. Əgər referendumların nəticələri müsbət olsa, Avropa İttifaqı xalqları bazarlar tərəfindən "oğurlanmış" suverenliklərini yenidən Avropa səviyyəsində bərpa edəcəklər".

Bununla yanaşı, Avropanın ictimai rəyini ortaya qoyanlar arasında vahid Avropa çərçivəsində inteqrasiya layihəsini dayandırmağı vacib sayanlar da az deyil.  "Bu gün yeganə alternativ Fransa və Almaniya ətrafında daha kiçik zonanın yaradılması olardı", - deyə Fransanın Ouest-France nəşri yazır.

İstənilən halda, avropalı siyasətçilər böhranın aradan qaldırılması istiqamətində müxtəlif variantlar arasında priispial və taleyüklü seçim etməlidirlər. Bu variantlar arasında isə "avrozonanın qorunub saxlanması", və ya "avrozonadan imtina", əslində, ən sadələridir. Heç şübhəsiz, ekspertlərin proqnozlaşdırdıqları kimi, böhran getdikcə dərinləşsə, daha mürəkkəb, sintezləşdirilmiş variantlar təklif olunmağa başlayacaq. Onların reallaşıb-reallaşmayacağı isə Avropa ölkələrinin rəyinin nə dərəcədə yekdil olacağından və ən əsası, Avropa cəmiyyətinin böyük əksəriyyətinin dəstəyini alıb-almayacağından asılı olacaq. Çünki Yunanıstan, İspaniya, Fransa və digər ölkələrdəki mümkün sosial təlatümləri nəzərə almadan, bu və ya digər antiböhran proqramını reallaşdırmaq qeyri-mümkündür.



MƏSLƏHƏT GÖR:

622