14 Mart 2025

Cümə, 10:59

HƏLLEDİCİ DÖYÜŞ ƏRƏFƏSİNDƏ ƏSAS MƏŞQ?

Gürcüstandakı seçkilər həm yeni müxalifət, həm də hökumət üçün sınaq olacaq

Müəllif:

15.09.2012

Oktyabrın 1-də Gür-cüstanda keçiriləcək növbəti seçkilər Qərbin xüsusi diqqət mərkəzindədir.  Bu kontekstdə, Şimali Atlantika Alyansının Baş katibi A.Rasmussenin ölkəyə son səfəri də məhz bununla bağlı idi. Tiflisdə ölkə rəhbərliyilə görüşdən əlavə, A. Rasmussen həm də Gürcüstanın xarici ölkələrdəki diplomatik missiya başçılarının  illik sessiyasında (sessiyaya XİN başçısı Q.Vaşadze başçılıq edir) da çıxış edib. 

Qeyd edək ki, NATO-nun Baş katibindən əlavə, bu tədbirdə Polşa, İsveç, Fidji və Argentinanın xarici işlər nazirləri də iştirak edirdi. Eyni zamanda Tiflisə ABŞ-ın üç nüfuzlu senatoru - L.Qremm, C.Makkeyn və C.Liberman da səfər  etdi. Özü də onlar həm hökumətlə, həm müxalifətlə, o cümlədən, milyarder B.İvanişvilinin rəhbəri olduğu "Gürcü arzusu" koalisiyasının liderlərilə də görüşlər keçirdilər. 

İstənilən nüfuzlu Qərb məmuru və siyasi xadimlərin Gürcüstana səfərləri, bu ölkəyə olan maraq və diqqətin göstəricisidir. Öz növbəsində, rəsmi Tiflis də bu səfərləri və diqqəti birmənalı dəstək kimi qiymətləndirir. Təsadüfi deyil ki, Gürcüstan prezidenti Mixail Saakaşvili A.Rasmussenin, ABŞ senatorlarının və XİN başçılarının səfərlərini "Gürcüstan diplomatiyasının qələbə günü" adlandırıb. 

Qeyd etmək lazımdır ki, ekspertlərin rəyinə əsasən, qütbləşmənin kritik səviyyədə olduğu bir zamanda - parlament seçkiləri ərəfəsində və Rusiya-Gürcüstan sərhədinin Dağıstan sahəsində baş vermiş son hərbi toqquşmalardan sonra bu səfərlər rəsmi Tiflis üçün lap yerinə düşür. Xatırladaq ki, Gürcüstan xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində 20 nəfərlik silahlı dəstənin 11 üzvü öldürülüb.  Özü də dəstənin üzvlərinin bir hissəsi Şimali Qafqazdan olan Rusiya vətəndaşları imiş.  Əməliyyat zamanı  Gürcüstanın güc strukturlarının 3 əməkdaşı da həlak olub. M.Saakaşvili bu insidenti Gürcüstanın hərbi hazırlığını yoxlamaq cəhdi və təxribat kimi qiymətləndirib: "Bunu təşkil edənlər bir neçə məqsəd güdürdülər. Əvvəla, onlar Gürcüstanın hərbi hazırlığının səviyyəsini yoxlamaq istəyiblər. İkincisi isə, məqsəd təxribat törətmək olub, amma bu, alınmayıb. Baş verənlər mühüm siyasi xarakter də daşıyır, çünki bizim ərazimizi qəsb edənlər bəhanə axtarırlar və bu cür olaylar məhz həmin bəhanəni tapmaq istəyindən irəli gəlir". 

Təbii ki, belə hadisələr fonunda Tiflisin qərbli tərəfdaşları Gürcüstan rəhbərliyinə hərtərəfli dəstək nümayiş etdirməyə çalışırlar. Onlar göstərmək istəyirlər ki, Gürcüstan hakimiyyəti bu cür hadisələr zamanı Qərbə arxalana bilər. Buna baxmayaraq, onların hamısı birmənalı şəkildə bəyan edirlər ki, Gürcüstanda demokratik parlament seçkilərinin keçirilməsi çox önəmlidir.  Məsələn, amerikalı senatorlar bildiriblər ki, Vaşinqton bu seçkilərin nə dərəcədə demokratik və şəffaf olacağını diqqətlə izləyəcək. ABŞ prezidentliyinə keçmiş namizəd C.Makkeyn hətta vurğulayıb ki, "Gürcüstanla ABŞ-ın münasibətləri məhz bu seçkilərin ədalətli keçib-keçməyəcəyindən asılı olacaq". NATO-nun Baş katibi də qarşıdan gələn seçkilərin azad və ədalətli olmasını vacib sayır. Gürcüstanın Şimali Atlatnika Alyansının Əfqanıstandakı əməliyyatına verdiyi tövhəni xüsusi qeyd edən NATO-nun Baş katibi, eyni zamanda, Tiflis ilə NATO arasında yaxınlaşmanın oktyabrdakı parlament seçkilərinin demokratikliyindən asılı olduğunu da vur-ğulayıb. Polşanın XİN başçısı R.Sikorski və onun isveçli həmkarı K.Bildt də eyni fikirləri səsləndirərək, Avropa İttifaqının Gürcüstandakı seçki kampaniyasını diqqətlə izlədiyini qeyd ediblər. Brüsseldə ümidvardırlar ki, keyfiyyət və standart baxımından, bu seçkilər 2008-ci ildəki prezident və 2010-cu ildəki bələdiyyə seçkilərindən daha yaxşı təşkil ediləcək. Bu zaman xüsusilə vurğulanıb ki, seçkilərə qiymət vermək ilk növbədə seçki kampaniyasına qoşulmuş siyasi partiyaların deyil, beynəlxalq müşahidəçilərin işidir. Aİ-nin xarici siyasət idarəsinin rəhbəri K.Eştonun və Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin bəyanatlarında Gürcüstan cəmiyyətində artan polyarizasiyadan narahatlıq ifadə olunub. Onlar həm hökuməti, həm də müxalifəti rəqabətədavamlı və əlverişli seçki kampaniyasına, həmçinin KİV-in fəaliyyəti üçün sağlam şəraitin yaradılmasına çağırıblar. 

150 nəfərlik parlamentdə 119 mandata sahib olan Gürcüstanın hakim "Vahid milli hərəkat" partiyası bu bəyanatı alqışlayaraq bəyan edib ki, bu sənəddə Gürcüstanın Aİ-yə inteqrasiya məsələsində əldə olunan irəliləyiş də vurğulanıb. Bu bəyanatı rəsmi Tiflisə dəstək kimi qiymətləndirən hakim partiyanın funksionerlərinin fikrincə, səslənən fikirlər Aİ-nin Gürcüstandakı islahatları qəbul etməsinə daha bir sübutdur. Maraqlıdır ki, bəyanatlarında dolayısı ilə Gürcüstan hakimiyyətinə bu cür dəstək verən qərbli siyasətçilər, Tiflisə səfərləri zamanı mütləq müxalifət nümayəndələrilə də görüşlər keçiriblər. Bu zaman Gürcüstan iqtidarının əsas opponenti olan "Gürcü arzusu" koalisiyasının lideri, milyarder B.İvanişviliyə xüsusi diqqət yetirilir. Hərçənd, bu siyasətçi birmənalı şəkildə rusiyüapərəst və hətta Moskvanın "adamı" kimi qəbul edilir. Gürcüstanda azad və ədalətli seçkilərin keçirilməsində maraqlı olduqlarını bəyan edən qərbli siyasətçilərin hərəkətlərində maraqlı bir məqam da diqqəti cəlb edir: adətən başqa ölkələrdəki seçkilərin demokratik və şəffaflığına görə məsuliyyəti yalnız hakimiyyətin üzərinə atan Qərb strukturları, Gürcüstana yanaşmada, bu məsuliyyəti həm də müxalifətin işi hesab edirlər. Aİ bütün partiyaları qanunvericiliyə hörmətlə yanaşmağa, zorakılığa və gərginliyə yol verməməyə çağırır. Bu cür çağırışlar birmənalı şəkildə göstərir ki, Qərb müxalifətə xəbərdarlıq edir: istənilən halda seçkilərin rəsmi nəticələri qeyd-şərtsiz qəbul olunmalıdır. Və istənilən etiraz aksiyaları  təxribat kimi qiymətləndiriləcək.

Öz növbəsində müxalifət iddia edir ki, hakim "Milli birlik hərəkatı" seçkilərə yox, onların saxtalaşdırılmasına və bununla da öz iqtidarının letigimləşdirilməsinə hazırlaşır. Amma bu cəhd baş tutmayacaq:  "Hər seçici səsi uğrunda döyüş gedəcək".

Hakimiyyət də bəyan edir ki, "Gürcü arzusu" koalisiyası seçkilərə yox, səsvermədən sonrakı proseslərə - küçə aksiyalarına, xaosa, legitim hakimiyyəti devirərək,  Gürcüstanı Rusiyanın orbitinə qaytarmağa hazırlaşır. Prezident M.Saakaşvili hələ bu ilin martında öz keçmiş silahdaşı, indisə müxalifətçi "Gürcü arzusu" koalisiyasının üzvü, "Bizim Gürcüstan - Azad seçkilər" partiyasının lideri İ.Alasaniyanın vətəndaş müharibəsi haqda səslənən fikirlərini "mənəviyyatsızlıq" və "axmaqlıq" adlandırıb. Tiflisdə akkreditə olmuş xarici diplomatlarla görüşdə İ.Alasaniya bildirmişdi ki, ölkə rəhbərliyi Gürcüstanın qərbində silahlı dəstələr yığır. Onun fikrincə, prezident Saakaşvili azad və ədalətli seçkilərə yox, "vətəndaş müharibəsi və qarşıdurmaya" hazırlaşır.

Keçmiş prezident Eduard Şevardnadze də hazırkı iqtidarın ünvanına sərt ittihamlar səsləndirir və müxalifət koalisiyasını dəstəkləyir. Ölkədə hər gün qiymətlərin qalxdığını, işsizliyin səviyyəsinin artdığını deyən eks-prezident vur-ğulayır ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına yönəlmiş addımlar atmaq əvəzinə indi iqtidar bunun əksini edir. O, ölkə rəhbərliyinə əhalinin durumunu yaxşılaşdırmaq haqda düşünməsini tövsiyyə edib və bildirib ki, əks təqdirdə bu siyasətə artıq dözə bilməyən xalqın səbir kasası daşacaq. Eyni zamanda, Şevardnadzenin fikrincə, M.Saakaşvili, hətta həyatı bahasına olursa belə, hakimiyyəti qorumaq əzmindədir: "Saakaşvili hər şeyə gedə bilər, ona görə də biz ən pis ssenariyə də hazır olmalıyıq. O, hətta, qırğına  da getməyə hazırdır, hərçənd, bu, onun sonu demək olacaq.  Qan tökmədən o, hakimiyyətdə qala bilməyəcək. Qurbanlar olacaq, amma yalnız xalq onun qarşısını kəsə bilər. Nə qədər insanı güllələsə və həbsxanalara doldursa da, Saakaşvili bütün Gürcüstanı qıra bilməz". 

Öz növbəsində rəsmi hakimiyyət  "siyasətilə ölkəni böhran həddinə gətirmiş Şevardnadzenin məsələhətlərinə ehtiyac duymadığını" deyib. Hakimiyyət hesab edir ki, son illər ölkədə işsizliyin azalması və əhalinin rifahının yüksəlməsi üçün ciddi işlər görülüb. 

İqtidarın opponentləri sırasında olan M.Saakaşvilinin keçmiş silahdaşı, eks-xarici işlər naziri Salome Zurabişvili də hazırkı dövlət başçısının "despotiyası" ilə vidalaşmağın vaxtı çatdığını bildirir. O, ölkə rəhbərliyini, konkret  olaraq, Saakaşvili-Merabişvili (baş nazir) tandemini Rusiyadakı Putin-Medvedev sxemini təkrarlamaq cəhdində ittiham edib. 

Açığını desək, Şevardnadze və Saakaşvilinin keçmiş silahdaşlarının səsləndirdikləri tənqid, əslində, hakimiyyətin xeyrinədir və müxalifətin özünə zərbə vurur. Çünki Şevardnadze çoxlarının gözündə 20 il əvvəl azadlıq cücərtilərini məhv etmiş satrap kimi görünür.  Saakaşvilinin keçmiş silahdaşlarının "satqınlığı" da onlar üçün müsbət hal kimi qəbul olunmur. Belə çıxır ki, onlar prezidentlə eyni komandada olanda hər şey əla idi, amma komandadan ayrılan kimi dərhal qatı müxalifətçilərə çevrilərək, Saakaşvilinin "anti-xalq" siyasətinə qarşı çıxırlar. 

Son tədqiqatlara əsasən, gürcülərin əksəriyyəti (36%)  əvvəlkitək hakim "Vahid milli hərəkat"ı dəstəkləyir. "Gürcü arzusu" koalisiyası seçicilərin 18%-nin dəstəyinə ümid edə bilər. Qeyd edək ki, iqtidarın əsas opponenti olan B.İvanişvili, digər müxalifətçilərdən fərqli olaraq, işgüzar bir insan kimi sosial sahədə konkret təkliflər səsləndirməklə tərəfdarlarının sayını artırmağa çalışır. Məsələn, o, parlament seçkilərində qələbə qazanandan və hakimiyyətə gələndən dərhal sonra qaçqınların əvvəl sahib olduqları, indiki iqtidarın isə ləğv etdiyi güzəştləri qaytarmağa söz verir. Bundan başqa, onlar üçün yeni güzəştlər də nəzərdə tutulub: "Qaçqınlar qaz, elektrik enerjisi və sudan istifadəyə görə vergidən azad olunacaqlar. Onlar torpaq sahələrilə və əkin üçün lazım olan hər şeylə - toxum, gübrə, texnika ilə təmin ediləcəklər. Özü də bütün bunlar ilk illər onlara pulsuz veriləcək. Dövlət qaçqınların becərdikləri məhsulun bazara çıxarılması və reallaşdırılmasına da kömək edəcək, kənd təsərrüfatı sahəsində çalışanlara 10-20 il müddətinə ucuz kreditlər veriləcək". 

B. İvanişvili qaçqınların durumunu yaxşılaşdırmaqla, abxaz və osetin qardaşların etimadını da qazanmaq niyyətindədir. Abxaziya və Cənubi Osetiyada gürcü qaçqınlarının durumunun yaxşılaşdığını görəndə, onlar da Gürcüstanın tərkibinə qayıtmaq haqda düşünməyə başlayacaqlar.  Bundan başqa, qaçqınların öz doğma torpaqlarına qaytarılmasına dair proqrama da başlanılacaq. Amma qaçqınların Abxaziyaya qaytarılması, onların Sxinvaliyə dönməsi qədər asan məsələ deyil. Məsələ ondadır ki, onların Abxaziyadakı evlərinin, demək olar ki, hamısı artıq tutulub. İvanişvili bu problemi həll etmək üçün Abxaziyada 3-4 ailə üçün nəzərdə tutulmuş Avropa tipli evlər tikmək niyyətindədir. Onun sözlərinə görə, artıq doğma Saçxer rayonunda bu cür evlər inşa etdirib. Abxaziyada isə, İvanaşvilinin hesablamalarına görə, ən azı, 100 min bu cür ev tikilməlidir ki, bunun üçün də 4-6 milyard dollar tələb olunur. 

Xarici siyasətə gəlincə, ruspərəst siyasətçi sayılan B. İvanişvili diversifikasiyalı münasibətlərin tərəfdarıdır. Qafqazda sülh haqda rəyini bildirərkən, o, Rusiya ilə prinsipial dialoqu vacib sayır. Bununla belə, o, NATO-ya istiqaməti də mümkün hesab edir, çünki NATO və qərbpərəst kursu Gürcüstanın taleyi sayır. Nə qədər ruspərəst adlandırılsa da, B. İvanişvilinin həm Moskva, həm də Qərblə yaxşı münasibətlərin qurulmasının vacibliyi haqda bəyanatları, çətin ki, Kremldə məmnunluqla qarşılansın. Çünki bu o deməkdir ki, nə açıq-aşkar anti-Rusiya kursu tutmuş Gürcüstanın indiki iqtidarı, nə də ölkədəki digər hansısa siyasi qüvvə Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması ilə razılaşmayacaq. Bu məsələdə Gürcüstandakı bütün siyasi qüvvələr həmrəydirlər və Qərb də onlara dəstək verməyə hazırdır. Yeganə fikir ayrılıqları bu problemin həllinə taktiki yanaşmalarda ola bilər.  Odur ki, seçkilərin nəticəsindən asılı olmayaraq, ölkənin xarici siyasi kursunda hansısa köklü dəyişikliyin olacağı inandırıcı deyil. Çox güman ki, dəyişikliklər şəxsi xarakter daşıyacaq. Özü də gələn ilin yanvarında keçiriləcək prezident seçkilərində də vəziyyət dəyişməyəcək. Hərçənd, lokal əhəmiyyətli müəyyən asayiş pozulmaları mümkündür. Amma bu o demək deyil ki, müəyyən xarici faktorlar qayığı içindən laxlatmağa, Gürcüstanda stabilliyin pozulmasına yönəlmiş gizli rıçaqları hərəkətə gətirməyə cəhd göstərməyəcəklər. Bu mənada, həm Tiflis həm də Qərb hazırda Ermənistanda keçirilən KTMT Çevik Kollektiv Qüvvələrinin hərbi təlimlərinə, həm də Rusiya Müdafiə Nazirliyinin Şimali Qafqazdakı quldur dəstələrinin məhv olunması əməliyyatına yenidən hərbi qüv-vələrin cəlbinə dair planlarına şübhə ilə yanaşır.  Tiflis və onun tərəfdaşları istisna etmirlər ki, Moskvanın bütün bu addımları Gürcüstanda keçiriləcək parlament seçkilərilə bağlıdır. Çünki bu seçkilər, gələn ilin yanvarında baş tutacaq əsas döyüş - prezident seçkilərinə son məşqdir. 



MƏSLƏHƏT GÖR:

465