
İTİRİLMİŞ AZAN SORAĞINDA
Dünyaşöhrətli muğam ustası Alim Qasımovun 55 yaşı tamam oldu
Müəllif: Natəvan FAİQ Bakı
İstənilən yubileydə hər hansı bir arzu nəzərdə tuturlar - məhz təbriklər bundan başlayır. Amma hər şeyə malik, qadir insana nə arzuldamaq olar? Hətta hamıya bəlli "Xoşbəxlik səni anlayanda baş verir" sözləri də burada keçmir - Alimi yalnız yaxınları - evdəkilər, dostları-qonşuları deyil, bütün dünya anlayır. Özü də sözün həqiqi mənasında. Yəni bizim şöhrətli muğam ifaçısı barədə düşünməyə davam edərkən qəfildən fikirləşdim ki, səni hamının anlamasında görəsən yaxşı bir şey varmı? Axı böyük incəsənətlər məhz anlaşılmazlıqlardan başlayır və bu məsələdə hələ ki, istisna olmayıb. Səni anlamırlar və bununla da səni içində parçalayıb, sübut döyüşünə hazırlamaq üçün ehtiyat resurslar axtarmağa məcbur edirlər. Bununla da öz dünyagörüşlərinin hüquqiliyinə inandırmağa çalışırlar.
Bizim yubilyarımız Alim Qasımovun əhvalatı buna parlaq nümunədir.
Beləliklə stereotipsz insan stereotipsiz nəticələr çıxarır.
O, heyrətləndirənlərdəndir. Gerçəkdən. İndi bu cür cəhdlər edənlər çoxdur, amma dünyaya gələsən və Qərb sənin üçün "ölə" - bu, tək-tək adamlarn işidir. Alim Qasımov kimilərin. Bunun üçünsə heç nə lazım deyil - bu, qüsursuz peşəkar tədrisdən o yanadır - xüsusi, "planetar miqyas", xüsusi, kosmik psixologiyadır. Unikal güc yükü, dinləyicini müridə çevirən maqnetizmdir - bir dəfə və həmişəlik. Həm də sənin nəbzin Yerin qəlb döyüntüsü ilə bir vurmalıdır...
O oxuyur və sanki sonsuzluğa aparır.
O oxuyur, elə bil, onsuz Kainat laldır...
Onun yaradıcılığı bir çox iddiaların, o cümlədən Kiplinqin Şərqlə-Qərbin qarşılıqlı əlaqəsinin qeyri-mümkünlüyü barədə geosiyasi görüşlərinin tutarlı təkzibi oldu. Alim onları elə susdurdu ki! Xaricilər onun stixiyasına qərq olub başlarını itirirlər. Stereotip Qərb ləyaqəti və hər zaman gözlənilməz olan Şərq - (özüm dəfələrlə bunu filarmoniyada və ya sarayda müşahidə eləmişəm) "Saray çevrilişləri"dir, onları mən belə adlandırıram. Mən antraktlarda gördüyüm gözləri qızarana qədər ağlamış xaricilərdən danışıram... "Muğam - Tanrıdan gələn ruhi qidadır - bəlkə də məsələ bundadır", - Alim öz sirrini belə açmağa çalışır.
İncəsənəti qəbul etmək və onun insan psixikasına təsiri mövzusu indiyə kimi ən az öyrənilənlərdəndir. Söhbət ondan gedir ki, sən yaşayırsan və yaşadırsan, amma birdən sehrli xalçadakı kimi uçmağa başlayırsan! Niyə insanlar Van Qoqun məşhur günəbaxanlarını görəndə özlərini itirirlər? Niyə Alim Qasımovun xaricdəki konsertlərində "təcili yardım" komandası növbə çəkir? Niyə Tarkovskinin filmlərinə baxanda insanın əsəb müvazinət sistemində problemlər yaranır? Böyük rejissorun sözləri yada düşür: "O (Şərq. - N.F.) tamamilə Tanrıya, təbiətə, zamana qərq olub və o, hər zaman özünü tapır. O, hər şeydə özünü aça bilir". Sanki bu sözləri Alim barədə deyib.
Onun incəsənətinin cazibəsi. O, tamamilə ədabazlıqdan və gözəsoxmaqdan uzaqdır. Onun ifası dəhşətli ruhi çılpaqlaşmadır. O oxuyur və sənə elə gəlir ki, tilsimə düşmüsən, bunu həddindən şövqlə, səmimi edir. Konsertdən sonra adama elə gəlir ki, o, hər şeyini verdi və heç nə qalmadı. Alimin ifasını təsvir etmək ümidsiz işdir. Leksik oksigen elə tez bitir ki, onun ifasını, musiqi sərhədlərini, meditasiyasını və hələ çox şeyləri təsvir etmək mümkün olmur. Emosional olaraq onun ardınca çatmaq real deyil, ona görə də ağıl işlətməyə məcbursan. Onun incəsənəti sərt, şok müdaxiləsidir, dünyaya onun ilkin başlanğıcını qaytaran məntiqi izahedilməz üslublar törəməsidir. Alim Qasımov - bizim mədəniyyətin katarsik-unikal nöqtəsidir. Hansısa enerji qasırğasıdır ki, tamaşaçılara tərəf uçaraq, öz yolunda bütün əngəlləri - dil, ideoloji, psixoloji, mental maneələri aradan qaldırır. Mahnı oxuyan zaman o sanki reallıqdan kənara çıxır.
Alimin səhnə orqanikası; o, burnunu çəkir, qulağını dartır, sanki boğularaq dözə bilmədən çiynini və boynunu qısır - birdən darvazalar ona keçilməz səviyyədə dar gəlir, oturduğu yer həddindən narahatlaşır. Sanki insan ruhunun "bu cahana sığmazlığı" barədə Nəsiminin məşhur beyti yada düşür. Kosmos dahilər üçün tamamilə normal yaşayış yeridir.
"Dahi". Alim Qasımov mənim xatırladığım ilk müğənnimizdir ki, bu adı sağkən alıb - bizdə bu cür komplimentləri ənənəvi olaraq səndən sonra deyirlər. Amma ona qarşı belə gözəl sözləri deyəndə artıq ehtiyat etmirlər. Ehtiyat etməyin mənası yoxdur. Başqa cür necə izah etmək olar ki, onun diski bütün dünya rekordlarını qıraraq 1-ci yer tutub. 2000-ci ilin fevral ayı Fransada Alim Qasımov ayı sayılıb, bu yaxınlarda isə o, Yaponiyada "səsində şəfa qüvvəsi olması" barədə xüsusi sertifikat alıb. Onun "muğam terapiyası" barədə mən hələ yaponlardan 6 il qabaq yazmışdım və bununla fəxr edirəm!
İncəsənətdə davranış - yaradıcı üçün ən mürəkkəb məsələlərdən biridir. Əgər biz incəsənət tarixinə nəzər salsaq, görərik ki, o, bu cür böyük nümunələrlə doludur. "İstedad həmişə qalmaqladır", - deyə S.Yesenin bildirib. Alim də oxşar sxemi təsdiqləyib ki, istedad özündən asıl? olmayaraq üç mərhələdən keçir: qalmaqal, qəbuledilməzlik, pərəstiş. Təəssüf ki, bu sxem nadir hallarda pozulur, özü də sonuncu hala qədər az adam sağ qala bilir. Qasımova gəldikdə isə o bu normativi yerinə yetirən az adamlardandır. Yəni Alimin bəxti gətirib. Uzun müddət onu qəbul etməyiblər, hər cür söz deyiblər, amma o bunlara xüsusi diqqət yetirməyib. Sanki böyük yunanların prinsipini bilirmiş: nə olursa-olsun, öz işini gör. Doğru deyirlər: "Dünya həmişə onun maraqlarına məhəl qoymayanların marağı ilə hesablaşır". Mənə xoş gələn bir fikir də var: nə qədər ki, başqalarının fikri səni maraqlandırır, sən onların qulusan. Və bunların hamısı onun haqqında, Alim haqqındadır. Axı Alim Qasımov məktəbi, onun yolunu gedənlər anlayışı bu gün var, amma onda.
Düz deyirlər ki, işin pionerinin bəxti iki dəfə gətirmir - əvvəlcə onu qəbul etmirlər, sonra da özlərini elə aparırlar, bu həmişə belə olub. Bizim günlərdə həmişə həvəslə inteqrasiyadan danışan zaman unudurlar ki, aramızda elə bir adam var ki, o çoxdan "inteqrasiya edib", hər hansı protokol rəsmiyyətindən və psevdopatriot çıxışlarından uzaq şəkildə rahatca bunu gerçəkləşdirib.
O, çoxlarını alnını ovuşdurmağa məcbur edib. Suallar, suallar...
Bir şey aydındır, Alim lazım olan vaxt lazım olan yerdə dünyaya gəlib - Tanrı ünvanı səhv salmır, sanki xalqına qarşı edilən ədalətsizliklərə bir qədər əvəz vermək istəyib. O, siyasətçilərin, diplomatların, iqtisadçıların edə bilmədiklərini bacarıb.
Alimin dəqiq bərqərar olmuş auditoriyası yoxdur. O, yerindən və uğur parametrlərindən asılı olmayaraq oxuyur. O, oxuyaraq müxtəlif bölgələrin və hətta irqlərin insanlarını birləşdirərək, vahid planet sakininə çevirir.
Alim Tanrının onun üçün müəyyənləşdirdiyi hər şeyə mütləq bənzəyir. Onun heyranedici təbiiliyi də buradan qaynaqlanır. Təbiilik ən çətin ədadır, bunu doğru deyiblər. Özü haqqında dediklərində heç bir pafos yoxdur: "Mən çay axınının apardığı kağız vərəqi kimiyəm, hara istəsə, ora da aparacaq. Heç nəyi əvvəlcədən planlaşdırmamışam, heç nəyi əvvəlcədən düşünməmişəm. Allah istəyib, mənimki belə gətirib. Mən nə iş görürəm ki, oturub oxuyuram da". Bəs niyə oturub oxuyursan deyəndə cavab verdi: "Sadəcə, mən ruhumla oxuyuram və bunun üçün ayaq lazım deyil".
O, çox şən adamdır, Alim elə doğulub ki, harada olmasından asılı olmayaraq, vəziyyətə yüngül zarafat notları qatır. Pis vəziyyətə düşməkdən qorxmur və elə zarafat edir ki, onun zarafatından heç kim incimir. Onda bir az nur var, vergi kimi verilib. Alimlə bir söhbətimi də xatırlayıram: "İnsanda əsas qabiliyyət nə qədər varlansa da, nə qədər şöhrətlənsə də, insan kimi qalmaq bacarığıdır. Bax, onda öz xoşbəxtliyini tapa bilər. Mən bunu unutmamağa çalışıram".
Onun xidmətləri çoxdur. Zalı ayağa qaldırmaq elə də sadə iş deyil! Amma A.Qasımovun əsas xidməti ondan ibarətdir ki, onun incəsənəti insanlara vətənpərvərlik hissləri bəxş edir. Özü də bu nə bioloji, nə qıcqırmış, nə də ətalətli-əlverşli vətənpərvərlik deyil. Vətənpərvərlik də müxtəlif cür olur. Mən başqa şeydən danışıram, Alim Qasımovun incəsənəti insanlara gerçək, ürəyi dağıtmağın astanasında olan yanıqlı-həssas vətənpərvərlik bəxş edir. Onu eşidəndə öz torpağın qarşısında dizüstə çöküb, əllərini göyə açaraq, Yaradana şükür etmək istəyirsən ki, nə yaxşı səni Azərbaycanda dünyaya gətirib. Öz mənşəyinə görə daha bir dəfə qürur hissi keçirirsən. Alim bunun üçün səbəb bəxş edir! Heyranlıq, özü də əsaslandırılmış, arqumentləşdirilmiş, plagiatsız və saxtalaşdırılmamış heyranlıq bəxş edir! Buna görə də ona baş əyirik.
Elə etməli ki, dünya sonradan səni xatırlasın - bu, çoxunamı nəsib olub? Dünya üzlər görüb. Hətta Kaliforniya taksiçisi də canlanaraq onun barəsində danışır. Bu yaxınlarda tanışım danışırdı: "Təsəvvür edirsən, mən deyəndə ki, Azərbaycandanam, cavab verdi ki, hə, bilirəm, Alim Qasımov orada anadan olub! Hətta onun diskini də qoydu ki, qulaq asım".
Çoxirqli, çoxdinli, heç də həmişə məntiqli və xeyirxah olmayan dünyamızı heyran etməyi bacaran belə insanlar çoxdurmu? Alim Qasımovu isə demək olar ki, hamı tanıyır - Londondakı metronom satıcısından tutmuş, Vatikandakı Roma papasına qədər hamı (bu barədə mənə məşhur skripkaçımız Sabina Rakçeyeva danışıb). Roma papası oradan-buradan eşitməyib, özü onun konsertində olub.
Hər dəfə qastroldan qayıdanda Alimdən soruşuram: "Necə keçdi?". Cavab həmişə təxminən eyni olur: "Bilmirəm, əl çalırdılar, bəlkə də xoşlarına gəlib". "Niyə narahatsan?" sualına isə bir dəfə belə cavab vermişdi: "Bilmirəm, bəlkə də özümü tapa bilmədiyimdəndir".
Yəni o özünü tapa bilməyib?!
Əlqərəz... Ona bu axtarışı - heç vaxt tapmaq mümkün olmayan əbədi axtarışı arzulayırıq. "Alim Qasımov" adlı zirvəyə çatmağın mümkün olmadığı kimi...
Onun ardınca təzadlı fikrilər də sürünür - "O, muğamı korladı" da deyən var, "Azərbaycanın qızıl səsidir" deyən də. Bu fikir müxtəlifliyində həqiqətin səsi də ucalır. O isə bax belədir:
Ondan hey danışırlar, o isə oturaraq elə oxumaqdadır
Dünya isə əl çalır, ayaqüstə duraraq.
MƏSLƏHƏT GÖR: