Müəllif: Nurlanə QULİYEVA Zeytulla CABBAROV Bakı
ABŞ-da və başqa ölkələrdə quraqlıq, kənd təsərrüfatı xammalında rekord qiymətlər bu gün dünyada ən çox müzakirə olunan məsələdir. Bitkiçilik məhsulları istehsalının azalması və bunun nəticəsi kimi onun nəzərəçarpacaq səviyyədə bahalaşması, analitiklərin fikrincə, uzunmüddətli iqtisadi meyildir. Bunun nəticəsində ərzaq idxalından asılı olan bir çox ölkədə iqtisadi və siyasi gərginliyin artması durur.
Cari ilin 8 ayı arxadadır, bütünlükdə, artıq Azərbaycanda yay məhsul yığımının nəticələri bəllidir. Deməli, ölkə əhalisinin yaxın zamanlarda gündəlik çörək barədə narahatçılığının olub-olmayacağı barədə ilkin proqnozlar etmək mümkündür.
Dünyada: məhsul az, qiymət yüksəkdir
Dünya aqrar bazarının əsas hadisəsi Amerika Birləşmiş Ştatlarını əhatə edən quraqlıqdır. Ölkənin 1300 qraflığı və ya bütün inzibati rayonlarının üçdəbiri fəlakət zonası elan edilib. Son otuz il üzrə ən güclü olan quraqlıq məşhur qarğıdalı və buğda qurşaqlarını - planetin yüz milyon tonlarla buğda, qarğıdalı və soya yığılan əsas aqrar rayonlarını vurub. Onlar Amerika iqtisadiyyatının ehtiyaclarını təmin edir və kütləvi ixrac mənbəyi kimi çıxış edir. ABŞ-da və başqa ölkələrdə baş verən quraqlıq onlarca milyon tonla ölçülən qlobal ərzaq qıtlığı deməkdir.
Havalar yalnız ABŞ-ı silkələməyib. Yağışlar ixrac əkinçiliyin başqa rayonundan - Latın Amerikasının cənubundan da yan keçməyib. Dünynanın əhali sayına görə ikinci ölkəsi Hindistanda isə yağıntı orta illik normadan 22% aşağı olub.
Rusiya, Ukrayna və Qazaxıstan üçün də il yetərincə quraq olub, onlar da hazırda dünya taxıl və yağ bazarında aparıcı rol oynayırlar. Əlveri?siz hava şəraiti bu ölkələrdə bol buğda məhsulu əldə ediləcəyinə ümid etməyə imkan vermir. Rusiya hakimiyyətinin 2010-cu ildəki kimi taxıl məhsullarının çıxarılmasına kvota qoyacağı gözlənildiyindən, Avropada buğdanın qiyməti qalxmağa başlayıb, xatırladaq ki, 2010-cu ildə ixraca 20-30%-lik rüsum qoyulmuşdu.
Bununla belə, iyul ayında soya 16%, qarğıdalı və buğda 25% bahalaşıb, hər iki məhsul indi tarix üzrə ən baha səviyyədədir. Köhnə yem xərcləndikdən, məcburən sürülər "kəsimə" yola salındıqdan sonra, ət məhsullarının bahalaşması baş verəcək. Əsas zülal bitkisi olan soyanın emal məhsulları çağdaş yüksək məhsuldarlıqlı heyvanlar cinsinin yem rasionunun əsas komponentidir.
Bazarlarda vəziyyətin daha gər-gin olacağını nəzərə alan "Böyük İyirmilik" ölkələri BMT Ərzaq Təşkilatı (FAO) ilə birlikdə ərzaq məhsullarının kəskin bahalaşmasının qarşısını birgə səylərlə almaq üçün strategiya işləmək niyyətindədirlər.
"İyirmilər" və FAO hökumətləri 2007-2008-ci illərdə dünya ərzaq böhranına gətirən taxıl ixracına kvota tətbiq edilməsi və ehtiyat yığılması kimi tədbirlərdən çəkinməyə çağırıb. Bütün ehtimalla, FAO həm də forumda dünyanın ərzaq böhranı ilə üz-üzə qaldığı bir zamanda taxıl bitkilərindən bioyanacaq istehsalının yolverilməzliyi məsələsini qaldıracaq. İstənilən halda, ixracdan daha çox asılı olan ölkələrdə tutarlı tədbirlər görmək lazım gələcək, çünki bu, şəksiz ki, dünyanın müxtəlif hissələrində ümumi siyasi və iqtisadi sabitliyə təsir edə bilər.
Azərbaycanda məhsuldar il
Böhran təhlükəsi dərhal, demək olar ki, dünyanın bütün ölkələrinə təsir göstərdi. Azərbaycan da, əlbəttə ki, istisna olmadı. Nəzərə almaq lazımdır ki, bizim ölkə dünya ticarət sisteminə sıx inteqrasiya edib. Yəni elə avqustun son günlərində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçılarının Hüquqlarının Müdafiəsi Dövlət Xidməti apardığı monitorinqlərin nəticəsini dərc edib. Monitorinqlərin nəticələrinə görə, ölkə ərazisində buğda ununun qiymətinin müəyyən qədər qalxdığı aşkar olunub. "Unun qiymətinin bir qədər bahalaşması son zamanlar dünya bazarlarında taxılın bahalaşması ilə bağlıdır", - deyə nazirlikdən bəyan ediblər. Bu zaman nə çörəkbişirmə sexlərində, nə də pərakəndə ticarət obyektlərində çörəyin qiymətinin qalxmasının şahidi olmayıblar.
Bununla yanaşı, mütəxəssislər ölkədə kənd təsərrüfatı məhsullarının gələcək bahalaşması ilə bağlı güclü narahatlıq keçirmirlər, nəzərə alırlar ki, Azərbaycanın aqrar bölməsi üçün bu il yetərincə uğurlu olub. Keçən ilin payızında ölkə taxılçıları 995 min 888 hektar sahəyə toxum səpiblər və sonra bütün vegetasiya dövrü ərzində bol məhsul almaq üzərində əziyyət çəkiblər. Bu il taxıl biçimi keçən ilə baxanda daha tez başlayıb və hələ tam başa çatmayıb. Ancaq artıq əminliklə bir sıra nəticələr çıxarmaq olar ki, bu il buğda yığımı daha uğurlu olub. 1 avqusta olan məlumata görə, 2,5 milyon ton taxıl yığılıb (keçən il 2,3 mln ton olmuşdu).
Xüsusi qeyd etmək lazımdır ki, məhsul yığımının artımına əlverişli təbii iqlim şəraiti imkan yaradıb. Ölkənin ayrı-ayrı rayonlarının ərazisində leysan yağışları, fırtınalı küləklər olmasına baxmayaraq, əldə olan məlumatlara görə, fermer kollektivlərinə dəyən ziyan az olub. Bundan başqa, seleksiyaçıların hesabına yeni xəstəliklərə, şaxtalara və quraqlığa davamlı perspektivli arpa və buğda sortları yetişdirilib. Bunlar əsasən alçaqboylu bitkilərdir, yağışdan sonra yapıxmır və xarici kombaynlar bu məhsulu itkisiz yığa bilir. Təcrübə əkinlərinin uğur gətirməsi nəzərə alınaraq ölkənin müxtəlif rayonlarında torpaq sahələri ayr?lıb və onlarda meliorasiya işləri görülərək, bu növlərin inkişafı üçün yeni iri toxumçuluq təsərrüfatları yaradılacaq.
Mütəxəssislərin fikrincə, bu templərlə 2015-ci ilə kimi Azərbaycan daxili resurslar hesabına ölkənin ərzaq təhlükəsizliyini tamamilə təmin edə bilər. Halbuki, müəyyən problemlər hələ də var və bunlar əsasən, regionlarda toxumçuluğun inkişafı üzrə komplekslərin yaradılmasının aşağı templəri ilə bağlıdır. Belə ki, plana görə, 200 min hektardan artıq ərazidə ildə bir milyon ton taxıl verməyə qadir iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Ağcabədi, Beyləqan, İmişli rayonlarında artıq bu payız on minlərlə hektar ərazidə birinci reproduksiyalı buğda toxumları əkiləcək. Kənd təsərrüfatında bir sahədən ildə iki dəfə məhsul götürmək üsulu da ərzaq təhlükəsizliyinin təmini üzrə qlobal problemi həll edə bilər.
Hazırda həm də istehsal edilən məhsulun, o cümlədən kartofun saxlanması problemi də var. Bu il Azərbaycanda bol kartof məhsulu istehsal edilib, amma onlar xarab olmaq təhlükəsi altındadır. Bu da öz növbəsində, fermerləri zərərə düşmək təhlükəsi qarşısında qoyur ki, onlar dəyən zərərin əvəzini qalıq məhsulun qiymətini qaldırmaqla çıxmağa çalışırlar. Buna görə də xarab olan məhsulların saxlanması məsələsi tezliklə həll olunmasını tələb edir.
Bununla yanaşı, fermerlər üçün tamamilə müsbət yeniliklər var: 2012-ci ildə Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün mühərrik yağı və yanacaq alınması üçün sübsidiyaların ümumi həcmini 3,964 mln manat artıracaq. Bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib. "2012-ci ildə 1,418 mln hektar əkin sahəsinin əkilməsi və çoxillik bitkilərin becərilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına mühərrik yağı və yanacaq alınması üzrə dövlət büdcəsi vəsatiləri hesabına 56,441 mln manat ayrılacaq ki, bu da keçən ilin uyğun dövrünün göstəricisindən 3,964 mln manat yoxdur", - deyə o bildirib.
Bundan başqa, nazirin sözlərinə görə, əhaliyə güzəştli şərtlərlə gübrə satışının təmin edilməsi üçün 2012-ci ildə dövlət büdcəsindən 2,284 mln manat ayrılacaq. 2012-ci ildə 50 faizlik endirimlə dövlət 11,9 min ton gübrə satmağı planlaşdırır.
Nazir bildirib ki, kənd təsərrüfatı sektorunun subsidiyalaşdırılması öz müsbət nəticələrini verir. "2012-ci ildə ölkə üzrə kənd təsərrüfatı məhsulları istehsalı 10,4% artıb. Nəticədə, bu məhsulların qiyməti ümumilikdə 0,2% aşağı düşüb", - deyə İ.Abbasov bildirir.
Beləliklə, analitiklərin fikrincə, Azərbaycanın aqrar bölməsi kənd təsərrüfatında durumun yaxşılaşdırılması, başqa məsələlərin yerinə yetirilməsi ilə yanaşı, həm də ərzaq təhlükəsizliyinə xaricdən gələn istənilən təhdidlərə müstəqil cavab verməyə hazır olacaq.
MƏSLƏHƏT GÖR: