Müəllif: Məhərrəm ZEYNAL Bakı
Yayla bərabər bu mövsümün əsas sevinclərindən birinin - ərik və şaftalının da zamanı gəlir. Cəmi iki əsr bundan əvvəl Çindən Avropaya gətirilən ərik və şaftalı materikin isti guşələrində tez yayıldı. Əlbəttə, bu da onların böyük populyarlığı ilə bağlı idi.
Yaddaş və boy üçün
Ərik tərkibində olan şəkər sayəsində çox gözəl təmə malikdir, aclıq hissini tez öldürür. Bu meyvədə gümrahlıq və qüvvət verən çoxlu vitamin və mikroelementlər var. Həmçinin tərkibi dəmirlə zəngindir ki, bu da qanazlığı və ürək-damar sistemi xəstəlikləri zamanı mühüm rol oynayır. Həzmetmə ilə probleminiz varsa, ərik onun həll olunmasına yardım edəcək. O, habelə quru öskürək zamanı bəlğəmi durulaşdırır. Bu məhsul xüsusilə uşaqlar üçün faydalıdır - o, boyun artmasına təkan verir və sağlamlığı möhkəmləndirir.
O, həmçinin mədənin işini stimullaşdırır, onun turşululuğunu normallaşdırır və bundan başqa, qaraciyər və öd kisəsinin işini yaxşılaşdırır. Ərik, həmçinin böyrəklərin iltihabı zamanı kömək edir, orqanizmdən zərərli maddələri çıxarır. Bunlardan savayı, ərik ağ ciyər, mədə, öd kisəsi, qida borusu və boğaz xərçənginin əmələgəlmə riskini azaldır. Bu, karotinin yüksək miqdarı ilə bağlıdır. Fosfor və maqneziumun böyük miqdarı sayəsində o, zehni işləmə bacarığını yüksəldir və yaddaşı yaxşılaşdırır.
Ən yaxşısı, ərikləri təzə ikən yeməkdir. Çünki meyvənin tərkibində kifayət qədər lif var, lakin kalorisi çox deyil. O cümlədən ərikdə beta-karotin və A vitamini var.
Yer üzündə çatışmaz cəhəti olmayan yoxdur, ərik də istisna deyil. Belə ki, sizin qalxanvari vəzinizin funksiyası aşağıdırsa, hepatitsinizsə, ən yaxşısı ərik yeməyin. Bu halda məhsulun tərkibində olan karotin sadəcə olaraq sovrulmur. Bu səbəbdən, təmiz A vitaminini qəbul etmək daha məqsədəuyğundur. Şəkər xəstəsisinizsə, ərik yemək məsləhət deyil. Çünki tərkibi bol saxaroza ilə zəngindir. Bəziləri ərik tumunun ləpəsini yeməyi sevir. Halbuki bəzən o, güclü zəhərlənmə verə bilər. Əriyin ləpəsində olan qlikozid amiqdalin (həmin acı maddə) bağırsaqda hissələrə parçalanaraq, çox güclü toxuma zəhəri - sianid turşusu əmələ gətirir. Əriyin ancaq şirin ləpəsini yemək olar, həm də gündə 20 qramdan çox olmamaq şərtilə.
Azərbaycanda əriklər
Ərik torpağa qarşı çox şıltaqdır. Ona yaxşı, tərkibində az miqdarda gil olan bataqlaşmamış torpaq lazımdır. Bu işlə həvəskar məşğul olanlara iri tezyetişən, lüize, şalax, tezyetişən silistren, macar, royal ərik növləri daha məsləhətlidir.
Təcrübəli aqronom Lətifə Zeynalova danışır ki, məhsuldarlıq qatı çox olmayan Abşeron torpaqlarında ərik çox yaşamır - 5 -10 il. Bu şəraitdə böyüyən ağac son iki ildə yaxşı məhsul verir və sonra tez quruyur. Calaq edilmiş növləri yaxşı məhsul verir. Onların bəhərləri iri və şirin (duzlu torpaqda olmasına baxmayaraq) olur, bir ağacdan axırıncı il 40 vedrə qaysı yığmaq mümkündür. Amma belə ağac da cəmi beş il yaşayır.
Aqronom deyir ki, ən yaxşı qaysılar Naxçıvanda, lap yaxşıları isə Ordubadda olur. "Məhz Ordubad qaysısı - çox nadir tapılır. Bakı bazarlarında onlar, demək olar ki, yoxdur. Bu qaysılar ətri, böyük ölçüsü, olduqca şirin dadı və ən əsası içindəki tumunun balaca olması ilə seçilirlər", - deyə L. Zeynalova qeyd edib.
Tibb və şaftalı
İnsanların zövqü fərqlidir, amma şaftalını sevməyən, çətin ki, tapılar. Kalorisi az olduğuna görə şaftalını əsasən də qadınlar sevir - bir adi şaftalıda 35 kalori var. Bundan başqa, onun təkrarolunmaz ətri depressiya əleyhinə əla vasitədir, ovqatı yüksəldir, yaddaşı və beynin hərəkətini stimullaşdırır və diqqətin toplanmasını yaxşılaşdırır.
Şərqdə, xüsusən Çində şaftalı qədimdən gənclik və uzunömürlülük rəmzi hesab olunur. Müasir təbabət şaftalını pəhriz yeməyi, uşaqlar və hamilə qadınlar üçün qida kimi tövsiyə edir. Diyetoloqlar bir neçə əsas faydalı xüsusiyyətlərini qeyd edirlər. İlk növbədə, onun ümummöhkəmləndirici təsirindən bəhs edilir ki, o, orqanizmi zəifləyən xəstələr üçün vacibdir. Şaftalı şirəsi lap erkən vaxtlarından uşağa güc toplamağa kömək edir. Şaftalı şirəsi azaldılmış turşululuğu ilə mədə xəstəliklərində yaxşı əlavə terapiyadır (heç də müalicə ilə deyil!). Yeməkdən 15 dəqiqə öncə şaftalı şirəsi içsəniz, qəbzlikdən, o cümlədən xroniki növündən də xilas olmağa yardım edər.
Sidik daşı xəstəliklərində şaftalı şirəsi içmək faydalıdır, çünki şaftalının sidikqovucu xüsusiyyəti var və qumu sidik kisəsindən çıxarmağa kömək edir. Şaftalının tərkibində kalium duzu olduğundan o, ürək xəstəlikləri zamanı faydalıdır. bu maddə ürək əzələlərini möhkəmləndirir və ürək ritminin pozulması zamanı profilaktik vasitə kimi təsir göstərir. Kalium da, fosfor da beynin işini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir və bununla da, işləmək qabiliyyətini yüksəldir.
Hamilə qadınlar bilməlidirlər ki, şaftalı qanda hemoqlobinin miqdarını artırır. Bu, zəifləmiş uşaqlar üçün də yaxşıdır. Soyuqdəymə xəstəlikləri zamanı şaftalıda C, A və B vitaminlərinin yüksək tərkibi immuniteti möhkəmləndirir. Bu da öz növbəsində, orqanizmə virus və infeksiyaların nüfuz etməsinə mane olur. Lakin konservləşdirilmiş şaftalının faydası bu, prinsipcə digər hallarda da çox azdır. Belə ki, vitaminlər, xüsusilə C vitamini tez dağılmaq xüsusiyyətinə malikdir. Son vaxtlar dəbə daha çox nektarinlər düşüb və insanlar hansı meyvənin daha faydalı olmasını soruşurlar. Əslində, hər iki meyvə eyni dərəcədə faydalıdır. Bu da artıq sizin zövqünüzdən asılıdır.
Azərbaycanda şaftalı
Yaxşı şaftalı seçmək heç də çətin deyil. Normal yetişmiş meyvə parlaq rəngə, ətirsaçan qoxuya malik olur. Onu sıxsanız, azca əyiləcək. Şaftalının çoxsaylı növü var, onlar formasına, rənginə və dad keyfiyyətlərinə görə fərqlənir. Bundan başqa, şaftalı yetişdiyi rayona görə də fərqlənir. Lətifə Zeynalovanın danışdığı kimi, Azərbaycanda şaftalı məhdud zonalarda bitir. "Abşeronda, demək olar ki, olmur. Çünki bu torpaqda şaftalı calaq edilmir. Amma cənubda, Lənkəranda, rayonlarda. Qax, Şəki və Zaqatalada var", - deyə bağban danışır. Onun sözlərinə görə, bazarda ən yaxşısı şimal rayonlarının şaftalısını seçməkdir. Eyni zamanda, arılar və eşşək arılarının hara oturduğuna diqqət yetirin. Çox güman ki, belə şaftalı ən dadlı və əlbəttə ki, heç bir kimyəvi maddə olmadan yetişdirilən təbii bəhərdir. Lakin çox da yetişməyən şaftalı almısınızsa, kefinizi pozmayın. O, 2-3 günə evdə yetişəcək. Bizim ölkədə çoxlarının xarici görünüşü oxşardır. Təkcə əncirli şaftalı bir qədər fərqlənir (amma faydalı xüsusiyyətləri eynidir). Görünüşü onu xatırlatsa belə, onun əncirlə heç bir əlaqəsi yoxdur. Amma yenə də o, digərlərindən fərqlənir. Əncirli şaftalının ləti ağ rəngdə olur, tumundan rahat ayrılır. Bundan başqa, bu şaftalının hər yeri, hətta tumu da şirin olur. Bu da ki, meyvənin bir çox digər növləri üçün nadir haldır.
Lakin mağaza və supermarketlərdən şaftalı alırsınızsa, çox diqqətli olun. Çox vaxt orada meyvənin xarab olmaması üçün bütün mümkün kimyəvi maddələrdən istifadə edilmiş gətirilmə meyvələr olur. Təəssüf ki, meyvənin nə dərəcədə emal olunduğunu ancaq evdə yoxlaya bilərsiniz. Sadəcə meyvəni bölün və baxın - içindəki tum quruyub və bürüşübsə, bu cür meyvəni xam şəkildə yemək məsləhətli deyil. Ehtimal ki, o, uzun müddət mağazada qalıb (ya da oraya gəmi və qatarla gəlib) və tumu quruyub. Bu cür meyvələri atmayıb, kompot, mürəbbə və ya piroq bişirin.
QAYSI MÜRƏBBƏSİ
Bunun üçün 1 kq bərk qaysı (Ordubad) və 1 kq şəkər lazımdır. Qaysıları seçin, yuyun, səliqəli şəkildə tumlarını çıxarın. Tumları sındırın, ləpələri qaysının içinə qoyun. Qaysıları odadavamlı ləyənə yığın, üzərinə şəkər tozu və 1 stəkan su əlavə edin; ləyəni orta dərəcəli ocaqda qoyun. Taxta qaşıqla qarışdıraraq, şəkər həll olunana qədər hazırlayın (yanmağa başlasa, 1-2 st. qaynar su əlavə edin). Soyumağa qoyun, sonra şirəni astaca qazana tökün, yenidən qaynadın və qaysıları əlavə edin.
Bu prosesi ən azı 3 dəfə təkrarlayın (nə qədər çox təkrarlasanız, mürəbbəniz bir o qədər qatı olar). Qaynar mürəbbəni şüşə qablara yığaraq, dərhal qapaqla bağlayın. Soyumaq üçün kənara qoyun. Soyuqda saxlayın. Qaysının tumları dadlı olmasa, onları, məsələn, qoz və ya badamın dörddə biri ilə əvəz edin. Amma Ordubad qaysısının dadsız tumları olmur.
ŞAFTALI MÜRƏBBƏSİ
Bişirmək üçün ən yaxşısı sarı, yetişmiş şaftalılar seçin. Amma çox yumşaqlarını götürməyin, yoxsa mürəbbəniz sıyığa dönər. Mürəbbənin qışa qədər xarlanmaması üçün ona lumu turşusu əlavə edin. Şaftalı mürəbbəsi üçün lazım olan məhsullar: şəkər tozu - 1,3 kq, su - 1 stəkan, şaftalı - 1 kq, lumu turşusu - 0, 25 çayqaşığı; vanil - çay qaşığının ucunda. Şirənin hazırlanması üçün suyu ləyənə və ya minalı qazana tökürük, şəkər tozunu səpirik, qarışdırırıq. Ocağa qoyuruq və qaynamasını gözləyirik. Kəfgirlə üzünə toplanan köpüyü yığırıq. Şaftalını fal-fal doğrayırıq və qaynayan şirənin içinə əlavə edirik. Şaftalı olan siropu qaynadırıq və ocağı söndürürük. Dəsmalla üstünü örtüb, 6 saat şirəsini çıxarmaq üçün kənara qoyun. Bundan sonra, qazanı oda qoyub, qaynayana qədər gözləyirik, ocağı orta dərəcəyə qədər azaldırıq və təxminən, yarım saat qaynadırıq. Axıra yaxın turşu və vanil əlavə edirik, ehmalca qarışdırırıq. Bu resept əsasında bişirilmiş mürəbbə fal-fal doğranmış şaftalılarla gözəl kəhrəba rəngə sahib olur.
KURAQA
Kuraqa kəsilmiş və tumsuz qurudulmuş əriklərə deyilir (əks halda bu artıq qaysı qurusudur). Əriyin təbii rənginin qalması üçün onu aşsüzəndə buxar üstündə 10 dəqiqə saxlamaq və ya 5-7 dəqiqəyə azca şirinləşdirilmiş qaynar suya qoymaq lazımdır. Ondan sonra ərikləri təmiz parça üstünə qurutmaq üçün sərirlər.
Qurudulmanın iki əsas növü var: birinci - dədə-baba üsulu ilə, ərikləri açıq havada günəş altında, təxminən, 1-2 həftəyə qoymaqla. İkinci üsul - quruducu cihaz və ya soba ilə. Əvvəlcə ərik 2-3 saat ərzində 50-60 dərəcə altında qurudulur, sonradan onu 65-80 dərəcə altında qurudurlar və lazım olan müddətə tələb olunan vəziyyətə gətirirlər. Qurudulmuş əriklər vitaminlərin 20-30 faizini və mikroelementlərin 80-90 faizini saxlayır. Bundan əlavə, qida lifləri asan həzm olunur, onlar orqanizmi təmizləyir və baharın əvvəlində çatışmazlığı yaranan C vitamininin sintezini stimullaşdırırlar. Ona görə qışda kuraqa asanlıqla evinizə bir qədər yay gətirəcək.
MƏSLƏHƏT GÖR: