Müəllif: Sabirə MUSTAFAYEVA, Vəfa ZEYNALOVA Bakı
Hər şey ilk baxışdan göründüyü qədər sadə deyil. Uşaq bağçalarındakı uşaqlar üçün ekoloji təmiz materialdan vahid forma tikildi və pulsuz paylanıldı. Bəs, buna ehtiyac var idimi? Xatırladaq ki, uşaq bağçalarında uşaqların vahid formaya keçməsilə bağlı qərar Bakı Şəhər İcra Hakimiyyəti yanında Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən qəbul edilib. Qurum bu qərarını kifayət qədər dumanlı görünən səbəblə əsaslandırıb - "Türkiyədə tikilən geyimlər gigiyenik tələblərə cavab verir". Bununla yanaşı, icra hakimiyyətində yeniliyin uşaqların psixologiyasına müsbət təsir göstərəcəyinə, valideynlərin bu yeniliyi anlayışla qarşılayacaqlarına "ümid edirlər". Beləliklə, ilin əvvəlindən Bakının bütün uşaq bağçalarının sakinlərinə yeni dress-kod tətbiq edilib. Onlara verilən qış geyimi çox bəsit rənglərdən ibarətdir - oğlanların geyiminin yuxarısı qırmızı, aşağısı göy rəngdədir. Qızlara da nə gigiyenik, nə də yaradıcılıq baxımından bir alternativ qoymayıblar. Bəzi bağçalara iki dəst geyim verilib, bəzilərinə isə yox (bu məsələni icraçıların insafına buraxaq - red.). Öz uşaqlarını bu formada görmək istəyib-istəmədikləri haqda sualla qarşılaşmayan əksər valideynlər isə bu ibtidai dizaynlı formaların nə birinci, nə də ikinci dəstini istəyirlər. İndi bağçalarda formanın yay variantının paylanılmasına başlanılıb. O, yuxarısı da, aşağısı da boz rəngdə olan şort və qolsuz "futbolka"dan ibarətdir. Deyəsən, təşkilatçılar boz rəngin daha çox geyimdə yox, baş örtüyündə olmasının vacibliyi haqda düşünməyiblər. Bu yerdə ortaya yenə sual çıxır: körpələrə və məktəbəqədər təhsil müəssisəsinin sakinlərinə vahid forma geydirmək nəyə lazım idi?
Geyim çox olmalıdır
Uşaq bağçasına gedən uşaq necə geyinməlidir? Təcrübəli analar uşaq bağçası üçün geyimin seçilməsində müəyyən amillərin nəzərə alınmalı olduğunu bildirirlər. İlk öncə uşağın yaşı önəmlidir. Bir qayda olaraq, körpələr evinin sakinlərinə tez-tez dəyişdirilməsi asan olan geyim lazımdır. Çünki onlar geyimlərini daha tez-tez bulaşdırır. Bakının uşaq bağçalarında isə körpələrə yalnız 1 dəst geyim verilir və o, təmizlənməsi üçün valideynlərə yalnız həftənin sonunda təqdim olunur. Belə çıxır ki, körpə bir həftə boyunca çirkli paltarda gəzməlidir. Ən yaxşı halda o, ikinci dəstlə dəyişdirilə bilər ki, bu da yalnız paltarın çirklənməsindən bir gün sonra mümkündür. Yuxarı yaş qruplarına aid uşaqlar üçün şkafda çox sayda geyim saxlamaq vacib olmasa da, lazım olduqda dəyişə bilmək üçün futbolka, tuman (finka, şort) və corabın olması heç də pis olmazdı. Hətta yaşı bir qədər çox olan uşaqlar da tərləyə, yaxud üstünə nəsə dağıda bilər. Belə çıxır ki, uşaq gün ərzində, məsələn, paltarını 3 dəfə batırarsa, ona təmiz forma vermək mümkün olmayacaq.
İkincisi, bağçanın otaqlarındakı hərarətdir. Bağçada uşaqlara istidirsə, daha nazik, soyuqdusa, daha isti geyim lazım gəlir. Vahid formanın tətbiqi bu mənada uşaqlara heç bir alternativ seçim imkanı vermir.
Üçüncüsü, uşağın bağçadakı fəaliyyəti məsələsidir. Uşaqlar üçün bir neçə dəst geyim və ayaqqabının olması həm də bu baxımdan vacibdir - qrupda olarkən, yatarkən, idman zamanı, gəzintidə olarkən, bayramlar və səhər tamaşaları zamanı uşaqlar fərqli geyimlərdə olmalıdırlar. Bakı bağçalarında isə yataq və səhər tamaşası geyimləri istisna olmaqla, qalan bütün hallarda uşaqlar bir formada olurlar.
Nəhayət, ən vacibi, uşaq bağçalarının sakinlərinin geyimləri çox sadə olmalıdır. Uşaqlar onları müstəqil şəkildə geyə, çıxara bilməli, geyim onlara narahatlıq verməməlidir. Üstəlik, daim istifadə olunduğu üçün o, ləkələrdən və digər hallardan asan təmizlənməlidir. Valideynlər deyirlər ki, uşaq bağçalarında paylanılmış formaların yeganə üstünlüyü onun, həqiqətən də, yaxşı materialdan hazırlanması və asanlıqla təmizlənməsidir. Amma onlar yenə də, vahid formaya keçidin mənasını anlamırlar. Çünki valideynlər öz uşaqlarını bütün lazımi göstəricilərə malik geyimlərlə özləri də təmin edə bilərlər.
"Mən bu geyimlərin mənasını qətiyyən anlamıram. Deyirlər ki, onlar uşaqların təvazökar tərbiyə olunması baxımından yaxşıdır. Guya, uşaqlar geyimlərini digərlərinə nümayiş etdirməməlidirlər. Amma unutmaq lazım deyil ki, o yaşda uşağın ağlına geyimini nümayiş etdirmək gələ bilməz. Bundan başqa, vahid formaya keçənədək mən uşağımı bağçaya münasib, sadəcə ev geyimində göndərirdim", - deyə dövlətə məxsus uşaq bağçalarında vahid formanın tətbiqinin əleyhinə olan valideyn, 3 yaşlı Ayselin anası Elvira Balayeva bildirir.
Uşaq bağçalarından birinin adının açıqlanmasını istəməyən tərbiyəçisi də vahid formanın tətbiqi ilə uşaqlar üçün bir sıra problemlərin ortaya çıxdığını deyir: "Tapşırığa əsasən, uşaq bağça ərazisində yalnız vahid formada olmalıdır. Odur ki, uşaq paltarına ləkə salırsa, ləkəni təmizləməli və paltarı dərhal qurutmalı oluruq. Çünki istənilən an yoxlama gələ bilər. Bütün bunlar lazımsız vaxt itkisidir. Bu vaxtı biz uşaqlara həsr edə bilərdik".
Psixologiya nə deyir?
Bu məsələdə daha bir önəmli amil vahid geyim formasının uşaqların psixologiyasına və yaradıcılıq qabiliyyətinə təsiridir. Psixoloqların bildirdiklərinə görə, valideynin uşağına verdiyi hər şey gözəl, səliqəli olmalıdır. Bu, geyimə də aiddir.
Psixoloq Humay Axundzadənin uşaq bağçalarında vahid formanın tətbiqinə münasibəti son dərəcə mənfidir: "Psixoloji nöqteyi-nəzərdən hər hansı sərt qaydaların tətbiqini, o cümlədən vahid forma heç bir variasiya yeri qoymur. Birincisi, bu, əlbəttə ki, fərdiliyi boğa bilər. İkincisi, valideynlərin uşaqlarının zövqünü erkən yaşlarından formalaşdırmaq haqqı var. Ümumilikdə, vahid formanın tətbiqi direktiv olmamalıdır. Bu işin tövsiyə şəklində görülməsi, üstəlik, valideynlərə müxtəlif rəng, forma seçiminin verilməsi daha yaxşı olardı. Üstəlik, yenə də üstünlük geyimin daim hərəkətdə olan, sürətli templərlə böyüyən uşaqlar üçün rahat olmasına verilməli idi. Amma bu yeniliyin "əleyhinə" olan əsas arqument uniformada insanın fərdiliyini itirməsidir. 4 yaşadək olan uşaqlar yalnız bir-birlərilə ünsiyyətlə məşğuldurlar və təxminən, 5 yaşından onlar səliqəli geyinib-geyinməməklə bir-birlərindən fərqlənməyə başlayırlar. Uşaq ətrafında rənglərin, formaların müxtəlifliyini görməlidir".
Amma bu məsələnin "lehinə" olan arqument də var. Psixoloq Orxan Sultanov hesab edir ki, uniformanın tətbiqi faydalı və lazımlı haldır: "Formanın zərərli olduğu, uşağın fərdiliyini, rəngləri qavrama qabiliyyətini pozduğunu düşünənlər yanılırlar. Əksinə, bu, uşaqlarda tezliklə kollektivlə bütünləşmə hissi yaradır. Fikrimcə, uşaqların məktəb kollektivinə də tez uyğunlaşmasına kömək edəcək. Çünki orada da vahid formadan istifadə olunur. Qərb ölkələrində belə halın olmadığına dair arqument bizim reallığımıza çox da uyğun gəlmir. Ən azı ona görə ki, Qərbdə fərdilik mədəniyyəti üstünlük təşkil edir. Bizdə isə kollektiv mədəniyyətə üstünlük verilir və burada pis heç nə yoxdur. Üstəlik, nəzərə almaq lazımdır ki, biz övladlarımızı bağçaya yalnız işdə olduğumuz müddətdə baxılması üçün yox, həm də onun digər uşaqlarla ünsiyyətə öyrəşməsi üçün veririk. Mənim fikrimcə, vahid formanın tətbiqi uşaqlarda eqosentrizmi azaldacaq və kooperasiyanın sürətlənməsinə kömək edəcək".
Hazırlıq öz yerində, amma körpəlik və məktəbəqədər yaş uşaqlar üçün tamamilə məktəbə "tranplin"ə çevrilməməlidir. Üstəlik, bağçalarda kollektivçiliyin yaradılması üçün başqa vasitələr də kifayət qədərdir və bunun üçün vahid formanın tətbiqinə də əl atmaq vacib deyil. Uşağın həyatının ilk illəri ən vacib, onun gələcəyi üçün ən dəyərli illərdir. Müasir valideynlər bu dövrün imkanlarından mümkün qədər istifadə etməyə çalışır, uşağın erkən inkişafına mümkün qədər çox diqqət ayırırlar. Bu halda söhbət yalnız intellektual və fiziki inkişafdan deyil, həm də yaradıcılıq qabiliyyətindən gedir. Ətraf mühit, şübhəsiz ki, buna şərait yaradır. Amma eyni, yekcins mühitdə oxşar geyimləri izləmək uşağa kreativ manevr imkanlarını tamamilə məhdudlaşdırır.
MƏSLƏHƏT GÖR: