Müəllif: Hüseyn VƏLİYEV Bakı
Son illər Avropa ilə Asiya arasında fiberoptik əlaqələrin gücü ümumilikdə, təxminən, yarıbayarı artıb. Artımın hardasa illik 50% tempi faktiki olaraq Avrasiya trafikinə olan tələbatı nümayiş etdirir. 2013-cü ildə bu göstərici 5 Tbit/s olub.
Ehtiyatda qalan TAE
Yerüstü transsərhəd fiberoptik infrastruktur (YTFOİ) region bazarları arasında aydın bərabərsizliklə mübarizədə daha aktual variantdır. Regionun mövcud beynəlxalq YTFOİ-si, əsasən, ikitərəfli qovşaqlardan ibarətdir. Regionda yeganə çoxmilli şəbəkə - Frankfurt-na Mayne (Almaniya) və Şanxay (Çin) şəhərini birləşdirən, 27 min kilometr uzunluğunda çəkilən "Trans-Asiya-Avropa" (TAE) fiberoptik kabel xətti vahid məxsusi şəbəkə deyil, daha çox milli magistralların şəbəkəsi kimi fəaliyyət göstərir.
TAE-nin genişlənməsi iştirakçı ölkələrin maraqlarının azalması fonunda gözlənilirdi. Layihə ancaq onun hansı istiqamətlərinin inkişaf etməsi haqqında düşünən Azərbaycan tərəfinin səyləri sayəsində fəaliyyət göstərir. Son vaxtlara qədər layihənin bir çox iştirakçıları faktiki olaraq TAE layihəsindən imtina etmək istəyirdilər. Bu da, heç şübhəsiz, onun iflasına gətirib çıxara bilərdi. Layihənin Azərbaycan seqmentinin tikintisi 1999-cu ilin sonunda başlayıb. 2012-ci ilin sonunda isə Azərbaycanın bütün dövlət rabitə operatorlarının mövcud telekommunikasiya qovşaqları TAE layihəsinə qoşulub. 2013-cü ilin yanvar ayında isə Trans-Asiya-Avropa (TAE) fiberoptik kabel magistralı layihəsində sədrliyin 2013-2015-ci illər üçün Azərbaycana keçməsini rəsmən təsdiqləyən protokol imzalanıb.
Bu gün Azərbaycan TAE layihəsini "Trans-Avrasiya Super-İnformasiya Magistralı" (TASİM) layihəsinin tikintisinin birgə reallaşması üçün özül qismində nəzərdən keçirir. Bu iki layihənin bir-biri ilə qovuşub-qovuşmayacağı hələlik mümkün kimi görünmür. Çünki bununla bağlı heç bir qərar qəbul edilməyib. Eyni zamanda, TAE magistralı AzNET seqmentinin dayanıqlılığının təmin edilməsi üçün rezerv xətt qismində tətbiq ediləcək. Bununla əlaqədar olaraq TAE layihəsinin rezerv şəkildə istifadə edilməsi aktuallaşacaq. Bu isə milli genişzolaqlı internetin 2014-2016-cı illərdə inkişafı üzrə Dövlət Proqramında, qeyd edilən illər üzrə 10-100 Mbit/s sürətlə uzaq regionlar da daxil olmaqla, ölkənin bütün ərazisinin təmin edilməsi reallaşdıqdan sonra mümkün olacaq.
İddialı TASİM
TAE layihəsindən fərqli olaraq, TASİM yeni inkişaf mərhələsinə qədəm qoyan, son vaxtların ən iddialı layihələrindən biridir. Bu layihə qlobal əhəmiyyətə malikdir və onun məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiberoptik xəttin çəkilməsidir.
TASİM - kontinental miqyas əldə edən və Azərbaycanın reallaşdırdığı ən mühüm qeyri-energetika layihələrindən biridir. Tam olaraq istismara veriləndən sonra, TASİM təkcə Avrasiya telekommunikasiya rabitəsini təmin etməyəcək, həm də bütün regionboyu geosiyasi bağlantı yaradacaq. Belə ki, layihə resursların digər tədarükçülərindən asılılığı olan ölkələri əsas alternativlə təmin etməyə imkan verəcək. O, həmçinin Azərbaycanı regional və qlobal telekommunikasiya habına çevirəcək. Bu da öz növbəsində, qeyri-neft sektorunun inkişafı üçün bir sıra imkan və perspektivlər yaradacaq.
Layihə Frankfurtdan (Almaniya) Honkonqa (Çin) qədər əsas tranzit rabitə xəttinin yaradılmasını nəzərdə tutur. Şəbəkə Avropa və Asiya iri informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək, Almaniyaya qədər uzanacaq. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.
TASİM katibliyi layihənin populyarlaşması üçün bütün səylərini ortaya qoyur və yeni, maraqlı tərəflərin cəlb olunması üçün xüsusi diqqət ayırır. Katiblik Avropa Birliyi, BMT, QİƏT, SPECA və digər təşkilatlarla əlaqələr yaradıb. 2013-cü ilin sentyabr ayında BMT-nin Baş Assambleyası TASİM-in dəstəklənməsi üçün üçüncü qətnamə qəbul edib. Bununla da qurum Azərbaycanın Avrasiya Rabitə Alyansının (EuraCA) yaradılması və magistralın tikintisi təşəbbüsünü dəstəkləmiş olub.
TASİM magistralının tikintisi üzrə işlərin 2016-cı ildə başlanması gözlənilir. İlk mərhələdə regionun aparıcı dövlətləri və operatorlar Şərq və Qərbi birləşdirəcək əsas tranzit şəbəkə infrastrukturunu yaradacaqlar. Bu infrastruktur TASİM-ə kommersiya baxımından əlverişli və sürətlə artan beynəlxalq internet - tranzit bazarının tələbatlarına cavab verən layihə olmasına imkan yaradacaq.
İkinci mərhələdə TASİM qurulan tranzit infrastrukturundan istifadə edərək, Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrini münasib qiymətli bağlantı ilə təmin edəcək. Bununla yanaşı, milli telekom infrastrukturunun inkişafı planlarına uyğun olaraq yeni fiberoptik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımdan təkmilləşdirilərək, TASİM şəbəkəsinə birləşdiriləcək. Layihənin ikinci mərhələsi BMT-nin mandatına uyğun olaraq həyata keçiriləcək.
Hal-hazırda TASİM layihəsinə Rusiya ("Rostelecom" operator), Qazaxıstan ("Kaztranscom"), Türkiyə ("Turktelekom") və Çin ("Chinatelecom") cəlb edilib. Azərbaycan layihədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə təmsil edilib. Layihəyə dair 2013-cü ilin dekabr ayında Bakıda imzalanan Anlaşma Memorandumu onun tezliklə reallaşmasına təkan verəcək.
Bu yaxınlarda konsorsium üzvləri layihənin reallaşması üzrə prinsipial razılaşma aspektlərinin müzakirəsi üçün Bakıya toplaşmışdılar. Konsorsiumun əsas vəzifələrindən biri layihənin gerçəkləşməsi üzrə razılaşmaya nail olmaqdır. Bu isə onun biznes modelinin müəyyənləşdirilməsini, trafikin idarə edilməsini, sərmayə və gəlirlərin bölünməsini nəzərdə tutub. Sənəd strukturuna görə mürəkkəbdir və tərəflər hələ bəzi detallar üzərində işləməlidirlər. Ehtimal edildiyi kimi, o, həmçinin Xəzər seqmentinin də (Azərbaycanla Qazaxıstan arasında) çəkilmə məsələsini genişləndirəcək ki, bu da Xəzərin statusu ilə bağlı qərarın olmaması səbəbindən problemlidir. XİN və Qazaxıstan Rabitə Nazirliyi hesab edir ki, dəniz sərhədini xətərsiz keçməyə imkan verən hüquqi ehtiyatlar var. Magistralın Çin və Rusiya hissəsinin infrastrukturu isə tamamilə istismara hazırdır. Eyni zamanda, Rusiyanın "Rostelekom" operatoru bu layihəyə zəruri yardım göstərməyə hazır olduğunu ifadə edib və digər ölkələrin maraqları olacağı təqdirdə, onun sərhədlərinin genişlənməsini mümkün hesab edib. TASİM iştirakçılarının sayının genişlənməsi ilə bağlı əks-mövqeni TAE layihənin reallaşmasında kədərli təcrübə toplayan Qazaxıstanın - "KazTransCom" operatoru tutur. Belə ki, TAE layihəsinə 19 ölkə cəlb edilmişdi və hər biri öz operatoru qismində trafikin tranzitinə görə maksimal yüksək qiymət qoymağa çalışırdı. Ona görə də Qazaxıstan tərəfi hazırda layihədə TASİM-in təmsil olunan "ata-təsisçiləri"nin saxlanılmasını müdafiə edən mövqeni qorumaq niyyətindədir. Məhz onlar resurslara malik olmalı və tarifləri müəyyən etməlidirlər. Qalan ölkələr isə layihəyə müşahidəçi və bazar iştirakçısı qismində qatıla bilər.
Bir sözlə, TASİM layihəsinin reallaşması regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, internet-bağlantıların sürətinin artmasına və internet-xidmətlərin inkişafına kömək edəcək. Bu da öz növbəsində, rəqabətin artmasına, tərəqqiyə və region ölkələri iqtisadiyyatının diversifikasiyasına gətirib çıxaracaq.
MƏSLƏHƏT GÖR: