
"ÖZGƏ GEOSİYASƏTİNİN ALƏTİ"
Məşhur rusiyalı tarixçi və siyasi analitik Oleq KUZNESOV ilə müsahibə
Müəllif: Rizvan HÜSEYNOV Bakı
- Son zamanlar Ermənistan-Azərbaycan cəbhə xəttində çoxsaylı təxribatların şahidi oluruq. Amma erməni silahlı qüvvələrinin guya Ermənistanın Naxçıvanda bir neçə strnateji əhəmiyyətli nöqtəni ələ keçirməsi ilə bağlı son təxribatı daha ciddi gərginliyə səbəb olub. Bəlkə erməni tərəfi Azərbaycanı bu istiqamətdə hərbi qarşıdurmaya cəlb etməyə, bununla da KTMT-nin münaqişəyə müdaxiləsinə çalışır?
- Mən Naxçıvandan Moskvaya bu günlərdə qayıtmışam və orada cəbhə xəttində tərəflər arasında miqyaslı toqquşmaların əlaməti sayılacaq heç nə görməmişəm. Mənim oraya səfərimin səbəblərilə bağlı yanlış fikirlərin ortaya çıxmaması üçün deyim ki, səfər çoxdan planlaşdırılmışdı və məqsəd bütün Azərbaycan ərazisində keçirilən Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90-cı ildönümü ilə əlaqədar elmi konfransa qatılmaq idi. Bu tədbirlərin qrafiki Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hələ ilin əvvəlində təsdiqlənmişdi. Mənimlə yanaşı, elmi konfransda Türkiyədən, ABŞ-dan olan həmkarlarım da iştirak edirdilər. Tədbir Ermənistanla sərhədin bir neçə kilometrliyindəki Ağbulaq adlanan kurort zonasında keçirilirdi. Konfransın, təxminən, 4 saat davam edən plenar iclasında Muxtar Respublika Milli Məclisinin sədri Vasif Talıbov, qurumun işlər idarəsinin rəhbəri Əli Həsənov da iştirak etdilər. Düşünün, əgər sərhəddə vəziyyət deyildiyi kimi, gərgin olsaydı, onlar hərbi əməliyyatların getdiyi əraziyə yollanardılarmı və üstəlik həyatlarına, fikirlərinə hörmət etdikləri xarici qonaqları oraya aparardılarmı?
- Naxçıvan istiqamətində Ermənistanla Azərbaycan hərbi gərginlik ocağının yaranması ehtimalı nə qədərdir?
- Naxçıvan-Ermənistan sərhədinin relyefi elədir ki, orada praktiki olaraq, miqyaslı hərbi əməliyyatlar aparmaq mümkün deyil. Sərhəd xətti demək olar ki, hər yerdə dağlardan-təpələrdən keçir, onların arasındakı dərələr isə neytral xətt kimi qalır. Bu cür neytral ərazilərdə gecə vaxtı, qaranlıqda azsaylı qruplar ora-bura hərəkət edə bilərlər. Amma istənilən sərhəd pozulması dağın digər yamacına adlamaq deməkdir və bu, sərhəd pozucusunu dərhal artilleriyanın, yaxud minomyotun hədəfinə çevirir. Bununla yanaşı, sərhəd pozucularına "özününkülər" də atəşlə heç bir dəstək verə bilməzlər. Çünki onlar dağın digər tərəfində qalırlar. Bütün bunlardan yalnız bir qənaətə gəlmək olar: Naxçıvanla Ermənistan arasındakı sərhəd boyunca hər hansı zonada strateji nöqtələrin ələ keçirilməsinə, üstəlik, nəzarətdə saxlanılmasına dair bütün bəyanatlar "blef" və sayıqlama, axmaqlar və savadsızlar üçün nəzərdə tutulmuş uğursuz siyasi piar, jurnalist "uydurması" və sairdir.
- Belə olan təqdirdə erməni silahlı qüvvələrinin bir müddət əvvəl Naxçıvanla sərhəddə "vacib taktiki qələbə" ilə öyünməsinin səbəbi nədir?
- Təbii ki, Naxçıvanda Ermənistanla sərəhddəki durumla bağlı söhbətlər gedib. Azərbaycan dilində cəmi bir neçə söz bilsəm də, hərbi terminlərlə aparılan söhbətlərdə əsasən rus sözlərindən istifadə olunur və bu, mənə hərbi təcrübəsi olan bir şəxs kimi, baş verənləri anlamağa kömək edib. Ermənistan Silahlı Qüvvələrinə məxsus vertolyot qarşı tərəfə 2 idarəolunmayan raket vasitəsilə zərbə endirib və nəticədə Azərbaycan tərəfinə məxsus "Belarus" markalı traktor zədələnib. O, neytral əraziyə səhvən girib, ola bilsin, ot dalınca gedirmiş - bunu bilmirəm. Bildiyim odur ki, 1 dəqiqə içində hərbi vertolyotun havaya qaldırılması və hədəfi vurması qəti şəkildə mümkün deyil. Bu üzdən də güman edirəm ki, Azərbaycan kəndliləri neytral zonada təsərrüfat işlərilə çoxdan məşğul olurlarmış və ermənilər indi birdən-birə buna reaksiya vermək qərarına gəliblər. Havadan atəşə tutulan traktor məhv olmayıb, sadəcə zədələnib. Bu zaman erməni hərbçilər avtomatdan havaya atəş aça-aça ona tərəf qaçmağa başlayıblar. Sonda isə bir az lovğalandıqdan sonra onlar geriyə - mövqelərinə qayıdıblar.
- Ermənistan KİV-də isə Naxçıvanla sərhəddəki yüksək dağlıq ərazilərdə strateji nöqtələrin ələ keçirilməsindən danışılır, hətta Azərbaycanın cavab addımları atacağı təqdirdə KTMT-nin münaqişəyə cəlb oluna biləcəyinə işarə edilir...
- Naxçıvanla sərhəddəki gərginlikdən sonra ən azı Rusiyanın ermənipərəst İnternet resurslarında "strateji əhəmiyyətli yüksək dağlıq ərazilərinin ələ keçirildiyi" bəyan olunub. Amma mən "Belarus" traktorunun dəniz səviyyəsindən 2000 metr yüksəkliyə necə qalxdığını, onun dizelli mühərrikinin dağ havasızlığı şəraitində necə işlədiyini anlamıram. Ayrı-ayrılıqda 2-3 insidentin baş verməsi mümkündür. Amma onlar da eyni dərəcədə o qədər gülünc olublar ki, hətta cavab olaraq, Azərbaycan artilleriyası və ya minomyotları vasitəsilə erməni silahlı qüvvələrinin bir neçə müşahidə nöqtəsi məhv edilibsə belə, KTMT qüvvələrinin Ermənistanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təmini məsələsinə cəlbindən söhbət gedə bilməz.
- Yəni, Ermənistanın Rusiyanı Cənubi Qafqazda yeni münaqişəyə cəlb etmək cəhdləri ortadadır. Belə olan təqdirdə meydana sual çıxır: Ermənistan kimə işləyir?
- Siz Rusiyanın müasir siyasəti üçün son dərəcə ciddi, hətta ağrılı bir məsələni qaldırdınız. Müxtəlif ölkələr, ilk növbədə Ukrayna onu lokal silahlı münaqişəyə cəlb etməyə çalışır. NATO-nun hadisələrin Şərqi Avropada olmasa da, Cənubi Qafqazda bu istiqamətdə inkişafında maraqlı olduğu göz qarşısındadır. Çünki qısamüddətli də olsa, belə silahlı münaqişənin yaşanması ona Krımın Rusiyanın tərkibinə qaytarılmasına cavab olaraq, Qara dəniz regionunda qüvvəsini artırmaq, Krımı dənizdən mühasirəyə almaq imkanı verəcək. Rusiya sərhədçiləri sərhədlərimizin müxtəlif istiqamətlərindən ərazilərimizin sutkada on dəfə və daha artıq atəşə tutulduğuna dair faktları açıqlamağı xoşlamırlar. Bu üzdən mətbuata yalnız artıq gizlədilməsi mümkün olmayan hallar çıxır. Sərhəd buraxılış məntəqələrinin və ya gömrük məntəqələrinin atəşə tutulması və zədələnməsi, qaçqınları aparan avtobusa atəşin açılması kimi halları nəzərdə tuturam. ABŞ xüsusi xidmət orqanlarının Ukraynanı Rusiya ilə silahlı münaqişəyə sürükləmək məqsədi güddüyü artıq heç kimə sirr deyil. Bu, onlara Ukraynaya birbaşa hərbi yardım göstərmək, yəni, Rusiya ordusuna qarşı döyüşlərdə NATO qüvvələrindən istifadə etmək imkanı verəcək. Rusiya öz növbəsində hadisələrin bu istiqamətdə inkişafından qaçmaq üçün əlindən gələni edir, silahlı təxribatlara yalnız diplomatik vasitələrlə cavab verir.
Bu üzdən də Rusiyanın KTMT-yə üzvlüyü vasitəsilə də regional silahlı münaqişəyə cəlb edilməsi cəhdlərinin olduğunu istisna etmirəm. Burada məqsəd NATO ölkələrinin Ukraynada üzləşdikləri biabırçılığa görə revanş almasını təmin etməkdir. Məsələn, belə bir ssenarini tamamilə mümkün sayıram: ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransada tam zəmanət alan Ermənistan Dağlıq Qarabağ istiqamətində deyil, Naxçıvan istiqamətində tammiqyaslı hərbi təxribata əl atır, çünki burada söhbət cəbhə xəttindən yox, dövlət sərhədindən gedir. Nəticədə ermənilər ərazisinə soxulmuş düşmənə hərbi vasitələrlə cavab vermək məcburiyyətində qalan Azərbaycandan cavabını alır və bu, açıq-aşkar ərazi bütövlüyünün pozulmasına yol çır. Beləliklə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mexanizminə uyğun olaraq, Rusiya Ermənistanı müdafiə etmək məcburiyyətində qalır və öz maraqlarına zidd geosiyasi oyunlara girir, NATO ölkələrinin xeyrinə işləməyə başlayır. Bundan sonra de-yure Rusiyanın müttəfiqi olan Ermənistan yenə də de-fakto onun düşməninə çevrilir - vaxtilə Dağlıq Qarabağ münaqişəsinin başlanğıcında olduğu kimi. Axı məhz bu münaqişənin geosiyasi nəticəsi olaraq Sovet İttifaqı dağıldı və postsovet məkanının təbii ehtiyatları transmilli monopoliyaların ixtiyarına verildi.
- Belə çıxır ki, Azərbaycan politoloqlarının dəfələrlə xəbərdarlıq etdikləri mərhələ yetişib: Ermənistan Rusiya üçün müstəsna əhəmiyyət daşıyan Cənubi Qafqazda Moskvanın maraqlarını satmağa hazırlaşır...
- Rusiyada Cənubi Qafqazda hadisələrin bu gür inkişaf edə biləcəyini anlayan yalnız mən deyiləm. Bu gün Rusiyanın Ermənistandan özünə qarşı siyasi loyallıq gözləmək üçün tam zəmanəti yoxdur. Ən azı ona görə ki, Ermənistana Rusiyadakı erməni diasporunun göstərdiyi maliyyə yardımı onların ABŞ, Fransa və ya digər anti Rusiya əhvallı ölkədəki diaspordan aldıqları yardımın yarısından da azdır. Bunun ən bariz nümunəsi bu gün Ermənistan qanunvericiliyinin Gömrük İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması prosesinin dalana dirənməsidir. Halbuki, Ermənistan Gömrük İttifaqına qoşulmaq niyyətində olduğunu hər yerdə və daim dilə gətirir. Hazırda qlobal makroiqtisadiyyat çox tez-tez ən çirkin hərbi-siyasi vasitələrlə formalaşır. Ən yaxın gələcəkdə, təxminən 3-4 aydan sonra dağlıq ərazilərdə hərbi əməliyyatların aparılmasının yayla müqayisədə daha çətin olacağı vaxt Ermənistanın Dağlıq Qarabağ münaqişəsini əvvəlcədən hazırlanmış plana uyğun olaraq gərginləşdirəcəyini istisna etmirəm. Məqsəd isə əlbəttə ki, Rusiyanın Qərbin maraqlarına uyğun olaraq, potensial zəiflədilməsinə nail olmaqdır. Bunun yeganə alternativi Rusiyanın Azərbaycanla tezliklə və bütün istiqamətlərdə yaxınlaşması, Azərbaycanın ərazi bütövlüyünün tam və qeyd-şərtsiz təmini yolu ilə Cənubi Qafqazdakı gərginlik ocağının aradan qaldırılmasıdır.
- Ermənistanın bir Cənubi Qafqaz ölkəsi kimi gələcəyini necə görürsünüz və Rusiya-Ermənistan münasibətlərinin perspektivi necədir? Hazırkı Ermənistan Cənubi Qafqazda və digər Asiya regionu istiqamətlərində Rusiyanın strateji maraqlarının müdafiəsinə kömək edə bilərmi?
- Yeni geosiyasi şəraitdə Ermənistan rəhbərliyinin siyasi perspektivləri mənə tamamilə "ümidverici" təsir bağışlayır. Son 2 onillikdə nəzərə çarpasa da, bu cün o, yenidən beynəlxalq arenada diqqətləri üzərinə çəkmək şansı qazanıb. Bu dəfə də bu şans kimlərinsə geosiyasi maraqlarının təminində alət kimi istifadə olunmaqdan ibarətdir. Sanki bir müddət onu haradasa toz basır, lazımi anda isə yenidən təyinatı üzrə istifadə olunur. Bu, həmişə, ən azı son 150 ildə belə olub və bu gün də belə olacaq. Ermənilər tarixən Böyük Britaniya, ABŞ, Fransa kimi atlantistlər tərəfindən kontinental imperiyaların dağıdılması işində istifadə olunublar: İrana qarşı da belə olub, Osmanlı İmperiyasına da, SSRİ-yə də. Erməni xalqının son 2 yüzillikdəki tarixi göstərir ki, ona məxsus bütün mənfi keyfiyyətlərdən qlobal, geosiyasi böhranlar zamanı istifadə olunur. Son illərdə isə biz məhz belə bir şəraitdə yaşayırıq. Mən Boris Yeltsinin onu Cənubi Qafqazda Rusiyanın strateji müttəfiqi seçmək qərarının Moskvanın maraqlarına uyğun olduğuna belə, şübhə edirəm. Yoxsa Rusiya Federasiyası ərazisindəki keçmiş sovet sənayesinin strateji müəssisələrinin özəlləşdirilməsi məsələsində olduğu kimi, bu addımın atılmasının vacibliyini də kimsə kənardan onun qulağına pıçıldamışdı?
Məsələnin ikinci hissəsinə mən real faktiki əsası olan tarixi alleqoriya ilə cavab verə bilərəm. 1916-cı ildə Rumıniyanın Birinci Dünya müharibəsinə qarışması müzakirə olunarkən onun sonda kiminlə müttəfiq olacağını heç kim dəqiq söyləyə bilmirdi - Atlanta ölkələrinin, yoxsa Üçlər İttifaqının? Ali Baş Komandanın qərargahının rəisi, general Anton İvanoviç Denikinin bu haqda fikrini soruşduqda o, özünəməxsus şəkildə, səmimi hərbçi sadəliyilə demişdi: "Rumıniya bizim tərəfimizdən vuruşacaqsa, mənə onu qorumaq üçün 16 diviziya lazım gələcək. O, bizə qarşı çıxacaqsa, mənə onu darmadağın etmək üçün 16 diviziya lazım olacaq".
Bu gün Rusiyanın Ermənistana münasibətində bənzər hal müşahidə edirik: o, bizim üçün sanki gənc qadının qoca həyat yoldaşıdır - onunla yaşamaq mümkün deyil, çıxıb getmək də ayıbdır. Təbii ki, bu vəziyyət sonsuzluğadək davam edə bilməz və bunu həm Moskvada, həm də İrəvanda yaxşı anlayırlar. Fərq sadəcə ondadır ki, İrəvan hazırkı vəziyyətin maksimum uzanmasına çalışır, Moskva isə seçim etməyə tələsir: İrəvan kimin yanındadır - Qərbin, yoxsa Rusiyanın?
MƏSLƏHƏT GÖR: