25 Noyabr 2024

Bazar ertəsi, 15:48

TƏLƏSƏN, TƏNDİRƏ DÜŞƏR

Azərbaycan gömrük dərəcələri və kənd təsərrüfatının subsidiyalaşdırılması məsələsi ilə bağlı ütt-də ardıcıl olaraq öz maraqlarını qorumaq niyyətindədir

Müəllif:

01.09.2012

Artıq on beş ildir ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatında (ÜTT) müşahidəçi statusundadır və onun tamhüquqlu üzvü olmağa ümid edir. Bu müddət ərzində çoxsaylı danışıqlar olub və çoxtərəfli raundlar keçirilib. Qonşumuz Rusiyanın da yolu qısa olmayıb və o da beynəlxalq azad ticarət camiəsinə on doqquz illik mürəkkəb danışıqlardan sonra qoşulub. Rusiya təcrübəsi bizim ölkə üçün də tamamilə maraqlıdır, çünki ticarət təşkilatına üzvlüyün açıq üstünlükləri ilə yanaşı, postsovet məkanının gənc bazar iqtisadiyyatları üçün çox sayda görünməyən təhlükələri də var. 

 

Rusiya: saziş bağlanıb 

Hazırda Ümumdünya Ticarət Təşkilatına (ÜTT) dünya ölkələrinin, təxminən, 80%-i daxildir və dünya ticarət dövriyyəsinin 97%-i onların payına düşür. Son 10-12 ildə postsovet məkanının bir sıra ölkələri - Baltikyanı respublikalar, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Qırğızıstan da ÜTT-yə daxil olub. Dünyanın daha 30 ölkəsi də ÜTT-yə daxil olmaq üçün danışıqların müxtəlif mərhələsindədir, Azərbaycan və onun MDB tərəfdaşları -  Belarus, Tacikistan, Özbəkistan, Qazaxıstan da bu sıraya daxildir.

Maraqlıdır ki, son zamanlara qədər Rusiya Federasiyası ÜTT-nin strukturuna daxil olmayan sonuncu iri iqtisadiyyat idi. Bu təşkilatla və onun sələfi - Tariflər və Ticarət üzrə Baş Sazişlə danışıqlar uzaq 1993-cü ildə başlanıb və bütün bu illər ərzində dəyişən uğurlarla yadda qalıb, əsasən iqtisadi xarakterli  bir sıra problemlərlə üzləşib. 

Bu cür uzun danışıqlar prosesinin kökündə Rusiya sənayesinin, aqrar və maliyyə bölməsinin maraqlarının lobbiləşdirilməsi dururdu. Bu bölmələr dövlət proteksionizmi siyasətinin saxlanmasında həddindən maraqlı idilər. Digər tərəfdən son son illərdə Rusiya Federasiyasında qlobalizm tərəfdarlarının mövqeləri yetərincə güclənmişdi və bu da təsadüfi deyildi, bu zaman Rusiya bazarının maksimum açıq olmasında maraqlı olan iri dünya korporasiyalarının təzyiqindən qaynaqlanırdılar. 

İstənilən halda, böhrandan sonra güclənən yeni meyillər Rusiya rəhbərliyini və onun tərəfdaşlarını Rusiyanın ÜTT-yə qəbul olunması proseduru üzrə danışıqları sürətləndirməyə tələsdirdi. Və nəhayət, 2012-ci il avqustun 22-də Rusiya rəsmi olaraq Ümumdünya Ticarət Təşkilatının 156-cı üzvü sayıldı. 

Baş tutmuş fakta baxmayaraq, ÜTT-yə daxil olmağın üstünlükləri barədə Rusiyanın biznes mühitinin, eləcə də ekspertlərinin fikri birmənalı deyil. Əsas yayılan mövqeyə görə, ÜTT-yə daxil olmağın əlverişli tərəfləri Rusiyanın metallur-giya, kimya və kömür sənayesində, həm də tikinti, yük daşımaları və ticarət sahələrində hiss ediləcək. Amma bu da istisna deyil ki, bir sıra maliyyə-kredit və telekommunikasiya strukturlarının inhisarçı mövqeləri laxlayacaq. Kənd təsərrüfatı sektorunu da ciddi problemlər gözləyir: aşağı səviyyəli texniki təchizat və yüksək istehsal xərcləri Rusiya fermerlərinin məhsullarının bir çox  sahələr üzrə rəqabət qabiliyyətini aşağı salır. İndi ÜTT-yə qəbul olunduqdan sonra Rusiyada idxal meyvələrinin, düyü və düyü ununun, süd məhsullarının, çaxır və pivənin, donuz ətinin, dəniz məhsullarının və s.-in qiymətinin düşməsi gözlənilir. 

"VTO İnform" və "StrategicBusinessSolutions" (SBS) mütəxəssislərinin ilkin hesablamalarına görə, yaranmış durumda Rusiya büdcəsinin müəyyən itkilərə məruz qalması qaçılmazdır. 2020-ci il üçün itkilər ÜDM-in 3%-ə qədər qiymətləndirilir ki, bu da 6,6 trilyon rubldan az olmayacaq. Ekspertlərin fikrincə, bütünlükdə mənfi meyllər üstünlük təşkil edərsə, səkkiz il ərzində Rusiya təxminən 26 trilyon rubl itirəcək. Eyni zamanda, Dünya Bankının (DB) məlumatına görə, Rusiyanın ÜTT-yə girməsi ilk üç ildə ölkəyə hər il ümumi daxili məhsulun (ÜDM) 3,3%-i qədər gəlir gətirəcək. Bu, hər il ticarətin artımı, kapital axını, yeni sərmayə və əmək imkanları hesabına baş verəcək. Özü də müsbət meyillərin saxlanması - xarici ticarət həcmlrinin, vergitutma bazasının və rüsum yığımının artması şəraitndə on ildən sonra gəlirlər ÜDM-in 11%-i qədər artaraq $162 mlrd.-a çata bilər. 

 

Azərbaycan: növbəti raund

İstənilən halda, ÜTT-yə girməyin gəlirləri və itkiləri tam həcmdə özünü yalnız  beş-yeddi ildən sonra, yəni Rusiya üçün xarici dövlətlərlə ticarətini mərhələli liberallaşdırmağa görə verilmiş keçid dövrü bitəndən sonra  göstərəcək. Hələliksə, bundan çox-çox maraqlı məsələ Rusiyanın ÜTT-yə girməsinin Azərbaycanla iqtisadi münasibətlərdə necə əks olunacağıdır. "Bu məsələ ilə bağlı xüsusi dəyişikliklər gözləməyə dəyməz: Rusiya ilə ikitərəfli ticarət sazişləri bağlanıb və bizim ölkə ÜTT-nin üzvü olmasa da, qarşılıqlı ticarət bunun əsasında bundan sonra da əvvəlki şərtlərlə gerçəkləşdiriləcək", - deyə iqtisad elmləri doktoru Oqtay Haqverdiyev vurğulayır. 

Ancaq onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın Rusiya ixracının əsasında qaz ixracı nəzərə alınmamaqla, əsasən, aqrar məhsul durur. Bu sıraya faraş və konservləşdirilmiş meyvə-tərəvəz məhsulu, bitki yağları, pambıq iplik və başqa texniki bitkilər durur, nisbətən az həcmdə əlvan metallar, neft-kimya məhsulları və başqa sənaye malları daxildir. Bu baxımdan çox vacibdir ki, göstərilən keçid dövrü ərzində Rusiyada kənd təsərrüfatı malları üçün idxal tarifi 15,6%-dən 11%-ə düşəcək ki, bu da bizim ölkə üçün Şimal qonşumuza aqrar məhsulların ixracı baxımından elə də pis olmayan perspektivlər açır. Təbii, bir şərtlə ki, həmin müddətə kimi Azərbaycan da ÜTT-nin tam hüquqlu iştirakçısına çevriləcək. 

Hələ ki, Azərbaycan ÜTT-yə daxil olmaq üzrə mürəkkəb danışıqlar aparır, milli iqtisadiyyat üçün mümkün mənfi nəticələri yumşaltmağa nail olmağa çalışır.

Ötən ilin iyul ayında Azərbaycan tərəfi Cenevrədə ÜTT üzvü olan ölkələrlə əmtəə və xidmətlər üzrə ikitərəfli danışıqların növbəti raundunu keçirib. 2012-ci ilin fevral ayında isə Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə doqquzuncu çox tərəfli görüş keçirilib və onun gedişində ABŞ, Avropa Birliyi, Norveç, Kanada, Ekvador və Yaponiya ilə görüşlər olub. Hazırda Azərbaycan, həmçinin Braziliya, Şri-Lanka, Hindistan, Cənubi Koreya, Çinin Tayvan əyaləti, Kanada və İsveçrə ilə də danışıqlar aparır. Artıq Türkiyə, Oman sultanlığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Qırğızıstan ilə  danışıqlar aparılıb və protokollara qol çəkilib. Azərbaycan həm də mövcud ticarət rejiminin təkmilləşdirilməsi və milli hüquqi bazanın ÜTT tələblərinə uyğunlaşması üzrə işləri davam etdirir. Onların sırasına intellektual mülkiyyətin hüquqlarının müdafiəsi, ticarətdə investisiya tədbirləri, tarif və xidmətlər üzrə qanunlar daxildir. Təxminən, 40-50 qanunvericilik aktı təşkilatın tələblərinə uyğun gəlməlidir, 30-a yaxın sənəd artıq unifikasiya edilib. 

Danışıqların növbəti onuncu raundu 2012-ci ilin sonuna kimi baş tuta bilər, amma onun başlanmasına qədər bu ilin sentyabr ayında bütün tələb olunan sənədlər artıq tanışlıq üçün ÜTT üzvü olan dövlətlərin ekspertlərinə təqdim edilib. Amma bununla belə, görünür ki, onuncu raund heç də axırıncı olmayacaq: bizim danışıqlar qrupunun göstərdiyi bu dəqiqlik və hətta ehtiyatlılıq tamamilə özünü doğruldur. İqtisadiyyatın şaxələndirilməsində, xüsusilə də neftdən-kənar sahənin inkişafında Azərbaycanın nəzərəçarpacaq uğurları olmasına baxmayaraq, hələ ki, ölkə ixracının 90%-dən çoxu karbohidrogen xammalın və onun emalı məhsullarının payına düşür. Başqa tərəfdən, bizim ÜTT-yə daxil olmağımıza ciddi fikir ayrılıqları mane olur. Belə ki, Azərbaycan ÜTT-yə inkişaf etməkdə olan ölkə statusu ilə daxil olmaq və uyğun  olaraq aqrar bölmənin inkişafı üçün 10% səviyyəsində subsidiyalaşma limiti əldə etmək istəyir, ÜTT isə yalnız 5%-lik limitə razılaşır. Gömrük baum-tarifləri sahəsində də fikir ayrılıqları var. Nəzərə alınsa ki, bu sahədə hələ kompromis əldə edilməyib, bizim ölkə sadəcə formal ÜTT üzvlüyü xətrinə öz mövqelərindən geri çəkilə bilməz. Sayıqlığı itirmək bizim iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən bank sektoru, kənd təsərrüfatı və s. üçün mənfi nəticələrə gətirə bilər.  

Ümumiyyətlə, obyektivlik naminə həm də bizim ölkənin ÜTT-yə qoşulmasından sonra gələcək bonus və güzəştləri də xatırlatmaq yerinə düşər. "Azərbaycanın ÜTT-yə qəbul edilməsindən sonra AB azad ticarət haqqında saziş üzrə danışıqlara başlayacaq ki, bu da yerli malların Avropa bazarlarına girişini xeyli asanlaşdıracaq", - deyə AB-nin Azərbaycandakı nümayəndə heyətinin başçısı, səfir Roland Kobia bildirib. Onun sözlərinə görə, hərtərəfli azad ticarət zonası yaradılması da daxil olmaqla AB ilə ticari-iqtisadi əməkdaşlığın sonrakı inkişafı üçün ÜTT-yə üzvlük əsas tələblərdən biridir. O cümlədən, AB Azərbaycana aşağıdakı ticarət güzəştləri sistemi təklif edir: bizim ölkədən altı minə yaxın adda məhsul, sanitar və texniki normalara uyğun gələrsə, yəqin ki, vergi tutulmadan AB-yə nəql edilə bilər. 

Uyğun olaraq, ÜTT-yə qoşulmaq haqqında aparılan danışıqların əsas məqsədi bu quruma daxil olan zaman ilk öncə bizim ixracatçılar üçün daha yaxşı münasibətlər əldə etmək, tarifləri azaltmaq və daxili bazarın açılması şəklində etdiyimiz güzəştlərin vurduğu zərəri minimallaşdırmaqdır. Əsas məsələ, qarşıya qoyulan bu məqsədlərin gerçəkləşdirilməsidir. 


MƏSLƏHƏT GÖR:

370