5 Dekabr 2025

Cümə, 20:50

NÖVBƏDƏ LİVANDIR

Suriya münaqişəsi bütünlükdə Yaxın şərq regionunun təhlükəsizliyinə problem yaratmaqdadır

Müəllif:

01.09.2012

Qonşu Livan ərazisinə keçmiş Suriya münaqişəsi bütünlükdə Yaxın Şərq regionunun təhlükəsizliyinə problem yaratmağa başlayıb. Livanda ehtirasların coşmasına İnternetdə yayılmış bir videoçarx səbəb olub. Orada suriyalı yaraqlıların sorğu-sual etdiyi Livan vətəndaşı Həsən əl-Mekdad avqustun əvvəllərində radikal "Hizbullah" hərəkatı tərəfindən Suriyaya göndərilmiş snayper olduğunu boynuna alır. Əl-Mekdad bildirir ki, o, Suriyaya Bəşər Əsəd ordusuna kömək məqsədilə göndərilmiş 1500 döyüşçüdən biridir.

Mekdadın klanı tərəfindən İnternetdə buna cavab olaraq yayımlanmış analoji videoçarxda isə iki oğurlanmış suriyalı yerli telekanalın jurnalistinin suallarını cavablandırarkən Suriya Azadlıq Ordusunun (SAO) üzvü olduqlarını etiraf edir.

Qeyd olunan videomateriallar vasitəsilə qarşılıqlı "lütfkarlıq" edən Livanın əsas siyasi qüvvələri - Livan hökumətinə nəzarət edən və B.Əsəd rejimini dəstəkləyən şiələr, eləcə də Livan şiələrinə müxalifətdə olan, Suriyada mövcud rejimin dəyişməsini istəyən sünnilər praktiki olaraq Livanı iki düşərgəyə bölüb. Livanın "qana-qan" prinsipinə sabiq olan iki güclü siyasi qüvvəsi - şiələr və sünnilər, sözün əsl mənasında, Livanı yenidən vətəndaş müharibəsinin ağuşuna atmaq iqtidarındadırlar. Suriya HHQ-nin Hələbdən şimalda yerləşən Əzaz şəhərinə 40-dan artıq insanın ölümü, 100-dən çoxunun isə yaralanmasına səbəb olmuş iki aviazərbə endirməsi vəziyyəti daha da gərginləşdirib. Aviazərbələrdən sonra belə bir məlumat yayılıb ki, ölənlər arasında hələ mayda Suriyada oğurlanmış 11 livanlı zəvvar da var. Livan prezidenti girovların hamısının sağ olduğunu bəyan edərək, Livanda vətəndaşların və əcnəbilərin təhlükəsizliyini risqə atmamağa çağırsa da, xaos artıq baş qaldırıb. Livanda qarşı-qarşıya duran tərəflər "düşmən" düşərgədən insanları girov götürməyə başlayıb. Suriyalı qiyamçıların girov götürdüyü qohumlarını azad etməyə çalışan qəzəbli şiələr 20-dən artıq insanı oğurlayıblar. Onlar, əsasən, SAO ilə əlaqədə şübhəli bilinən suriyalılardır. Amma girovların arasında 1 nəfər Türkiyədən olan biznesmen və bir Səudiyyə Ərəbistanı vətəndaşı da var.

Bu klanın nümayəndəsi olan R.Mekdad Livandakı Qətər və Səudiyyə Ərəbistanı vətəndaşlarının girov götürülə biləcəyilə bağlı da hədə səsləndirib. Bununla əlaqədar olaraq hər iki ölkə vətəndaşlarını Livana səfərləri təxirə salmağa və ya vətənə qayıtmağa çağırıb. Analoji çağırış BƏƏ və Küveytdən də gəlib.

Livanda durumun gərginləşməsi Yaxın Şərqdə vəziyyətin nəzarətdən çıxması təhlükəsini yaradıb. Region etnik-dini zəmində qarşıdurma zonasına çevrilə bilər. Xüsusilə şiə-sünni qarşıdurmasının yaranma ehtimalı daha böyükdür və bu, bölgəni bir-biri ilə müharibə aparan dövlətlərdən ibarət iki düşərgəyə bölə bilər.

Livanın böyüklüyünə görə ikinci şəhəri olan Tripolidə baş verən toqquşmalarda artıq 10-dan artıq insan həlak olub, 80-dən çoxu yaralanıb. Şəhərin ələvi və sünni məhəllələri arasında yerləşdirilmiş ordu yaraqlıların əsas atəş nöqtələrini susdurmağa çalışır. Ölkənin şimalına əlavə hökumət qüvvələri göndərilir. Dini icmaların liderləri və baş nazir Nacib Mikatinin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşması avqustun 22-dən qüvvəyə minsə də, hələ ki, onun tam olduğunu söyləmək mümkün deyil. Hökumət başçısı etiraf edir ki, sünni qruplaşmaların yalnız 60%-i toqquşmalara son qoymağa razılaşıb.

 

Xarici iz

Livanda baş verənlərdən narahatlığını ifadə edən Moskva tərəfləri zorakılığa son qoymağa və barışığa əməl etməyə çağırıb. Amma Suriya qiyamçılarına və Livan sünnilərinə simpatiyası olan kənar qüvvələrin, ilk növbədə, Səudiyyə Ərəbistanının bu məqamdan yararlanaraq livandaxili məsələlərə müdaxilə etməyə çalışması da mümkündür. Bu, sonda Livanda sünni hökumətinin formalaşması ilə nəticələnə bilər. Belə olarsa, sünnilərin əlinə keçmiş Livan hökuməti Suriyada hakim rejimin təcridini daha da gücləndirəcək və nəticədə ƏDL və İƏT-dən kənarlaşdırıldıqdan sonra, onsuz da ciddi çətinliklərlə üzləşmiş Suriyanın vəziyyətini daha da ağırlaşdıracaq. Livanın yeni hökumətinin "Hizbullah"a qarşı sərt mövqeyi isə bu təşkilatın Bəşər Əsəd rejiminə göstərdiyi dəstək və yardımı xeyli azalda və ya ümumiyyətlə aradan qaldıra bilər. Bu baxımdan, bəzi xarici qüvvələrin və yenə də ilk növbədə, Səudiyyə Ərəbistanının Livanda hakimiyyətə milyarder və siyasi xadim, ölkənin sabiq baş naziri, 2005-ci ilin fevralında qətlə yetirilmiş Rafiq Həririnin (sünni icmasının təmsilçisi) ikinci oğlu Saad Həririnin hakimiyyətə gəlməsində son dərəcə maraqlı olduğu istisna deyil. Səudiyyə Ərəbistanının mərhum kralı Fəhd ilə şəxsi dostluğu ilə də tanınmış R.Həririnin qətli ilə bağlı tribunal "Hizbullah" təşkilatının 5 yüksək rütbəli üzvünə qarşı ittiham irəli sürüb. Amma məlumata görə, Livanın şiə hökuməti məsələ ilə bağlı ədalətli məhkəmə qərarının çıxarılmasına müxtəlif bəhanələrlə mane olur. Qeyd etmək lazımdır ki, mərhum R.Həriri biznesə və böyük siyasətə məhz Fəhdin dəstəyi və xeyir-duası ilə qədəm qoymuşdu. O, qətlə yetirilən zaman isə bu işdə rəsmi Dəməşq günahlandırılırdı. Amma Suriya rəhbərliyi ittihamları qəti şəkildə rədd edir. Bununla yanaşı, R.Həririnin qətlindən sonra dünya ictimaiyyətinin təzyiqi Suriyanı 1976-cı ildən Livanda olan ordusunu oradan çıxarmağa məcbur etdi. Bunda baş nazirlərinin qətli ilə əlaqədar Suriya əleyhinə izdihamlı mitinqlər keçirən Livan müsəlman və xristianlarının birliyi də az rol oynamadı.

R.Həririnin qətlindən sonra onun oğlu Saad atasının Suriya əleyhinə yaratdığı "Tayyar əl-Mustakbal" ("Gələcək uğrunda hərəkat") siyasi hərəkatına başçılıq etməyə başlayıb. O, "Hizbullah" əleyhinə sərt çıxışları ilə də məşhurdur. Maraqlıdır ki, ötən ilin yanvarında Livan prezidenti Süleyman S.Həririyə keçid hökumətində baş nazir səlahiyyətlərini icra etmək hüququ verdi. Bu, hökumətdə müxalifəti təmsil edən 11 nazirin istefasından sonra baş tutdu. O zaman hökumət böhranının səbəbi kimi, Suriya və İranın dəstəklədiyi və "Hizbullah"ın başçılıq etdiyi müxalifətlə Qərbə arxalanan və S.Həririnin başçılıq etdiyi hakim koalisiya arasında R.Həririnin qətlinin istintaqına dair fikir ayrılığı göstərilirdi. Amma 2 həftə sonra yeni kabinetin formalaşdırılması digər milyarder - Nacib Mikatiyə həvalə olundu. Elə həmin vaxt məlum oldu ki, hələ yazda ABŞ, Fransa və Səudiyyə Ərəbistanı Həririni ona sui-qəsdin hazırlandığı haqda xəbərdar edibmiş. Bəzi məlumatlara görə, livanlı siyasətçi məhz təhlükəsizlik baxımından ölkəsini tərk edərək Fransaya gedib. Səudiyyə Ərəbistanında isə o, hər zaman arzulanan qonaq idi. S.Həriri Suriyanın nüfuzlu nəslinin nümayəndəsi olan Lara əl-Azem ilə evlidir.

Beləliklə, Livanda daxili-siyasi vəziyyətin gərginləşməsinin arxasında bu ölkənin başında S.Həriri kimi kolaritli şəxsi görmək arzusunda olan kənar qüvvələrin maraqlarının gizləndiyi istisna deyil. Üstəlik, Suriyanın nüfuzlu klanının yaxın qohumu birmənalı olaraq qərbpərəst siyasət yürüdür və bu baxımdan o, Suriya böhranının həllində də son dərəcə faydalı ola bilər.

 

Yeni "köhnə" vasitəçi 

BMT və ƏDL-in Suriya üzrə xüsusi nümayəndəsi, sülh planı iflasa uğramış Kofi Annanın yerinə Əlcəzairin sabiq XİN başçısı Lahdar Brahiminin təyin olunmasını da Livanda aranın qarışması ilə izah etmək olar. Brahimi vəzifəsinin icrasına sentyabrın 1-də başlayacaq. O, Livan, Əfqanıstan və İraq da daxil olmaqla, dünyada bir sıra ağır münaqişələrin həllində iştirak etmiş aparıcı diplomatlardan biri sayılır. 1989-cu ildə məhz Brahiminin ƏDL-nin xüsusi elçisi qismində vasitəçiliyi ilə Livandakı 15 illik vətəndaş müharibəsinə son qoyan razılaşma imzalanıb.

Maraqlıdır ki, yeni xüsusi nümayəndə ilk olaraq səlahiyyətlərinin və vəzifəsinin adının dəyişdirilməsini istəyib. O, bu istəklərinin səbəbini izah etməyib. Ən maraqlısı isə hələ rəsmən vəzifəsinin icrasına başlamamış L.Brahiminin ilk bəyanatının Suriya müxalifətində ciddi narazılıq yaratmasıdır. Brahimi "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib ki, hələlik vəziyyətin qiymətləndirilməsi, onun Suriya prezidenti Bəşər Əsədin istefaya getməsinin vacibliyini müzakirə etməsi çox tezdir. Diplomatın bu sözləri Suriya Milli Şurasının üzvləri tərəfindən tənqid atəşinə tutulub. Onlar Brahimidən Suriya xalqından üzr istəməsini tələb ediblər: "Brahiminin bəyanatı onun Suriya xalqına hörmət etmədiyini göstərir. Hakimiyyətin başında kimin dayanacağını və ölkəyə necə rəhbərlik edəcəyini yalnız Suriya xalqı müəyyənləşdirəcək".

Brahimi də bu bəyanatı cavabsız qoymayıb: "Üzr istəməli olan Suriya Milli Şurasıdır. O, mənimlə əlaqə yarada və danışa bilər".

Bu mübahisə L.Brahimi ilə Suriya müxalifətinin kompromis əldə edilməsində, Suriya böhranının dinc yolla həlli variantlarının axtarılmasında ortaq məxrəc tapmalarının asan olmayacağını göstərir.

Rəsmi Dəməşq isə vitse-prezident F.Şaraa vasitəsilə təcrübəli əlcəzairli diplomatın BMT və ƏDL-in Suriya üzrə xüsusi nüma-yəndəsi təyin olunmasını alqışlayıb. Şaraa Brahiminin BMT TŞ-də birlik görmək arzusunu dəstəklədiklərini, bunun diplomata vasitəçilik missiyasını maneəsiz həyata keçirməkdə kömək edəcəyini bildirib.

L.Brahiminin bu posta təyinatı Vaşinqton, Brüssel, Moskva və Pekin tərəfindən də alqışlanıb.

BMT baş katibi, fövqəldövlətlər və Suriya hökumətinin nikbinliyinin nə qədər əsaslı olduğunu isə yaxın gələcək göstərəcək.



MƏSLƏHƏT GÖR:

554