25 Noyabr 2024

Bazar ertəsi, 00:59

İNVESTİSİYA ÜÇÜN ALTERNATİV

PİF-lər əhalinin "gizlədilmiş" vəsaitlərini iqtisadiyyata cəlb edə bilər

Müəllif:

29.07.2014

Son illərdə Azərbaycanın bank sektorundakı ciddi inkişafa baxmayaraq, əhalinin "artıq" gəlirlərin bank depozitlərində saxlanılmasına marağı hələ də lazımi səviyyədə deyil. Hazırda əhalinin ötən il əldə etdiyi 37,6 milyard manatlıq gəlirinin yalnız dörddəbir hissəsi (9,4 milyard manat) banklara  yönəldilib. Bu vəziyyət ortaya bir sıra problem çıxarır. Onların arasında, vətəndaşların yığdığı vəsaitin sərmayəsi üçün alternativ mexanizmlərin tətbiqi də var.

 

 Avropanın və ABŞ-ın "izi ilə" 

Sığortalanan əmanətlərin məbləğinə məhdudiyyətlərin olduğunu nəzərə alsaq (Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (ADIF) yalnız 30 min manatdan artıq olmayan bank əmanətlərini sığortalayır), daha böyük kapitala malik şəxslər ya vəsaitlərini banklara bir neçə hissəyə bölərək yerləşdirməlidirlər, ya da alternativ kapital qoyuluşu aləti tapmalıdırlar. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti  Samir  Əliyev isə "R+"a açıqlamasında əhali arasında belələrinə çox rast gəlinmədiyini bildirib: "Hələlik əhali arasında iki kapital qoyuluşu aləti populyardır. Bir halda onlar vəsaitlərini banka qoyur, digər halda isə daşınmaz əmlakın alınmasına xərcləyir. Azərbaycan şəraitində bu da rentabelli sahədir".

Müxtəlif ölkələrdə isə ev təsərrüfatı üçün müxtəlif kapital qoyuluşu alətləri mövcuddur. Onlardan biri də pay investisiya fondlarıdır (PİF). Belə fondların əmlakı investorların vəsaiti hesabına formalaşır və ixtisaslaşmış şirkət tərəfindən etibarlılıq əsasında idarə olunur. PİF hüquqi şəxs yaradılmadan formalaşır və orada hər  investorun müəyyən payı olur.

ABŞ-dakı investisiya fondları arasında ən çox yayılanı idarə şirkətləridir. Səhmdar cəmiyyət olan bu şirkətlərə pul yatırılması onun səhmlərinin alınması ilə mümkündür. Səhmdar gəliri dividend şəklində və səhmlərin qiymətinin bahalaşması vasitəsilə əldə edir. İdarə şirkətləri ya açıq investisiya şirkəti və ya qarşılıqlı fond (mutual funds), ya da qapalı investisiya şirkəti, yaxud da qapalı tipli trast kimi fəaliyyət göstərir. İnvestisiya şirkətləri arasında ən populyarı qarşılıqlı fondlardır - 93,3%.

Avropada investisiya fondlarının fəaliyyətinin spesifikliyini həmin regionun xüsusiyyətlərindən asılıdır. Avropa İttifaqı ölkələrində UCITS - Undertaking for Collective Investment in Transferable Securities ("Qiymətli kağızlara kollektiv sərmayə qoyuluşu haqda saziş") konsepsiyası tətbiq olunub. Sənədə əsasən, UCITS-dən investisiya resurslarının açıq cəlbi, riskin şaxələndirilməsi prinsipinə əməl olunması, investorların tələbi ilə fondun qiymətli kağızlarının alınması tələb edilir. İnvestisiya   Fondunun hüquqi forması isə müqavilə, trast və ya korporativ ola bilər. Beləliklə, əslində, UCITS ABŞ-ın qarşılıqlı fondları, başqa sözlə, PİF-ləri xatırladır. Hazırda Aİ ölkələrinin bütün investisiya fondları arasında UCITS aktivlərinin payı, təxminən, 80% təşkil edir.

Samir  Əliyevin sözlərinə görə, bu sahədə Azərbaycan da Avropa və ABŞ-ın "izi ilə" gedir. "Ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, nəticədə, əhalidə böyük həcmdə sərbəst  vəsaitlər toplanır. Bununla əlaqədar olaraq, ev təsərrüfatlarının alternativ  kapital qoyuluşu alətlərinə, o cümlədən PİF-lərə ehtiyacı yaranır. Bir tərəfdən PİF-lər əhalinin "gizlədilmiş" vəsaitlərini iqtisadiyyata cəlb edə, digər yandan onların ölkə iqtisadiyyatına daha effektiv dönüşünü təmin edə bilər. Bununla yanaşı, PİF-lər Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına da təkan olardı", - deyə S. Əliyev qeyd edir.

 

Minimal  risklər, maksimal  imkanlar

Azərbaycanda ilk PİF-lər artıq yaxın zamanlarda yaradılacaq. Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin lisenziyalaşdırma və nəzarət şöbəsinin müdiri səlahiyyətlərini icra edən Cavid Nəzərov "R+"a bildirib ki, onların fəaliyyəti üçün hüquqi baza hələ 2010-cu il oktyabrın 22-də hazırlanıb. Baza dövlət nəzarətinin hüquqi və iqtisadi əsasını özündə əks etdirir; onların təşkili, idarə olunması və sadələşdirilməsi qaydalarını aydın şəkildə göstərir. Bundan başqa, qüvvədə olan bir sıra normativ sənədlər investisiya fondlarının hesabatlarını, kapitalın formalaşdırılmasını, terrorçuluğun maliyyələşdirilməsi və "çirkli pullar"ın yuyulması ilə mübarizəni, xarici auditin təşkilini tələb edir.

Azərbaycan qanunvericiliyinə əsasən, investisiya fondları səhmdar təşkilatlara və pay fondlarına bölünür. "PİF-lər öz növbəsində açıq, aralıq və qapalı formada yaradılır. Bununla yanaşı, PİF-lərin investisiyalaşdırılması diapazonu kifayət qədər  genişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, açıq və aralıq investisiya fondları daşınmaz əmlaka investisiya yatıra bilməz. Qapalı PİF-lərin isə bank depozitlərinə, dövlətə və bələdiyyələrə məxsus qiymətli fondlara, korporativ qiymətli kağızlara, daşınmaz əmlaka, hüquq şəxslərin nizamnamə kapitalında payçı kimi iştirakına investisiya yatıra  bilər", - deyə C. Nəzərov  bildirir.

Onun sözlərinə görə, qanunvericilikdə investisiya fondları üçün investisiyaların həcminə heç bir məhdudiyyət qoyulmur: "Lakin PİF-lərin sahib olduqları aktivlərin strukturunda riskləri azaltmaq üçün bəzi tələblər mövcuddur. Onlar maliyyə sabitliyinin  təmininə, fondların düzgün şəkildə fəaliyyət göstərməsinə hesablanıb. Məsələn, bir kredit təşkilatında yerləşdirilmiş  depozitlərin xüsusi çəkisi fondun bütün aktivlərinin 25%-ni ötməməli, yaxud pul vəsaiti fondun bütün aktivlərinin 30%-dən çox olmamalıdır. Bu tələblərə fondların fəaliyyətinə məhdudiyyətlərin tətbiqi kimi baxmaq olmaz. Onlar fondların fəaliyyətindəki risklərin sığortalanması məqsədilə irəli sürülür".

İnvestisiya fondlarının gəlirləri onların fəaliyyət  sahəsindən və risklərindən asılıdır. "Risklərin azlığı daha az gəlir deməkdir. Böyük gəlirlər ardınca qaçanlar da böyük riskləri gözə almalıdırlar. Amma risklər düzgün hesablanmalı, onların idarə olunması üçün lazımi tədbirlər görülməlidir", - deyə C. Nəzərov bildirir.

Səhmdar İnvestisiya Fondunun yaradılması və İnvestisiya Fondunun aktivlərinin idarə olunması üçün Azərbaycanda lisenziya mütləqdir (PİF-lər dövlət qeydiyyatından keçməlidirlər). Fəaliyyətə başlanılması üçün müəyyən təşkilati işlər görülməlidir. Səhmdar İnvestisiya Fondunun yaradılması ilə bağlı müraciət  2 mərhələdən ibarətdir və ümumilikdə, bu proses, təxminən, 4 ay vaxt aparır.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin proqnozlarına görə, Azərbaycanda PİF-lərin yaradılması ölkə iqtisadiyyatına, o cümlədən qiymətli kağızlar bazarının inkişafına müsbət təsir göstərəcək. Çünki C.Nəzərovun qeyd etdiyi kimi, bu fondlar ölkə iqtisadiyyatının şaxələndirilməsinə, maliyyə axınının müxtəlif sektorlara yönəldilməsinə yardım edəcək. Bundan başqa, PİF-lər əhalini müxtəlif kapital qoyuluşu mənbələrindən istifadəyə stimullaşdıracaq.

Beləliklə, ölkədə PİF-lərin tammiqyaslı inkişafı ilə, hətta vəsaiti o qədər də böyük olmayan adi vətəndaşlar belə, yüksək gəlirli iri şirkətlərin səhmdarına çevrilə, səhmlər ala biləcəklər. Təklikdə onların çoxunun buna pulu çatmır.

 

 

PİF-lərin TARİXİ

Pay investisiya fondlarının tarixi XIX əsrə gedib çıxır. İlk investisiya fondları 1822-ci ildə Belçikada, 1849-cu ildə İsveçrədə və 1852-ci ildə Fransada yaradılıb. ABŞ-da ilk investisiya fondu 1860-cı ildə fəaliyyətə başlayıb. O, korporativ investisiya fondu idi.

ABŞ və Avropada investisiya fondları sənayesinin ən sürətli inkişafı İkinci dünya müharibəsindən sonraya təsadüf edir. XX əsrin sonlarında onlar dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatında önəmli rol oynamağa başlayıb və  hazırda dünyada investisiya fondlarının aktivlərinin əsas hissəsi açıq fondların payına düşür.


MƏSLƏHƏT GÖR:

586