
GÜRCÜSTAN SEÇİM QARŞISINDA
Giya Nodiya: "Parlament seçkisindən sonra sabitlik pozula bilər"
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Gürcüstan Mərkəzi Seçki Komissiyası payızda keçiriləcək parlament seçkisinə 2 blok və 21 partiya buraxıb. Daha 8 partiya isə qeydiyyata alınmayıb.
Seçkiqabağı mübarizənin ən qızğın dövründə ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosu (DİİHB) rəsmən seçkiyə müşahidə missiyasına start verib.
Gürcüstan prezidenti Mixail Saakaşvili isə ATƏT missiyasına seçkiqabağı dövrdə müxalifəti narahat edən çatışmazlıqların aradan qaldırılacağına şəxsən söz verib.
Səsvermənin nəticələri və postseçki dövrünün necə ola biləcəyi haqda Gürcüstanın sabiq təhsil naziri, Qafqaz Sülh, Demokratiya və İnkişaf İnstitutunun direktoru, Tiflis Fəlsəfə İnstitutunun şöbə müdiri, politoloq Giya Nodiya ilə söhbətləşdik.
- Gürcüstanda oktyabrın 1-də keçiriləcək parlament seçkisi kampaniyasına start verilib. Yeni parlamentdə qüvvələr nisbətinin necə olacağı gözlənilir?
- Bu yaxınlarda keçirilmiş sosioloji rəy sorğularının nəticələrinə əsasən, hakim partiyanın reytinqi kifayət qədər yüksəkdir. Seçicilərin, təxminən, 40%-i "Vahid milli hərəkat" partiyasını dəstəkləyir. Əsas müxalifət partiyası olan "Gürcü arzusu"nu dəstəkləyənlər 20% təşkil edir. Amma sorğuda hələ seçimini müəyyənləşdirməmiş çoxsaylı insan da iştirak edib. Odur ki, seçkinin nəticələri ilə bağlı birmənalı proqnoz vermək çətindir. Lakin hakim partiyanın qələbə qazanacağı daha çox ehtimal olunandır.
Cəmiyyətdə qütbləşmənin dərin olması narahatlıq yaradır. Əsəblər tarıma çəkilib. Mütəmadi olaraq toqquşmalar baş verir. Seçkiyədək ciddi insidentlərin yaşanacağını düşünmürəm. Amma müxalifət seçkini uduzarsa və nəticələri qəbul etməzsə, səsvermədən sonra hər şey ola bilər. Müxalifət artıq indidən sorğuların nəticələrinə inanmadığını bəyan edib. Onlar tərəfdarlarını böyük üstünlüklə qələbə qazanacaqlarına əmin edir. Yəni, potensial olaraq müxalifət seçkinin nəticəsini tanımır və bu, narahatlıq yaradır.
- Yaradılmış şərait azad və ədalətli seçkinin keçirilməsinə imkan verirmi?
- Əla şəraitin yaradıldığını söyləmək çətindir. Seçki prosesindən narazı olanlar var. Müxalifət tərəfdarlarının sıxışdırıldığına dair xəbərlər də. Hakim partiya KİV səviyyəsində üstünlüyə malikdir. Çünki bütün ölkə ərazisində yayımlanan daha populyar telekanallar hakimiyyəti dəstəkləyir. Amma müxalifəti dəstəkləyən telekanallar da var. Artıq bütün telekanalların üzərinə müxalifətin də seçki kampaniyasının işıqlandırılması öhdəliyini qoyan qanun qüvvəyə minib. Ümumilikdə qanun əhalinin seçkidə iştirak edən bütün partiyalar haqda məlumat almaq imkanlarını genişləndirir. Belə deyək: seçkidə tam bərabər şərait yoxdur, amma müxalifətin öz mesajlarını, çağırış və vədlərini vətəndaşlara çatdırmaq üçün yetərli imkanları var. İstənilən halda, rəqabət kifayət qədər yüksəkdir.
- Seçkiyə qatılanlar arasında Gürcüstanın xarici siyasi kursunun dəyişməsini vacib sayan partiyalar varmı? Məsələn, Rusiya ilə yaxınlaşma istiqamətində...
- Hakim partiyada elə siyasətçilər var ki, "Gürcü arzusu"nun liderlərini Rusiyanın adamı və ya əhalinin Rusiya ilə münasibətlərin yaxşılaşmasını prioritet sayan təbəqəsinin əhval-ruhiyyəsinin ifadəçisi sayır. Müxalifət lideri İvanişvili çıxışlarında NATO-ya üzvlüyə, Avropa İttifaqına inteqrasiyaya tərəfdar olduğunu bildirsə də, onun bu istiqamətdəki ritorikası o qədər də ardıcıl xarakter daşımır. Düşünmək olar ki, o, qələbə qazanacağı təqdirdə Gürcüstanın xarici siyasi kursunu dəyişməyə çalışacaq. Amma seçkidə müxalifətin qalib gələcəyi təqdirdə ölkənin hansı xarici siyasi kursu götürəcəyinə dair tam aydın fikir yoxdur.
Gürcüstan Leyborist Partiyası da var. O, açıq şəkildə rusiyapərəst mövqedən çıxış edir və NATO-ya, Aİ-yə inteqrasiyanın əleyhdarıdır. Amma bu partiyanın qələbə şansı çox azdır. Seçkidə iştirak edən partiyalar arasında məhz xarici siyasi kurs əsas bölücü xətlərdən biridir.
- Söhbətimizin əvvəlində seçkidən sonra hakimiyyətlə müxalifət arasında insidentlərin istisna olunmadığını dediniz. Bu özünü nədə göstərə bilər?
- Seçkidən sonra Gürcüstanda sabitliyin pozulması, hansısa etirazlar mümkündür. Amma onların cəmiyyətin, xarici müşahidəçilərin necə qiymətləndirəcəyindən çox şey asılıdır. Müxalifətin seçkinin nəticəsinə etiraz etmək istəyi başadüşüləndir. Eyni zamanda seçkidən sonra hadisələrin inkişafı əhalinin nəticələri demokratik və seçicilərin iradəsini əks etdirən sayıb-saymayacağından açılıdır.
MƏSLƏHƏT GÖR: