Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycanda mobil telefonların qeydiyyatının yeni qaydalarının tətbiqinə hazırlaşırlar. İndən belə ölkəyə gətirilən, ticarət və istehlakçı dövriyyəsində olan bütün mobil telefonların, smartfonların, GSM modullu planşet kompyuterlərin və 3G USB-modemlərin IMEI-kodlarının qeydiyyatı məcburidir. Gözlənilir ki, yaxın aylarda layihənin test variantı sınaqdan keçiriləcək, bu ilin payızında isə qeydiyyat sistemi tam gücü ilə işləyəcək.
Oğurluğa və saxtalığa qarşı
Azərbaycanda mobil telefonların IMEI-kodlarının qeydiyyatı sisteminin formalaşması üzrə işlərə üç il bunan qabaq başlanılıb və bu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) və bir sıra yerli IT şirkətlərinin səyləri ilə gerçəkləşdirilib. Ancaq bu fəaliyyət yalnız keçən ilin dekabr ayında Azərbaycan Nazirlər Kabineti tərəfindən mobil qurğuların qeydiyyatı üzrə yeni qaydalar təsdiq edildikdən və ölkədə yaradılan Mobil Qurğuların Qeydiyyatı Mərkəzinin (MQQM) vəzifələri müəyyənləşdirildikdən sonra ictimai əks-səda qazanıb. Həmin vaxtdan IMEI-kodların qeydiyyat sisteminin gözlənən işə salınması yerli KİV-in və ictimaiyyətin diqqət mövzusu oldu. Mobil qurğuların qeydiyyatı qaydalarının dəyişməsinin məqsədi nədir, MQQM sistemi necə işləyəcək?
IMEI-kodların qeydiyyatı sisteminin tətbiqi ideyası saxta və oğurlanmış mobil qurğuların ticarəti üzrə qlobal problemlə üzləşmiş bir çox dünya ölkələrində yetərincə çoxdan müzakirə edilir. IMEI-kodların qeydiyyatı sisteminin mexanizmini formalaşdırmış ilk ölkələr sırasında Böyük Britaniyanı, Ukraynanı və Türkiyəni göstərmək olar. Tezliklə onların sırasına bizim ölkə də qoşulacaq. Bu cür sistemin formalaşmasının layihələşdirilməsi imkanına həmçinin ABŞ, Hindistan, Rusiya, Baltikyanı dövlətlərdə və s.-də də baxırlar.
Bu cür mexanizmlərin, o cümlədən bizim ölkədə işlənmiş sistemin əsas cəhəti mobil rabitə operatorlarının GSM şəbəkələrini istifadə edilən mobil qurğuların bütün tiplərinin məcburiləşdirilməsi və nəzarətin avtomatlaşdırılmasıdır. Nəzarətin baza elementi kimi, IMEI-kodlar (International Mobile Equipment Identity), yəni mobil avadanlığın beynəlxalq identifikatoru götürüləcək. Hər bir məhsul üçün istehsalçı zavod tərəfindən fərdi verilən kod aparatın haşiyəsində saxlanılır və klaviatura ilə *#06# yığmaqla ekrana çıxır.
Bu rəqəm sırası, həmçinin akkumulyator batareyasının altında, bağlamada və zəmanət talonunda da yazılır. IMEI-kod həm də aparatın seriya nömrəsi rolunu oynayır və hər dəfə qoşulanda efirə verilir, həm də aparat üçün avtorizasiyanı təmin edir ki, onun yardımı ilə aparat asanlıqla izlənə bilər və onun oğurlanması halında mobil rabitə operatoru səviyyəsində bloklaşdırıla bilər.
Bu sistemin üstünlüyü ondadır ki, IMEI-kodların identifikasiyası heç cür mobil rabitə operatorlarının SIM-kartları (telefon nömrələri) ilə heç əlaqəli deyil ki, bu da oğurlanmış aparatlara, hətta başqa operatorların "SİM kartları" qoyulsa belə, aparatı işlətmək mümkün olmayacaq. Bu sistemin effektivliyini, o cümlədən Türkiyənin təcrübəsi də sübut edir. Bu ölkədə mobil telefon oğurluğu göstəricisi 90%-dən çox aşağı düşüb. Azərbaycanda da sistem işə düşəndən sonra, mobil rabitə oğurluğu mənasız bir işə çevriləcək. Çünki polisdən bir arayış yetərlidir ki, operator bir neçə dəqiqənin içində itmiş telefonu şəbəkə xidmətlərindən silsin. Sonra bütün itmiş telefonların ІMEІ-kodları "qara siyahı"ya salınacaq və onların gələcək istifadəsi və ya satılması mümkün olmayacaq.
Bu mexanizm vasitəsilə tanınmış brendlərin məhsulunun saxtalaşdırılması ilə Hind-Çinin və Cənub-Şərqin başqa dövlətlərində gizli sexlərdə yığılmış qaçaqmalı məhsullarının ölkəyə gətirilməsinin qarşısını da almaq mümkün olacaq. Son illərdə köhnə firma telefonlarını alıb içərisindəki elektron qurğuları istifadə edərək köhnə korpusların və klaviaturaların dəyişdirilməsi yolu ilə geniş şəkildə ölkəyə gətirilən mobil telefonlar da saxta sayıla bilər. Bu praktika geniş yayılıb və ikinci dəfə həyata başlamış bu aparatlar qablaşdırılır və dəstləşdirilir, sonra satışa çıxarılaraq yeni telefon qiymətinə satılır.
Nəhayət, IMEI-kodların identifikasiya sistemi bazarımıza az tanınan istehalçıların girişinin qarşısını da alacaq. Bir qayda olaraq, bu cür telefonlar beynəlxalq və milli sertifikatlaşma prosedurlarından keçmir və onların yığılması zamanı istifadəçinin sağlamlığına və rahatlığına təhlükə törədən yararsız qovşaq və detallardan istifadə edilir. Söhbət hər şeydən öncə, Çinin "brendsiz" telefon istehsalçılarından gedir. Belə telefonlarda casus proqramları yazıla bilər, onlar radioşüalanma səviyyəsinə görə təhlükəsizlik normalarına uyğun gəlmir. Bəzən dəstə daxil olan akkumlyatorların yanması və hətta partlaması da baş verir. Nəhayət, bu cür saxta telefonlar təhrif olunmuş tezlik diapazonları ilə işləyir, bu da başqa tezliklərdə işləyən qurğular üçün maneə yaradır.
Qara, boz və ağ
IMEI-kodların identifikasiyası funksiyasını birbaşa Azərbaycanda layihələndirilmiş aparat-proqram mexanizmi - EIR (Equipment Identity Register) sistemi gerçəkləşdirəcək. Onu MQQM-lərin ürəyi və beyni adlandırmaq olar. Bu kompleksin vəzifəsi efirə çıxan mobil qurğuların vahig göstərici bazası reyestri ilə identifikasiya etməkdir. Əgər bu aparatlardan hər hansı biri icazə verilmiş siyahıda olmasa, onda avtomatik olaraq şəbəkədən çıxarılacaqlar.
Ölkəyə gətirilən mobil telefonlara nəzarət və onların qeydiyyata salınması həm gömrük xidməti, həm də birbaşa operatorun şəbəkəsinə qoşulan zaman gerçəkləşdiriləcək. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında artıq ölkəyə gətirilən mobil telefonların IMEI-kodlarının könüllü qeydiyyatı imkanı yaradılıb. Göstəricilər bazasına topdansatış və ya tək nümunə ilə gətirilməsindən asılı olmayaraq, gömrük sərhədini keçmiş bütün mobil telefonlar düşəcək.
Bu günə kimi IMEI-kodların göstəricilər bazasında son 2-2,5 il ərzində respublikaya gətirilmiş iki milyona yaxın mobil telefon qeydiyyatdan keçirilib. Bütün bu aparatlar şəbəkədə aktivdir. Tezliklə bu siyahıya ilin əvvəlindən mobil rabitə operatorları tərəfindən qeydiyyata alınan yeni telefonlar da daxil olacaq. Ümumilikdə, ilkin mərhələdə bu sistem 10 milyona yaxın telefonu əhatə edəcək ki, onun 70%-ni bu və ya başqa dərəcədə fəal istifadə edilən aparatlar sırasına salmaq olar. Bazaya qeyd edilən telefonların kodları heç vaxt silinməyəcək. Amma sadə vətəndaşlar telefon alan zaman telefonun IMEI- kodlarını mərkəzləşmiş reyestrdə olan məlumatla tutuşdurmalıdırlar. ІMEІ-kodun yoxlanılması üçün ümumiləşdirilmiş göstərici bazasına giriş ya istənilən mobil rabitə operatorunun kiçik nömrəsinə SMS məlumat vasitəsilə, ya da bu cür məlumata ümumi girişə imkanı olan internet-resurs vasitəsi ilə gerçəkləşdiriləcək.
Ümumiyyətlə, yeni qaydalar tətbiq edilənə qədər rəsmi distribüterlərdən tanınmış brendlərin mobil telefonlarını satın almış abunəçilərin telefonlarının söndürülməsi ehtimalı minimaldır. Çünki həmin dövrdə şəbəkədə olmuş bütün aparatlar avtomatik olaraq, sahiblərinin heç bir əlavə bildirişi olmadan, göstəricilər bazasına daxil ediləcək və leqal sayılacaq. Göstəricilər bazasının formalaşdırılması mobil qurğular bazarının həcm göstəricilərini təhlil etməyə, leqal və qaçaqmal məhsulların sayını müəyyən etməyə və s.-ə imkan verəcək.
Yeri gəlmişkən, Azərbaycanda üç tipdə IMEI-kod siyahısının - "qara", "boz" və "ağ" siyahıların tətbiq edilməsi planlaşdırılır. 2009-cu ildən bu yana ölkəyə gətirilmiş və indi gətirilən telefon aparatları və GSM qurğuları bu siyahılara salınacaq. Uyğun olaraq, birinci kateqoriyaya işlədilməsinə icazə verilməyən, yəni oğurlanmış və qaçaqmal gətirilmiş cihazların IMEI-kodları daxil ediləcək. "Ağ" siyahılara isə leqal yollarla alınaraq ölkəyə gətirilmiş qurğular aid olacaq. "Boz" siyahıya isə reyestrə daxil edilməyən və mənşəyi şübhə yaradan mobil qurğuların IMEI-kodları daxil edilən aralıq siyahısıdır. Ancaq "boz" kateqoriyaya daxil olan aparatlar müəyyən yoxlamalardan sonra, "ağ" siyahıya salına bilər, özü də yoxlama proseduru və qeydiyyat pullu olacaq.
İstisna deyil ki, ayrıca lokallaşdırılmış "ağ" siyahı yaradılacaq. Buraya Beynəlxalq GSM Assosiasiyası tərəfindən müəyyən edilməyən IMEI-koda və ya kodlara malik telefonlar, həmçinin ölkədə müvəqqəti olan xarici qonaqların telefonları və s. daxildir.
Bizim ölkəyə daxil olan xarici qonaqlar "qonaq mobil abunəçi" statusu alırlar, özü də onların telefonlarına beynəlxalq rouminq aparatları kimi xidmət göstəriləcək və mərkəzləşdirilmiş reyestrlərə daxil edilməyəcək. Ümumiyyətlə, başqa variantlar da əlçatar olacaq: əgər bizim qonaqları rouminq qiymətləri razı salmasa, onda onlar müvəqqəti SIM-kartla ucuz aparat ala bilərlər.
Türkiyədə olduğu kimi, Azərbaycanda da göstəricilər bazasının baş mərkəzi struktural olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) tabe olacaq və yerli üç mobil rabitə operatorunun üçünə də xidmət göstərəcək. Bu, iqtisadi və təşkilati baxımdan əlverişli olacaq. Çünki operatorlar ayrı-ayrılıqda avadanlıq almağa və sistemləri üçün proqramlar işləməyə məcbur olmayacaq.
Maraqlıdır ki, mobil telefonlar üçün IMEI-kodların qeydiyyatı sisteminin qurulması üzrə Azərbaycanın texniki, təşkilati və hüquqi təcrübəsi ilə postsovet məkanının bir sıra dövlətləri maraqlanır. O cümlədən, Qazaxıstanın, Moldovanın, Belarusun və Rusiyanın rabitə qurumlarının və mobil operatorlarının təmsilçiləri yerli EIR-sistemin texniki qurulmasını yerinə yetirən Azərbaycan sistem inteqrator şirkəti "Simbrella" ilə məsləhətləşmələr aparır.
Hazırda rabitə operatorları və mərkəzi EIR-sistemin quraşdırıldığı RİTN əlaqələndirilmiş şəkildə finiş xəttinə çıxır. Qeydiyyat sisteminin test buraxılışı yaxın zamanlara gözlənilir, bu ilin payızında isə o, tam gücü ilə qüvvəyə minəcək.
MƏSLƏHƏT GÖR: