Müəllif: Nurlanə QULİYEVA Bakı
Bu yay Azərbaycanın bank sektoru üçün doğrudan da həddindən qızmar oldu. İki bankın müflisliyi ətrafında sürətlə inkişaf edən hadisələrin başlamasında və Mərkəzi Bank (AMB) tərəfindən, demək olar ki, taleyüklü qərarların qəbul edilməsində müəyyən gözlənilməzlik effekti olsa da, əslində, bunlar proqnozlaşdırılan idi. Beləliklə, cürətlə demək olar ki, bank bölməsinin keyfiyyətcə yeni inkişaf mərhələsi başlayıb və yaxın illərdə biz burada tamamilə maraqlı meyillərin və hadisələrin şahidi olacağıq.
Birinci hələ hamısı deyil
Hər şey ondan başladı ki, iyulun 12-də AMB öhdəlikləri yerinə yetirə bilmədiyi üzündən, Azərbaycan "RoyalBank"ının lisenziyasını ləğv etdi. AMB-nin rəsmi məlumatında isə konkret olaraq, "məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə" görə bank lisenziyasının ləğv edilməsi göstərilir. Artıq iyulun 13-də "RoyalBank" ASC-yə müvəqqəti inzibatçı təyin edilib. Bundan başqa, Mərkəzi Bank məhkəmə orqanlarına bankın müflis elan edilməsi və kreditorları qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi barədə müraciət edib. Bakı 1 saylı inzibati-iqtisadi məhkəməsinin 25 iyul tarixli qərarı ilə "RoyalBank" ASC müflis elan edilib, "Azerbaijan Consulting Company" MMC isə bankın likvidatoru sayılıb.
Məlumat üçün deyək ki, "RoyalBank" 2 avqust 1993-ci ildə "OZ Bank" birgə kommersiya bankı kimi təsis edilib. Müflisləşməyə qədər Bakı və ölkənin rayonlarında 32 filialı var idi, həmçinin "RoyalCard" prosessinq mərkəzi onun mülkiyyəti sayılırdı. Bankın səhmdarları Azərbaycanın 2 hüquqi və 79 fiziki şəxsləri idi. Bununla yanaşı, "RoyalBank" artıq uzun müddət idi yerli bankların reytinq listində axrıcı yeri tuturdu və ili güc-bəla ilə başa vururdu. Amma buna baxmayaraq, 6 mindən çox əmanətçi öz pullarını orada saxlamaqda davam edirdi.
Bankın müflisliyinin fonunda məhz onların, daha doğrusu, onların əmanətlərinin taleyi bu əhvalatın ən maraqlı məqamıdır. Məsələ bundadır ki, "RoyalBank" Azərbaycan Əmanətlərin Sığortası Fondunun (ADIF) üzvüdür. Bu, fondun tarixində onun üzvünün ilk müflislik halıdır, həm də, əslində, qurumun öz effektivliyini və sürətli qərarvermə qabiliyyətini nümayiş etdirmək imkanıdır.
Sözün düzünü demək lazımdır, ADIF ilk imtahandan uğurla çıxdı. Düzdür, əmanətlərin qaytarılması hələ başa çatmayıb, amma qısa müddətdə lazımi qərərlar verilib və tədbirlər görülüb, bankın müflis elan edilməsindən bir-iki həftə sonra real proses başalyıb ki, bu da fond üçün yaxşı göstəricidir.
Artıq iyulun 18-də ADIF-in himayə şurası sığorta edilmiş əmanətlər üzrə "RoyalBank" əmanətçilərinə kompensasiya dəyəcək agent bankları müəyyən edib. Konkret olaraq, agent banklar kimi "Muganbank", "Bank Respublika" və "AGBank" seçilib. ADIF-in məlumatına görə, "RoyalBank" əmanətçilərinin 98%-i fond tərəfindən sığorta olunub və mövcud qaydalara görə, 30 min manata qədər olan əmanətlərə görə, əmanətçilər kompensasiyanı tam həcmdə alacaqlar. Həmçinin, yada salaq ki, ADIF-ə üzv banklarda yerləşdirilmiş depozitlərin illik faiz dərəcəsi 12%-dən yüksək olduqda fond tərəfindən sığortalanmırlar və onlara görə kompensasiya ödənişi nəzərdə tutulmur.
Kompensasiyaların verilməsinə 1 avqust 2012-ci il tarixdən başlanıb və "RoyalBank" əmanətçilərinin hesabları tamamilə bu üç qurum arasında paylanıb. Əmanətçilərin rahatlığı üçün həm də agent bankların "RoyalBank" filiallarına xidmət edəcək filiallarının ünvanlarının yer aldığı bukletlər də hazırlanıb. Bukletlərdə həmin filialların xəritədəki yeri, həmçinin kompensasiyaları almaq üçün təqdim edilməli sənədlərin siyahısı göstərilib. Bununla yanaşı, o cümlədən "RoyalBank"ın keçmiş filiallarına da ərizə formaları və onların doldurulma nümunələri də paylanıb.
ADIF-in icraçı direktoru Azad Cavadovun sözlərinə görə, 6255 əmanətçiyə toplam məbləği 17,223 mln manat olan vəsait ödənməlidir. Uyğun olaraq, "RoyalBank"ın 33 filialındakı əmanətçilərin hesabları xidmət göstərilmək üçün üç agent bankın 27 filialına keçiriləcək. Kompensasiya edilən depozit portfelinin valyut tərkibi də aşağıdakı şəkildə olacaq: milli valyutada əmanətlər - 9,620 mln manat, dollar əmanətləri - $8,281 mln və avro əmanətləri 1,141 mln avro.
Nəzər alınsa ki, əmanətlərin qaytarılması prosesi sürətlə gedir, onda bunun sentyabr ayına qədər tamamilə başa çatd?ğını düşünmək olar, yəni haradasa cəmi bir ay çəkər. Fondun bu sahədə indiyə kimi real təcrübəsi olmadığı nəzərə alınarsa, bu, yetərincə yaxşı müddətdir. Qeyd edək ki, qalan əmanətlər, yəni ADIF tərəfindən sığorta edilməmiş əmanətələrin, həmçinin bütün qalan kreditor tələblərinin ödənməsi isə "RoyalBank"ın toplanan aktivlərinin hesabına gerçəkləşdiriləcək.
İyulun sonunda isə, yəni "RoyalBank" haqqında qərardan bir neçə həftə sonra, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi "Birlikbank" ASC-ni müflis elan edib və onun müflislik prosedurlarının başlanması barədə məlumat verib. Likvidator kimi "Beynəlxalq auditor və konsaltinq şirkəti RR-VAM" seçilib. Amma bu bank ADIF-in üzvü deyil. Bundan başqa, AMB İdarə Heyətinin 28 yanvar 2011-ci il tarixli qərarı ilə onun lisenziyası ləğv edilib. Bu qərar bankın fəaliyyətinin prudensial normalara və etibarlılıq qaydalarına riayət edilmədən gerçəkləşdirildiyinə görə verilib ki, bu əməllər "Birlikbank"ın maliyyə durumunun pisləşməsinin kökündə durub. AMB rəsmi qaydada banka qanunvericilik tələblərinin və müxtəlif normtaiv aktların tələblərinin pozulması barədə xəbərdarlıq etsə də, onlar tərəfindən maliyyə durumunun yaxşılaşdırılması və institusional inkşaf üzrə təlimatalara riayət olunmayıb. Nəticədə, "Birlikbank" öz ödəniş qabiliyyətini itirib.
AMB-nin məlumatında həmçinin bildirilirdi ki, "Birlikbank"ın lisenziyası bank sektoru və dövlət orqanlarının qarşısında vaxtı keçmiş öhdəliklərin yerinə yetirməyə imkanının olmaması, onun aktivlərinin keyfiyyətinin düşdüyü vəziyyət və onların idaəredilməsinin yolverilməz səviyyədə olması üzündən alınıb.
Yada salaq ki, lisenziyası AMB tərəfindən alınmış "DebütBank" kimi bu bankın da borcları Sahibkarlığa Kömək üzrə Milli Fondun vəsaitləri ilə verilən kreditlər hesabına yığılmışdı ki, bununla bağlı Fond ölkənin Baş Prokurorluğuna müraciət etmişdi.
AMB-nin taleyüklü qərarı
Bununla yanaşı, daha öncə bildirildiyi kimi, bu banklar əmanətlər üzrə öhdəliklərə malik deyillər, çünki məhdud lisenziya ilə fəaliyyət göstərirdilər və ADIF-in üzvü deyildilər. Təbii ki, onların müflisliyi "RoyalBank"ınkından daha az ictimai rezonans doğururdu. Amma etiraf etməyə dəyər ki, bütün bu hadisələr, əlbəttə ki, sonucda ölkənin bank bölməsinin üzərinə müəyyən bir mənfi kölgə salır və ölkənin bank bölməsinin incəliklərindən xəbərdar olmayan sadə vətəndaşlarda, qalan bankların əmanətçilərində müəyyən suallar yaradır.
Ümumiyyətlə, ADIF-in icraçı direktoru A.Cavadov əmindir ki, "RoyalBank"ın bağlanması bazara heç cür təsir göstərməməlidir. "Hətta mümkündür ki, insanlar Azərbaycanda bank əmanətlərinin sığortası mexanizminin işləməsini görəndən sonra onlar bu sistemə daha da etibar edəcəklər, həmçinin bir banka 30 min manatdan artıq və illik 12%-dən yuxrı dərəcə ilə əmanətlərin qoyulması zamanı daha ehtiyatlı olacaqlar", - deyə o, jurnalistlərə bildirib.
Əslində, bu bəyanatı əmanətçilərə özünəməxsus xəbərdarlıq kimi də dəyərləndirmək olar. Aydındır ki, "RoyalBank" AMB-nin şübhəli reputasiyaya və ödəniş qabiliyyətinə malik daha bir neçə bankı kənarda qoya biləcək yeni islahat dalğasının yalnız ilk qaranquşudur. İyulun 25-də AMB-nin qəbul etdiyi qərarı Azərbaycanın bank sektoru üçün taleyüklü kimi qiymətləndlirmək olar: fəaliyyədə olan bankların məcmu kapitalının minimal ölçüsü, o cümlədən yeni yaranan bankların nizamnamə kapitalına qoyulan tələb 5 dəfə artırılaraq 50 mln manata çatdırılıb. Məcmu kapitalın minimal ölçüsünə qoyulan yeni normativ 1 yanvar 2014-cü il tarixdən qüvvəyə minir.
AMB-nin qərarlarının ardıcıllığı açıqca göstərir ki, tənzimləyici bazarı xırda oyunçulardan təmizlmək qərarında ciddidir. Amma AMB öz bəyanatında, əlbəttə ki, xeyli təmkinli idi: "Keçid dövrü banklara kapital üzrə yeni tələbə uyğun strategiyaların gerçəkləşdirilməsi və tədricən kapitallaşmanın gerçəkləşdirilməsi üçün yetərincə vaxt verir. Aparılan araşdırmalar göstərir ki, bank bölməsinin yeni tələblərə uyğun gəlmək üçün böyük potensialı var",- deyə məlumatda vurğulanır.
AMB əmindir ki, yeni tələblərin tətbiqi Azərbaycan banklarının kapital üzrə mövqelərinin gücləndirilməsi ilə yanaşı, kapitalın artmasına və maliyyə vasitəçiliyinin effektivliyinə imkan yaradır ki, bunun nəticəsində də bank sisteminin dayanıqlığı və maliyyə sabitliyi daha da güclənəcək: "Hazırda Azərbaycanın bank sistemi yeni inkişaf mərhələsinə daxil olur. Maliyyə vasitəçiliyinin gücləndiriməsi, qlobal maliyyə bazarlarına inteqrasiya və bank xidmətlərinin yeni keyfiyyətinin təmin edilməsi üçün bu mərhələdə bankların kapitallaşdırılmasının davam etdirilməsi vacibdir. Bankların kapital bazasının möhkəmləndirilməsi banklara etibarın və onların beynəlxalq rəqabət qabiliyətinin artırılması baxımından böyük önəm daşıyır".
Eyni zamanda, bu, maliyyə bazarlarının inkişafına, o cümlədən, banklararası bazarın inkişafına, iqtisadi subyektlərin maliyyə xidmətlərinə giriş imkanlarının, bank xidmətlərinin genişlənməsinə səbəb olacaq və onların qiymətinin ucuzlaşmasını dəstəkləyəcək. "Bütün bunlar bank sisteminin maliyyə dərinliyinin ikidəfəlik artım hədəflərinə uyğun səviyyəyə qədər artırılmasına və iqtisadiyyatın şaxələndirilməsinə gətirəcək", - AMB-nin məlumatında belə deyilir.
Bunun əsası kimi, 2011-2015-ci illərdə yoxsulluğun azaldılması və 2008-2015-ci illərdə dayanıqlı inkişaf üzrə dövlət proqramlarının gerçəkləşdirilməsi üzrə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2011-ci il iyunun 28-də təsdiq edilmiş fəaliyyət planında da bildirilir ki, ölkənin bank sisteminin inkişafı üçün bankların kapitallaşdırılmasının davam etdirilməsi planlaşdırılır.
Amma bununla belə, məhz artımın "dəfələrlə" olması və yerinəyetirmə müddətinin qısalığı üzündən qərar gözlənilməz olub. Şəksiz ki, onun yerinə yetirilməsi indi mövcud olan bir sıra bankların gücündə deyil və uyğun olraq yaxın iki ildə onların sayı nəzərəçarpacaq dərəcədə azalacaq. Hazırda bunu yalnız yerli ekspertlər iddia etməklə qalmır - analoji rəylər həm də beynəlxalq reytinq agentliyi "Moody's Investors Service" tərəfindən də verilib. "Mövcud və yeni banklara təsir göstərəcək tədbir ölkənin bank sektoru üçün müsbət sayılır, çünki bu, konsolidasiaya yönəldəcək və son nəticədə daha iri banklar arasında rəqabəti gücləndirəcək", - deyə AMB-nin son qərarı ilə bağlı agentliyn rəsmi saytında çap edilmiş şərhlərdə deyilir.
"Moody's" bank sisteminin kapitallaşmasının böyük artımını gözləmir, çünki agentlik sanır ki, çox az sayda xırda bankların səhmdarları maliyyə axınlarını təmin etmək imkanında olacaq ki, bankların çoxu konsilidasiya ilə bağlanma arasında seçim etməli olcaqlar. "Çünki bu kiçik banklar əsasən zəif institutlardır, onların konsolidasiyası və ləğv olunması Azərbaycanın bank sisteminin sabitliyini artıracaq", - deyə agentliyin tədqiqatında bildirilir.
2011-ci ilin sonlarına olan məlumata görə, indi fəaliyyətdə olan 43 bankdan yalnız 11-i yeni tələblərə uyğun gələn kapitala malikdir. Ölkə banklarının dörddəbirini təşkil edən banklar bütünlükdə bank sektorunun aktivlərini 70%-ni əldə saxlayırlar. Məcmu kapitalları 50 mln manatdan aşağı olan 32 bankdan yalnız 13 orta bank (bank sisteminin aktivlərinin 21%-i), agentliyin qiymətləndirməsinə görə, daxili vəsaitlərin və kənardan səhmdarların maliyyə axınlarının vasitəsi ilə, yaxud da konsilidasiya yolu ilə minimum tələb səviyyəsinə qədər kapitallaşa bilərlər. Nəticədə, yeni tələblər onların çoxunu daha güclü maliyyə institutları yaratmaq üçün konsolidasiyaya getməyə məcbur edəcək ki, yaranmış yeni qurumlar iri banklarla rəqabət aparmaq üçün daha yaxşı maliyyə durumuna malik olacaqlar.
Agentlikdə sanırlar ki, keçən ilin sonlarına görə paylarına aktivlərin cəmi 6%-i düşən qalan 19 kiçik bank isə həm öz hesablarına, həm də konsolidasiya yolu ilə kapitallaşma üçün lazım olan vəsaitlə bağlı çətinliklərlə üzləşəcəklər. "Nəticədə onlar daha böyük banklar tərəfindən satın alınmazlarsa, biz onların bağlanmasını gözləyirik. Kiçik bankların ləğv edilməsi bank sistemini daha sabit edir, çünki onlar əsasən zəif maliyyə əsaslı, böyük risklərə və bankların özü ilə sıx bağlılığı olan subyektlərin yüksək kreditləşdirmə payına malik qeyri-şəffaf maliyyə institutlarıdır", - deyə "Moody's"in rəyində bildirilir.
Bütün bunları nəzərə alaraq, çətinliklə inanmaq olur ki, AMB-nin qərarı əhalinin bank bölməsinə etibarına təsir göstərməycək. Əlbəttə ki, insanlar bank seçiminə daha ciddi yanaşacaqlar. Banklar, böyük ehtimalla öz etibarlılıqlarını xüsusi qeyd etməklə reklam xidmətlərinə yeni ştrixlər əlavə etməli olacaqlar. Bildirmək gərəkdir ki, AMB-nin qərarının elan edilməsindən keçən müddət ərzində bir neçə bank artıq bəyan edib ki, tələbləri yerinə yetirməyə qadirdir və bununla da əsassız müştəri axınından özlərini qorumağı bacarıblar. Böyük ehtimalla, yaxın zamanlarda belə bəyanatlar artacaq.
Başqa sözlərlə, AMB-nin qərarının Azərbaycanda bank bölməsinin gələcək inkişafı və möhkəmlənməsi baxımından açıq-aydın yararlılığına baxmayaraq, bu gün tənzimləyicinin özü banklarla birgə əhalinin bank sisteminə etibarının qorunması üzərində işləməlidir. Axı bəllidir ki, inam çox kövrək məsələdir...
MƏSLƏHƏT GÖR: