15 Mart 2025

Şənbə, 01:28

SURİYANIN QIZMAR YAYI

Bəşər əsəd rejimi nə qədər müqavimət göstərə biləcək?

Müəllif:

15.08.2012

Bu yay Suriyada çox qaynar keçdi - həm birbaşa, həm də dolayı mənada. Hökumət qüvvələrinin paytaxtın bütün rayonlarını nəzarətə götürməsindən sonra, silahlı müxalifət taktikanı dəyişdi və ölkənin maddi-iqtisadi mərkəzini, Türkiyə ilə sərhədin cəmi 25 kilometrliyində yerləşən Hələb şəhərini hədəf aldı. Hökumət ordusu və xüsusi bölüklər müxalifətlə şiddətli döyüşə başlayaraq, onları şəhərdən sıxışdırıb çıxarmağa başladılar və sonda qiyamçılar Hələbi tərk etməli oldu. Açıqlanmış hərbi məlumatda bildirilir ki, vertolyotlar və artilleriya yaraqlıların mövqelərinə dəqiq zərbələr endirib. Toqquşmalar nəticəsində Hələbin qərbindəki işgüzar mərkəzdə həyat iflic oldu, şəhər sakinlərisə təşviş içərisində evlərini tərk etməyə başladılar.

Təhlükəsizlik qüvvələri, eyni zamanda Dəməşqin Rukn-əd-Din məhəlləsinə də basqın edib. Nəticədə hakim rejimin onlarca əleyhdarı tutularaq tərksilah olunub. Suriyaya İordaniya ərazisindən daxil olmuş silahlı birləşmələrin məhvi məqsədilə paytaxtdan 110 kilometr cənubda yerləşən Deraa şəhəri ətrafında da əməliyyatlar keçirilib. Livanla sərhəddə Suriyanın içərilərinə doğru hərəkət etməyə çalışan muzdlular dəstəsi məhv edilib. Suriyanın sənaye mərkəzi olan Homs şəhərində - Dəməşqdən 165 kilometr şimalda isə hələ də müqavimət ocaqlarının qaldığı köhnə məhəllələrin "təmizlənməsi" davam edir.

Suriya problemi ilə bağlı beynəlxalq arenada da qızğın proseslər getməkdədir. Avqustun ilk günlərində BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya üzrə xüsusi elçisi Kofi Annan mandatının bitəcəyi 31 avqustda bu postu tərk edəcəyini açıqlayıb. O, bu qərarı missiyası faktiki olaraq iflasa uğradığı üçün verib. Annan bildirib ki, onun işini Suriya ilə bağlı yekdil fikrə gələ bilməyən beynəlxalq ictimaiyyətdəki parçalanma çətinləşdirib.

BMT-nin Baş katibi Pan Gi Mun K.Annanın gedişindən çox təəssüfləndiyini bildirib. İndi bu posta yeni namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılır. Potensial namizədlər kimi NATO-nun sabiq baş katibi Havyer Solana və Finlandiyanın eks-prezidenti Marti Axtisaari nəzərdən keçirilir. Maraqlıdır ki, istefa qərarını açıqlayan Kofi Annan ABŞ və Rusiya prezidentlərini Suriyanın fəlakətdən qurtulması üçün cəsarət və liderlik keyfiyyəti nümayiş etdirməyə çağırıb. Bəyanatında Annan Suriya müxalifətindən ciddi kömək almadığını qeyd etsə də, missiyasının iflasa uğramasına görə əsasə məsuliyyəti B.Əsədin üzərinə qoyub. Onun fikrincə, Suriyada daxili siyasi sabitliyə nail olunması üçün əsas şərt prezident B.Əsədin istefasıdır ki, buna da onu münaqişə tərəflərinə təsir imkanına malik qüvvələr razı salmalıdır. Rusiya, Çin və İran Suriya rəhbərliyinə siyasi həll planına əməl etməsi üçün təsir göstərməlidir. ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər isə müxalifəti ümumi siyasi proseslərdə iştirakın vacibliyinə inandırmalıdır.

Problem ondadır ki, Suriyada daxili siyasi vəziyyət Qərblə hazırki hakim rejimin tərəfdarlarının geosiyasi mübarizəsinin əsirinə çevrilib. Və çox guman ki, bu sahədə konsensusa nail olmaq mümkün olmayacaq. K. Annanın istefasına görə Moskva dolayısı ilə Qərbi ittiham edərək bildirib ki, onlar Annanı oyundan kənarlaşdırmaqla məsələni güc yolu ilə çözmək üçün öz əl-qollarını açmağa çalışırlar. Vaşinqton isə öz növbəsində məsuliyyəti Əsəd rejiminin, həmçinin Moskva və Pekinin üzərinə qoyub. ABŞ bəyan edib ki, məhz bu iki dövlət veto hüququndan istifadə etməklə BMT TŞ-yə K.Annanın planını reallaşdırmaq imkanı verməyib.

Suriyanın hazırkı hakim rejiminin tərəfdarları ilə əleyhdarları arasındakı ziddiyyət özünü növbəti dəfə BMT Baş Assambleyasındakı müzakirə zamanı göstərib. Qurumda Suriya ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hazırlanmış yeni qətnamə layihəsi böyük səs çoxluğu ilə qəbul olunsa da, bu dəfə də Moskva və Pekinin təzyiqi ilə sənəddən B.Əsədin istefası tələbi, həmçinin TŞ-da qətnamələrə veto qoyulması praktikasının pislənməsi haqda müddəa sənəddən çıxarılıb, qətnamə layihəsinin məzmunu isə yumşaldılıb.

Eyni zamanda sənəddə Dəməşqdən ağır hərbi texnikadan istifadəyə son qoyulması, şəhərlərdən ordunun çıxarılması tələb olunur. Qətnamə layihəsini 133 ölkə dəstəkləyib, 31 ölkə isə onun əleyhinə səs verib. Sonuncular arasında ənənəvi olaraq əsas yeri Rusiya və Çin tutur. Bu qətnamə yalnız tövsiyə xarakteri daşısa da, Moskva bu dəfə də onun təşəbbüskarlarını tənqid atəşinə tutub. Rusiyanın BMT-dəki nümayəndəsi V.Çurkin isə açıq şəkildə bəyan edib ki, Moskva Suriya məsələsində mövqeyini nə icrası mütləq olan, həm də tövsiyə xarakterli sənədlərin qəbulu zamanı dəyişəcək. Amma Vaşinqton və müttəfiqləri də məsələyə dair mövqeyini dəyişmək niyyətində deyil. Onların mövqeyi isə bəllidir: B.Əsəd istefa verməli, hakimiyyət milli birlik hökumətinə ötürülməlidir.

ABŞ-ın Suriya məsələsində inadkarlıq göstərməsi onun "Böyük Yaxın Şərq" layihəsini gerçəkləşdirmək istəyi ilə izah olunur. Bu layihədə Suriya məsələsi əsas məqamlardan biridir. Layihə ABŞ-ın bütünlükdə Yaxın Şərqdə - enerji resurslarının ən zəngin olduğu regionda tam geosiyasi nəzarətinin qurulmasını nəzərdə tutur. Vaşinqton bu məqsədinə nail olmaq üçün Yaxın Şərq ölkələrində mötədil islamçılara bel bağlayır və hakimiyyətə yalnız qərbpərəst xarici siyasət yürüdəcək qüvvələrin gəlməsinə çalışır. Amma hələ ki, rəsmi Dəməşq Moskva, Pekin və Tehranın dəstəyi ilə bu plana qarşı açıq müqavimət göstərir. Bununla yanaşı, Suriya böhranının Amerika ssenarisi üzrə həlli şəxsən prezident Barak Obama üçün də prinsipial əhəmiyyət daşıyır. Onun siyasi gələcəyi (təkrarən prezident seçilməsi) həm də böyük ölçüdə Ağ evin bu məsələdə qazanacağı uğurdan açılıdır.

Maraqlıdır ki, Suriya məsələsi həm də Rusiya prezidenti Vladimir Putin üçün şərəf məsələsidir. Onun da məqsədi ölkəsinin dünya fövqəldövləti statusunu möhkəmlətməkdir. "Böyük Yaxın Şərq" layihəsinin reallaşması, Suriya məsələsində güzəştə gedilməsi Rusiyanın geosiyasi maraqlarına açıq-aydın ziddir. Birincisi, Suriyanın hazırkı rejimini əvəz edəcək heç bir siyasi qüvvə və fiqur rusiyapərəst siyasət yürütməyəcək.

İkincisi, Suriyada hakimiyyət dəyişikliyi son nəticədə Rusiyanın Aralıq dənizindəki yeganə hərbi-dəniz bazasının dislokasiyasına problem yaradacaq.

Üçüncüçü, artıq oyuna Rusiyanın Yaxın Şərqdə və İslam dünyasındakı nüfuzu qoyulub.

Dördüncüsü, Suriya probleminin həllindən sonra, "Böyük Yaxın Şərq" layihəsində nəzərdə tutulmuş İran probleminin növbəsinin çatacağına şübhə yoxdur. İran isə Moskva üçün daha əhəmiyyətlidir, nəinki bütün Yaxın Şərq dövlətləri birlikdə. Çünki bu, Rusiyanın Cənubi Qafqaza və Mərkəzi Asiyaya təsir imkanlarını itirməsi olardı. Sonda Moskva öz ərazisində sabitliyin pozula biləcəyindən ehtiyatlanır - "ərəb baharı" dalğası ilə Qərblə yaxınlaşmış "Müsəlman qardaşlar" Şimali Qafqazda da aktiv fəaliyyət qurmağa başlaya bilərlər.

Bu geosiyasi qarşıdurmada var qüvvəsi ilə Suriya müxalifətini dəstəkləyən Qərb daha üstün görünür. Çox güman ki, hər şeyə rəğmən, Suriyanın hazırkı rejimi hakimiyyətdə çox qala bilməyəcək. Amma qəti addım artıq atılıb. Həm münaqişə tərəfləri, həm də onların xarici tərəfdarları bir-birini küncə sıxışdırıb və artıq manevr imkanları yoxdur. Bununla yanaşı, Suriyada hakimiyyət dəyişikliyi isə rəsmi Dəməşq və onun havadarlarının ehtiyatlandığı kənar müdaxilə olmadan da baş verə bilər. Vətəndaş müharibəsi və Qərbin Suriyaya tətbiq etdiyi birtərəfli iqtisadi sanksiyalar B.Əsəd rejiminin mövqelərini zəiflədir. Aİ-yə neft ixracının, ən azı, 15%-ni həyata keçirən Suriya Brüusselin ötən il tətbiq etdiyi enerji sanksiyalarından sonra bu sahədə ixtisarlara getməli olub. Nəticədə, Suriya neftinin böyük diskontla təklif edilməsinə rəğmən, Dəməşqin alıcı tapması çətinləşib. Ölkədə valyuta çatışmır, devalvasiya prosesi gedir. Bu konteksdə silahlı müxalifətin Suriyanın maddi-iqtisadi mərkəzi olan Alepponu nəzarətə götürmək cəhdi dəqiq düşünülmüş taktika təsiri bağışlayır.

Rəsmi Dəməşq isə iqtisadi problemlərinin həlli üçün artıq Moskvaya müraciət edib. Suriyanın baş naziri, daxili ticarət və istehlakçıların hüquqlarını müdafiə naziri Q.Cəmil və neft və mineral resurslar naziri S.Hneydi Moskvada apardıqları danışıqlar zamanı Rusiyadan enerji daşıyıcıları nəqli və kredit istəyiblər. Suriyalı məmurların sözlərinə görə, Moskva onların bu istəyinə müsbət cavab verib və artıq yaxın həftələrdə tərəflər arasında razılıq əldə oluna bilər. Amma Rusiya tərəfi hələ ki, məsələyə münasibət bildirməyib.

Q.Cəmilin sözlərinə görə, prezident B.Əsəd Belarus hökumətinin rəhbəri S.Sidorski ilə görüşündə ölkəsinin Belarus, Qazaxıstan və Rusiyanın Gömrük İttifaqının azad ticarət zonası bazarında iştirakda maraqlı olduğunu söyləyib. Bu bəyanatın Dəməşqin Rusiyadan kredit istəyinin müsbət cavablandırılmasına nail olmaq məqsədilə səsləndirildiyi istisna deyil.

Bu arada Suriyanın hakim elitasını tərk edərək qaçanların sayı durmadan artır. Bəzi məlumatlara görə, artıq Suriyanı 20-dən, hətta 30-dan artıq general tərk edib. Ən böyük rezonans doğuran isə Bəşər Əsəddən prezidentin "yaxın çevrə"sinə daxil olan briqada generalı, elit respublika qfardiyasının komandiri, Suriyanın sabiq müdafiə naziri Mustafa Tlasın oğlu Manaf Tlasın üz çevirməsidir. Türkiyəyə, oradan isə Fransaya qaçmış M.Tlas Suriya hərbçilərini ondan nümunə götürməyə səsləyib: "Ləyaqətli zabit Əsəd hakimiyyətinin əmri ilə həyata keçirilən hərbi cinayətləri müşahidə edə bilməz. Suriyanın hazırkı rejimi devrilən kimi, yenidən vətənimdə xidmət çəkməyə hazıram".

Yeri gəlmişkən, Qərbin M.Tlasa keçid milli birlik hökumətinin rəhbəri postuna namizəd kimi baxacağını istisna etmək olmaz. Bu ehtimal xüsusilə Misirdə olduğu kimi, Suriyada da müvəqqəti idarəçiliyin müxalifətçi hərbçilərə (Ali Hərbi Şuranın yaradılması yolu ilə) veriləcəyi təqdirdə böyükdür.

Suriya generalları arasında ölkədən qaçan daha bir məşhur hərbi təyyarəçi, ilk suriyalı kosmonavt və Sovet İttifaqı Qəhrəmanı Məhəmməd Farisdir. Farisin siyasi nüfuzu olmasa da, o, hələ də ölkənin inkişafının rəmzi olaraq qalır. M.Farisin B.Əsəddən üz döndərməsi Dəməşqin nüfuzuna zərbədir.

Müxalifətin tərəfinə keçmiş diplomatik korpus nümayəndələri arasında  Suriyanın İraqdakı səfiri Navaf əl-Faresi, BƏƏ-dəki səfir, təcrübəli diplomat Abdel Lətif əd-Daabahı, onun xanımı, Suriyanın Kiprdəki işlər vəkili Lamiyə əl-Həririni göstərmək olar. Qeyd edək ki, Lamiyə əl-Həriri B.Əsəddən ərindən bir gün əvvəl üz döndərib.

Əsəd üçün əsl şok isə Suriya Prezident Administrasiyasının protokol xidmətinin rəhbəri Muhiddin Maslamaninin müxalifətin tərəfinə keçməsi və baş nazir Riyad Hicabın İordaniyaya qaçması olub. Xatırladaq ki, Hicab baş nazir postuna bu ilin iyununda təyin olunmuşdu. Müxalifətin iddiasına görə, baş nazir Dəməşqdən qaçmağı qiyamçılarla birlikdə hələ vəzifəyə yeni təyin olunan kimi planlaşdırmağa başlayıbmış. Amma daim B.Əsədə loyal silahlı mühafizəçilərin əhatəsində olduğundan ailəsinin təhlükəsizliyinin qeydinə qalmalı olurdu.

Prezidentin sərəncamı ilə baş nazir postuna bunadək səhiyyə naziri vəzifəsini tutmuş Vail nader əl-Halki təyin olunub. Müttəfiqlərini itirməkdə olan Bəşər Əsəd ideyaya görə son dəqiqəyədək ona sadiq qalmalı olan "yaxın ətrafını" daha da birləşdirməyə çalışır. Suriyada gərginliyin artması fonunda prezident yüksək komanda heyəti və güc strukturlarını "silkələməyi" başa çatdırıb və həlledici postlara ən etibarlı tərəfdarlarını təyin edib. Amma bu konvulsiv cəhdlər Suriyanın hazırki hakim rejiminin ömrünü nə qədər uzadacaq? Çətin ki, çox uzatsın.



MƏSLƏHƏT GÖR:

513